Məişət texnikası alarkən istehlakçının hüquqları nədən ibarətdir?
Tarix: 08.04.2013 | Saat: 20:55:00 | E-mail | Çapa göndər


Məişət texnikanın əsas vəzifəsi maksimal şəkildə insan həyatını asanlaşdırmaq və ev işlərinə sərf olunan vaxta qənaət etməkdir. Ev işlərinin yüngülləşdirilməsi, insanların gündəlik həyatında lazımi komfortun yaradılması baxımından bu vacib amillərdəndir.
İnsanların həyat səviyyəsinin sürətlə yaxşılaşdığı ölkəmizdə müxtəlif tipli məişət avadanlıqlarının satışı və istifadəsi durmadan artmaqdadır. Ona görə də, hər bir istehlakçının bu avadanlıqları alarkən aldanmamaq üçün nə etməli olduğunu bilməsi vacibdir.
Bildiyiniz kimi, ölkə qanunvericiliyində istehlakçıların alınmış malın keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal haqqında təqdim olunan məlumata cavab verməsini tələb etmək hüququ təsbit edilib. Yəni istehlakçı hər hansı malı alarkən ilk növbədə onun keyfiyyəti ilə bağlı ticarət obyektindən zəruri məlumatları tələb edə bilər. Eyni zamanda, istehlakçı aldığı malların, o cümlədən məişət texnikasının keyfiyyətini, komplektliyini, ölçüsünü, çəkisini və qiymətini yoxlamaq, malların düzgün və təhlükəsiz istifadəsini nümayiş etdirmək hüququna malikdir. Satıcı isə istehlakçınun bu tələblərini yerinə yetirməyə borcludur. Ticarət obyekti texniki cəhətdən mürəkkəb malları satışa müvafiq qaydada hazırlamalı, sazlanması işlərini aparmalıdır. Texniki cəhətdən mürəkkəb olan malların satışı zamanı obyekt onların yoxlanması üçün müvafiq şərait yaratmalıdır.
Bu məsələlərdə istehlakçıda əminlik formalaşdıqdan sonra birinci növbədə alqı-satqı müqaviləsinin bağlanması zəruridir. Yəni satıcı tərəfindən sizə malın həmin mağazadan alınması və s. barədə məlumatları təsdiq edən sənədləri tələb edin. Bu gələcəkdə sizin qarşılaşacağınız fors-major hallardan sığortalanmağınız üçün vacibdir.
Eyni zamanda hər bir istehlakçı bilməlidir ki, bu mallar zəmanət müddəti ilə satılmalıdır. Zəmanət müddəti zəmanət talonunda və ya nişanlama kağızında (yarlıqda) yaxud mala əlavə olunan digər sənəddə göstərilməlidir. Mal zəmanət müddəti ilə satılarkən, satıcı məmulatın pasportunda malın bu obyektdən alındığını və malın satıldığı tarixi təsdiq edən ştamp vurur. Bu müddət ərzində alınan malda qüsur və ya saxtalaşdırma aşkar edilərsə, istehlakçı qanunvericiliklə müəyyən edilmiş hüquqlarını tələb edə bilər. Bu sırada isə istehlakçının zəmanət müddəti ərzində aldığı malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüquqları yer alır.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində birmənalı şəkildə qeyd olunub ki, satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur.
İri qabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya (icraçıya) qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının (icraçının) hesabına həyata keçirilməlidir.
İstehlakçının aldığı məişət texnikasında yaranan qüsurların aradan qaldırılması ilə bağlı tələbinə, qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır.
İstehsalçı (icraçı) malın, həmçinin komplektləşdirici məmulatların qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini təmin etməlidir. Komplektləşdirici məmulatların zəmanət müddəti, qanunvericilikdə və ya müqavilədə ayrı cür göstərilməyibsə, malın özünün zəmanət müddətindən az olmamalıdır.
Zəmanətli təmir aparılarkən malın zəmanət müddəti onun təmirdə olduğu müddət qədər uzadılır. Göstərilən müddət istehlakçının qüsurları aradan qaldırmaq tələbini irəli sürdüyü gündən hesablanır. Mal dəyişdirildikdə, zəmanət müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanır.
İstehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır.
İstehlakçının tələbi ilə satıcı (icraçı) məişət texnikasının təmir edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq (evinə çatdırmaqla) oxşar mal verməlidir.
Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının tələbləri təmin olunmur.
Ona görə də hər bir istehlakçı məişət texnikası avadanlıqlarını alarkən qeyd olunanları nəzərə almalı və hüquqlarının müdafiəsində aktiv olmalıdır. Əgər hər hansı qanun pozuntularına rast gəlsəniz dərhal İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edin.

Təqdim etdi: İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info