Yazmaq yazıçının missiyasıdır
Tarix: 18.01.2017 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


“Qələmsiz keçməyən ömür” rubrikasının növbəti qonağı tanınmış yazar Varis Yolçuyevdir. Bu yazarı hər kəs Varis adı ilə tanıyır və gənclər əsərlərinə böyük maraq göstərir. Varis müəllim, bir neçə bədii əsərin müəllifidir. Hal-hazırda əsərləri ən çox oxunan müəlliflərdən biridir. Gəncliyindən bədii yaradıcılığa üz tutan Varis Yolçuyev qısa zamanda tanındı və sevildi. O, qələmi özünə dost seçərək bu yola davam edir.
Varis Yolçiyev 7 iyun 1966-cı ildə Sumqayıt şəhərində anadan olub və 1990-cı ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. "168 saat", "7 gün" kimi qəzetlərdə çalışıb. Xalq yazıçısı İsmayıl Şıxlının təqdimatı ilə ilk hekayələri "Ulduz" jurnalında dərc edilib. 1990-cı illərdən başlayaraq ədəbi mətbuatda digər hekayələri işıq üzü görüb. İlk bədii kitabı "Sonuncu ölən ümidlərdir" 2008-ci ilin noyabrında çap olunub. Yazıçının dünyanın 5 ölkəsində 17 kitabı işıq üzü görüb. Müxtəlif illərdə "İlin ən yaxşı redaktoru" adına,“Qızıl kəlmə” ədəbiyyatı və "Dan ulduzu" ali jurnalistika mükafatlarına layiq görülüb. 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Azərbaycan" nəşriyyatına baş redaktor təyin olunub. 2007-ci ildə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də (AzTV) Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamentinin direktoru təyin edilib. O, həmçinin Azərbaycanda ilk "TV plyus" milli teleradio jurnalının baş redaktoru olub. Azərbaycan Yazıçılar Birliyi, Rusiya Yazıçılar İttifaqının və İWU (Beynəlxalq Yazıçılar İttifaqı) təsisatının üzvüdür.


-Varis müəllim, əsərləriniz ölkə hüdudlarından kənarda da oxunur. Gənclər əsərlərinizə böyük maraq göstərirlər. Ölkədə kitabları ən çox oxunan müəlliflərdən birisiz. Sizcə, bu nədən qaynaqlanır? Sizi gənclərə sevdirən nədir?
-Birinci, yazıçı ən əvvəl öz oxucu auditoriyasını tanımalı və istədiyini onların istədiklərinin gözünə qatmalıdır. Əsas oxucu auditoriyam gənclərdir. Rahatlıqla gənclərin nə ilə nəfəs aldıqlarını bilirəm.
İkinci, yəqin dünyada məhəlli ədəbiyyatçıların daha çox sevildiyini bilirsiz. Yəni əvvəl özümünkü, sonra əcnəbi. Fatmanisə Londonda baş verən hadisədən əvvəl Yasamaldakı hadisə ilə maraqlanar, düzdürmü? Bütün ümumbəşəri ideyalar ümummilli ideyaların içindən keçir, bu aksiomdur. Azərbaycanda sevilən romanlarımda mental azərbaycançılıq var, hadisələr Azərbaycanda cərəyan edir. Oxucu bəhs olunan yerləri gözləri önündən keçirə bilir. Qəhrəmanların həyatlarını özünün və tanış-bilişlərinin həyatlarında görə bilir.
Sonda deyə bilərəm ki, bestseller adlı yeni ədəbi janr yaranıb. Janrda yazıçı öncədən romanının şöhrət qazanacağına, yaxşı satılacağına əmin olur. Janrın 5 qızıl qaydası var ki, onlardan ən vacibi ilk andan oxucunu cəlb edərək, əsəri axıradək oxumağa məcbur etməkdir.
-Kitab, müəllifi və qəhrəmanı yaşadan ən böyük sərvətdir. Artıq bir neçə kitabınız çap olunub. Sizi yazmağa nə sövq edir? Bunun mənbəyi nədir? Günün neçə saatını yazmağa və oxumağa ayırırsız?
-Bəli, kitab mübaliğəsiz olaraq ən böyük sərvətdir. Məncə, yazmaq yazıçının missiyasıdır. Yazıçı divarın o biri üzünü, tavanın üstünü, döşəmənin altını görə bilir. İlahi qüvvə yazıçıya bir söz pıçıldayır, yazıçı isə bu sözü minlərə, milyonlara çatdırır. Yazılarım beynimdə daim qövr eyləyir. Beynimdə əsəri tam hazırladıqdan sonra vərəqlərə köçürürəm. Yazıçı üçün yazmaq- onun mövcudiyyətidir. O ki qaldı oxumağa, hər bir peşəkar yazar, eyni zamanda yaxşı oxucu olur. Ədəbi prosesləri bilməyən, ədəbiyyatşünaslıqdan baş açmayan, dünyagörüşü və savadı olmayan ən istedadlı şəxs belə, yaxşı yazıçı ola bilməz. Günümün müəyyən hissəsini mütaliəyə həsr edirəm. Həm favorit yazıçılarımı, həm ədəbi hadisəyə çevrilmiş istənilən yerli əsəri oxumağa çalışıram. Klassiklərə də dönə-dönə göz gəzdirirəm. Amma təkcə bədii ədəbiyyat oxumuram. Fəlsəfə və siyasi ədəbiyyatlar da menyumda çox olur. Hazırda Orxan Pamukun “Beynimdəki qəribəliklər” romanını, Vasiliy Rozanovun “Apokalipsis” fəlsəfi traktatını, Əli Həsənovun “Azərbaycan geosiyasəti” dərsliyini, bir də Marta Bekin “Uğur formulası” toplusunu paralel oxuyuram. Vaxt az, faydalı kitablar isə yüzlərcədir. Heyif ki, bütün oxumaq istədiklərini oxuya, yazmaq istədiklərini yaza bilmirsən.
-O dövrün dahi yazarları ilə ünsiyyətiniz olub. Xahiş edirik, bizlərə yetişməyinizdə rolu olan yazarlardan danışardız.
-Mənim atam- Musa Yolçuyev dövrünün tanınmış ədəbiyyat tənqidçisi olub. Zamanında Sumqayıt şəhərində mütəmadi olaraq tanınan yazarlarla tələbələrin görüşlərini təşkil edər, yeni kitabların müzakirələrini həyata keçirərdi. 4-cü sinifdə oxuyarkən bu görüşlərə mən də qatıldım. Nəriman Həsənzadə, Əzizə Cəfərzadə, Nüsrət Kəsəmənli, İsa İsmayılzadə ilə görüşlər yaddaşımda dərin iz buraxıb. Bu görüşlər və evimizdəki kitablar məndə ədəbiyyat sevgisi oyadıb. İsi Məlikzadənin “Küçələrə su səpmişəm” adlı povestlər kitabı ədəbi zövqümü ilk olaraq formalaşdırmağa yardımçı olub. BDU-da oxuyarkən xalq yazıçımız İsmayil Şıxlı ilə görüşüm, hekayələrimi bəyənib mənə uğurlu yol diləməsi və 90-cı illərin əvvəlində “Ulduz” jurnallında dərc etdirməsi isə ədəbiyyata gəlişimdə həlledici rol oldu. Yazıçı kimi uğurlarımda bir şəxsin adını qeyd etməliyəm: BDU-da müəllimim olmuş gözəl ziyalımız və yazıçımız Kamal Abdullanı.
-Ədəbiyyat ümmansız elmdir. Ədəbiyyatımız zəngindir. Tarixdə bu elm sahəsində əvəzolunmaz şəxsiyyətlər yetişib. Ədəbiyyata sizi sövq edən nə oldu? Özünüzü ədəbiyyatdamı gördünüz?
-Gözümü açandan kitabların arasında böyümüşəm. Evimizdə 3 min kitablıq nəhəng kitabxana var idi. Öncə kitablarla oynayırdım, sonra şəkillərinə baxırdım, daha sonra da oxumağa başladım. Beləcə, içimdəki kitab sevgisi ilə baş-başa qaldım. 6-7 yaşımda dəftərxana kitabçasını kəsib kitab düzəltdim, adı belə idi- Varisin romanları, hekayələri, şeirləri, poemaları, felyetonları, pyesləri... Bax onda atam anama dedi ki, oğlum yazacaq. Bilirsiniz, atam mənə Varis adını qoyanda söyləyib ki, istəyirəm oğlum ədəbiyyatımızın Varisi olsun. Əlbəttə, hələ ki, ədəbiyyatda özümü şagird hesab edirəm.
-Əsərləri yazarkən hansı hislər keçirirsiz? Nə vaxt bilirsiz ki, yazmaq lazımdır? Yazarkən hadisələrin içərisində tüğyan edirsiz, ya da oxucu ilə dialoqda olursuz? Gecələr yazmağa üstünlük verirsiz, yoxsa gündüzlər?
-Dahi fransız yazıçısı Viktor Hüqo bir dəfə keşişlə birgə Parisdəki Notr-Dam kilsəsinin damında gəzirmiş və birdən kiçik bir kağız parçası tapır. Oraya "Tale qəza-qədər" sözləri yazılıb. Bu bir kəlmə söz dünyaca məşhur "Paris Notr-Dam kilsəsi" romanının yazılışına səbəb olub. Sözüm odur ki, mövzu özü gəlib yazıçını tapır. Yetər ki, sən yazasan. Və bir də yazıçı üçün gündüz-gecə anlamı olmur. Yazıçı üçün yazmaq və yazmamaq zamanı olur, sadəcə.
-Texnologiya əsrində yaşayırıq. Hər kəs texnologiyadan yararlanır və kompüterdə yazmağa üstünlük verir. Beləcə, qələm öz şöhrətini zamanla itirir. Siz bununla razısız? Əsərlərinizi kompüterdə, yoxsa qələmlə yazırsız?
-Bildiyiniz kimi, uzun illərdir ki, jurnalistika sahəsində çalışıram, bütün məqalələrimi kompüterdə yığıram. Amma bədii əsərlərimi qələmlə yazıram. Məncə, kompüterdə olan ən kiçik əməliyyatlar belə, yazıya köklənmiş yazıçının fikrini dağıda bilir.
-Sonda gələcək yaradıcılığınız və planlarınız haqqında danışardız.
-Hazırda bir neçə beynəlxalq layihə ilə məşğulam. Bir müddət əvvəl Nyu-Yorkda yazıçıların beynəlxalq konfransında böyük şərəfə nail olaraq “77-ci gün” romanım Amerika nəşriyyatlarına və ədəbi agentlərə tövsiyə olunmasına şahidlik etdim. İndi bu yöndə danışıqlarda iştirak edirəm. “Yaşıl üzlü gündəlik” romanımın qardaş Türkiyədə, “Əzilmiş fotoşəkillər” romanımın isə Rusiyada mötəbər bir seriyadan çıxılmasına hazırlaşırıq. Azərbaycan oxucuları üçün sayca 11-ci romanımla görüşə hazırlaşıram. Bunlardan əlavə, bildiyiniz kimi, Rusiyanın “Proza.ru” portalında dərc edilən “Qar uçqunları” adlı hekayəmlə Rusiya-Ermənistan, Ümumdünya Dağ Yəhudiləri konqresinin rəsmi portalında tövsiyə edilmiş “Xrizantema dəstəsi” hekayəmlə isə İsrail-Ermənistan münasibətlərinə müəyyən qədər kölgə salmışam. Planlar çox, ömürsə çox qısadır. Hər şeyi çatdırmaq üçün amansızcasına özümüzü istismar etməyə məhkumuq.
Söhbəti apardı:
Mahmud Sadıq




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info