Cahangir Hacıyev dilemması: “siyasi məhbus“ oyununda yeni pərdə
Tarix: 12.12.2016 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


Yaxud Beynəlxalq Bankın keçmiş rəhbərinin adı "Qaranquş dəstəsi" ilə bir sırada dayanır?

"Siyasi məhbus" məsələsi Azərbaycanın radikal müxalifət düşərgəsində qarşıdurmanı daha da dərinləşdirməkdədir. Xədicə İsmayıl və dəstəsi ilə Əli Kərimli - Leyla Yunus tandeminin açıq savaşı səngiməmiş ortaya atılan yeni "adlar" tərəflər arasında onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirib.

Cahangir Hacıyev də "siyasi məhbus" kimi "tanına" bilər?
Bəs vaxtilə "yedikləri, içdikləri ayrı olmayan" şəxslərin bu gün amansız rəqibə çevrilmələri nə ilə bağlıdır? Xatırlatmaq yerinə düşər ki, cari ilin oktyabr ayının 17-də Xədicə İsmayılın başçılıq etdiyi qrupun hazırladığı 94 nəfərlik "siyasi məhbus" siyahısı təqdim olundu və bu, "vahid işçi qrupunun siyahısı" adlandırıldı. Cəmi bir gün sonra isə Leyla Yunus və Oktay Gülalıyev tərəfindən hazırlanan, Əli Kərimli və Cəmil Həsənlinin dəstək verdiyi 166 nəfərlik növbəti siyahı ortaya çıxdı. Bununla da qarşı cəbhələrdə dayanan tərəflər öz siyahılarının "bazarda" qiymətini artırmaq, digərinin yoluna daş yuvarlamaq üçün bütün arsenallarını səfərbər etdilər. Söz güləşinə yeni simaların da qoşulması ilə "siyasi məhbus" davası budaqlanaraq bu gün tərəflərin açıq düşmənçiliyinə rəvac verir. Beynəlxalq Bankın keçmiş rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin məsələsi isə tərəfləri növbəti dəfə və daha sərt dolanbacda üz-üzə gətirib.
Əslində, bu gün radikalları sovuran fırtına qondarma "Milli şura"nın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyevin 3 dekabr tarixində özünün "Facebook" səhifəsində yazdığı statusdan sonra başladı. Sözügedən statusda C.Hacıyevin "siyasi məhbus" kimi tanına biləcəyinə eyham vuran O.Gülalıyev onun işinin nəzarətə götürüldüyünü də diqqətə çatdırıb: " Onun işi tərəfimizdən araşdırma altındadır. Bütün sənədlərimizdə də bunu qeyd edirik… Əsas götürdüyümüz meyar siyasi məhbuslarla bağlı AŞPA-nın 03 oktyabr 2012- ci il tarixli 1900 saylı Qətnaməsində qeyd edilən kriteriyalardır. Əgər Cahangir Hacıyevin həbsi həmin kriteriyalara uyğun gəlirsə, o da digərləri kimi siyasi məhbus kimi tanına bilər".
"Siyasi məhbus" biznesində Əli Kərimlinin sağ əli olan Gülalıyevin bu ismarıcına reaksiya özünü çox gözlətmədi. C.Hacıyevə "siyasi məhbus" yarlığı yapışdırmaq niyyəti çox keçməmiş digər "siyasi məhbus" siyahıçılarının ciddi müqaviməti ilə qarşılandı. 94 nəfərlik siyahının əsas müəlliflərindən olan Xədicə İsmayıl dərhal özünün "Facebook" səhifəsində opponentlərinin cavabını verdi. Onun sözügedən məsələ ilə bağlı 3 dekabr saat 14:52-də yazdığı statusda bu fikirlər yer alıb: "Cahangir Hacıyev siyasi maddələrlə tutulmayıb, korrupsiyada günahlandırılıb. Onun günahlandırıldığı əməllər arasında bank kreditlərinin qohumları, cangüdənləri, tanışlarının adına rəsmiləşdirilməsi olub… Məhkəmə istintaqı zamanı qohumların, tanışların zəmanətsiz kredit götürməsi faktları təsdiqini tapdı və Cahangir Hacıyev o faktları təkzib edən heç bir arqument gətirmədi… Cahangir Hacıyev tipli adamlar mediadan, vətəndaş cəmiyyəti nümayəndələrindən dəstək gözləyə bilər. Bunun üçün cəhdlər də var. Hətta deyərdim ki, bəzi hallarda bu cəhdlərin özü də cinayət xarakteri daşıyır. Çox təəssüf edirəm ki, dürüst adam hesab etdiklərimiz də bu sövdələşmələrdən uzaq qaçmırlar".
Xədicə İsmayılın bu statusunun ardından Əli Kərimlinin yaxın ətrafı, o cümlədən Natiq Ədilov, Elnur Sadıqov, İlham Hüseyn və digərləri O. Gülalıyevi təkzib edərək Cahangir Hacıyev məsələsinin doğru olmadığını, Kərimlinin belə bir niyyətə düşmədiyini yazdılar. Amma bu yöndə müdafiə cümlələrinin mürəkkəbi qurumamış müxalifyönlü jurnalist Natiq Cavadlı “etibarlı mənbəyə” istinad edərək belə bir iddia irəli sürdü ki, C.Hacıyev Əli Kərimlinin dəstəklədiyi qrupun "siyasi məhbus" siyahısına daxil ediləcək. Onun sosial şəbəkələrdə "Bu, necə ola bilər? “Milli şura” rəhbəri Cəmil Həsənliylə AXCP sədri Əli Kərimli bu məsələyə necə qol qoya bilər?" ritorik sualı altında paylaşdığı statusunun şərhlər bölməsində yazılan fikirlərdə kifayət qədər maraqlı nüanslar əksini tapıb.

Xədicə İsmayıl:
Leyla Yunus və Oqtay Gülalıyev terrorçuları da "siyasi məhbus" siyahısına salıblar
Əli Kərimlinin yaxın ətrafının Xədicə İsmayılın yuxarıda qeyd olunan "statusu" ilə bağlı yazdığı şərhlərdə qarşı tərəfi ciddi şəkildə ittiham etməsindən sonra X. İsmayıl bu dəfə daha sərt və opponentlərini ifşa edən maraqlı bir açıqlama ilə çıxış edib. Onun fikrincə, Əli Kərimli və Leyla Yunus cəbhəsi, hətta terrorçuları belə "siyasi məhbus" hesab edir. O, bununla bağlı yazıb: "Terrorda, qətldə, ekstremizmdə günahlandırılan və bu əməlləri törətmiş şəxsləri də (məsələn, “Qaranquş dəstəsi”) müdafiə etsək, onda müdafiə etdiyimiz günahsızların günahsız olduğunu deyəndə bizə niyə inanmalıdırlar?.. Qatilin də müdafiə hüququ var, amma qatilin müdafiəsi naminə günahsız adamların müdafiəsini kor qoymaq olmaz".
Xədicə İsmayılın açıq mətnlə Kərimli və dəstəsinin üzvlərinin ünvanına səsləndirdiyi bu ittiham kifayət qədər ciddidir və mütləq şəkildə cavab tələb edir. Amma aradan keçən 1 həftə ərzində, hələ ki, ortada bununla bağlı nə cavab, nə də özünümüdafiə cəhdi var.

Keçmiş "cəbhəçi"nin pul etirafı...

Əlbəttə, "siyasi məhbus" biznesinin arxasında böyük maliyyə gözləntilərinin olması heç kəsdə şübhə doğurmur. Radikal düşərgəyə yaxın olan bir sıra siyasətçilərin açıqlamalarında bildirilir ki, Qəbdəki konkret maraq qrupları, antiazərbaycançı donorlar bu siyahılara yaxşı pul verirlər. Sosial şəbəkələrdə sözügedən müzakirələrdə iştirak edən şəxslər də Cahangir Hacıyev gedişinin arxasında konkret maddi məqsəd dayandığını qeyd edirlər. Məsələn, AXCP-nin keçmiş üzvü Rəşad Babalı yazır: "Çovdarovu da salın getsin. Bir az da cəhd eləsə, "Milli şura"nın üzvü edərlər. Cahangir siyasi məqsədlərlə həbs edilə bilər. Amma bu, MŞ-nin kövrək qəlbinə niyə təsir etməlidir? Əgər Cahangir o siyahıya salınsa, 100% orada pul söhbəti var. Əli İnsanov və Hüseyn Abdullayev məsələsində olduğu kimi".
Rəşad Babalı daha sonra "Azadlıq" qəzetinin köşə yazarı Natiq Ədilovun iradlarına cavab olaraq yazıb: "Az-çox mətbəxi bilirəm. Nələrin döndüyündən xəbərim var. Sadəcə, abrıma qısılıb çox şey yaza bilmirəm. Hüseynə (Hüseyn Abdullayev-redaktor) nəyin müqabilində dəstək verildiyini bilirəm axı. Bunun yüksək səviyyədə etirafını eşitmişəm".
Yeri gəlmişkən, O. Gülalıyevin səhifəsindəki müzakirələrə qatılan "Müsavat" başqanı Arif Hacılı da ortada pul söhbətinin olduğuna işarə vurub. Onun "İndi baş verənləri diqqətlə izləyirəm. Amma bu məsələni alver predmetinə çevirmək cəhdləri məlum olsa, yalnız müşahidəçi olmayacam" şərhi Rəşad Babalının toxunduğu məsələnin həqiqət payının kifayət qədər yüksək olduğunu göstərir. Hər halda, Arif Hacılı illərdir bu günün "siyahıçılar"ı ilə çiyin-çiyinə fəaliyyət göstərib və belə desək, onların "cikinə” də bələddir, "bikinə" də...

"Leyla Yunus “siyasi məhbus” alverçisidir"
Müxalifyönlü jurnalist Aynur Elgünəş də Leyla Yunusun təmsil olunduğu qrupun "siyasi məhbus" biznesi ilə məşğul olduğunu yazıb. Onun O.Gülalıyevə ünvanlanmış şərhi belədir: "Jurnalist kimi azı 12 il hüquq müdafiə sahəsindən yazmışam və hətta hüquq müdafiəçilərindən birinin mətbuat katibi olmuşam. O zamanlar da, həbsdə olduğu müddətdə də, hətta indi də Leyla Yunusa qarşı mövqeyim dəyişməz olub. Həmişə hesab etmişəm ki, Leyla Yunus siyasi məhbus alverçisidir. O, həmişə gördüyü işlərdən çox reklamla məşğul olub. İndi də bu sahəyə ayrılan "diqqəti" özünə çəkmək üçün eyni işi davam etdirir, yəni ayrımcılıqla məşğuldur... Əminəm ki, ictimai qınaq olmasa, Leyla Yunus Cahangiri siyasi məhbus hesab edər".
Beləliklə, ortada Cahangir Hacıyev örnəyində konkret bir nümunə və ona iki fərqli münasibət var. Eyni işi gördüyünü və eyni kriteriyalara söykəndiyini iddia edən iki ayrı-ayrı qrupun hazırda davam edən bəlli hüquqi prosesə tamam fərqli rakurslardan qiymət verməsi "siyasi məhbus"çuların və onların hazırladıqları qondarma siyahıların nə qədər qeyri-ciddi olduğunu ortaya çıxarır. Elə təkcə bu faktın özü bu tragikomediyanın oyunçularının üzlərinin qızarması üçün yetərli olmalıdır. Amma… Nəzərə alsaq ki, radikalların tamahının sərhədi yoxdur və onlar pul və maddi maraq qarşılığında hətta öz ətrafındakılara da arxa çevirmək "istedadına" malikdirlər, onda bu ünsürlərdən utanmalarını gözləmək sadəlövhlükdən başqa bir şey deyil.
A. Şahinoğlu




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info