“Əleyküm salam, Ürək”
Tarix: 20.12.2016 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Şəhid heykəltəraş Samir Kaçayevin həyat və yaradıcılığına həsr olunan “Samir Kaçayev. Heykəltəraşlıq” bədii albomunun təqdimatı keçirilib

Məlum olduğu kimi, 2010-cu ildən Xalq Bank tərəfindən “Xalq Əmanəti” layihəsi çərçivəsində mədəni irsin qorunub təbliğ olunması istiqamətində kitablar nəşr olunur. Xalq Bankın “Xalq Əmanəti” layihəsi növbəti olaraq bu ilin aprel ayında erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdiyi təxribat nəticəsində başlayan döyüşlərdə qəhrəmancasına şəhid olmuş Samir Kaçayevin həyat və yaradıcılığına həsr olunub. Layihənin sayca on dördüncü nəşri - “Samir Kaçayev. Heykəltəraşlıq” bədii albomu gənc sənətkarın qısa, lakin olduqca dolğun ömür və yaradıcılıq yolunu ehtiva edir.
Qeyd edək ki, Samir Ziyatin oğlu Kaçayev 1994-cü il mart ayının 6-da Şamaxı rayonunun Çuxuryurd kəndində sadə bir ailədə anadan olub. Kiçik yaşlarından sənətə böyük marağı olan Samir rəsm çəkməyi, heykəl düzəltməyi çox sevirdi. Samir orta məktəbi bitirib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olub. 2015-ci ildə akademiyanı müvəffəqiyyətlə bitirərək heykəltəraş ixtisasına yiyələnib. Magistraturaya daxil olub hərbi xidmətə yollanıb. Aprel ayının 1-dən 2-nə keçən gecə düşmən təxribatı nəticəsində alovlanan döyüşlərdə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olub. Samir Kaçayev göstərdiyi rəşadətə görə ölümündən sonra “İgidliyə görə”medalı ilə təltif olunub. Samir yaşadığı qısa ömür ərzində böyük işlər görməyə müvəffəq olub: o, yaratdığı əsərləri, sənətə baxışı, insanlara münasibəti, vətənə sevgisi ilə onu tanıyanların rəğbətini, həmkarlarının hörmətini, minlərlə həmvətəninin dərin ehtiramını qazanmışdır. Nəşr olunan alboma gənc sənətkarın 50-dən çox heykəltəraşlıq və qrafika işləri daxil edilib. Burada Samir Kaçayevin həyat və yaradıcılığının bütün mərhələləri əks olunub.

“Xalq Bankın “Samir Kaçayev. Heykəltəraşlıq” kitabı Samirin yenidən həyata qayıdışı deməkdir”
Dekabrın 16-da “Heykəltəraşlıq” bədii albomunun Xalq Bankın Əsas binasında təqdimat mərasimi keçirildi. Təqdimat mərasimində şəhidin ailə üzvləri, Azərbaycan Rəssamlıq Akademiyasının müəllim və tələbə heyəti, Müdafiə Nazirliyinin nümayəndələri, millət vəkilləri iştirak edirdilər.
Adətən, hər hansı şəhidin adı ilə bağlı keçirilən tədbirlərdə bir dəqiqəlik sükutla həmin şəhid anılır. Bu tədbirdə isə bir saat ərzində kimisi hüznlü, kimisi göz yaşı içində ayaqda Samir Kaçayevi andı. Tədbirin açılışını millət vəkili, akademik Rafael Hüseynov elə Samirə müraciətlə etdi: “Bu gün, əslində, sənin bayramındır. Əsərlərin divarlar boyu düzülüb. Əsərlərindən ibarət kitab nəşr olunub. Təəssüflər olsun ki, bu bayramda sən iştirak etmirsən. Gözəlliklə, böyük sənətlə hər görüş, əlbəttə ki, bayramdır. Amma bugünkü bayrama bir kədər qatan, bu bayramın sahibi Samir Kaçayevin bizimlə olmamasıdır”.


Samir Kaçayevin ölümündən bir neçə saat əvvəl əsgər yoldaşı Müşfiq Bayramova yazdığı son məktub:
“Əleyküm salam, Ürək. Məndə hər şey qaydasındadı. Amma sən yenə məntəqədə (tibb-red.) olmusan. Ümid edirəm ki, səndə də hər şey qaydasındadı. Yerini dəyişiblər, orda ehtiyatlı ol. Az qalıb, inşallah, qısa müddətə bitirib sağ-salamat yaxınlarımızın, əzizlərimizin yanına qayıdacağıq və onda görüşəcəyik səninlə, inşallah. Mən də sənin üçün darıxmışam.
Təbrikə görə çox sağ ol. Mən həmin gün məzuniyyətə gəldim. Sürpriz etdim evdə. Telefonu isə ayın 7-si açdım, üzrlü say.
Sənə bir-iki xırda şey göndərmişəm, ümid edirəm çatacaq.
Bir də deyirəm, çox ehtiyatlı ol. Özündən muğayat ol.
Hörmətlə, Kaçayevdən- Bayramova.
01.04.2016”




Akademik Rafael Hüseynov Samir kimi gənclərin Azərbaycan incəsənəti üçün böyük itki olduğunu bildirdi: “Samir haqqında bu acı xəbərdən əvvəl də eşitmişdim. Onun müəllimi mənim yaxın dostum Akif Əsgərov tez-tez tələbələri haqqında danışır. Tələbələri arasında çox seçilən bir gəncin olduğunu deyirdi. O söhbətlərdən çox keçmədən o acı hadisə baş verdi. Əlbəttə, hər itki milləti incidir. Lakin Samir kimi yaradıcı adamların itkisi daha ağırdır. Samir gənc olmasına baxmayaraq, əsərləri üzə çıxarılası sənətkar idi”.
Millət vəkili Rəfael Hüseynov Samir Kaçayevin şəhidlik zirvəsindən danışdı: “Təəssüf ki, müharibələr əlimizdən dəyərli oğullarımızı alır. Samir kimi istedadlı gənclər yaşasaydılar, vətənimizə nə qədər xeyir verə bilərdilər. Böyük Vətən müharibəsində Mehdi Hüseynzadə kimi qəhrəmanımız həlak olmuşdu. Mehdi gözəl rəssam idi. Samir də heykəltəraş idi. Gələcəkdə daha gözəl, daha mükəmməl işlər görəcəkdi. Təəssüf ki, Samirin qısa, amma mənalı ömrü belə başa çatdı. Samir Kaçayev kimi oğullar millətin kisəsindən gedir”.
Millət vəkili qeyd etdi ki, Samir kimi insanlar müharibələrdə qorunmalıdır: “Cəbhə, qələbə də bizə lazımdır. Amma Samir kimi insanların həyatdan getməsi, elə başqa bir ərazimizin işğal olunması deməkdir. Ona görə də ön cəbhəyə belə insanları göndərəndə bir az düşünülməlidir”.
O dedi ki, Xalq Bankın “Samir Kaçayev. Heykəltəraşlıq” kitabı Samirin yenidən həyata qayıdışı deməkdir. Onun sözlərinə görə, Samir Kaçayevin ayrı-ayrı əsərlərini muzeylərə yaymaq lazımdır.

“Onun itkisi çox ağırdır”
Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Xalq rəssamı Ömər Eldarov isə Samiri yüksək yaradıcılıq potensialı olan bir gənc kimi dəyərləndirdi: “Samirin ölümündən çox sarsıldım. Bu faciə baş verəndən sonra biz - müəllimləri, tələbə yoldaşları ilə birgə onun heykəlini hazırlamağa çalışdıq. Onun itkisi çox ağırdır. Ali məktəbi əla qiymətlərlə bitirən, magistraturaya daxil olan, üstəlik, yenicə müstəqil yaradıcılıq addımları atan bir gəncin həyatını qəfil itirməsi çox ağır hadisədir”.

“Çox istərdim ki, indiki gənclər də Samir kimi
bacarıqlı olsunlar”

Azərbaycan Rəssamlıq Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Akif Əsgərov istedadlı tələbəsindən üzülərək, kədərlə söz açdı: “Samir haqqında danışmaq indi çox ağırdır. Çünki o, bizim aramızda yoxdur. O, çox bacarıqlı, istedadlı idi. Çox istərdim ki, indiki gənclər də Samir kimi bacarıqlı olsunlar. Müəllimə diqqətlə qulaq asırdı və deyiləni dəqiqliklə yerinə yetirirdi. Onun hər bir əsəri ayrı-ayrılıqda sənət əsəridir”.
Professor Akif Əsgərov Samir Kaçayevin başqa tələbələrdən seçildiyini, hər əsərində fərdi dəstxət olduğunu vurğuladı: “Samir, çox tərbiyəli, istedadlı oğlan idi. Rəssamlıq Akademiyasında təhsil aldığı müddətdə onun sənətinə nə qədər bağlı olduğunu müşahidə etdik. Emalatxanaya səhər gəlib, axşam gedərdi. Bütün günü çalışırdı. Sanki ölümün yaxınlaşdığını hiss edirdi”.
Samir Kaçayevin son məktub yazdığı ən yaxın əsgər yoldaşı Müşfiq Bayramov kitabın çap olunmasında bütün əziyyəti olanlara təşəkkür etdi: “Biz Samirlə ön cəbhədə bir yerdə hərbi xidmət keçmişik. Biz sanki iki insan bir qəlbdə olan kimi olduq. Samir hərbi xidmətdə mənim ən çox ünsiyyət qurduğum yeganə şəxs idi. Samir digər əsgər yoldaşlarımdan həm dünyagörüşünə, həm dürüstlüyünə, həm də güvənli olmasına görə fərqlənirdi. Necə ki mən ona yazdığım son məktubumda da bunu əks etdirmişəm. Ruhun şad olsun dostum. Ürəyimdəsən...”
“Samir Kaçayev döyüş əməliyyatında öndə gedən əsgər olub”
Müdafiə Nazirliyinin zabiti Faiq Qəribov da dedi ki, Samir Kaçayev əsl azərbaycanlı kimi hərbi xidmət göstərib: “Samir hərbi xidmətdə hər zaman özünə güvənirdi. Onun şəhid olması xəbərini eşidəndə çox böyük mənəvi zərbə aldım. Mən onun zabit yoldaşları ilə söhbət etdim. Onlar deyirdilər ki, Samir döyüş əməliyyatında öndə gedən əsgər olub. Samir kimi şəhidlər gənclərimizə örnəkdir”.
Təqdimatdan sonra Samir Kaçayevin əsərlərinin sərgisinə baxış keçirildi. Qeyd edək ki, Samir Kaçayevin əsərlərinin sərgisi dekabr ayının 17-dan başlayaraq Xalq Bankın Əsas binasında (Ünvan: Bakı şəh., İnşaatçılar prospekti, 22L), fevral ayından isə heykəltəraşın doğulduğu Şamaxı rayonunda Xalq Bankın “Şamaxı” filialında (Ünvan: Şamaxı şəh., Şəhriyar küç.1) fəaliyyət göstərəcək. Sərgini, iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir.
Nəzərə çatdıraq ki, Xalq Bankın “Xalq Əmanəti” layihəsi xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, Nadir Əbdürrəhmanov, eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Fazil Əliyev, Rza Məmmədov, GennadiBrijatyuk və Qorxmaz Sücəddinovunəsərlərindən ibarət sərgilər təşkil olunmuş və bədii albomlar nəşr edilmişdir. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk və unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı işıq üzü görüb.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info