Münhen məhkəməsinə etirazlar artır
Tarix: 06.04.2013 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Son zamanlar dünya gündəmini məşğul edən məsələlərdən biri də Almaniyanın Münhen Ali Əyalət Məhkəməsinin həm hüquqi dövlət, həm də ədalət çərçivəsinə sığmayan addımlardır. Belə ki, 2000-2007-ci illərdə Almaniyada 8 türk, 1 yunan və 1 polis qadını öldürən “Milli sosialist gizli təşkilatı”nın (NSU) həyatda olan üzvü Beat Zşepe və onu dəstəkləyənlərin aprelin 17-də keçiriləcək məhkəməsinə türk media mənsubları buraxılmayacaq. Bu isə haqlı olaraq, Türkiyənin yüksək mənsublu şəxslərinin, o cümlədən ictimaiyyətin və dünya mediasının kəskin narazılığına səbəb olub.
Münhen Ali Əyalət Məhkəməsinin bu qərarı hüquqi dövlət kimi Almaniyanın da nüfuzuna sarsıdıcı zərbə vurub. Özünü bir çox postsovet ölkəsinin “demokratiya müəllimi” kimi tanıdan Almaniyanın türk mediasına qarşı olan bu ayrı-seçkiliyi dünyada təəccüb və sərt reaksiyalara səbəb olub. Məhkəmənin qərarını ilk səhifələrinə çıxaran alman mediası bu qərarı “alman ədalətinin ayıbı” kimi xarakterizə edib.
“Focus Online”, “Die Welt”, “Mitteldeutsche Zeitung”, “Süddeutsche Zeitung”, “Frankfurter Allgemeine Zeitung”, “Bild”, “Die Zeit”, “Augsburger Allgemeine Zeitung” kimi qəzetlər məhkəmənin türkiyəli jurnalistlərə yer verməməsi ilə bağlı qərarını geniş müzakirə mövzusuna çevirib.
“Süddeutsche Zeitung” qəzeti Münhen məhkəməsinin bu qərarını belə şərh edib: “Münhendə yayımlanan kiçik radio kanalı olan “Arabella”ya məhkəmədə yer var, ancaq “Hürriyyət”ə yer yoxdur. Bu hadisə alman ədalətinin imicini yerlə bir edəcək”.
Məhkəməni izləyəcək 50 jurnalist arasında paparazilər, şou-biznes yazarları və gündəlik alman qəzetlərində işləyən akkreditasiya olunmuş sərbəst jurnalistlər olduğu halda, Türkiyənin nüfuzlu nəşrlərinə yer verilməyib. Almaniyanın “Bild” qəzeti hətta məhkəmədə iştirak etmək hüququnu “Hürriyət” qəzetinə vermək istəsə də, məhkəmə bunu qəbul etməyib. Bəzi qəzet və müxbirlər yerlərini “Sabah” qəzetinə təklif etsələr də, məhkəmə bununla da razılaşmayıb,
Ali Əyalət Məhkəməsi isə bu addımını belə əsaslandırıb: “Məhkəmə salonundakı yerlərin yarısı media mənsublarına ayrılmışdı. Müraciət edənlər ya müraciət etdikləri vaxta və ya püşkatma nəticələrinə əsasən, məhkəmədə iştirak edə bilərdilər. Məhkəmə senatı isə birinci qərarı seçdi. Buna görə də, məhkəmədə iştirak etmək üçün müraciət etmiş 123 media quruluşundan ilk 50-si bu hüququ qazandı”.
Münhen məhkəməsinin bu addımı bəzi alman ictimai nümayəndələrinin də narazılığına səbəb olub. Belə ki, Sosial Demokrat Partiyasının rəhbəri Siqmar Qabriel “Hürriyət” qəzetinə açıqlama verib ki, Yüksək Əyalət Məhkəməsinin türk mediasına yer verməməsi yanlış siqnaldır və türk mediası məhkəməni izləyə bilməsə, qeyd olunan hadisənin aydınlaşması təhlükə altına girər və inamı sarsıdar.
Almaniya Xristian Demokrat Birlik Federal Məclis Komissiyasının rəhbəri Ruprecht Polenz qeyd olunan məhkəmə prosesində qurbanların çoxunun türk olması səbəbindən türk mediasına yer verilməsinin labüdlüyünü qeyd edib.
Alman Jurnalistlər Birliyinin rəhbəri Michael Konkenin bu hadisəyə münasibəti isə diqqətçəkən olub. O, “Əgər bu məhkəmə ölkə xaricində olsaydı və alman jurnalist məhkəmə salonuna buraxılmasaydı, ayağa qalxardıq” deyib. Konken NSU məhkəməsinə türk və yunan jurnalistlərinin buraxılmasını tələb edib.
Birliyin mətbuat katibi Eva Verner də türk jurnalistlərin məhkəməyə buraxılması məsələsinin həll edilməsi vacib olan təcili məsələ olduğunu bildirib: “Hələ də zaman var və məhkəmə media mənsublarının seçilməsində tətbiq etdiyi üsulu gözdən keçirə bilər və aprelin 17-nə qədər bir çarə tapıla bilər”.
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Martin Schaefer, hökumet sözçüsü Steffen Seibert, Almaniya Hökumətinin köç və uyğunlaşmadan məsul dövlət naziri Maria Böhme də türkiyəli jurnalistlərin məhkəmədə iştirakının Almaniyanın nüfuzu baxımından önəmli olduğunu vurğulayıblar.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu almaniyalı həmkarı Gide Vestervell ilə telefon əlaqəsi yaradaraq, məhkəmə salonunda türk media mənsubları və Türkiyənin rəsmi təmsilçiləri üçün yer ayrılmasını istəsə də, Vestervelle məhkəminin müstəqil olduğunu və bu işdə həmkarına kömək edə bilməyəcəyini demişdi.
Onu da əlavə edək ki, Münhen Ali Əyalət Məhkəməsinin türkiyəli jurnalistlərə yer olmadığını iddia etdiyi məhkəmə salonu 2 mərtəbəlidir və ümumilikdə 230 nəfərlik tutuma malikdir. Məhkəmə salonunun birinci mərtəbəsində şikayətçilər və ittiham olunanların şəklini və görüntüsünü almaq üçün bir neçə jurnalist olacaq. Salonun ikinci mərtəbəsinə isə 50 jurnalist və bir o qədər də adi vətəndaşların buraxılacağı gözlənilir.
Xatırladaq ki, eyni məhkəmə daha əvvəl də Türkiyə Səfirliyinə və Türkiyə Böyük Millət Məclisinin İnsan Haqları Komissiyasının səlahiyyətlilərinə daimi yer ayırmamaq qərarı vermişdi.
Özünü hüquqi dövlət kimi tanıdan və ali məhkəmə sisteminin əslində insanların hüquqlarını və “mətbuat azadlığı”nı məhdudlaşdıran bir qurum olduğunu sübut edən Almaniya bütün bu ittihamlardan sonra 17 aprel tarixinədək qərarını dəyişəcək, ya yox, bu hələ ki məlum deyil.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info