Ali təhsil sahəsi üzrə yeni akkreditasiya qaydaları hazırlanıb
Tarix: 03.12.2016 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin təşkilatçılığı ilə “Təhsilin keyfiyyətinin təmin edilməsində akkreditasiyanın rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, konfransın başlıca məqsədi yerli və xarici ali təhsil müəssisələrinin, xarici akkreditasiya qurumlarının, habelə təhsildə keyfiyyətin təminatı üzrə ekspertlərin arasında akkreditasiya sahəsində qazanılmış uğurlu təcrübələr və bu sahədəki çətinliklər ətrafında fikir mübadiləsini aparmaqdır. O deyib ki, konfransdan əsas gözləntilər Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin beynəlxalq akkreditasiya agentlikləri və təşkilatları arasında gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi və təhsildə keyfiyyətin yüksəldilməsi istiqamətində uğurlu təcrübələrin ölkəyə gətirilməsidir.
Konfransın plenar hissəsində “Avropa və MDB ölkələrində təhsildə keyfiyyətin təminat sisteminin yenidən qurulmasının çətinlikləri və öyrənilmiş dərslər” mövzusunda xarici akkreditasiya qurumlarının rəhbərləri tərəfindən məruzələr dinlənilib. Daha sonra konfrans panellərdə öz işini davam etdirib. Panel sessiyalarda Avropa Universitetləri Assosiasiyasının, Latviya, Böyük Britaniya, Almaniya, Gürcüstan və Finlandiyanın aparıcı akkreditasiya agentliklərinin, eləcə də Xəzər Universiteti və Azərbaycan Dillər Universitetinin nümayəndələri tərəfindən məruzələr edilib.


“Keyfiyyətin təminatı mexanizmləri getdikcə daha mühüm rol oynamağa başlayır”
Təhsil naziri çıxışı zamanı bildirib ki, Azərbaycanın ali təhsil sahəsi üzrə yeni akkreditasiya qaydaları hazırlanıb və bu, Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar (ESG) sənədinə əsaslanır. Nazir deyib ki, xarici ekspertlərlə birgə hazırlanan qaydalara əsasən, təhsil müəssisəsinin fəaliyyəti bir sıra istiqamətlər üzrə təhlil olunacaq. Bunlara missiya, vəzifə, strategiya, idarəetmə, insan resursları, təhsil proqramları, təhsil alanlar, elmi-tədqiqat fəaliyyəti, təlim resursları, tələbələrə dəstək xidmətlərinin daxil olduğunu deyən nazir vurğulayıb ki, hazırda akkreditasiyanın vacib olmasının bir neçə mühüm səbəbi var: “Ən əsas səbəb odur ki, ölkə təhsilinin dünya təhsil məkanına inteqrasiya etdiyi bir dövrdə ölkənin təhsil siyasətinin əsas istiqamətlərindən biri liberallaşmanın davam etdirilməsidir. Bununla da ali təhsil və digər təhsil müəssisələrinin muxtariyyətinin və rolunun artırılmasıdır. Keyfiyyətin təminatı mexanizmləri getdikcə daha mühüm rol oynamağa başlayır. Burada yalnız xarici və yaxud kənar akkreditasiyadan deyil, həmçinin daxili akkreditasiya alətlərinin inkişaf etdirilməsində maraqlıyıq”. Nazirin sözlərinə görə, biznes mühitinin daima yaxşılaşdırılması istiqamətində atılan addımlar nəticəsində bu gün ölkədə lisenziyalaşdırılan fəaliyyət növləri, istiqamətləri üzrə hansısa yeni bir işə başlamaq, o cümlədən təhsil müəssisəsi qurmaq çox sadə bir prosesə çevrilib. Sahibkar nöqteyi-nəzərdən çox düzgün və vaxtında atılmış bir addımdır”.
Qeyd edək ki, Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyasına 2004-cü ildən başlanıb. Hökumətin qərarı ilə 2015-ci il noyabrın 28-də Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi yaradılıb. Yeni akkreditasiya qaydaları Avropa standartlar və təlimatlara uyğunlaşdırılıb.

Bu ilin sonuna kimi Rektorlar Şurası yaradılacaq
M.Cabbarov onu da qeyd edib ki, bu ilin sonuna kimi Azərbaycanda Rektorlar Şurası yaradılacaq. Nazir qeyd edib ki, Rektorlar Şurasının yaradılması üçün bu ay təsis iclasının keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, belə bir şuranın yaranması ali təhsil problemlərinin həllinə yardım göstərəcək, eyni zamanda Təhsil Nazirliyi və təhsil mütəxəssisləri ilə birgə keçirilən ictimai müzakirələr ali təhsilə aid məsələlərin həllinə töhfə verəcək.
M. Cabbarov əlavə edib ki, 2005-ci ildən Azərbaycan Bolonya prosesinə qoşulub, gənclərin xaricdə təhsili sahəsində ciddi nailiyyətlər əldə edilib: “2013-cü ildə Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası qəbul olunub. Sənədin missiyası ölkənin modernləşməsi üçün vacib olan insan kapitalın inkişaf etdirməkdir. Bu sənədi qəbul edərkən bəzi çağırışlarla rastlaşmamışdıq. Təhsil sahəsində vahid idarəetmə sistemi mövcud deyildi, təhsil müəssisələri və onların rəhbərlərinin fəaliyyətinin nəticələri əmək bazarının nəticələri ilə uyğun prioritetlər sırasında deyildi. Bolonya sisteminə keçid islahatı ali təhsil müəssisələrinin fəaliyyətinin maliyyələşmə islahatı ilə ölçülürdü. Bu da öz növbəsində ali təhsil müəssisələri və onların rəhbərləri qarşısında obyektiv çətinlik yaradırdı. Azərbaycanda güclü mərkəzləşdirilmiş vahid tələbə qəbulu sistemi olduğu təqdirdə ölkənin qoşulduğu beynəlxalq müqavilələrə əsasən xaricdə əldə edilən ali təhsil diplomlarının tanınması prosesi həddində artıq liberal idi”.
M. Cabbarov qeyd edib ki, sadalanan problemlər bu gün də qalır.
Lakin bir sıra məsələnin həllində əhəmiyyətli irəliləyişin əldə olunduğunu deyən təhsil naziri bildirib ki, ildən-ilə tələbə adını qazanan gənclərin sayı artır: “Bu artım tələbə qəbuluna olan tələblərin sərtləşdirilməsi ilə paralel baş verir. Belə ki, 2016-cı ildə ali məktəblərə rekord sayda - 35304 nəfər tələbə qəbul olunub, bu da ötən illə müqayisədə 7% çoxdur. Təhsilə şəffaflığın təmin edilməsi keyfiyyət standartlarında vacib şərtdir. Əvvəllər mövcud olan neqativ təcrübələr aradan qaldırılıb. Bütün ixtisasların təhsil proqramlarının yenilənməsi, aparıcı xarici ölkələrin ali məktəblərinin Azərbaycanda filiallarının açılması, birgə təhsil proqramlarının hazırlanması, ikili diplomların tətbiqi, xüsusi təlim şəraitinin yaradılması kimi mühüm işlər həyata keçirilib. Müstəqilliyimizin 25 illiyində əldə olunan nailiyyətlər təhsilin inkişafı üçün mühüm bünövrə rolunu oynayıb. Bu müddət ərzində 10-dan çox müxtəlif dövlət proqramı həyata keçirilib, məzmunu yenilənib, İKT-nin tətbiqi artıb, son 13 ildə 3000-dən çox məktəb binası tikilib, əsaslı təmir edilib. Bu da ölkədəki məktəblərin 70%-dən çoxunu təşkil edir. 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşdırılıb”.
Ölkəmizdə təhsilin və elmin inkişafına göstərilən dövlət qayğısından danışan, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli bildirib ki, müvafiq sahələrin inkişafına nail olmadan ölkənin hərtərəfli tərəqqisini təmin etmək mümkün deyil. Bu səbəbdən Azərbaycanda elm və təhsil prioritet sahələrdən birinə çevrilib. Bu inkişafı sürətləndirmək üçün qəbul olunan sənədlər, verilən qərarlar və həyata keçirilən layihələr bu gün müsbət nəticələr verməkdədir.
İ.Həbibbəyli qeyd edib ki, belə konfransların keçirilməsi Azərbaycanda elm və təhsil sahəsində mövcud problemlərin həlli yollarını axtarmaq, bu istiqamətdə dünya təcrübəsini öyrənmək və Azərbaycan təhsilinin inkişaf modelini müzakirə etmək üçün yaxşı imkan yaradır. Təhsil Nazirliyində yaradılmış Akkreditasiya və Nostrifikasiya İdarəsinin müvafiq istiqamətdə fəaliyyəti təqdirəlayiqdir.

Yeni hazırlanan akkreditasiya qaydaları Nazirlər Kabinetinə təqdim olunacaq

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi rəisinin səlahiyyətlərini icra edən Samir Vəliyev bildirib ki, hazırda akkreditasiya bir proses olaraq təhsil müəssisələrinin təhsildə keyfiyyətin təminatı istiqamətində gördüyü işlərin qiymətləndirilməsi ilə bilavasitə əlaqələndirilir. Onun sözlərinə görə, yeni qaydalar hazırda mövcud olan bəzi qaydalardan fərqlənəcək: “Qaydaların əsas fərqi odur ki, ilk növbədə təhsilin keyfiyyətinin təminatı forması yenidən müəyyənləşdiriləcək. Digər fərq akkreditasiya komissiyalarının tərkibi formatının dəyişdirilməsidir”.
S. Vəliyev xarici ölkələrdə distant təhsil alan tələbələrin diplomlarının tanınmamasına da aydınlıq gətirib. Onun sözlərinə görə, hazırda distant təhsil mexanizm olaraq mövcud deyil: “Azərbaycanda distant təhsilin mexanizmi işlənib hazırlanmadığından biz onu təhsilin bir forması kimi qəbul etmirik. Gələcəkdə Azərbaycanda distant təhsil mexanizmi müəyyən olunduqdan sonra həmin təhsil forması üzrə xarici ölkə universitetlərində təhsil alan tələbələrin diplomları tanınacaq. Azərbaycanın diplomlarının xarici ölkələrdə tanınması hər bir ölkənin prosedur qaydalarına uyğun olaraq tanınır”.

“Tanınmayan diplomlar arasında MDB ölkələri, Rusiya, Ukrayna və Gürcüstan ali məktəbləri tərəfindən verilən diplomlar çoxluq təşkil edir”

S.Vəliyev onu da bildirirb ki, xarici ölkələrin ali məktəbləri tərəfindən verilmiş diplomların arasında da saxta olanları var: “Hazırda onun neçə faiz təşkil etdiyini deyə bilmərik. Biz idarə olaraq saxta diplomların müəyyənləşdirilməsinə deyil, diplomların əldə olunmasının Azərbaycanın nostrifikasiya prosedurları ilə ziddiyyət təşkil edib-etməməsinə baxaraq tanınmasına qərar veririk”.
Onun sözlərinə görə, diplomların tanınmaması onun saxta olduğu anlamına gəlmir: “Xaricdə təhsil almağa üz tutan şəxs, ilk növbədə düşünməlidir ki, daha yaxşı təhsil arxasınca gedir. Buna həm vəsait, həm də zaman sərf olunur.Diplom nostrifikasiya prosedurlarına uyğun olaraq əldə olunmalıdır ki, sonradan ölkə tərəfindən tanınsın”. S.Vəliyev əlavə edib ki, 2007-ci ildən bu günə qədər nazirliyə xarici ölkə ali məktəbləri tərəfindən verilən diplomların tanınması ilə bağlı 25 mindən çox müraciət olub. Onların 70-75 faizinin təsdiqləndiyini deyən nazirlik rəsmisi vurğulayıb ki, yerdə qalan diplomlar bu və ya digər səbəbdən tanınmayıb: “Tanınmamağın əsas səbəbi təhsil alan şəxsin mövcud qaydalara uyğun normativ müddət tələblərinə cavab verməməsidir. Nostrifikasiya ilə əlaqədar şəxsin gediş-gəlişini təsdiqləyən məlumatlar alırıq. Normativ müddət uyğun gəlmirsə, biz diplomların tanınmasından imtina edirik. Tanınmayan diplomlar arasında MDB ölkələri, Rusiya, Ukrayna və Gürcüstan ali məktəbləri tərəfindən verilən diplomlar çoxluq təşkil edir”.
Nigar Abdullayeva










 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info