“Əli Kərimli və İsa Qəmbər bir-birinə patoloji nifrət edən iki fərqli insandır”
Tarix: 03.04.2013 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


Uzun müddətdir ki, “ictimai palata”da birgə çıxış edən AXCP və Müsavat partiyası arasında pərdəarxası savaş səngimək bilmir. Bu savaş prezident seçkiləri ərəfəsində daha da kəskinləşib. Bunu həm müxalifətin tanınmış simalarının şəxsi “Facebook” səhifələrində verdiyi açıqlamalarda, həm də sözügedən partiyalara bağlı olan qəzetlərdə gündəlik dərc olunan qarşılıqlı ittihamlarla dolu yazılarda görmək mümkündür. Digər mətbuat orqanları kimi, “Palitra” qəzeti də sözgedən prosesləri mütəmadi şəkildə izləyir, bununla bağlı ekspertlərin fikirlərini öyrənərək oxuculara çatdırır. Məsələ ilə bağlı gənc politoloq Elşən Musayevin fikirlərini öyrəndik:

- Prezident seçkiləri ərəfəsində olduğumuz bu dövrdə müxalifət düşərgəsində təmsil olunan partiyalar, xüsusilə AXCP və Müsavat arasında pərdəarxası çəkişmə müşahidə olunur. Bunun səbəbləri nədir?
- Üzdə hər nə qədər inkar etmiş olsalar da, bu partiyaların bir-biri ilə zaman-zaman ciddi konflikt yaşadıqları dəqiqdir. Səbəb də heç şübhəsiz ki, həmin partiyaların başında duran ambisioz liderlərin xarakteri və xislətidir. Siyasətlə az-çox maraqlanan bilir ki, Əli Kərimli və İsa Qəmbər bir-birinə patoloji nifrət edən iki fərqli insandır. Onları nə hansısa məfkurə, nə amal, nə də ümumi siyasi məqsədlər birləşdirə bilməz. Heç mövcud iqtidara qarşı belə birləşə bilməzlər. İstəsələr də, bacarmazlar bunu. Çünki həyatda ən qorxduqları şey nəyisə bölüşməkdir, hansısa işə şərik qoşmaqdır. Amma məsələ burasındadır ki, hal-hazırda ortada bölüşüləsi bir şey yoxdur. Demək ki, adamlar avantürizmin, ya da eyforiyanın ən son mərhələsinə qədər irəliləmiş durumdadırlar. Nə deyim, Allah özü kömək olsun. Çünki belələrinin işi bəndədən keçib.
- Vahid mövqedən çıxış edəcəkləri ilə bağlı bəyanat verən, lakin hələ də bunu bacara bilməyən müxalifət partiyaları, xüsusilə AXCP və Müsavat arasında çəkişməni əsas müxalifət partiyası olmaq uğrunda aparılan çəkişmə adlandırmaq mümkündürmü?
- Tamamilə haqlı buyurursunuz ki, burada mübarizə kimin bir addım daha öndə olmasından gedir. Amma deyim ki, məqsəd bir tək ana müxalifətçilik adını daşımaq deyil. Burada söhbət həm də seçki öncəsi və sonrası radikal qurumlara ayrılan böyük həcmli qrantların, pulların, maliyyənin bölüşdürülməsindən gedir. Müxalifəti, müxalifətçiliyi monopoliyada saxlamaq istəyinin ən böyük səbəblərindən biri də məhz budur. Diqqət edin, İsa Qəmbər də, Əli Kərimli də müxtəlif zaman kəsiyində sanki bir-biri ilə bəhsə girmişcəsinə siyasi şoular göstərirlər. Müsavat başqanı bir az önə keçən kimi qarşı tərəf qıcıqlanır, ya da tam əksinə. Beləcə başlayırlar 5 qəpiklik hörmətlərini 2 qəpiyə endirməyə. Əslində belə fokslara, oyunlara, sirk nümunələrinə ehtiyac yoxdur. Davam etdikcə bir az da ikrah hissi oyadırlar, xalqı özlərindən iyrəndirirlər. Bu insanlar vaxtında siyasətdən abırlı şəkildə çıxıb getməli idilər. Amma buna da güc tapmadılar özlərində. Bu günsə qocalıblar. Özləri kimi ətrafdakıları da qocaldıblar. Çünki nağıllara inanmağın, siyasi romantikaya uymağın başqa nəticəsi olmur.
- Bu ədavətin öz başlanğıcını 1992-93-cü illərdən götürdüyünü demək mümkündürmü?
- Bu suala cavab vermək üçün 1998-ci il seçkilərini xatırlamaq kifayətdir. Heç 2003-cü ilə qədər gəlməyə ehtiyac yoxdur. O zaman isə İsa Qəmbər “siyasi varisiyəm” dediyi Elçibəyi satdı və vahid namizədlik məsələsinə ən böyük əngəli yaratmış oldu. 2000-ci ildə İsa Qəmbər müxalifət düşərgəsinə növbəti xəyanəti edərək Əli Kərimlinin deyil, Mirmahmud Fəttayevin rəhbəri olduğu qanadı AXCP kimi tanıdı. Ən nəhayət, 2003-cü ildə seyt-not vəziyyətinə düşən Əli Kərimli siyasi səhnədən silinməmək üçün Etibar Məmmədovun bütün siyasi şərtlərini qəbul etməli oldu. Onun bu vəziyyətə düşməsi, heç şübhəsiz ki, yenə İsa Qəmbərin tikdiyi “torba” ların nəticəsi idi. İndi təsəvvür edin, o boyda tarixi faktlardan, görklərdən sonra bu iki şəxs hələ də millətə demokratiya, kişilik, birlik moizəsi oxuyur. Elə əsl paradoks da burdadır.
- Kəskin şəkildə bir-biri ilə mübarizə aparan bu partiyalar birlikdə prezident seçkilərində iştirak edə bilərlərmi?
- Qətiyyən! Bu birlik olmayacaq. Bunu artıq özləri də etiraf edir. Radikal müxalifət seçkiyə fərdi şəkildə qatılacaq və hər zaman olduğu kimi yenə də biabırçı məğlubiyyətlə üzləşəcək. Ayrıca, hesab edirəm ki, get-gedə yaxınlaşan fiaskonu müxalif liderlər bu gündən dərk edirlər. Amma geri yol yoxdur. Həm uzun illərdir uydurduqları yalanları bir yerə qədər daşımaq lazımdır, həm də qarşılarında öhdəlik götürdükləri beynəlxalq təşkilatlar və güclər bu durumu həzm etməzlər. Odur ki, seçkiyə qədər dözüb, daha sonra növbəti məğlubiyyətin fonunda yeni nağıl, fantaziya istiqamətləri fikirləşmək lazımdır. Çünki başqa variant yoxdur. Qələbə anlayışı onsuzda bunlarlıq deyil. Məğlubiyyətin acısı Azərbaycan müxalifətinin alın yazısıdır.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info