Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda 20 min yeni iş yeri açılacaq
Tarix: 28.12.2016 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Dünyada əkinçilik sahələri və mövcud su qaynaqları sürətlə istifadə edilir. Qlobal istiləşmə ilə bağlı olaraq iqlim dəyişikliyi kənd təsərrüfatı və qida istehsalını təhdid edir. Əhalinin artmasına baxmayaraq, kənd təsərrüfatı istehsalı eyni nisbətdə artmır. Dünyada yaşayan 7 milyarddan çox insanın təxminən 1 milyardı aclıq çəkir. Sağlam və etibarlı qida istehsalı üçün kənd təsərrüfatı çox əhəmiyyətlidir.

39 ölkənin qida
təhlükəsizliyi yoxdur

Dünyada artan geosiyasi risklər və iqlim dəyişməsi qida təhlükəsizliyinə istiqamətli riskləri də özü ilə yanaşı artırır. Bununla bağlı konkret olaraq FAO hesabat hazırlayıb. Dünyanın fərqli bölgələrində yaşanan münaqişələr, daxili qarşıdurma və qarışıqlıqlar insanların qidanı əldə etməsi və qida təhlükəsizliyini təhdid edən nöqtəyə çatıb. FAO tərəfindən yayımlanan "Məhsuldan gözlənilənlər və qida vəziyyəti hesabatı" qidaya ehtiyac duyan ölkələrin sayının artdığını göstərir.
Vətəndaş müharibələri və iqlim qaynaqlı böhranlar, 2016-cı ildə qida təhlükəsizliyinin üzərində böyük təzyiq meydana gətirməyə davam edir. Bu faktorlar səbəbi ilə 39 ölkə xaricdən qida köməyinə möhtacdır. Hesabata görə, qlobal taxıl ehtiyatı yaxşı yetişmə şərtləri ilə bağlı müsbət görünsə də, keçmişdə yaşanan quraqlığın və qarşıdurmaların mənfi təsiri hələ bir çox coğrafiyada davam edir.
FAO, yerli qida böhranlarının başlıca səbəblərini də açıqlayıb. Azalan gəlirlər, yüksək qiymətlər və paylama şəbəkələrinin pozulması ilə bağlı qida istehsalındakı eniş, qidanın əldə edilməsinin çətinləşməsi qarşıdurmaların qida böhranının yaranmasında nə dərəcədə böyük rol oynadığını göstərir.
Hesabata görə, qaçqın böhranının sıx yaşandığı ev sahibi ölkələr olan Kamerun və Çad da daxil olmaqla, vətəndaş müharibələri və onların nəticələri 39 ölkənin 21-də konkret olaraq müşahidə edilir. Hesabata görə, Suriyada davam edən vətəndaş müharibəsi səbəbilə 9,4 milyon insan qida yardımına möhtacdır. Bu il buğda istehsalının böhrandan əvvəlki dövrdən 55 faiz daha az olması gözlənilir.
İraqda artan qarşıdurma mühiti ölkə daxilində digər problemlərlə yanaşı, qida təhlükəsizliyi də sürətlə artır. Yəməndə davam edən qarşıdurma da qida təhlükəsizliyindən məhrum insanların sayını artırıb. Əfqanıstanda bu vəziyyət 8 milyon insanı əhatə edir. Bu rəqəmin, əvvəllər Pakistana köç edən təxminən 600 min qaçqının yenidən Əfqanıstana dönməsilə birlikdə artması gözlənilir. Nigeriyadakı qida təhlükəsizliyindən məhrum insanların sayı 8 milyondan çoxdur və 2017-ci ilin avqustuna qədər bu rəqəmin 11 milyona çatacağı təxmin edilir. Hesabata görə, geniş sahəyə yayılan vətəndaş müharibəsi, Mərkəzi Afrika Respublikasında olduğu kimi təsərrüfatların istehsal məhsullarının itkisinə, azalmasına səbəb olur, yaxud Cənubi Sudanda olduğu kimi kənd təsərrüfatı fəaliyyətinə mənfi təsir edir. Cənubi Sudanın bəzi bölgələrində yaxşı məhsulun yalnız qısa dövr ərzində müsbət təsirləri olur, çünki davam edən qarşıdurmalar xalqın əkinçiliklə maraqlanmasını maneə törədir. FAO-nun hesabatına görə, xaricdən qida yardımına ehtiyac duyan 39 ölkəyə Əfqanıstan, Burkina Faso, Burundi, Kamerun, Mərkəzi Afrika Respublikası, Çad, Konqo Demokratik Respublikası, Konqo, Koreya Demokratik Xalq Respublikası, Cibuti, Eritreya, Efiopiya, Qvineya, Haiti, İraq, Keniya, Lesoto, Liberiya, Liviya, Madaqaskar, Malavi, Mali, Mavritaniya, Mozambik, Myanma, Nepal, Niger, Nigeriya, Pakistan, Papua Yeni Qvineya, Sierra Leone, Somali, Cənubi Sudan, Sudan, Svazilend, Suriya, Uqanda, Yəmən və Zimbabve daxildir.
Daxili qarşıdurma və müharibə qədər iqlim dəyişiklikləri də qida təhlükəsizliyini təhdid edən bir digər əhəmiyyətli ünsürdür. Dünyanın fərqli bölgələrində quraqlıq, həddindən artıq yağış, sel təsiri ilə məhsul itkisi, məhsul keyfiyyətində eniş və xəstəliklər artır. BMT-nin digər hesabatına görə, dünya miqyasında 122 milyondan çox insan, iqlim dəyişikliyi və kiçik fermerlərin gəlirləri üzərindəki təsirlər səbəbilə 2030-cu ilə qədər həddindən artıq yoxsulluq içində yaşayacaq.
İqlim dəyişikliyi, qlobal qida təhlükəsizliyi üçün böyük və artan bir təhdid olduğu halda, buna paralel olaraq əkinçilik və qida sistemlərində dərin çevrilişlər qaçınılmaz hala gəlir.
Dünya əhalisinin 40 faizi kənd təsərrüfatı ilə məşğul olur, yoxsulların 75 faizinin isə əsas dolanışıq mənbəyi əkinçilik sektorudur. Hər il 1,4 milyard ton qida israf edilir və dünyada ən zəngin 20 faizlik hissə ümumi qidanın 77 faizini istehlak edir. Onu da qeyd edək ki, Avropa Birliyində kənd təsərrüfatını dəstəkləmə büdcəsi 3 illik, ABŞ-da isə 5 illik nəzərdə tutulur.

Kənd yerlərində emal sektorunun formalaşdırılması üçün əlverişli mühit yaradılacaq
Azərbaycanda ərzaq təhlükəsizliyinin təmini, kənd təsərrüfatının inkişafı istiqamətində tədbirlər davam etməkdədir. Bu sahədə həyata keçirilən tədbirlərdən biri kimi “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” hazırlanıb. Strateji Yol Xəritəsində bir sıra mühüm məqamlar öz əksini tapıb. Burada ölkənin kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əks olunub ki, bu da kənd təsərrüfatı sahəsində həm orta, həm də uzunmüddətli dövr üzrə strateji inkişaf hədəflərinə çatmaq üçün dövlətin ardıcıl mərhələlərlə icra ediləcək aydın yol xəritəsinə malik olmasını ifadə edir. Qeyd edək ki, ölkədə bu istiqamətdə reallaşan tədbirlərin nəticəsidir ki, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 1995-2015-ci illər ərzində faktiki qiymətlərlə 7,7 dəfə, 2005-2015-ci illər ərzində isə 3,1 dəfə artıb. 2015-ci ildə ümumi əkin sahələri hətta 1990-cı illə müqayisədə 8,4 faiz çox olub. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair 2020- ci ilədək strateji baxış dayanıqlı inkişaf prinsiplərinə əsaslanan, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsini təmin edən, iqtisadiyyatın şaxələndirilməsinə və kənd yerlərində sosial rifahın yüksəlməsinə töhfə verən rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalı və emalı sektorunun formalaşdırılması üçün əlverişli mühit yaratmağı nəzərdə tutur. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış ənənəvi təsərrüfatçılıqdan bazaryönümlü əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin gücləndirilməsi hesabına rəqabətqabliyyətli aqrobiznesi formalaşdırmağı nəzərdə tutur. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə 2025-ci ildən sonrakı dövr üçün gələcəyə baxış yüksək texnoloji inkişafa əsaslanan, sənayeyönümlü, ətraf mühitə dair standartların tələblərinə uyğun və qlobal dəyər zənciri sisteminə səmərəli inteqrasiya olunmuş kənd təsərrüfatının formalaşdırılmasını nəzərdə tutur. Strateji Yol Xəritəsində öz əksini tapan Hədəf indikatorlarına görə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda nəzərdə tutulan prioritetlərin həyata keçirilməsi nəticəsində 2020-ci ildə 2015-ci illə müqayisədə ölkənin regionları üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda 20 min yeni iş yeri açılacaq. Strateji Yol Xəritəsinin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı sektorunun yüksək rəqabət qabiliyyətinə və dayanıqlı inkişafına nail olmaqdır. Strateji hədəflərə gəldikdə isə ərzaq təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin ən mühüm istiqamətlərindən birini təşkil etdiyi üçün növbəti illərdə də bu sahədə görülən işlər genişləndiriləcək, nəzərdə tutulan tədbirlər ölkə əhalisinin zəruri həcmdə və keyfiyyətdə ərzaq məhsulları ilə daimi əsaslarla təmin edilməsinə istiqamətlənəcək. Ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi, o cümlədən ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi ilə bağlı Strateji Yol Xəritəsində müəyyən edilmiş çoxsaylı prioritetlər çərçivəsində geniş əhatəli tədbirlər nəzərdə tutulub.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info