Trampın səs-küylü bəyanatları: təcrübəsizlik, populizm, yoxsa düşünülmüş siyasət?
Tarix: 07.12.2016 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


ABŞ mediasında yayılan xəbərlərdə qeyd edilir ki, Trampın arxasında güclü, nüfuzlu və müxtəlif sahələrin peşəkarlarından təşkil olunan çox güclü komanda işləyir

ABŞ-ın yeni seçilən dövlət başçısı Donald Trampın son günlər Çinin əleyhinə verdiyi açıqlamalar dünya mediasının diqqət mərkəzindədir. Vəzifəsinin icrasına gələn ay başlayacaq Trampın indidən Çinin əleyhinə fikirlər səsləndirməsi ABŞ-Çin münasibətlərinin qarşıdakı illərdə daha da kəskin olacağını deməyə əsas verir.
Tramp son on illər ərzində Amerika siyasətində yasaq olan bir çox tabunu dağıtmaqla məşğuldur. Obamanın 8 illik hakimiyyəti dövründə soyuq münasibət bəslədiyi Pakistan dövlətinin rəhbərliyi Trampın ilk əlaqə saxladığı dövlət başçıları sırasındadır.
Təxminən 40 ildir ki, ABŞ prezidentləri Tayvan liderləri ilə telefon əlaqəsi saxlamırlar. 1979-cu ildən tətbiq edilən moratoriumu pozan Tramp Tayvan lideri Çay İnvenlə telefon əlaqəsi yaradıb. Bundan sonra Tramp rəsmi “Tvitter” səhifəsindən Çinin əleyhinə fikirlər qeyd edib. Onun bu iki siyasi addımı ABŞ mediası və siyasi dairələr tərəfindən narazılıqla qarşılanıb. ABŞ mediası hesab edir ki, Tramp yenə də səriştəsizlik göstərərək, prezident vəzifəsində işləyəcək şəxs kimi davranış ortaya qoymur. Bəzi siyasi analitiklərə görə Tramp ABŞ diplomatiyasının Çinlə bağlı müəyyən etdiyi siyasəti dağıtmaqla məşğuldur. Ağ Ev administrasiyasının mövqeyi də artıq bəllidir. Dövlət katibi Kerri Donald Trampın son Çin gedişlərini belə dəyərləndirib: “Bu danışıqlarla bağlı heç kim bizimlə əlaqə saxlamayıb. Hər halda, bizimlə məsləhətləşmə olsa, bu, ancaq işin xeyrinə ola bilər”. Çinin bu məsələyə münasibəti maraqla gözlənilirdi. Rəsmi Pekin, gözlənildiyi kimi, diplomatik şəkildə tənqidi münasibət ortaya qoydu. Amma Çin mediasında yayılan məlumatlar göstərir ki, Pekin bunları görməzdən gələrək hamarlamağa çalışır. Çində hesab edirlər ki, bunlar Trampın təcrübəsizliyi ilə bağlı ola bilər. Bəs, əslində, vəziyyət necədir? Ekspertlər fərqli düşünür. Hesab edilir ki, Trampın bu addımlarını diplomatik təcrübəsizlik və məsuliyyətsiz populizm kimi dəyərləndirənlər yanılır. Əsl məsələ ondadır ki, Tramp bunları bilərəkdən edir. Yəni ABŞ-ın yeni seçilən dövlət başçısı nə etdiyini yaxşı bilir. Trampın həm “Tvitter” mesajı, həm də telefon danışığında iqtisadi məsələ və Cənubi Çin dənizində yaranan hərbi ziddiyyət əsas yer tutub. Deməli, Tramp bunları təcrübəsizliyindən etməyib. Əksinə, hər şey düşünülmüş şəkildə edilir. ABŞ mediasına yayılan xəbərlərdə qeyd edilir ki, Tayvan administrasiyasının lideri Çay İnvenlə telefon danışığı Trampın komandası tərəfindən çoxdan planlaşdırılıb. Taybey administrasiyası ilə yaxınlaşma yeni komandanın müəyyənləşdirdiyi siyasətdir. “Vzqlyad” nəşri yazır ki, Tramp seçki vaxtı ölkə sənayesini dirçəltmək, infrastrukturu inkişaf etdirmək, yeni iş yerləri yaratmağı vəd edib. ABŞ 2000-ci ildən istehsal sahəsində 5 milyon iş yeri itirib. Sənaye istehsalının bərpası və milli iqtisadiyyatın xarici rəqabətdən qorunması siyasəti transmilli korporasiyalar və xarici tərəfdaşların ciddi itkilərə məruz qalacağı deməkdir. Bunların sırasında ilk yeri Çin tutur. Tramp sənayeni inkişaf etdirmək sahəsində ciddi addımlar atacaq və artıq ilk qərarlar verilib. “Carrier” şirkəti öz istehsal sahələrini Meksikaya köçürməkdən vaz keçərək işə elə İndiana ştatında davam edəcək. Tramp seçki kampaniyası zamanı bildirmişdi ki, Çin istehsalı olan mallara valyuta manipulyasiyaları ilə bağlı 45 faiz rüsum tətbiq edəcək. Belə görünür ki, Trampın komandası işə başlayandan sonra verilən vədləri yerinə yetirmək üçün indidən hazırlıqlarını görür: ABŞ - Çin münasibətləri kəskinləşməlidir. Ona görə də Vaşinqton və Pekin administrasiyalarının ciddi şəkildə toqquşması zaman məsələsidir. Münasibətlərdə olan problemlər yenidən aktuallaşacaq. Buraya Tibetdən tutmuş Cənubi Çin dənizində yaranan vəziyyətə qədər bir çox sahələr daxildir. Çinlə “yaxşı polis” rolu oynamaq Trampa lazım deyil. Onsuz da verilən vədləri yerinə yetirmək üçün ziddiyyət qaçılmazdır. Elə indidən bu istiqamətdə addımlar atmaqla Vaşinqton danışıqlar prosesində bəzi üstünlüklər də əldə etmiş olur. Bu vəziyyət Pekini labüd sövdələşmədə güzəştlərə vadar edə bilər. Ona görə də Trampın bəyanatlarını, telefon danışıqlarını təcrübəsizlik, populizm kimi dəyərləndirənlər yanılır. Son günlər ortaya çıxıb ki, Trampın arxasında çox güclü komanda işləyir. Həmin komanda güclü, nüfuzlu və müxtəlif sahələrin peşəkarlarından təşkil olunub. Trampın səs-küylü açıqlamaları, spontan olduğu düşünülən addımlarının arxasında əvvəlcədən düşünülmüş təşəbbüslər dayanır. Görünür, rəsmi Pekin də bunu yaxşı anlayır və ona görə də “antiçin tvitlərinə” geniş şərh verməyərək növbəti addımların nə olacağını gözləyərək, fasilə götürüb.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info