ABŞ-Avropa savaşı: Tramp alman avtomobil şirkətlərinə qarşı
Tarix: 18.01.2017 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


Meksikada istehsal olunacaq “BMW”, “Daimler” və “Volkswagen” maşınlarının ABŞ-a gətirilməsinə 35 faizlik gömrük rüsumu tətbiq ediləcək

ABŞ-ın yeni seçilmiş dövlət başçısı Donald Trampın son müsahibəsi Avropada böyük narazılıq yaradıb. Onun NATO və Avropa dövlətləri, xanım Merkellə bağlı səsləndirdiyi fikirlər köhnə qitədə Tramp dönəmi ilə bağlı gələcək qaranlıq məqamların sayını daha da artırıb.
Tramp NATO-nu köhnəlmiş təşkilat adlandırmışdı. Fransa dövlət başçısı Fransua Ollandın buna reaksiyası gecikməyib. “Röyters”in məlumatına görə, Olland Trampın Avropanın miqrasiya siyasətini tənqid etməsi ilə bağlı fikirlərinə cavabında qeyd edib ki, Avropanın kənardan məsləhətə ehtiyacı yoxdur. “Avropa Birləşmiş Ştatlarla ancaq öz maraqları və dəyərləri çərçivəsində əməkdaşlıq edəcək” - deyə Olland bildirib. Trampın NATO ilə bağlı fikrinə isə Olland belə münasibət açıqlayıb: “NATO ancaq o vaxt köhnələcək ki, təhlükələr də köhnəlsin”. Almaniya kansleri də tənqidə məruz qalıb. Almaniya kanslerinin miqrasiya siyasətini fəlakətli səhv adlandıran Tramp “heç kim bilmir ki, onlar haradan gəlib” fikrini səsləndirmişdi. Almaniya kanslerinin cavabı belə olub: “Avropalıların taleyi öz əllərindədir. Əminəm ki, biz birgə olacağıq”.

Merkel:
“Avropalıların taleyi öz əllərindədir”


O, həmçinin Trampın onunla tanış olmadığı barədə sözlərini cavablandırıb: “Mən ABŞ prezidentinin inauqurasiyasını gözləyirəm. Sözsüz ki, Donald Tramp səlahiyyətlərinin icrasına başlayan kimi biz ABŞ-ın yeni administrasiyası ilə bütün mümkün səviyyələrdə əməkdaşlıq edəcəyik”. Trapmın açıqlamaları bununla bitməyib. Onun “BMW”, “Daimler” və “Volkswagen”lə bağlı səsləndirdiyi fikirlər Almaniya sənayesini bərk həyacanlandırıb. Tramp bu alman şirkətlərinin ABŞ-da deyil, Meksikada zavod inşa etmələrindən narazıdır. Bundan qəzəblənən Tramp bildirib ki, belə olacağı təqdirdə Meksikada istehsal olunacaq həmin alman maşınlarının ABŞ-a gətirilməsinə 35 faizlik gömrük rüsumu tətbiq edəcək: “Bütün dünya üçün avtomobil istehsal etmək istəyirsiniz? Sizə uğurlar arzulayıram. Siz Birləşmiş Ştatlar üçün avtomobil yığa bilərsiniz, amma onların ABŞ-a gətirilməsi üçün gömrükdə hər birinə 35 faiz vergi ödəməli olacaqsınız. Həmin avtomobilləri 35 faiz rüsumsuz satmağı unudun”. Trampın bu fikirləri səsləndirdiyi müsahibəsi yayımlandıqdan dərhal sonra Frankfurt birjasında “BMW”, “Daimler” və “Volkswagen” firmalarının səhmlərinin qiyməti sürətlə ucuzlaşmağa başlayıb. Almaniyanın avtomobil nəhəngləri əlavə xərclərdən xilas olmaq üçün zavodlarını Meksikada inşa edirlər və indiyə qədər külli miqdarda investisiya yatırıblar. Meksikada yığılan avtomobillərin əsas satış bazarı ABŞ-dır. Tramp isə bildirir ki, həmin zavodlar ABŞ ərazisində inşa edilməlidir. Əks halda, ciddi vergi tətbiq ediləcək ki, bu da avtomobillərin satışının dayandırılması deməkdir.

Olland:
“Avropanın kənardan məsləhətə ehtiyacı yoxdur”


Trampın alman avtomobil şirkətləri ilə savaşının səbəbi aydındır. ABŞ-ın avtomobil sektorunda işsizlik çoxalıb. 1994-2013-cü illərdə bu sektorda işsizlik 3 dəfə artdığı halda, eyni dövrdə Meksikada həmin sektorda iş yerlərinin sayı 5 dəfə artıb. İndi Tramp bu situasiyanı öz xeyirlərinə tərsinə çevirmək istəyir. “BMW” Meksikadakı zavoda 2,2 milyard dollar sərmayə yatırmaq və ildə 150 min avtomobil istehsal etməyi planlaşdırır. Həmin zavodda avtomobillərin 2019-cu ildə istehsala buraxılması nəzərdə tutulub. Bu zavod Almaniya və Çindən sonra üçüncü böyük zavod olacaq. “Daimler” firması isə “Renault-Nissan”la birlikdə Meksikadakı zavodun inşasına 1 milyard dollar investisiya yatırmaqla ilk “Mercedes-Benz”ləri gələn il istehsala buraxmağı planlaşdırır. “Volkswagen”ə daxil olan “Audi” ötən il illik gücü 150 min avtomobil zavodunu istifadəyə verib. Həmin zavod üçün 1,3 milyard dollar investisiya yatırılıb. Ekspertlər qeyd edir ki, Trampın 35 faizlik rüsumu qiymətləri ən azı 5 min dollar bahalaşdıracaq ki, bu da faktiki olaraq onlar üçün ABŞ bazarının bağlanması deməkdir. Ona görə də “BMW” və “Daimler”in Meksikada zavod inşasını dayandıracağı gözlənilir. Bu isə ABŞ bazarında çoxlu maşın satmağı planlaşdıran Almaniya firmalarının külli miqdarda ziyana düşməsi deməkdir. Onsuz da ekoloji standartlarla bağlı “Volkswagen” şirkətinin rəhbəri həbsdədir. Şirkət amerikalı dilerlərə 1,2 milyard dollar cərimə ödəyib. “Volkswagen” ötən il amerikalı alıcılara ilkin 2500 dollar ödəməklə aylıq 89 dollara maşınlar təklif edib. Amerikalılar son illərdə ancaq öz yerli istehsalları olan maşınlara üstünlük verirlər. İkinci sırada isə Yaponiya istehsalı olan maşınlar dayanır. Almaniya maşınlarının ABŞ-da satışı sürətlə azalır. Trampın yeni rüsum siyasəti isə onlar üçün qara günlər vəd edir. Almaniyalı politoloq Aleksandr Rar bildirib ki, Trampın miqrasiya siyasəti ilə bağlı tənqidlərindən sonra avtomobil şirkətlərinə əlavə vergi tətbiqi ilə bağlı səsləndirdiyi fikirlər Merkellə münasibətləri bir qədər də pisləşdirəcək: “Bu, alman avtomobil şirkətləri üçün böyük zərbədir. Onlar hələ də Trapmın açıqlamalarından sonra şokdadırlar. Alman maşınları üçün xarici bazarın bağlanması fəlakət, maşın sənayesinə zərbə deməkdir. Tramp vəd etdiklərini yerinə yetirəcək və çalışacaq ki, amerikalılar alman yox, yerli maşınları alsınlar. Tramp yeni iş yerləri yaradacaq və ölkənin iqtisadiyyatını inkişaf etdirəcək. Avropa indi başa düşməyə başlayıb ki, ABŞ bunu başqalarının, əsasən də avropalıların hesabına edəcək”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info