“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın vətəndaş cəmiyyəti kontekstində”
Tarix: 02.12.2016 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyev “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın vətəndaş cəmiyyəti kontekstində” adlı məqalə qələmə alıb. Məqalədə qeyd edilir ki, 2016-cı ilin aprel hadisələrindən sonra Ermənistan-Azərbaycan qarşıdurma xəttində partlayış təhlükəli gərgin vəziyyətdə ciddi dəyişiklik olmayıb. Akademik yazır ki, hər hansı başqa münaqişə kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də nizamlanmasının determinantı xalqdır - siyasi xadimlərlə yanaşı, ictimaiyyətin nümayəndələri, ziyalılar, KİV əməkdaşları, QHT-lər, diaspor təşkilatlarının üzvləridir. İki dövlətin xalqlarının nümayəndələri münaqişənin real mənbələrini açıq şəkildə və “yerlərdə” müzakirə edərək ümumi məxrəcə gələ, birgə nəticələrə nail ola bilərlər.
Akademik qeyd edir ki, münaqişənin həllinin ləngidilməsi şəraitində vəziyyətin hər hansı şəkildə kəskinləşməsi, qüvvələr balansının pozulması qabaqcadan söylənilməsi mümkün olmayan ən faciəli nəticələrə gətirib çıxara bilər: “Buna görə də Azərbaycan və Ermənistan nümayəndələri arasında ən müxtəlif səviyyələrdə, o cümlədən sülhün bərqərar olması üçün mühüm hüquqi məkan olan xalq diplomatiyası formatında əlaqələrin intensivləşdirilməsi xüsusilə dəyərlidir. Ənənəyə görə xalq diplomatiyasının uğurları, vəziyyətin “elliklə” tənzimlənməsi həm dövlətdaxili, həm də dövlətlərarası məsələlərin həllinə kömək edir. Axı sivilizasiyanın inkişafının əsas göstəricisi, tərəqqinin hərəkətverici qüvvəsi adi insanlardır, vəzifə səlahiyyətləri, protokol baryerləri və peşə şərtilikləri ilə məhdudlaşmayan, yalnız öz vətəndaşlıq borcunu yerinə yetirmək, yaranmış çətinlikləri aradan qaldırmaqda vətənə kömək etmək istəyi ilə hərəkət edən vətənpərvərlər ilk baxışda aradan qaldırıla bilməyəcək, həlli üzərində peşəkar siyasətçilərin illər, onilliklər boyu baş sındırdığı problemlərin həllinin əzəli və bəzən həlledici tərkib hissəsidir. Humanizm və çoxmillətli birlik dövrümüzün əsl tələbləridir”.

Ermənistan diplomatların səylərini mütəmadi “atəşə tutur”
R.Mehdiyev qeyd edir ki, xalqımız ta qədimdən genişürəkli və humanist olması ilə səciyyələnir: “Multikulturalizm müasir Azərbaycanın dövlət siyasətidir. Eyni zamanda, bu, xalqımızın əsas fərqləndirici cəhətlərindən biridir. Bunun sayəsində azərbaycanlılar öz mentalitetinə, öz mənəviyyatına görə həmişə sülhsevərliyi ilə fərqlənən xalqlarla sülh və dostluq şəraitində yaşayıblar. 1918-ci ilin may ayında Azərbaycan məhz ermənilərin də səmimiliyinə, qədirbilən olacaqlarına ümid edərək İrəvan şəhərini onlar üçün yaradılan dövlətin paytaxtı (siyasi mərkəzi) kimi güzəşt etmişdir. Bizim firavanlığımız həmişə irili-xırdalı dövlət işlərində və məişətdə mədəniyyətimizdən və mentallığımızdan asılı olub. Buna görə də Azərbaycan həmişə Ermənistan da daxil olmaqla hamı ilə sülhün və bərabərliyin tərəfdarı olub. Dünya dini liderlərinin Bakı sammitinin açılışında Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Biz elə etməliyik ki, bütün münaqişələr tezliklə öz həllini tapsın. Elə etməliyik ki, insanlar bir-biri ilə xoş, mehriban ünsiyyətdə olsunlar. Bu işdə təkcə siyasətçilərin fəaliyyəti kifayət ola bilməz”. Tarix öyrədir ki, mövcud problemləri birlikdə həll etmək lazımdır. Dövlətin fəaliyyətinin sərhədlərinin dürüst müəyyən edildiyi yerdə xalqlar şəxsi ünsiyyət, ümumi hədəflərin, dəyərlərin, ümid və həyəcanların ifadə edilməsi üçün hökmən təmas nöqtələri tapırlar. Bu baxımdan müharibə əleyhinə, sülh danışıqları lehinə mövqe bütün dövrlərdə ən konstruktiv və səmərəli mövqe hesab edilib. Mirzə Şəfi Vazeh yazırdı: “Nifrət həmişə günah, sevgi həmişə savabdır”. 2016-cı il noyabrın 8-də Azərbaycanın Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşəbbüsü ilə təşkil edilmiş “ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış” adlı konfrans iki xalq arasında əlaqə yaradılmasında, Dağlıq Qarabağ məsələsində mövqelərin yaxınlaşdırılmasında, tərəflərin təmas xəttində yeni qarşıdurma qığılcımlarının qarşısının alınmasında, mövcud təhdidlərin aradan qaldırılmasında növbəti mərhələ olub, ən geniş səviyyədə qarşılıqlı münasibətlərin gələcək inkişafı üçün müəyyən zəmin yaradıb, öz xalqlarının taleyinə biganə olmayan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqlarını anlayan və deməli, qarşı tərəfi də dinləməyə, onu başa düşməyə, onunla ünsiyyət saxlamağa hazır olan hər kəsi bu işdə iştiraka cəlb etməlidir. Görüşün leytmotivi belə bir tezis idi ki, iki qonşu dövlətin əsas probleminin həlli ilə təkcə hökumətlər deyil, xalqlar özləri də məşğul olmalıdır. Konfransın iştirakçısı Vahe Avetyan yoxsulluq şəraitində yaşayan ermənilərin əhvali-ruhiyyəsini ifadə edərək deyib: “İlahi, əgər sən varsansa, uşaqlarımızın başına gətirdiklərimizə görə bizləri, yaşlıları bağışla. Əgər biz yaşlı nəsillər ölüb gedənə qədər öz səhvlərimizi düzəltməsək, uşaqlarımızı fəlakətdə qoyub gedəcəyik... Ayılın, fikirləşin, ey yaşlılar. İnformasiya və internet əsrində bizdən sonrakı nəslin həyatını yüngülləşdirmək üçün hər cür imkan var. Əssəlamu aleykum!”. Konfransın işində Ermənistan vətəndaş cəmiyyətinin fəalları - jurnalist, “Meridian” qeyri-hökumət hüquq-müdafiə təşkilatının sədr müavini Suzanna Caqinyan, Ermənistan “Milli azadlıq hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan, hüquq müdafiəçisi, siyasi mühacir Vahe Avetyan, Azərbaycan nümayəndələri - Milli Məclisin deputatları, QHT rəhbərləri, ölkəmizdə akkreditə edilmiş beynəlxalq təşkilatların və diplomatik korpusun üzvləri iştirak edirdilər. Ermənistan vətəndaş cəmiyyətinin bir neçə fəal üzvünün eyni vaxtda Bakıya gəlməsi qeyri-adi hadisədir. Demək olar ilk dəfə idi ki, Ermənistanın qeyri-hökumət sektorunun Ermənistanın hakim rejimindən əsla asılı olmayan nümayəndələri Azərbaycana gəlmişdilər. Onların öz bəyanatlarından belə məlum olur ki, bu şəxslərin Bakıya gəlmək barədə qərarları müstəqil şəkildə qəbul edilib, hakimiyyət orqanları ilə hər hansı məsləhətləşmələr isə artıq bu səbəbdən mümkün deyildi ki, hakimiyyət həmin hüquq müdafiəçilərinin tənqidi baxışlarını qəbul etmir. V.Avetyan deyib: “Bizim bu konfransda iştirakımız xalq diplomatiyasının tərəfdarı olduğumuzu göstərir. Ermənistanda hakimiyyətlə eyni mövqedən çıxış edən ictimai hərəkatın bütün fəaliyyəti bizim azərbaycanlı həmkarlarla yaratmağa çalışdığımız prosesi dağıtmağa yönəlib”. Bakıya gələn Ermənistan nümayəndələrinin etirafına görə, bu insanlar daim Ermənistanın hakim dairələrinin təzyiqi altındadırlar. Erməni hüquq müdafiəçilərinin bu dərəcədə xoşagəlməz vəziyyəti onunla izah edilir ki, Sarkisyan rejimi onun siyasətini tənqid edənlərə qarşı son dərəcə dözümsüzdür. Bu vəziyyət Ermənistana çox baha başa gəlir və ən yaxın gələcəkdə ölkədə siyasi turbulentliyin daha da artması və iqtisadi sarsıntılar gözlənilir. Lakin mətbuat konfransında Suzanna Caqinyanın qeyd etdiyi kimi, “Artıq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin vaxtı çatıb. Bu münaqişə Ermənistan hökuməti tərəfindən hazırda tətbiq edilən metodlarla deyil, sülh yolu ilə həll edilməlidir. Bu münaqişə nəticəsində insanların həlak olması çox pisdir. Bu, dəhşətdir”. Bu fonda Ermənistan vətəndaş cəmiyyətinin fəallarının Bakıda səsləndirdikləri bəyanatlar xüsusi məna kəsb edir. Bu bəyanatlar bir tərəfdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə Azərbaycanın konstruktiv yanaşmasını əyani nümayiş etdirirsə, digər tərəfdən rəsmi Yerevanın həm rəsmi diplomatiya səviyyəsində, həm də ekspertlərin və qeyri-hökumət sektoru nümayəndələrinin əlaqələrini əhatə edən ikinci səviyyəli diplomatiya formatında danışıqlar prosesini sabotaj etmək istəyini göstərir. Bu halda qeyd etmək lazımdır ki, Ermənistan diplomatların səylərini mütəmadi “atəşə tutur”, həm də bu ölkənin hakimiyyət orqanları ikinci səviyyəli diplomatiya deyilən formatda vətəndaş və ekspert cəmiyyətlərinin nümayəndələri arasında əlaqələrin tənzimlənməsinə mane olmağa çalışır. Məsələn, bir neçə il bundan əvvəl, Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə ekspert birliyinin nümayəndələri səviyyəsində təmasların intensivləşdiyi vaxt Ermənistanın hakimiyyət orqanları bu cür təmasların inkişafına yol verməmək üçün əllərindən gələni edirdilər”.

“Azərbaycan status-kvonun dəyişməsinə şərait yarada biləcək hər hansı formatda həll yolunu axtarmağa hazır olmasını sözdə deyil, əməli işdə nümayiş etdirir”
Akademik yazır ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının Ermənistanda hüquq müdafiə birliyinin və qeyri-hökumət sektorunun nümayəndələri ilə əlaqə yaratmaq cəhdləri, onların beynəlxalq konfransda iştirak etmək üçün Bakıya təhlükəsiz gəlişinin təmin edilməsi sülh prosesində marağı olan bütün tərəflərə ünvanlanmış bir siqnal kimi ölkəmizin fəal sülh danışıqlarını davam etdirmək istəyi və buna hazır olması barədə mesajdır: “Azərbaycan status-kvonun dəyişməsinə şərait yarada biləcək hər hansı formatda həll yolunu axtarmağa hazır olmasını sözdə deyil, əməli işdə nümayiş etdirir. ATƏT-in Minsk qrupunun həmsədrləri bunu dəfələrlə deyiblər. Bakı konfransında Ermənistanın vətəndaş cəmiyyəti fəallarının - hüquq müdafiəçilərinin iştirak etməsi, onların Serj Sarkisyan rejimi barədə həqiqəti səsləndirməsi, habelə sıravi ermənilərin əslində hakim rejimin girovuna çevrilməsi barədə bəyanatlar, belə insanların getdikcə daha çox hissəsi tərəfindən münaqişənin tezliklə həll olunmasının arzu edilməsi - bütün bunlar tərəflər arasında itirilmiş etimadı bərpa etməyin mümkün olmasına ümid yaradır. Konfransda çıxış edən Vaan Martirosyanın fikrincə, ermənilər başa düşürlər ki, torpaqlar geri qaytarılmalıdır, ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə mane olan isə Sarkisyan-Koçaryan bandit rejimidir. Konfransın Ermənistandan olan iştirakçıları Suzanna Caqinyan, Vaan Martirosyan və Vahe Avetyan Xocalı soyqırımına görə ictimaiyyət qarşısında üzr istədilər və bu qırğının qurbanlarının xatirəsinə ucaldılmış memorialın önünə güllər qoydular. Yeri gəlmişkən, Helsinki Vətəndaş Assambleyasının Dağlıq Qarabağ üzrə nümayəndəsi Karen Ohancanyan, “Qafqaz” sülhyaratma təşəbbüsləri mərkəzinin sədri Georgi Vanyan və başqaları daha əvvəl Azərbaycan xalqından üzr istəyiblər. Konfransın yekunlarına əsasən Ermənistan prezidenti Serj Sarkisyana və Azərbaycan dövlətinin başçısı İlham Əliyevə müraciət qəbul edilib.

“Ermənilərin təcavüzünə cavab olaraq Heydər Əliyevin “neft diplomatiyası” regionda qüvvələr balansını kökündən dəyişdi”

Akademik qeyd edir ki, noyabrın 8-də Bakıda keçirilən konfrans xalq diplomatiyası formatında bu cür birinci aksiya deyil: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin inkişafının başlanğıc mərhələlərində Qafqazda elə ictimai strukturlar yaratmaq ideyası mövcud idi ki, onlar Qafqaz respublikalarının hər birində xüsusi tədqiqat və təhsil mərkəzləri kimi fəaliyyət göstərsin, orada demokratiyanın əsaslarına və münaqişələrin həllinə dair birgə treninq-seminarlar keçirilsin. Bu strukturlar öz arasında sıx əlaqə saxlamalı və müxtəlif təşkilatların səylərini birləşdirməli; sosial, etnik və dini qrupların geniş təmsil olunduğu müxtəlif səviyyələrdə dialoqların təşkilində iştirak etməli idilər. Belə tədqiqat mərkəzləri ən müxtəlif geosiyasi risklərə operativ münasibət bildirən yeni tipli təşkilatlara çevrilməli idi. Həmin mərkəzlərdə həm regional, həm də dünya miqyaslı məsələlərin müzakirə edilməsi planlaşdırılırdı. Düzdür, bu layihənin praktiki reallaşdırılmasına çoxları şübhə ilə yanaşsalar da, bu cür modernizmə açıq-aşkar inanmasalar da, belə ictimai strukturların yaradılması Dağlıq Qarabağ probleminin həllində ağlabatan vasitə kimi təsəvvür edilirdi. Siyasətçilərin və ictimai xadimlərin çoxu bu barədə razılaşmanı ermənilərlə sülh müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edirdi. Bəs erməni tərəfi bu təşəbbüsü necə qəbul etdi? Ermənistan hər hansı sülh layihəsinin müzakirəsindən qəti imtina etdi. Çünki Ermənistan rəhbərliyi Azərbaycan ərazilərinin ilhaqını birmənalı olaraq öz qarşısına vəzifə kimi qoymuşdu. Əslində Ermənistan bu məsələni siyasiləşdirir, regionu hərbləşdirir və nəinki Azərbaycana, hətta digər qonşu dövlətlərə də ərazi iddiaları irəli sürürdü. Bununla əlaqədar, Ermənistan silahlı qüvvələrini hər vasitə ilə artırır və modernləşdirirdi. “İşğalçı sindromu” təhlükəli məsələdir. O, insanların şüurunu dumanlandırır, vəziyyəti ayıq-sayıq qiymətləndirmək, getdikcə artmaqda olan geosiyasi iştahasını beynəlxalq hüquq normaları ilə müqayisə etmək imkanından məhrum edir, bir məsələni anlamağa mane olur ki, özünü həyasızcasına dünya birliyinə qarşı qoymaq öz xalqı üçün fəlakətlə nəticələnə bilər. Bunu belə bir fakt da əyani şəkildə təsdiq edir ki, bu gün Ermənistan Cənubi Qafqazda yeganə monoetnik ölkədir. O, dörd qonşu dövlətdən üçünə qarşı ərazi iddiaları irəli sürür”. Məqalədə qeyd edilir ki, Mixail Qorbaçov Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasının aciz və ya bilərəkdən müşahidəçisi, yaxud da bunun təşəbbüskarlarından biri idi: “SSRİ-nin ovaxtkı rəhbərliyinin, şəxsən Qorbaçovun təqsiri üzündən Dağlıq Qarabağ münaqişəsinin lap başlanğıc mərhələsində onun ədalətli həlli üçün maksimal əhəmiyyətli siyasi xətt seçmək imkanı əldən verildi. Problemin həllinə açar tapmaq üçün ermənilərin Cənubi Qafqaza, xüsusən Dağlıq Qarabağ ərazisinə köçürülməsinin, ümumiyyətlə, ermənilərin əzəli Azərbaycan torpaqlarında peyda olmasının tarixini, “dənizdən-dənizə” erməni konsepsiyasının mahiyyətini bilmək lazım idi. Bütün bunlardan əlavə, siyasi və dövləti müdrikliyə malik olmaq lazım idi. Qorbaçovda isə bunların heç biri yox idi. Erməni mənşəli köməkçilərinin hipnozu altında olan məhdud təfəkkürlü Qorbaçov öz şəxsi əlaqələri naminə Azərbaycan xalqına xəyanət etdi. Qondarma yenidənqurmaya gəldikdə isə onun aqibəti hamıya məlumdur. Aşkardır ki, əgər həmin dövrdə Heydər Əliyev ölkədə hakimiyyət sükanı arxasında olsaydı, Dağlıq Qarabağ müharibəsi baş verməzdi. Əgər Heydər Əliyev (eləcə də siyasi miqyasına görə ona bərabər olan digər xadimlər) Sov.İKP MK Siyasi Bürosunda olsaydılar, Dağlıq Qarabağ problemi də olmazdı. Axı, Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün əvvəllər də cəhdlər göstərilmişdi, lakin Heydər Əliyev erməni rəhbərliyinin bu cür sapmalarının qarşısını qətiyyətlə alırdı”. Qeyd edilir ki, uzaqgörən, təcrübəli siyasətçilər həmişə öz məqsədlərinə ən dəqiq və ya ağrısız üsulla nail olmağa çalışırlar: “Məsələn, münaqişəni həll edən siyasətçinin əsas vəzifəsi minimal itkilər hesabına uğur qazanmaqdır. Ermənilərin təcavüzünə cavab olaraq Heydər Əliyevin “neft diplomatiyası” regionda qüvvələr balansını kökündən dəyişdi, Azərbaycanı firavan, sürətlə inkişaf edən dövlətə çevirdi, dünyanın güc sahiblərini onun maraq və məqsədləri ilə hesablaşmağa məcbur etdi. Bununla da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm üstünlük təmin olundu. Ən böhranlı tarixi vəziyyətlərdə - istər daxili, istərsə də xarici qarşıdurma şəraitində Azərbaycanın siyasəti güc metodlarına deyil, xalqların və millətlərin sivil birgəyaşayışının, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, konstitusiya, parlament və nəticə etibarilə ümumbəşəri normaların aliliyi kimi prinsiplər nəzərə alınmaqla sülh mövqeyindən qurulub. Bununla bərabər, kompromis qərarların və onların nəticələrinin lazımınca qiymətləndirilməməsi də, onların əhəmiyyətinin şişirdilməsi də eyni dərəcədə təhlükəlidir. Bu il aprelin 2-5-də baş verən hadisələr bütün dünyaya əyani şəkildə sübut etdi ki, əgər danışıqlar tamamilə dalana dirənərsə, onda Azərbaycan xalqı öz torpaqlarını istənilən yolla, o cümlədən hərbi yolla azad etmək əzmindədir. Ölkəmizin yüksək təchizatlı, modernləşdirilmiş ordusu bunu etməyə imkan verir. Başqa sözlə desək, xalqımız cavabsız monoloq deyil, səmərəli dialoq aparmağa hazırdır. Azərbaycan tərəfi münaqişənin nizamlanmasına, regionda sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş danışıqlara hazır olduğunu həmişə bəyan edib. Azərbaycan xalqı səmərəli əməkdaşlığa həmişə hazırdır və bizə belə gəlir ki, erməni xalqı da belə düşünür, bu şərtlə ki, onun üçün bu cür imkan yaransın. Bütün problem Ermənistan rəhbərliyindədir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Biz regionda sülh istəyirik və bizim mövqeyimiz kifayət qədər konstruktivdir. Lakin biz öz ərazilərimizi istəyirik. Ermənistan sülh istəyir, amma o, özgə ərazilərini qaytarmaq istəmir... Müəyyən mərhələdə elə şərtlər irəli sürür ki, onların bizim üçün qeyri-məqbul olduğunu dəqiq bilir. Buna görə də danışıqlar yenidən non-stop olur. Nə üçün? Çünki həll etmək istəmirlər, ya bacarmırlar, hansısa daxili siyasi səbəblərə görə cəsarətləri çatmır, ya da istəmirlər. Bəlkə də hər iki səbəbdən” . Yenə də münaqişə vəziyyətində olan tərəflərin barışmasına və onların şüurunda bir-birinə münasibətdə mənfi persepsiyaların (inikasların) minimallaşdırılmasına yönəlmiş xalq diplomatiyası məsələsi yaranır”.

“Münaqişə vəziyyətində olan dövlətlərin cəmiyyətləri qarşı tərəfin nümayəndələri ilə sülh və əməkdaşlıq şəraitində yaşamağa, yəni, birgəyaşayışa hazır olmalıdırlar”

R.Mehdiyev yazır ki, bir sıra silahlı münaqişələrin nizamlanması tarixi göstərir ki, düşmənçilik edən tərəflər arasında mübahisənin həllinə “rəsmi razılıq” çox vaxt möhkəm sülhün bərqərar olması və uzunmüddətli əməkdaşlıq üçün kifayət etmir: “Bu səbəbdən praktiki olaraq vacibdir ki, münaqişənin həll variantı ilə təkcə münaqişə edən dövlətlər deyil, həm də onların cəmiyyətləri, başqa sözlə desək, bütün xalq razılaşsın. Münaqişə vəziyyətində olan dövlətlərin cəmiyyətləri qarşı tərəfin nümayəndələri ilə sülh və əməkdaşlıq şəraitində yaşamağa, yəni, birgəyaşayışa hazır olmalıdırlar. Bu halda Ermənistanın siyasi dairələri də buna kömək etməli, insanların şüurunu millətçilik dumanı ilə zəhərləməməlidir. Əks halda, münaqişənin tam həllindən danışmağın mənası yoxdur”. Akademik qeyd edir ki, erməni dairələrinin, bəzi siyasətçilərin və belə adlandırılan politoloqların timsalında onların ruporlarının qərəzli mövqeyinə baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanmasından keçən müddətdə müxtəlif səviyyələrdə erməni və Azərbaycan xadimləri arasında xalq diplomatiyası formatında çox görüşlər olub. Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycan və erməni alimlərinin birgə tədqiqatları da məlumdur. Bu tədqiqatlarda, o cümlədən Dağlıq Qarabağın hökmən Azərbaycanın tərkibində olmaqla inkişafının müxtəlif modelləri təklif edilir.
Məqalədə qeyd edilir ki, Ermənistanın hakim dairələri erməni cəmiyyətini özlərinin antiazərbaycan təbliğatının təsiri altında saxlayırlar: “Onlar bizi qəddar düşmən obrazında təqdim edərək erməni xalqını özlərinin və onların sərsəm ideyalarının ətrafında sıx birləşdirməyə çalışırlar. V.Martirosyan hesab edir ki, Ermənistanda hakimiyyətin dəyişməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini sürətləndirə bilər. O, həmçinin bildirib ki, erməni diasporu arasında iki xalqın barışmasını dəstəkləyənlər var. Ölkəmizə və onunla bağlı hər şeyə qarşı genişmiqyaslı informasiya müharibəsinə baxmayaraq, erməni sosiumunda bəzi adamlar aydın başa düşürlər ki, Azərbaycan onların düşməni deyil. Onlar istər Ermənistanda, istərsə də Azərbaycanda və ya başqa bir yerdə birgəyaşama təcrübəsindən bunu xatırlayırlar. XIX əsrin 30-cu illərindən başlayaraq məhz erməni tərəfi azərbaycanlıları sıxışdırır, Cənubi Qafqazın azərbaycanlı əhalisinə qarşı soyqırımı törədirdi. Buna baxmayaraq, Azərbaycan xalqı həmişə öz qonaqpərvərliyi ilə fərqlənib, kin saxlamayıb və dostluq etməyi bacarıb. Erməni fəallarının Bakıya səfəri bunu növbəti dəfə sübut etdi. Onlar ölkələrində siyasi vəziyyətlə və Ermənistanın rəhbərləri ilə bağlı həqiqətləri söyləməyə, Dağlıq Qarabağ barədə baxışlarını və mövqelərini bildirməyə qorxmadılar. Ermənistanın həqiqi vətənpərvərləri olan bu insanlar öz xalqının taleyi barədə düşünür və Qafqazda sülh olmasını istəyirlər. Belələri az deyil. Lakin heç kəs üçün sirr deyil ki, Ermənistanda hakimiyyətin başında duranlar erməni xalqının özünün maraqlarına zidd hərəkət edirlər. Bu səbəbdən münaqişənin əvvəlindən Ermənistan vətəndaşları öz ölkəsini sürətlə tərk edir, total məhrumiyyətlər və qeyri-müəyyənlik şəraitində qalmaq istəmirlər. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi “Bəs Ermənistan bu münaqişədən nə qazanıb? Bəli, bir milyon azərbaycanlıya əzab- əziyyət verilib. Lakin məgər onlar özləri buna görə daha da xoşbəxt olublarmı? Məgər orada vəziyyət daha təhlükəsiz, daha firavan olub? Əlbəttə, yox” Məlumdur ki, qonşu Azərbaycanla münasibətlərin tənzimlənməsi Ermənistan vətəndaşlarına həm maliyyə bolluğu təmin edər, həm də başqalarından fərqlənmək və hətta beynəlxalq birlik tərəfindən bir növ inkar olunmaq möhürünü öz üzərilərindən götürməyə imkan verər, bununla da Ermənistan dünya arenasında himayədə olan və autsayder ölkələr siyahısından çıxardı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli tənzimlənməsi bu gün də Cənubi Qafqaz ölkələrinin geniş iqtisadi və energetik inkişafının, tərəfdaşlığının başlıca şərti kimi qalır. Noyabrın 8-də keçirilən konfrans bir daha sübut etdi ki, Azərbaycan və erməni xalqları qarşılıqlı anlaşmaya çalışır. Bu fonda Ermənistan rəhbərliyinə arzu etmək istərdik ki, öz taleyini ona etibar etmiş vətəndaşların istək və amallarına tez-tez qulaq assınlar. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi “Ağlabatan kompromis mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan tərəfindən investisiya layihələrinin həyata keçirilməsi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənardakı ərazilərin azad edilməsi şərti ilə iki xalq arasında dinc qarşılıqlı fəaliyyət - biz münaqişənin nizamlanmasını belə görürük. Bu, bizim hazırda üzərində işlədiyimiz və vasitəçilərin irəli sürdüyü təkliflərlə həmahəngdir. Lakin münaqişənin nəyə görə nizamlanmamasının əsas səbəbi odur ki, Ermənistan artıq 24 ildir, Minsk qrupu yaradıldığı andan danışıqlar prosesinin azacıq da olsa irəliləməsinə müxtəlif yollarla mane olur... Azərbaycanla münasibətlər normallaşdırılmadan bu regionda inkişaf ola bilməz, onlar daim müəyyən təzyiq altında yaşayacaqlar, fikirləşəcəklər ki, birdən nə isə ola bilər”.
Akademik yazır ki, çəkdiyi məşəqqətlərə baxmayaraq, ən mürəkkəb sınaqlara ləyaqətlə sinə gərmiş Azərbaycan xalqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həllinə inanır: “Obyektivlik ondan ibarətdir ki, gec-tez sülh bərqərar olmalıdır. Hər bir müharibə əvvəl-axır sülh ilə başa çatır. Deməli, gələcəkdə başqa bir vəzifə yaranacaq: Dağlıq Qarabağdakı mürəkkəb iqtisadi və siyasi şərait, demoqrafik və sosial kataklizmlər nəzərə alınmaqla bu diyar təməlindən dirçəldilməli, əvvəlki nailiyyətlər mümkün qədər bərpa olunmalı və artırılmalı, bu qədim Azərbaycan torpağında hamının birlikdə rahat və həmrəy yaşamasına hüquq verilməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi “Bizim mövqeyimiz belədir ki, insanlar harada yaşayırdısa, orada da yaşamalıdırlar. Çünki onlar həmin yerlərdə çoxdan yaşayırdılar - erməni əhalisi 200 il, azərbaycanlı əhali isə bundan çox-çox əvvəl. Lakin məsələ hətta bunda da deyil. Məsələn, Şuşada əhalinin 95 faizi azərbaycanlılar idi. Onların hamısı oradan qovulub. Onların evləri ya zəbt edilib, ya da dağıdılıb. İndi onların evlərində başqaları yaşayırlar. Buna son qoymaq lazımdır. Dağlıq Qarabağın erməni əhalisi orada necə yaşayırdısa, qoy yaşasın, biz bunun əleyhinə deyilik”. Şübhəsiz, Qarabağ torpağının dirçəldilməsinin həlledici amili ata-baba yurdundan məhrum olmuş “sadə adamlar” - Dağlıq Qarabağın yerli sakinləridir. Onların çoxu böyük şəhərdə müvəqqəti yaşayış şəraitinə, imkan daxilində, uyğunlaşıb. Lakin bu adamların hamısı bildirir ki, imkan yaranan kimi böyük sevinclə doğma torpaqlarına qayıdacaq və çətinliklərə, qayğılara baxmadan, vaxtlarını və qüvvələrini əsirgəmədən Dağlıq Qarabağın bərəkətli torpağını qarış-qarış dirçəltməyə başlayacaqlar. Təki heç kəs onlara mane olmasın”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info