“Müxalifətin qazancı antiazərbaycan fəaliyyətindən çıxır”
Tarix: 04.04.2013 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


Radikalların seçki aktivliyi xarici maliyyə cəlb etməklə məhdudlaşır

Seçki ərəfəsində müxalifət qüvvələri aktivlik nümayiş etdirməyə çalışırlar. Onların radikal qismi isə xüsusilə kəskin bəyanatlar və açıqlamlarla gündəmə gəlməyə həvəslidirlər. Prosesləri izləyənlər bilir ki, əslində radikallar hər seçki öncəsi bu cür daha çox “barışmaz” mövqe sərgiləməklə xarakterizə olunmağa çalışırlar və eyni zamanda da xarici KİV-lərə açıqlamalar verməyə çox can atırlar.
Halbuki müxalifətin real sosial bazasının yox səviyyəsində olduğu bəllidir. Müxalifət çox yaxşı bilir ki, bu seçkidə qalib gəlmək şansı yoxdur - bu barədə həqiqət hazırkı düşərgə nümayəndələrinə çox yaxşı məlumdur. Belə olduğu halda, müxalifətin bu cür canfəşanlığının və aşırı radikallığının anlamı nədir?
Faktlar və müşahidələr göstərir ki, müxalifət bu cür aktivlik sərgiləməklə seçkidə qalib gəlməyə yox, xarici maliyyə mənbələrinin diqqətini cəlb etməyə çalışır. Bununla isə seçkidən pul qazanmaq niyyətlərini reallaşdırmaqla müxalifətçilik fəaliyyətlərini bitmiş hesab edirlər.
Bu barədə “Palitra”ya fikir bildirən millət vəkili, politoloq Aydın Mirzəzadə deyir ki, müxalifətin hazırkı zəifliyi hakimiyyətin öz üzərinə düşən vəzifəni çox uğurla yerinə yetirməsi ilə bağlıdır: “Hazırda bu uğurlu siyasətə görə cəmiyyətin əksər hissəsi Azərbaycan hakimiyyətini dəstəkləyir. Mövcud müxalifətin sosial bazası isə buna görə çox zəifdir. Müxalif qüvvələr müxtəlif olmalarına baxmayaraq, heç bir bazaya malik deyillər. Onlar öz sosial bazalarını heç bir vəchlə artıra bilməyəcəklərini bilib, mövcud kiçik müxalif sosial bazanı öz aralarında bölüşdürməyə çalışırlar. Buna görə də tez-tez onların bir-birilərinə qarşı ittihamları baş verir. Aydın məsələdir ki, fəaliyyətlərini bununla məhdudlaşdırmaqla nə ictimai fikirdə özlərinə bir yer tapa biləcəklər, nə də ki hər hansı bir uğur qazana biləcəklər. Onlar bu baxımdan seçkilərdə qələbə qazanmaq üçün deyil, mövcudluqlarını davam etdirmək üçün iştirak etməyə çalışırlar. Hansısa formada maliyyə mənbələri əldə etmək, partiya sədrlərin şəxsən varlanması və sair məqsədlərlə bu cür aktivlik sərgiləməyə çalışırlar. Ən əsas isə seçkidən sonra məhz bu cür funksiya yetirmək üçün radikal mövqedə durmaq və seçkinin nəticəsni tanımamaq siyasətini həyata keçirməyə ümid edirlər. Hər seçkidən seçkiyə müxalifətin müəyyən bir cinahının “seçkinin nəticəsini tanımamaq” barəsində “bəyanat”larını görürük. Bu cür gedişlər də məhz həmin “pul qazanmaq müxalifətçiliyinə” xidmət edir. Onlar bu cür bəyanatları Azərbaycan cəmiyyətinə və qurumlarına deyil, xarici qurumlara göndərirlər”.
Politoloq qeyd edir ki, ara-sıra yayılan məlumatlarda isə Azərbaycan müxalifətinin xarici mənbələrdən pul əldə etməsi xəbərləri eşidilir: “Şübhəsiz ki, müxalifətin davranışı da bunu deməyə əsas verir. Onların partiyada üzvlük haqqı toplaya bilmədikləri, heç bir ianə almadıqları halda, partiya saxlamaq, bahalı maşın almaq üçün pul tapması da bu barədə şübhələri olduqca artırır. Bundan başqa hər gün nəşr olunan qəzet və jurnallar çap etdirirlər. Dedik ki, müxalifətin bu cəmiyyətdə sosial dayağı yoxdur, üzvləri azdır, onlara maliyyə yardımı bu cəmiyyətdən gəlmir. Belə olduğu halda, ofis saxlamaq, qəzet çıxarmaq və dəbdəbəli həyat sürmək üçün pul yalnız xaricdən gələ bilər. Bu da müxalifətin radikal qisminin məhz xaricdən maliyyələşməsi ilə bağlı fikirlərin əsassız olmadığını ortaya qoyur. Hazırkı situasiyada isə müxalifət qüvvələri bu maliyyədən məhrum olmamaq və ya özlərinə maliyyə mənbəyi cəlb etmək üçün bu cür aktivlik göstərir”.
Millət vəkili dedi ki, partiya sədrlərinin cangüdənlərə, bahalı maşınlara malik olması və xarici səfərlərə getmək imkanları da onların xaricdən maliyyə almalarını deməyə əsas verə bilər: “Çünki partiya sədrlərinin sadaladığımız nəsnələrə malik olmasının hər biri müəyyən məsrəfə başa gəlir ki, bu da elə-belə deyil. Buna görə də indiki müxalifətin məqsədi ilk növbədə məhz buna görə daim gündəmdə qalmaq istəyidir. Bununla öz maliyyə mənbələrini təmin etməyə çalışırlar. Hər vəchlə mövcudluqlarını yada salmağa çalışırlar”.
Amma bir məsələ də var ki, son zamanlar partiya sədrləri komfort həyat tərzi sürmələrinə, bahalı maşınlarını qəsdən, şou-biznes əhli sayağı cəmiyyətə nümayiş etdirməyə baxmayaraq, maliyyə sarıdan qıtlıq çəkirlər. Özünə “ana müxalifət” deyən, sinəsinə döyən müxalifət partiyalarının çoxu ofis saxlamağa və xərcləri ödəməyə belə çətinlik çəkməyə başlayıb. Bu isə birinci növbədə onların maliyyə mənbələri yanında etibarlarını itirməsi ilə əlaqələndirilir. Belə ki, müxalifət uzun zaman tərəfdarlarını seçkilərdə qələbə qazanacaqları ilə bağlı aldatdığı, vədlərinə əməl etmədiyi kimi, dəfələrlə xarici maliyyə kanallarını da aldadıb. Onlar aldıqları qrantları, maliyyə vəsaitini təyinatı üzrə - mitinqlər, siyasi kampaniyalardan daha çox, özlərinin şəxsi varlanmalarına sərf ediblər. Bu baxımdan siyasi kampaniyalar müxalifət üçün pul yeyintisi mənbəyinə çevrilib. Bu isə təbii ki xarici maliyyə kanallarının da qulağına çatır. Buna görə də hazırda müxalifət onlar tərəfdən gələn maliyyənin kəsilməsinə məruz qalıb. Bu ərəfədə canfəşanlıq edib daha çox səs-küy salmağa çalışan və bu barədə bir-birilərilə bəhsə girişən, “ana müxalifətçilik ” üstündə bir-birilərinə qarşı savaş açan müxaliflər həmin maliyyə mənbələrini yenə cəlb etmək istəyirlər. A.Mirzəzadə qeyd edir ki, görünür, xarici mənbələr müxalifətin zəif də olsa, mövcudluğunda maraqlıdırlar və buna görə də maliyyə ötürülməsini tam kəsməyiblər: “Hər halda, hazırda da müxalifətin dilindən Azərbaycan milli və dövləti maraqlarına uyğun gəlməyən çağırışlar və bəyanatlar eşidirik. Həmçinin onlar xarici səfərləri zamanı heç vaxt Azərbaycanın torpaqlarının işğal olunduğunu, bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün ortada olduğunu demirlər. Onların heç bir nitqində, çıxışlarında, xaricilərlə görüşlərində milli məsələlər, Qarabağ problemi ilə bağlı faktlar əksini tapmır. Çünki bu, həmin maliyyə qaynaqlarını maraqlandırmadığı üçün müxalifət tərəfindən də dilə gətirilmir. Müxalifət buna cəzarət etmir. Çünki müxalifətin qazancı tamam əks məsələlərdən - antiazərbaycan fəaliyyətindən çıxır. Sanki onlar indiki hakimiyyətə qarşı müxalif olmağa davam edərək pul qazanmaq funksiyasını yerinə yetirirlər. Azərbaycanın milli problemləri isə Azərbaycan müxalifətinə aid olan məsələ deyil”.
Politoloqa görə, müxalifəti maliyyələşdirən dairələrə müxalifətin məhz bu cür statusu lazımdır.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info