“Terrorçular tərəfindən təkcə yerli əhali deyil, Suriyanın mənəvi irsi də məhvə məruz qalanda Qərb susur”
“İŞİD” terror qruplaşmasının Palmiraya hücumu, Suriyanın hökumət qoşunlarının Hələbə irəliləməsinə cavab idi”.
Bu fikirlər Suriya prezidenti Bəşər Əsədə məxsusdur. “İŞİD” terrorçuları dekabrın 1-dən Palmiraya hücuma keçiblər. Terrorçular mülki əhalinin boşaltdığı ərazilərdə möhkəmləniblər. Bəşər Əsəd “RT” telekanalına verdiyi açıqlamada bildirib ki, terrorçuların hücumu Hələb əməliyyatlarına cavabdır: “Əgər siz onların hücumlarının vaxtına nəzər salsanız, görərsiniz ki, bu, Hələbdə həyata keçirilən uğurlu əməliyyatlarla bağlıdır. Bu, Hələbdə baş verənlərə cavabdır. Burada terrorçuların əsas məqsədi Suriya ordusunun Hələbdəki qələbəsini sarsıtmaq, onları bu şəhərdən yayındıraraq Palmiraya doğru istiqamətləndirməkdir”. Qeyd edək ki, bir müddət əvvəl Suriya ordusu Hələbin terrorçuların nəzarətində olan şərq bölgəsinə hücum etmişdi. Məlumatlarda qeyd edilir ki, Əsədin ordusu şəhərin 98 faizdən artıq ərazisinə nəzarət edir. Bu ərəfədə Rusiya mənbələri terrorçuların Rakka rayonundan Palmiraya böyük hərbi qüvvə göndərdiyi barədə məlumat vermişdi. O da qeyd edilməlidir ki, Birləşmiş Ştatlar və beynəlxalq koalisiya tərəfindən nəzarət olunan həmin ərazidə döyüş əməliyyatları dayandırılıb. Həmçinin “İŞİD”-ə məxsus zirehli texnika da Deyr əz-Zor bölgəsinə köçürülüb. Xatırladaq ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov, Palmiranın yaraqlılar tərəfindən ələ keçirilməsini bəşəriyyətin imicinə dəyən böyük zərbə kimi dəyərləndirib Onun sözlərinə görə. “Rusiya istisna olmaqla digərləri əllərini yanlarına salıb oturmuş vəziyyətdədir”. Peskova görə Palmiranın “İŞİD”-in əlinə keçməsi bu terror təşkilatının nə dərəcədə təhlükəli olmasından xəbər verir. Qərbin Hələbdə terrorçu gülləsinə tuş gələn günahsız insanların ölümünə heç bir reaksiya vermədiyini qeyd edən Bəşər Əsəd deyib: “Qərbi daha çox Suriya ordusunun qazandığı uğur narahat edir. Ona görə də Qərb Moskvadan Dəməşqə təsir göstərməyə çağırış edir. Biz Hələbi terrorçulardan azad etməyə cəhd etdiyimiz halda, Qərb bunu yerli əhalinin həyatı üçün təhlükə kimi dəyərləndirir. Terrorçular tərəfindən təkcə yerli əhali deyil, Suriyanın mənəvi irsi də məhvə məruz qalanda Qərb susur”.
Ağasəf Babayev
|