Yaponiya mediası Dağlıq Qarabağ münaqişəsindən yazıb
Tarix: 16.12.2016 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


2016-cı il dekabr ayının 16-da Yaponiyanın ən çox oxunulan qəzetlərindən biri olmaqla, gündəlik 700 mindən çox tirajla (səhər buraxılışı 510,994, axşam buraxılışı 192,095) çap olunan “Tokio” (Tokyo Şimbun) qəzetinin səhər buraxılışında həmyerlimiz, Yaponiyanın dövlət təqaüdçüsü, Hokkaydo Universitetinin doktorant tələbəsi, konfliktologiya elmində araşdırmalar aparan Əlibəy Məmmədovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ, eyni zamanda Rusiya və Yaponiyanın ərazi problemi olan Cənubi Kurillə bağlı geniş müsahibəsi yer alıb. Müsahibədə əsas diqqət Dağlıq Qarabağ ətrafında aprel ayında baş vermiş 4 günlük müharibə, azərbaycanlı ziyalıların, məcburi köçkünlərin problemlə bağlı düşüncələri, öz doğma yurd-yuvalarına qayıtmaq əzmində olmaları, eyni zamanda Kuril adalarından qovulmuş yaponiyalı keçmiş ada sakinləri ilə bağlı həmyerlimizin araşdırmalarının nəticələri yer alıb. Dekabr ayının 15 və 16-da Rusiya prezidenti Vladimir Putinin Yaponiyaya rəsmi səfəri ərəfəsində Kuril adaları problemi və keçmiş Sovet məkanının ən ağrılı problemlərindən olan Dağlıq Qarabağ münaqişəsinə diqqət artıb. Yaponiyanın Hokkaydo Universitetində Dağlıq Qarabağ problemi ilə Kuril adalarının müqayisəli elmi təhlilini aparan Əlibəy Məmmədov hər iki problemdə Rusiyanın aparıcı rol oynaya biləcəyinə əminliyini ifadə edib. Məqalədə qeyd olunur ki, Əlibəy Məmmədov özü uşaqlıqda təxminən 7 ilə yaxın məcburi köçkün düşərgəsində yaşayıb, köçkünlərin ağrı-acılarını görə-görə, hiss edə-edə böyüyüb: “Müharibənin sülh yolu ilə həlli haqqında düşündüyü bir zamanda, Cənubi Kuril adaları problemi və oranın yaponiyalı ada sakinləri haqqında biliklər əldə etdikdə, yaponların da azərbaycanlılar kimi öz yurd-yuvalarından qovulduqlarının fərqinə varıb. Bu, onda dərin təəssürat yaradıb”.
Həmyerlimiz müsahibəsində Cənubi Kuril adaları və Dağlıq Qarabağ münaqişəsinin oxşar və fərqli cəhətlərindən söhbət açaraq onu da vurğulayıb ki, Yaponiya və Azərbaycan əraziləri işğal olunmuş tərəflərdir: “Azərbaycanda 2015-ci ilin rəsmi rəqəmlərinə görə 620 mindən çox məcburi köçkün vardır. Bundan əlavə Ermənistandan güc yolu ilə qovulmuş, deportasiya edilmiş azərbaycanlıları da nəzərə aldıqda bu rəqəm 1 milyonu ötür”. Müsahibədə o da qeyd olunub ki, həmyerlimiz 2015-ci il sentyabr ayında Azərbaycanda məcburi köçkünlər və ziyalılar arasında araşdırmalar, elmi sorğular keçirib. Onun nəticələrinə görə Azərbaycanın ziyalıları arasında da müharibə tərəfdarlarının az olmadığı qənaətinə gəlinib. Həmyerlimizin yaponiyalı keçmiş ada sakinləri ilə olmuş araşdırmasının nəticələrinə görə yaponların 78%-i ruslarla birgə yaşama normal yanaşıb və dəstəkləyiblər. Azərbaycanlı məcburi köçkünlərdə isə bu rəqəm aşağı olub. Aradan keçən zaman fərqinin insanların düşüncə tərzinə göstərdiyi təsir kimi dəyərləndirilib. Əlibəy Məmmədov müsahibəsində xüsusilə vurğulayıb ki, müharibələrdən birbaşa əziyyət çəkən, onun şahidi olmuş insanların düşüncələrindən məsələyə yanaşmaqla ən ağıllı həll yolu tapmaq olar. Bu insanlar birbaşa müharibəni təcrübədən keçirib, onun dəhşətlərini bilən, bu məsələ ilə bağlı ən yaxından maraqlanan, qarşı tərəfi daha yaxşı tanıyanlardır. Çalışmaq lazımdır ki, müharibəni təcrübədən keçirtmiş insanların yaşadığı dövrdə məsələ həllini tapsın. İkinci nəsildə nifrət hissi daha güclü olduğundan konstruktiv həll yolunun tapılacağına şübhə ilə yanaşılır. Ə. Məmmədovun Cənubi Kuril adalarını araşdırmağa gəlməsi də, hər şeydən öncə məhz öz doğma vətənində baş vermiş münaqişəyə həll yolunu tapmaq üçün olduğu qeyd edilib. Müsahibədə Azərbaycan Respublikasının xəritəsi, eyni zamanda Ermənistan tərəfinin atəşkəsi pozduğu anların rəsmləri də yer almışdır. Müsahibədə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkib hissəsi olması, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın milyona yaxın qaçqın və məcburi köçkününün olması açıq şəkildə qeyd edilib. Müsahibə ilə bağlı Əlibəy Məmmədov qeyd edib ki, Tokioda belə bir qəzetdə Azərbaycanın ən ağrılı yeri olan Dağlıq Qarabağla bağlı geniş, Azərbaycanın haqlı mövqeyindən çıxış edən məqalənin yer alması, təkcə bir azərbaycanlının deyil, həm də bütöv Azərbaycanın və dünya azərbaycanlılarının uğuru kimi qələmə alınmalıdır. Onu da qeyd edək ki, həmyerlimiz hər iki münaqişədən bəhs edən digər bir məqaləsi ötən noyabr ayının 17-də gündəlik iki milyona yaxın tirajla çıxan “Hokkaydo” qəzetində də yer almışdı və geniş oxucu kütləsinin marağına səbəb olmuşdu. Ə. Məmmədov bildirib ki, bundan sonra da ən ali səviyyələrdə Azərbaycanın haqq səsinin elmi yolla yaponiyalıların diqqətinə çatdırmağa davam edəcək.


Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info