Dünyada buğda və un ixracı milyardlarla dollar gəlir gətirir
Tarix: 18.01.2017 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Kənd təsərrüfatında, ərzaq təhlükəsizliyinin təminatında əsas rol oynayan məhsullardan biri taxıldır. Dünyada ümumi taxıl istehsalı 2 milyard tondur, Qazaxıstan, Rusiya və Ukrayna 1990-cı ildə 20 milyon ton taxıl idxal etdiyi halda, 3 ölkə bu gün 90 milyon ton taxıl ixrac edir ki, bunun 45 milyon tonunun buğda olduğu bildirilir. Dünyada ticarəti həyata keçirilən buğda miqdarı 160 milyon tondur, 2016-2017 mövsümü üçün dünyada 745 milyon ton buğda istehsal edilib, bunun 735 milyon tonu istehlak edilib. Ölkəmizdə bu istiqamətdə mühüm addımlar atılır. Ümumiyyətlə, ötən il kənd təsərrüfatının inkişafında uğurlu il olduğunu deyən ölkə başçısı bildirib ki, artıma nail ola bilmişik: “Bu il bu artım, hesab edirəm ki, daha da böyük rəqəmlərlə ölçülməlidir. Torpaqlardan səmərəli istifadə etməliyik və ixracımızı şaxələndirməliyik. Hesab edirəm ki, biz görüləcək tədbirlər sayəsində kənd təsərrüfatı məhsulları ixracını iki dəfə artıra bilərik. Bu, ölkəmizə daha çox valyuta, kənddə yaşayanlara isə əlavə vəsait gətirəcək”.

Türkiyə 1,7 milyard
dollarlıq un ixrac edib


Dünya ölkələri taxıl, buğda istehsalını artıqla öz ölkələrini təmin etməklə yanaşı, ixrac potensialını artırmağa çalışırlar. Türkiyə Un Sənayeçiləri Federasiyasının (TUSAF) sədri Eren Günhan Ulusoy açıqlamasında 2003-cü ildən etibarən un sektorunda ixracatın "inanılmaz" şəkildə yüksəlməyə başladığını, un fabriklərinin də limanlara yaxın bölgələrdə qurulduğunu deyib: “Əslində, Türkiyənin buğda istehsal ortalaması özünə kifayət edir. Türkiyənin buğda istehlakı illik 19 milyon tondur. 2015-ci ildə 22,5 milyon, 2016-cı ildə 20,5 milyon ton buğda istehsal etdik. Ancaq quraqlıq olduqda, məsələn, 2014-cü ildə istehsal 18 milyon tona düşdü". Ulusoy, Türkiyənin son 10 ildə 156 ölkəyə un ixrac etdiyini, həmin ölkələrdə yaşayanların ümumi dünya əhalisinin 90 faizini keçdiyini, hazırda türk ununu dünya əhalisinin 90 faizinə çatdığını söyləyib. Un ixracatının 40,2 faizi (1 milyon 291 min 162 ton) İraqa edilir. İraqı 16,2 faiz və ya 519 min 590 tonla Sudan izləyir. Sonrakı yeri 343 min 823 tonla Suriya tutur. O, ən çox ixracat edilən digər ölkələr kimi Anqola, Filippin, Madaqaskar, İndoneziya, Benin, İsrail və Qananın adını qeyd edib. TUSAF başçısı son 2 ildə ixrac etdikləri ilk 20 ölkə arasında ABŞ-ın da olduğunu, 20 milyon ton buğda ixrac edən ABŞ-a, Ar-Ge sayəsində inkişaf etdirdikləri diabetik un ixrac etmə müvəffəqiyyəti göstərdiklərini qeyd edib. Keçən il un ixrac etdikləri ölkələrdə ən sürətli yüksəlişin Çində görüldüyünü ifadə edən Ulusoy, bu ölkəyə edilən ixracatın 2015-ci ilə görə 100 faiz artım olduğunu bildirib: “Türkiyə 2004-cü ildə 300 min ton un ixrac edərkən, keçən il 3,5 milyon ton un ixrac edib. Bu, tam 1 milyard 70 milyon dollarlıq ixracat deməkdir. 2015-ci ilə görə miqdar əsasında 25 faiz, dəyər əsasında isə 10 faiz artım var. Bu ixracat rəqəmləri dünya rekordudur. Türkiyə, 2015-ci ildə də dünya çempionu olmuşdu. Buğdanı Rusiyadan idxal edirik. 3,5 milyon ton un ixrac etmək üçün 5 milyon ton buğda hazırlamaq lazımdır. Ancaq keçən il 3,3 milyon ton buğda idxal etdik. Yəni 1,7 milyon ton buğda da Türkiyədəki istehsaldan əldə edildi. Əvvəlki il un ixracımız 2,8 milyon ton idi. 25 faizlik bir artım var. Buğda idxalında keçən il 2015-ci ilə görə 10 faiz ətrafında azalma var. İdxalımızı azaltmamıza baxmayaraq, un ixracında qızıl bir il keçirdik”. Ulusoy, 3,3 milyon ton buğdadan ciddi miqdarda kəpək çıxdığını, kəpək idxal edən Türkiyənin bu probleminin də azaldığını söyləyib. O, Türkiyənin buğda unu ixracının 2015-ci ildə təxminən 980 milyon dollar olduğunu, buğda qiymətinin düşməsinə baxmayaraq, keçən il 10 faiz artım olduğunu bildirib: "Fındıqdan sonra un sektoru də əkinçiliyə ciddi təsir göstərir. Dünya un ticarətinin 20,25 faizi ilə un ixracında birinci sırada iştirak edən Türkiyə, 2015-ci ildə un ixracını dəyər əsasında bir əvvəlki ilə görə 5,2 faiz artırmışdı. 2016-ci ili həm miqdar, həm də dəyər əsasında əhəmiyyətli artımla bitirməyimiz türk un sənayesinin müvəffəqiyyətidir”. Bu ilə təmkinli yanaşdıqlarını, buğda istehsal rəqəmləri ilə bağlı son dövrdə yağış və qarın da istənildiyi kimi olduğunu, ciddi bir quraqlıq gözlənilmədiyi, bu il fərqli mənfi hallar yaşansa belə, un ixracının 2016-cı il rəqəmlərindən aşağı enməyəcəyini söyləyib.

Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı əlavə dəyər vergisindən azad olunub

Taxılçılığın ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olduğu nəzərə alınaraq intensiv texnologiyalara üstünlük verilməklə respublikamızda taxıl istehsalı ilbəil genişləndirilir. Yumşaq və bərk buğda bitkisi dənli taxıl bitkiləri arasında respublikamızda becərilən ənənəvi kənd təsərrüfatı bitkilərindən hesab olunur. Xaricdən introduksiya olunaraq rayonlaşdırılmış sortlarla yanaşı, Əkinçilik ET İnstitutunda alimlər tərəfindən qiymətli təsərrüfat xüsusiyyətləri ilə səciyyələnən çoxlu sayda buğda sortları yaradılaraq rayonlaşdırılıb və respublikamızın təsərrüfatlarında geniş sahələrdə becərilir. 2015-ci ildə ölkəmizə 296831,8 min dollar dəyərində 1,3 mln ton buğda idxal olunub. Ölkədə bölgələrin torpaq-iqlim şəraitinə uyğun rayonlaşdırılmış, məhsuldar buğda sortları becərilir ki, bu sortların da məhsulu yüksək çörəkbişirmə keyfiyyətlərinə malikdir. Həmin sortlar arasında qiymətli bərk buğda sortları da mövcuddur. Yumşaq buğda unundan çörək bişirmədə, bərk buğda unundan isə makaron istehsalında istifadə olunur.
Ölkədə taxıl, buğda istehsalının artırılması, anbarların yaradılması, idxalın azaldılması istiqamətində tədbirlər həyata keçirilir. Dövlət səviyyəsində reallaşdırılan tədbirlərdən biri kimi əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədi ilə ölkə başçısının tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən azad olunub. Vergi Məcəlləsinə edilmiş dəyişikliyə görə, buğdanın idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışı, həmçinin quş ətinin satışı 3 il müddətində ƏDV-dən azaddır. Bundan başqa, Dövlət Taxıl Fondu üçün yüksəkkeyfiyyətli buğdanın tədarükünün vaxtı uzadıldı. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yerli buğda istehsalçılarından tədarük olunan keyfiyyətli buğdanın qiyməti də bahalaşaraq bir ton buğdanın 280 manata alınacağı bildirilib. Digər ölkələrin bu sahədə fəaliyyətinə nəzər saldıqda, göründüyü kimi, taxıl istehsalını artırmaqla nəinki ölkəmizi idxal asılılığından xilas edə, həmçinin un ixrac edən ölkələrdən birinə çevrilməklə valyuta axını reallaşdıra bilərik.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Gəncədə abadlıq-quruculuq işlərinin davam etdirilməsinə 10 milyon manat ayrılıb
26.09.2018
Avropa İttifaqı Azərbaycana tam dəstək verəcək
26.09.2018
Putin Rusiya və Azərbaycan regionlarının IX forumunda iştirak edəcək
26.09.2018
Süd məhsulları ixracı artacaq
26.09.2018
Vatikanda Müqəddəs Sebastian katakombalarının açılışı olub- YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info