“Avtobus sürücülərinə nəzarət gücləndiriləcək”
Tarix: 22.12.2016 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Ötən gün Bakı Nəqliyyat Agentliyinin (BNA) 1 illik fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirildi. Öncə konfransda Bakı Nəqliyyat Agentliyinin bir- illik fəaliyyətinə həsr olunan videoçarx nümayiş olundu. Sonra Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli marşrut şəbəkəsinin Bakı şəhərinin müasir inkişafına uyğunlaşdırılması və xidmət səviyyəsinin artırılması istiqamətində görülən işlər haqqında danışdı.
O qeyd etdi ki, bir il ərzində əsas diqqət bu sahədə mövcud olan pərakəndəliyin aradan qaldırılmasına yönəldilib: “Bu məqsədlə “Bakı Nəqliyyat Planı”na uyğun olaraq paytaxtda 157 sayda mövcud marşrut xətti xarici mütəxəssislərlə birgə təhlil edildi, sərnişin həcmi dəqiqləşdirilərək hərəkət sxemləri müəyyənləşdirildi. Hazırda Bakı şəhərində sərnişindaşımada istifadə edilən avtobusların ümumi sayı 2100, marşrut xətlərinin müvəqqəti istismarının həyata keçirən daşıyıcıların sayı isə 58-dir. Bakı Nəqliyyat Agentliyi xidmət səviyyəsinin artırılması və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə daşıyıcılar qarşısında müvafiq qanunvericilik və hüquqi normativ aktlardan irəli gələn tələb qoyub. Qoyulan tələblərin icrasının vacibliyini nəzərə alaraq mütəmadi olaraq monitorinqlər aparılır, mövcud çatışmazlıqlar aşkar edilərək,həlli ilə bağlı operativ tədbirlər görülür”.
Onun sözlərinə görə bu sahədə mövcud vəziyyətin normallaşdırılması istiqamətində 2017-ci ildə kompleks tədbirlərin görülməsi nəzərdə tutulub: “Marşrut xətlərinin müvəqqəti istismara verilməsi Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, müsabiqə yolu ilə həyata keçiriləcək. Maddi-texniki bazası tələblərə cavab verməyən daşıyıcılar mərhələli şəkildə sərnişindaşıma sistemindən kənarlaşdırılacaq. İlk belə müsabiqənin 2017-ci ilin yanvarında keçirilməsi nəzərdə tutulub. Bakı Nəqliyyat Agentliyi bir daha bəyan edir ki, hər hansı avtobus şirkətinin keyfiyyətdə dominantlıq etməsi,onun inhisarçı olması demək deyil. BNA heç bir avtobus şirkəti arasında fərq qoymur. Bizim üçün önəmli olan yalnız vətəndaşa göstərilən xidmətin keyfiyyətidir”.
Baş direktor dedi ki, sərnişindaşıma sahəsində tətbiq edilən yeniliklərdən biri də ekspress xətt marşrutunun istifadəyə verilməsidir: “Hazırda Bakı şəhərində 1 ekspress marşrut xətti fəaliyyət göstərir. Sərnişinlər bu marşrut xəttindəki ən müasir avtobuslarla Metronun “28 may” stansiyasından Hava limanına, eləcə də əks istiqamətdə çox rahat şəkildə gedib gələ bilərlər. 2017-ci ildə express xətt marşrutlarının sayının artırılması nəzərdə tutulub. Marşrut şəbəkəsinin optimallaşdırılması çərçivəsində 3 marşrut xətti ləğv edilib, 1 marşrut xətti bərpa edilib. Sakinlər, həmçinin qurum və təşkilatlardan daxil olan müraciətlər əsasında sərnişin təlabatı nəzərə alınaraq 5 marşrutun xətti uzadılıb. Marşrutların təkrarlanma hallarının olmasına uyğun olaraq müvafiq sərəncamlarla 14 marşrut üzrə hərəkət sxemləri,2 marşrut üzrə isə daşıyıcılar dəyişdirilib.
Şəhərin mərkəzi hissəsində tıxacların yaranmasının minimuma endirilməsi məqsədi ilə Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılmasına başlanıldı. İlk belə mərkəz metronun “Koroğlu” stansiyası yaxınlığında yaradıldı. Bununla da həmin istiqamətdə ətraf kənd və qəsəbələrdən gələn marşrut avtobuslarının şəhərmərkəzinə girişi məhdudlaşdırıldı. Sərnişinlərin bu aradan şəhər mərkəzinə rahat gediş-gəlişi müasir standartlara cavab verən avtobuslarla həyata keçirilir. Artıq “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dayanacaq məntəqələrinin quraşdırılmasına başlanılıb.Gələcəkdə “Avtovağzal”, “Dərnəgül”, “28 May” metro stansiyaları və “Lökbatan dairəsi” ətrafında da Nəqliyyatı Mübadilə Mərkəzlərinin yaradılması nəzərdə tutulub”.
O bildirdi ki, ötən bir ildə ictimai nəqliyyatda vahid kart ödəniş sisteminə keçid də reallaşdırılıb: “Bu gün Bakı şəhərində müntəzəm marşrutda 450 ədəd avtobusun nağdsız ödəniş-vahid kart sisteminə qoşulması təmin edilib. Marşrut şəbəkəsinə reallaşdırılan digər bir vacib layihə sərnişin avtobuslarına “GPS” izləmə cihazlarının quraşdırılmasıdır. 1551 ədəd avtobusda quraşdırılan “GPS” izləmə cihazları vasitəsi ilə avtobusların real vaxt rejimində hərəkət istiqamətləri, kəskin sürətlənmə, tormozlama, sürət həddini aşması və digər pozuntuların qeydiyyatı və təhlili,avtobusların yerləşdikləri məntəqələrin koordinatlarının təyin edilməsi mümkün olacaq. Beynəlxalq təcrübədə geniş istifadə edilən GPS izləmə sistemindən istifadə müntəzəm sərnişindaşımalarda dispetçer xidmətini avtomatlaşdırmaqla bu sahəyə nəzarəti daha da gücləndirəcək. Bundan əlavə, GPS izləmə cihazı vasitəsi ilə emal olunan informasiyalar əsasında nəqliyyat axınının cari vəziyyəti barədə məlumatlar da qeydə alınacaq, dayanacaqlarda gözləyən sərnişinlər avtobusların çatma vaxtlarını dayanacaq məntəqələrində quraşdırılmış avtobus informasiya terminalları vasitəsi ilə görə biləcəkdir”.
Vüsal Kərimli vurğuladı ki, marşrut şəbəkəsinin fəaliyyətinin düzgün təşkili və xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər sayəsində ötən dövrlərlə müqayisədə son bir ildə sərnişin avtobuslarının iştirakı ilə baş verən qəzaların və ölüm hallarının statistikasında 80 % azalma müşahidə edilir.

Taksi fəaliyyətinin təşkili

Vüsal Kərimli Bakı Nəqliyyat Agentliyinin taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması məqsədilə də müəyyən tədbirlər həyata keçirildiyini dedi: “Taksi fəaliyyəti göstərən 7215 hüquqi və fiziki şəxs barədə (sürücülərin soyadı, əlaqə nömrələri və texniki göstəriciləri),həmçinin nəqliyyat vasitələrinin sayı, buraxılış ili və yerləşdiyi ünvan barədə məlumat bazası hazırlanıb. Təqribi hesablamalara əsasən, hazırda Bakı şəhərində 15-16 min taksi minik avtomobili faəliyyət göstərir. Bu sahədə aparılan islər nəticəsində son bir ildə taksi sürücülərinin nəqliyyat müfəttişləri tərəfindən incidilməsi, onlara qarşı zor tətbiq edilməsi və dövlət rüsumundan kənar ödənişlərin tələb edilməsi halları tamamilə aradan qaldırılıb.

Yol hərəkətinin təşkili və təhlükəsizliyi

O, yol hərəkətinin təşkili və təhlükəsizliyi ilə bağlı görülən işlər çərçivəsində avtobus dayanacaq məntəqələrinin araşdırıldığını, 1200 ədəddən çox dayanacaq məntəqəsinin vəziyyətinin öyrənildiini bildirdi: “Bakı şəhərində yerləşən piyada keçidləri araşdırılıb, ümumilikdə 413 ədəd piyada keçidinin normalara uyğun yerləşdirilmədiyi müəyyən edilib. Nəqliyyat sıxlığının aradan qaldırılması və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bəzi məntəqələrdə piyadaların hərəkətinin xüsusi düymə ilə idarə olunan svetoforla nizamlanması haqqında təklif aidiyyəti üzrə göndərilib. Bundan əlavə, yol hərəkətinin təşkili və təhlükəsizliyinin artırılması məqsədilə Bakı şəhərinin 37 əsas küçə və prospektində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsi haqqında təkliflər hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabineti Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim edilib”.
O, Bakı Nəqliyyat Agentliyi olaraq ictimai nəqliyyatda bütün problemləri bildiklərini vurğuladı: “Bunu da bilirik ki, sürücülərlə bağlı böyük problemlər var. İctimai nəqliyyatda sürücülərlə bağlı ciddi işlər görüləcək, vahid sürücü məlumat bazası yaradılacaq. Bu bazada sürücülərlə bağlı məlumatlar yerləşdiriləcək. Artıq sahibkar özü sürücü seçə bilməyəcək. Avtobus sürücülərinə dövlət nəzarəti olacaq. Əgər hər hansı sürücü qanuna zidd hərəkətlər edərsə, digər daşıyıcılarda çalışa bilməyəcək. Bununla bağlı, müvafiq işlər görüləcək”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info