Pakistanla birgə müəssisələr yaradılacaq (Yenilənib)
Tarix: 05.12.2016 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


İxrac missiyası Pakistana gedəcək: Azərbaycan Pakistana kənd təsərrüfatı məhsulları, meyvə şirələri, mineral sular, metal borular və konstruksiyalar ixrac edə bilər

Bakı Biznes Mərkəzində Azərbaycan və Pakistan biznes dairələrinin iştirakı ilə işgüzar görüş keçirilib. Pakistanlı qonaqlar Bakı Biznes Mərkəzinin foyesində Azərbaycan iqtisadiyyatına dair məlumatların əks olunduğu stendlərlə tanış olublar. İşgüzar görüşdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Pakistan siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, Azərbaycan Respublikası Prezidentinin ölkələrimiz arasında əlaqələrin inkişafına önəm verdiyini qeyd edib. Azərbaycan və Pakistan strateji tərəfdaşlardır və 2015-ci ildə ölkələrimiz arasında Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb.
Qeyd edilib ki, Pakistan Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk ölkələrdəndir. Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və bu dəstəyi beynəlxalq təşkilatlar çərçivəsində də göstərir. Pakistan Senatı Xocalı soyqırımını rəsmi olaraq soyqırımı kimi tanıyıb. Şahin Mustafayev bunlar üçün Pakistan tərəfinə bir daha minnətdarlıq edib. Görüşdə humanitar sahədə də ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Kəşmir əyalətində qızlar üçün orta məktəb tikilib, Pakistana müxtəlif yardımlar göstərilib və s. Azərbaycan Pakistanla iqtisadi əlaqələrin inkişafında və bu əlaqələrin siyasi sahədəki yüksək əməkdaşlıq səviyyəsinə çatdırılmasında maraqlıdır. İndiyədək ölkələrimiz arasında 36 sənəd imzalanıb ki, bunun 12-si iqtisadi sahədədir. 2016-cı ilin yanvar-oktyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 3,6 dəfə artıb. Azərbaycanda 127 Pakistan sərmayəli şirkət fəaliyyət göstərir. Ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşən Şahin Mustafayev ticarət, kənd təsərrüfatı avadanlıqlarının istehsalı, əczaçılıq, turizm, tranzit sahələrində əməkdaşlıq, eləcə də birgə müəssisələrin yaradılması imkanlarını qeyd edib. Ölkələrimiz arasında ticarət dövriyyəsinin genişləndirilməsinin vacibliyini vurğulayan iqtisadiyyat naziri Azərbaycanın kənd təsərrüfatı, meyvə şirələri, mineral sular, kimya, metal borular və konstruksiyalar və s. məhsullarının Pakistana ixrac imkanlarını qeyd edib. 2017-ci ilin əvvəlində Azərbaycanın ixrac missiyasının Pakistana səfəri təşkil olunacaq və Azərbaycan məhsulları bu ölkədə təşviq olunacaq. Görüşdə, həmçinin ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün Birgə İşçi Qrupun yaradılması barədə razılığa gəlinib. Əczaçılıq sahəsində əməkdaşlıq imkanlarına toxunan Şahin Mustafayev Pirallahı Sənaye Parkı və burada iş adamları üçün yaradılmış əlverişli imkanlar barədə məlumat verib. Qeyd olunub ki, hazırda Pirallahı Sənaye Parkında dərman istehsalı zavodu tikilir, bir sıra xarici şirkətlərlə bu sahədə danışıqlar davam etdirilir. Pakistan şirkətləri ilə də bu sahədə əməkdaşlıq mümkündür. Bundan başqa, Mingəçevir Sənaye Parkı yüngül sənaye sahəsində ixtisaslaşıb və bu parkda birgə toxuculuq müəssisəsi yaradıla bilər.

Azərbaycan şirkətləri Pakistanda həyata keçirilən enerji və infrastruktur layihələrində iştirak edə bilər

Pakistan İslam Respublikasının ticarət naziri Xurram Dastgir Xan Azərbycana ilk səfəri olduğunu və Azərbaycan Prezidentinin rəhbərliyi ilə Azərbaycanın dayanıqlı inkişafının Pakistanda maraqla izlənildiyini vurğulayıb. Bildirilib ki, Pakistan ölkələrimiz arasındakı nümunəvi siyasi dostluq əlaqələrinin güclü iqtisadi tərəfdaşlığa çevrilməsində maraqlıdır. Xurram Dastgir Xan ticarət və investisiya sahəsində əməkdaşlıq, eləcə də kənd təsərrüfatı avadanlıqlarının istehsalı, əczaçılıq, toxuculuq sahələrində birgə müəssisələrin yaradılması imkanalarını diqqətə çatdırıb. Toxuculuq, əczaçılıq və idman malları istehsalı sahələrində Pakistanın geniş təcrübəyə malik olduğunu bildirən qonaq bu sahədə əməkdaşlıq imkanlarını qeyd edib. Xurram Dastgir Xan Azərbaycan şirkətlərini Pakistanda həyata keçirilən enerji və infrastruktur layihələrində iştiraka, eləcə də Pakistanda təşkil olunan sərgilərə dəvət edib. Qeyd olunub ki, Azərbaycanda və Pakistanda sərgilər təşkil olunmaqla hər iki ölkənin məhsulları təqdim oluna bilər. Bundan başqa, iş adamları arasında əlaqələrin genişləndirilməsi məqsədilə görüşlər və qarşılıqlı səfərlərin təşkili də əhəmiyyətlidir. Sonra sənaye, kimya, tekstil, tikinti, mədən sənayesi, polad istehsalı, logistika, tibb, əczaçılıq, quşçuluq və s. sahələrdə fəaliyyət göstərən Azərbaycan və Pakistan şirkətləri fəaliyyətləri və əməkdaşlıq imkanları barədə məlumat veriblər. İşgüzar görüş iş adamları arasında müzakirələrlə davam etdirilib.

İşçi qrupu imtiyazlı şərtlərlə ticarət olunan məhsulların siyahısını tərtib edəcək
Pakistan İslam Respublikasının ticarət naziri jurnalistlərə açıqlamasında deyib ki, işgüzar görüşdə çərçivəsində hər iki ölkənin hökuməti 3 əsas sahə üzrə razılığa gəlib. Nazir qeyd edib ki, birinci sahə Azərbaycan və Pakistan hökumətləri arasında imtiyazlı şərtlərlə ticarətin aparılması ilə əlaqədardır ki, bu istiqamətdə işlərin aparılması üçün birgə işçi qrupu yaradılacaq. İşçi qrupu imtiyazlı şərtlərlə ticarət olunan məhsulların siyahısını tərtib edəcək. İkinci sahə hər iki ölkənin biznes dairələri arasında birbaşa əlaqə və Pakistan-Azərbaycan birgə müəssisələrinin yaradılması ilə bağlıdır. “Hesab edirəm ki, əczaçılıq, toxuculuq, kənd təsərrüfatı və energetika sahələrində fəaliyyət göstərən birgə müəssisələrin yaradılması üçün gözəl imkanlar mövcuddur”, - deyə nazir diqqətə çatdırıb. Nazir vurğulayıb ki, razılığa gəlinən digər vacib məsələ isə ölkələrimiz arasında viza rejiminin sadələşdirilməsidir ki, bu da bir çox sahəyə müsbət təsirini göstərəcək.

Azərbaycan Pakistan üçün turizm baxımından cəlbedici ölkədir

Şahin Mustafayev isə jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan Pakistan üçün turizm baxımından cəlbedici ölkədir: “Vizaların sadələşdirilməsi məsələsi tərəflər arasında müzakirə mövzusu olub. Pakistanlı turistlərin Azərbaycana səfərlərinin təşkili istiqamətində hər iki ölkənin hökuməti zəruri tədbirlər həyata keçirəcək".
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info