Strateji Yol Xəritəsi aqrar sahənin və kənd yerlərinin inkişafının dayanıqlı əsaslara malik olmasını təmin edəcək
Tarix: 26.12.2016 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın daha da artırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri ölkənin sosial-iqtisadi inkişafında yeni tarixi mərhələyə keçid üçün mühüm əsas yaradıb. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri ilə bağlı xüsusi vurğulanmalı məqam ondan ibarətdir ki, ölkənin sosial-iqtisadi inkişafının bütün aktual məsələləri kompleks şəkildə nəzərə alınıb. Bu sənədlərdən biri də kənd yerlərində rifahın yüksəldilməsi və ölkənin etibarlı ərzaq təminatının gücləndirilməsi kimi sosial-iqtisadi və siyasi məqsədlərin uğurla reallaşdırılması baxımından mühüm əhəmiyyətə malik “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”dir.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə AZƏRTAC-a müsahibəsində “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin əhəmiyyətindən danışaraq bildirib ki, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin hazırlanması prosesi geniş iştirakçılığın təmin edilməsinə əsaslanıb: “Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sənayesi sahələrində mövcud vəziyyət müvafiq dövlət orqanlarının mütəxəssisləri ilə yanaşı, tədqiqat mərkəzlərinin və müstəqil ekspertlərin iştirakı ilə sistemli və əhatəli şəkildə təhlil olunmaqla, silsilə müzakirələr keçirilib, müvafiq qiymətləndirmələr aparılıb. Bunun əsasında Strateji Yol Xəritəsi hazırlanıb. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sənayesi sahələrində mövcud vəziyyət bu sahədə müşahidə olunan qlobal trendlər və çağırışlar fonunda qiymətləndirilib. Bunların əsasında Strateji Yol Xəritəsində ölkənin kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əks olunub. Bu, kənd təsərrüfatı sahəsində həm orta, həm də uzunmüddətli dövr üzrə strateji inkişaf hədəflərinə çatmaq üçün dövlətin ardıcıl mərhələlərlə icra ediləcək aydın yol xəritəsinə malik olduğunu ifadə edir”.
Firdovsi Fikrətzadə qeyd edib ki, Strateji Yol Xəritəsinin 2016–2020-ci illər ərzində həyata keçirilməsi hesabına ölkədə dayanıqlı inkişaf prinsiplərinə əsaslanmaqla, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunun formalaşdırılmasına nail olmaq baxımından əlverişli mühitin yaradılması üçün 9 strateji hədəfin reallaşdırılması nəzərdə tutulur. Bu strateji hədəflər aşağıdakı məsələləri əhatə edir:
- ərzaq təhlükəsizliyinin dayanıqlılığının gücləndirilməsi üçün yeni institusional mexanizmlərin yaradılması;
- kənd təsərrüfatı sahəsində istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılması;
- kənd təsərrüfatı sahəsi üzrə istehsal vasitələri bazarının inkişafı və müvafiq resurslara, o cümlədən maliyyəyə çıxışın asanlaşdırılması;
- kənd təsərrüfatı sahəsində elmi təminatın və təhsilin keyfiyyətinin yüksəldilməsi;
- kənd təsərrüfatı sahəsində məsləhət-informasiya xidmətləri sisteminin inkişaf etdirilməsi;
- bazar infrastrukturunun inkişafı və istehsalçıların bazara çıxışının asanlaşdırılması;
- təbii resurslardan dayanıqlı istifadə mexanizmlərinin formalaşdırılması;
- aqrar sahə üzrə biznes mühitinin təkmilləşdirilməsi;
- kənd yerlərində rifahın yüksəldilməsi.
Bu hədəflərin reallaşdırılması üçün geniş əhatəli və bir-biri ilə üzvi surətdə bağlı olan çoxsaylı tədbirlərin mərhələlərlə həyata keçirilməsi planlaşdırılıb. Ona görə də bəzi istiqamətlərin daha ətraflı açıqlanması məqsədəuyğundur. Bu barədə danışan Firdovsi Fikrətzadə bildirib ki, ilk növbədə, ərzaq təhlükəsizliyi ilə bağlı qərarların qəbul edilməsi prosesinin effektivliyinin daha da artırılması üçün ərzaq təhlükəsizliyi üzrə informasiya və monitorinq sistemi təkmilləşdiriləcək. Əhalinin bütün təbəqələrinin ərzağa əlçatanlıq səviyyəsi mütəmadi monitorinq olunmaqla, buna təsir edən iqtisadi, fiziki və s. səbəblər təhlil ediləcək. Həmçinin qida təhlükəsizliyi sahəsində müxtəlif dövlət orqanları tərəfindən paralel olaraq və total şəkildə həyata keçirilən nəzarət prosedurları sadələşdirilərək, effektiv və risk əsaslı yanaşma tətbiq olunacaq. Eyni zamanda, dəyər zəncirinin bütün mərhələlərini əhatə edən və ərzaq təchizatı sisteminin iştirakçılarının özlərinin daha çox məsuliyyət daşıdığı, habelə ictimai nəzarət mexanizmlərinin gücləndirildiyi qida təhlükəsizliyi sisteminin qurulması istiqamətində tədbirlər həyata keçiriləcək.
Kənd təsərrüfatı məhsulları istehsalı sahəsinin inkişafı emal sənayesi və bazar infrastrukturu ilə qarşılıqlı əlaqəli şəkildə olmaqla, xüsusilə də kənd təsərrüfatında fermer tərəfdaşlığının formalaşdırılması və kooperasiyanın inkişafı mexanizmlərinə əsaslanacaq. Burada xüsusilə onu vurğulamaq lazımdır ki, bütövlükdə kənd təsərrüfatı sahəsinin bazaryönümlülüyünün gücləndirilməsi və bu məqsədlə də bazar infrastrukturunun və bazar tənzimlənməsi mexanzimlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetiriləcək.
“Məhsul istehsalçılarının müvafiq istehsal vasitələri (torpaq, su, texnika, gübrə, toxum, yem və s.) ilə təminatında effektiv bazar mexanizmləri tətbiq olunacaq. O cümlədən istehsalçıların maliyyəyə çıxışının asanlaşdırılması üçün mövcud bazar institutlarının inkişafı və yeni bazar alətlərinin tətbiqi genişləndiriləcək. Kənd təsərrüfatı sahəsinin əsas istehsal vasitələri ilə təminatının köklü şəkildə yaxşılaşdığı hazırkı mərhələdə istehsalçıların öz fəaliyyətlərini daha təkmil üsullarla həyata keçirmələrinə dəstək məqsədilə dayanıqlı əsaslara malik və ölkənin bütün bölgələrini əhatə edən məsləhət-informasiya xidmətləri sisteminin yaradılması Strateji Yol Xəritəsinin əsas hədəflərindən biridir. Həmçinin aqrar sahə üzrə biznes mühitinin daha da təkmilləşdirilməsi hesabına bu sahəyə daxili və xarici investisiya qoyuluşlarını stimullaşdıran tədbirlər həyata keçiriləcək. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində müəyyən olunmuş əsas vəzifələrdən biri də kənd təsərrüfatı istehsalının ətraf mühitə mənfi təsirlərinin aradan qaldırılmasını və təbii resurslardan səmərəli istifadə olunmasını təmin edən mexanizmlərin, başqa sözlə, dayanıqlı inkişaf mexanizmlərinin geniş şəkildə tətbiqinə nail olmaqdır. Eyni zamanda, müasir dövrdə mühüm əhəmiyyət kəsb edən məsələ kimi iqlim dəyişmələrinin kənd təsərrüfatına mənfi təsirlərinin aradan qaldırılması ilə bağlı Strateji Yol Xəritəsində konkret tədbirlər müəyyən olunub”, - deyə F.Fikrətzadə qeyd edib.
Nazirliyin rəsmisi bildirib ki, kənd yerlərində rifahın yüksəldilməsi və kənd təsərrüfatının inkişaf mexanizmlərinin qarşılıqlı tətbiq olunması Strateji Yol Xəritəsində nəzərdə tutulan əsas məqamlardan biridir. Belə ki, Strateji Yol Xəritəsinin icrası çərçivəsində kənd yerlərinin inkişafı, xüsusilə də kənd yerlərində inkişaf siyasətinin daha da təkmilləşdirilməsi baxımından institusional potensialın gücləndirilməsi planlaşdırılıb.
Qeyd etmək lazımdır ki, Strateji Yol Xəritəsinin uğurla həyata keçirilməsini təmin etmək üçün monitorinq və qiymətləndirmə sistemi də qurulacaqdır. Bu sistem nəticəyönümlü indikatorlara əsaslanmaqla, yalnız görülən tədbirlərin deyil, bu tədbirlərin icrası hesabına əldə olunan nəticələrin hesabatını əks etdirəcək. Buna görə də Strateji Yol Xəritəsində icrasına Kənd Təsərrüfatı Nazirliyinin məsul olduğu “Aqrar siyasətin nəticələrinin monitorinqi və qiymətləndirilməsi üzrə göstəricilər sisteminin və metodikasının hazırlanması” və “Aqrar siyasətin nəticələrinin monitorinqi və qiymətləndirilməsi üzrə hesabatların hazırlanması” kimi tədbirlər nəzərdə tutulub.
Ümumilikdə isə Strateji Yol Xəritəsinin icrası çərçivəsində institusional potensialın və dövlət tənzimlənməsi sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı çoxsaylı tədbirlər nəzərdə tutulub ki, bu da aqrar sahənin və kənd yerlərinin inkişafının dayanıqlı əsaslara malik olmasını təmin edəcək.
 
Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info