“Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
Tarix: 18.01.2017 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


Nərgiz Sadıqzadə: “Əgər hansısa bir dərman kəşf ediriksə, bunu yoxlamalardan keçirib həkimlərə ötürürük ki, onlar da xəstələri müalicə edə bilsinlər”
Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı Avstraliyanın məşhur universitetlərindən olan “La Trobe”da magistr təhsili alan Nərgiz Sadıqzadədir. Adı öncüllər sırasında çəkilən bu istedadlı gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik:
-Özünüz barədə məlumat verərdiniz.
“Mən, Nərgiz Sadıqzadə 1992-ci ildə Bakı şəhərində doğulmuşam. İbtidai sinfə atamın iş təyinatı ilə bağlı Astara şəhərində başlamışam, Bakıya köçdükdən sonra isə orta məktəb təhsilimi Bakı Slavyan Universitetinin Humanitar Liseyində davam etdirmişəm. 2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakültəsinə qəbul oldum. Demək olar ki, həyatımın dönüş nöqtəsi də məhz bu dövrdən başlandı - "ikinci ailəm" adlandırdığım və bu gün buralara gəlib çıxmağımda, bəlkə də, ən böyük rol oynayan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının aktiv üzvünə çevrildim. Burada əvvəlcə iştirakçı, daha sonra idarə heyəti üzvü və layihə rəhbəri kimi icra etdiyim bütün işlərim mənim üçün unudulmaz təcrübələr və dostlar qazanmağıma səbəb oldu.
-Xaricdə təhsil almaq marağı da, yəqin bundan sonra yarandı.
-Əslində, xaricdə təhsil almaq xəyalları məndə orta məktəb dövründən yaranmışdı. O xəyalları reallaşdırmaq üçün bir neçə dəfə cəhdlər etsəm də, hər dəfə hansısa səbəbdən bunu gerçəkləşdirməkdən uzaqlaşmalı olurdum. Ancaq gec-tez buna nail oldum və bunun üçün də çox şadam.
Təbii ki, belə fikrə gəlməyim-hansısa başqa bir ölkədə təhsilimi davam etdirməyim heç də təsadüfi olmayıb, buna ətraf mühitin də xüsusi təsiri olub. Fərqli düşüncələr, yeniliklər, ictimai fəallıq və s. bu kimi faktorlar məni yaxşı mənada yönləndirə bilib və sözsüz ki, hər büdrədikdə əlindən tutub səni ayağa qaldıracaq bir kiminsə varsa, heç bir şeyin qorxusu yoxdur.
-Bəs oxuduğunuz ölkəni, universiteti hansı səbəbdən seçdiniz?
-Sırf bu universitetlə tanışlığıma gəldikdə, bunun tamamilə təsadüf nəticəsində baş tutduğunu deyə bilərəm. Planda olmadan qatıldığım bir təlim sonrası bir anda özümü Avstraliya universitetləri sərgisində tapdım və çox keçmədən ixtisas seçimimdə böyük köməyi olan “La Trobe” Universitetinin xarici tələbələr üzrə departament rəhbəri ilə tanış oldum. Mənə -"Hansı korpusda oxumaq istərdin?" sualını verəndə düşünmədən -"Çox iri və geniş imkanlara malik kitabxanası, gözəl, sakit təbiəti olan ərazi hansıdısa, oranı istərdim" -cavabını verdim.
O tanışlığa qədər də, istər tanışlardan, istərsə də internet üzərindən məlumat toplamışdım. Elə ilk başdan ölkə haqqında xoş təəssüratlar yaranmağa başlamışdı. Ancaq, təbii ki, ən vacib məsələ təhsil səviyyəsi idi ki, bu barədə də mənfi heç bir şeylə rastlaşmadığımdan qərarım qətiləşməyə başladı.
Necə deyərlər, bu ölkə tam da yerinə düşmüşdü. Yeniliklərə açıq biri olduğum üçün ani qərarla "Avstraliyaya gedirəm!" dedim. Bunun üçün bütün hazırlıqlarımı gördükdən sonra "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na müraciət etdim və müsbət nəticə aldım.
Təbii ki, ailəm və yaxınlarım ilk başda dünyanın o biri ucuna getmək qərarıma çox təəccübləndi, ancaq zamanla hamı buna alışmağa başladı.
-Bir qədər də təhsil aldığınız universitet haqqında məlumat verərdiniz.
-Magistr təhsilimi Melburn şəhərində, “La Trobe” Universitetində, orta məktəbdən vurğunu olduğum Biologiya sahəsinin "Biotexnologiya və Bioinformatika" ixtisası üzrə aldım. Burada təhsil sistemi tələbənin özünü tam inkişaf etdirə biləcəyi, öz ayaqları üzərində sərbəst duracağı şəklə gətirəcək formadadı. Sən azadsan və demək olar ki, bütün şərtlər sənin lehinədi və bundan nə dərəcədə istifadə etməyin isə elə özündən asılıdır. Ancaq, təbii ki, bu azadlıq özü ilə bərabər, böyük məsuliyyət də tələb edir. Çünki düzgün vaxtın və dərs proqramının idarə olunması sənin özündən asılıdır.
-Seçdiyiniz ixtisas da maraqlı sahədir. Biologiya haqqında, ümumiyyətlə, tədris barədə məlumat verərdiniz. Təhsil aldığınız müddətdə əldə etdiyiniz uğurlar oldumu?
-İxtisasımla bağlı tez-tez “İndi oxudun, qurtarıb nə olacaqsan” sualıyla qarşılaşmışam. Təbii ki, normal bir haldır, çünki seçdiyim ixtisas hələ elmə çox yeni əlavə olunub. Ancaq, bununla bərabər, sürətlə inkişaf edən və gələcəklə bağlı çox ümidverici bir ixtisasdır. Qısası, bizi “research scientist” - araşdırmaçı alim adlandırırlar. Biz canlılar üçün təhlükəli olan qlobal genetik problemlər, xüsusilə də insan xəstəliklərinin çarəsini axtarmağa çalışırıq. Əgər hansısa bir dərman və ya müalicə üsulu kəşf ediriksə, bunu yoxlamalardan keçirib həkimlərə ötürürük ki, onlar da xəstələri müalicə edə bilsinlər.
Mənim təhsil aldığım magistr proqramında sistem elə qurulub ki, birinci ildə, əsasən, nəzəri biliklər əldə edirsən. Mühazirələrdə iştirak edirsən, seminar və kiçik praktiki laborator işlərdən tapşırıqlar alıb, imtahanlarda nəticə əldə edirsən. Bu ilkin mərhələ səni növbəti, yəni həlledici mərhələyə hazırlaşdırmaq üçündür. İlk ilin yekun qiymətlərinə əsasən ya ümumi qrupda sadə araşdırmalara davam edirsən, ya da daha ixtisaslaşmış xüsusi laboratoriyalarda, öz seçimindən asılı olaraq xüsusi elmi rəhbərlə şəxsi layihərə başlayırsan. Birinci ildə yüksək qiymətlər aldığım üçün mənə də seçim etmək şansı düşdü. Mən də Dr. Mark Kvansakul və onun “Hüseyrə ölümünün struktur biologiyası və daşıyıcı-patogen əlaqələri” laboratoriyasını seçdim. Etdiyim laborator işləri nəticəsində elmə çox yeni daxil edilmiş və xərçəng xəstəliyi ilə əlaqəsi sübut olunmuş bir zülalın saflaşdırılması üsullarını, həmçinin üzvü olduğu qrupun digər nümayəndələri ilə qarşılıqlı əlaqəsi yollarını kəşf etdim. Bu nəticə laboratoriyamız və fakültəmiz adından yüksək uğur kimi qiymətləndirildi.
Bununla bərabər, layihəmi “MPG - Melbourne Protein Group” simpoziumunda da təqdim etmək şansını əldə etdim. Xüsusi yerə layiq görülə bilməsəm də, bu tədbirdə iştirak üçün belə, yalnız irəliləyiş göstərmiş layihələr seçilirdi ki, mənim üçün elə bu da bəs idi. Həm də professional auditoriya qarşısında elmi çıxış yeni təcrübələr əldə etməyimə yol açdı.
-Bir qədər də yerli xalqın adət-ənənələri, mentaliteti, yaşayış səviyyəsi barədə söz açardınız.
-Düzünü desəm, ən azından mənim yaşadığım şəhərdə yerli xalq deyə bir anlayış qalmayıb. Bu şəhər bütün xalq və mədəniyyətlərin mübadiləsindən yaranmış bir qarışımdır. Bura gələndən nə avstraliyasayağı bir yemək yemişəm, nə də milli tədbir, rəqslə üzləşmişəm. Dediyim söz əsla mənfi mənaya yozulmasın. Əksinə, bura elə bir yerdir ki, bütün xalqların özünü ən uyğun və gözəl şəkildə ifadə edə bilmək imkanı var. Dəfələrlə Çin, Türkiyə və digər müsəlman xalqlarının mədəniyyət günlərinin şahidi olmuşam. Maraqlısı da bilirsiniz nədir? Burada elə ən çox da müsəlman millətlərindən olan insanların təqdimatlarını, qısası, müsbətə doğru səylərini görürsən. Bəlkə də, bu, ehtiyacdan irəli gəlir. Yaşayış səviyyəsi və ənənələrə gəldikdə isə, düşünürəm ki, buradakı insanların əsas məqsədi sağlam, firavan və xoşbəxt yaşamaqdır. Milyon qazanıb özündən sonrakı 3-4 nəslin gələcəyini təmin etməyi özlərinə dərd etmirlər. Sadəcə olaraq, həyatlarını yaşayırlar. Kim bilir, bəlkə də “carpe diem” (anı yaşa) fəlsəfəsini üstün tuturlar. Ona görə də insanlar çox xoşbəxt və cavandırlar. Burada 60 yaşındakı bir qadına maksimum 35 yaş verə bilərsən. Təbii ki, bu dediklərim Avstraliyada çoxdan yaşayanlara aiddir. Hələlik yeni gəlmələrin bu xüsusiyyətləri qazanmalarına bir qədər vaxt lazımdır.
-İctimai və ya diaspor işlərində necə, aktivsinizmi?Hansı tədbirlərə qatılırsız? Ümumiyyətlə, soydaşlarımızın oradakı fəaliyyəti barədə də söz açardınız. Azərbaycanlılar nə kimi işlərə baş vururlar?
-Düzü, Melburna yeni gələndə dərslərim çox ağır olduğundan, demək olar ki, aktivlik göstərə bilmirdim. Daha sonralar mühitə tam uyğunlaşdığım üçün bu barədə axtarışlara başladım və çox keçmədən universitetimizin nəzdində fəaliyyət göstərən dil və mədəniyyət mübadiləsi işi ilə məşğul olan LACE qrupuna qoşuldum və “Multikultural gecə” adlı tədbirdə Azərbaycan adından çıxış etdim.
Əslində, Melburnda azərbaycanlıların aktivliyi xüsusilə yüksəkdir. Ötən il həvəskar soydaşlarımız tərəfindən, əvvəlkindən də gözəl və təmtəraqlı Novruz bayramı tədbiri təşkil olundu. Təbii ki, mən də bu fürsəti qaçırmadım. Daha öncədən xəbərim olmadığı üçün təşkilati işlərə qoşula bilməsəm də, düşünürəm ki, iştirak etmək, birlik olduğumuzu nümayiş etdirmək özü də bir təşəbbüsdür. Bu yığıncağın digər bir məqsədi də Azərbaycan Mədəniyyət Assosiasiyasının yaradılması idi ki, çox keçmədən bu məqsədə də nail olundu. 2016-cı il iyun ayının 11-ində həm Azərbaycan Mədəniyyət Assosiasiyasının rəsmi elan olunması, həm də bu assosiasiya nəzdində fəaliyyət göstərəcək olan “Azərbaycan evi”nin açılış mərasimi baş tutdu. Daha sonra isə “Azərbaycan evi”ndə milli- mədəni irs nümunəmiz olan “Arşın mal alan” filmi ingilis dilində alt yazı ilə nümayiş olundu. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı da çoxsaylı həmyerlimizin iştirakı ilə 16 dekabr 2016-cı ildə təmtəraqlı surətdə qeyd olundu. Bu günə qədər azərbaycanlıların Melburn şəhərindəki fəaliyyətinin təqdirəlayiq və ürəkaçan olduğunu düşünürəm.
-Gələcək planlarınız və arzularınız barədə də söz açardınız.
-Planlar, arzular çoxdur, tükənməzdir. Buraya gəlməzdən çox öncə xaricə gedəcəm, oxuyacam, öyrənəcəm deyərək, vaxtilə mənim kimi öz ixtisasının arxasınca getmək üçün hara müraciət etmək, nə etmək olar, deyə tərəddüd edən, elm və təhsil üçün can atan gənclərə, xüsusilə də qızlarımıza dəstək olmaq, onlara yol göstərmək missiyasını fikrimdə düz-qoş edərək bu yolu tutdum. Artıq magistr təhsilimi bitirmişəm və hazırda “Olivia Newton-John” Xərçəng Araşdırmaları İnstitutunda təcrübə proqramı keçirəm. Bakıya gələcəyim müddətdə isə Milli Elmlər Akademiyasının müvafiq departamentləri və Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzi ilə görüşmək və Avstraliya ilə Azərbaycan arasında biotexnologiya sahəsi üzrə hansı işlər görə biləcəyimizi, bunun üçün mənim tərəfimdən hansı dəstəyə ehtiyac olacağını müzakirə etməyi düşünürəm. Gözümün önündə canlandırdığım səhnələrdən biri də bir gün, təhsilim və bütövlükdə gələcəyim üçün çox şeylərini qurban vermiş, bütün dəstəklərini göstərmiş valideynlərim, xüsusilə də anamın mənim üçün xəyalını qurduğu, bir gün nə vaxtsa “Nobel” mükafatçısı olacağım gündür. O günü, o səhnəni anama hədiyyə etmək üçün çox səbirsizlənirəm. Çoxları, bəlkə də, bunu bir xəyal, yuxu kimi saya bilər, ancaq mənim üçün mümkünsüz deyə bir şey yoxdur. İlk növbədə Allahın izni ilə bunun üçün əlimdən gələni etməyi və sonuna qədər də heç vaxt ümidimi qırmamağı özümə arzu edirəm.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info