Ömürlərini bizə fəda etmiş tarixi şəxsiyyətlərimizi unutmaq olmaz
Tarix: 19.01.2017 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Sərhədlər təkcə ölkələri deyil, həm də insanları ayırır. Sərhədlər insanda nostalji duyğular oyadır. Axı, ayrılıq həmişə kədər, qəm-qüssə gətirir. Amma elə sərhədlər var ki, onu keçəndə insan özünü qəriblikdə hiss etmir. Sanki Vətəndən-Vətənə adlayırsan. Hiss edirsən ki, ayağının altındakı torpaq doğmadır, əzizdir. Bu torpaqlarda səninlə eyni dildə danışan, səninlə eyni dinə mənsub olan, səninlə ruh qardaşı olan insanlar yaşayır. Bu torpaqlarda sənin tarixin uyuyur. Hiss edirsən ki, başının üstündə dolaşan ruhlar səni xata-baladan, bəd nəzərdən qoruyacaq.
Qədim Borçalıda olduğu kimi… Azərbaycanla Gürcüstanı ayıran Sınıq körpü buraxılış məntəqəsini keçəndə, heç vaxt özümü qərib diyarda hiss etmirəm. Sərhədin o tayında sıralanan Azərbaycan kəndləri yoluma işıq tutur, ruhumu oxşayır. Bu tayda olduğu kimi, o tayda da insan özünü Vətəndə olduğu kimi, rahat hiss edir. Topa-topa buludlar, çiyin-çiyinə vermiş dağlar, zümrüd libaslı meşələr… Qıvrıla-qıvrıla axan Dəli Kür də öz yerindədir. Min il əvvəl olduğu kimi, yenə öz həzin nəğməsini zümzümə edir… Azərbaycanla Gürcüstan iki dost xalq, iki müttəfiq ölkədir. Hər iki ölkənin taleyində xeyli oxşar məqamlar var. Azərbaycanlılar kimi, dost gürcü xalqı da ilk demokratik respublikanı 99 il əvvəl yaradıb. Azərbaycan kimi, Gürcüstan da o dövrdə gələn təhlükəni dəf edə bilməyib. Amma əsas odur ki, bu gün Azərbaycan xalqı da, gürcü xalqı da gələcəyə inamla baxır. Biz ümidlərimizi tunelin sonundakı işığa bağlamamışıq. Biz tuneli çoxdan tərk etmişik. Tarixin müəyyən dövründə Tbilisi Qafqazın siyasi mərkəzi olub. Azərbaycan xalqının dünyanın mədəni xəzinəsinə bəxş etdiyi böyük şəxsiyyətlərin Gürcüstanla bağlılığı da məhz həmin dövrə təsadüf edir. Qori Müəllimlər Seminariyası Qafqaz xalqlarının, o cümlədən Azərbaycan xalqının həyatında mühüm rol oynayıb. Tale elə gətirib ki, Gürcüstan həm də 19-cu və 20-ci əsrlərdə Azərbaycan xalqının yetişdirdiyi ən nəhəng şəxsiyyətlərdən bəzilərinin əbədiyyət ünvanı olub. Təsadüfi deyil ki, Azərbaycanın böyük ədibi, ölməz dramaturq Mirzə Fətəli Axundzadənin, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, istedadlı şair, böyük fikir adamı Mirzə Şəfi Vazehin məzarları Tbilisidədir. Tbilisi Açıq Universitetinin tələbəsi olduğum üçün bu müqəddəs ziyarətgahlara tez-tez baş çəkmək imkanım var. Mübaliğəsiz deyə bilərəm ki, qonşu ölkəyə səfərim həmişə bu nəhəng şəxsiyyətlərin məzarlarını ziyarət etməklə başlayır. Həyatlarını Azərbaycan xalqının maariflənməsinə, istiqlalına, xoşbəxtliyinə həsr etmiş bu ölməz şəxsiyyətlərin qəbirləri Vətəndən uzaqda olsa da, baxımsız vəziyyətdə deyil. Ərazidə abadlıq işləri aparılıb, xüsusi səliqə-sahman yaradılıb. Azərbaycanın Gürcüstandakı səfirliyi xalqımızın taleyində müstəsna rol oynamış bu insanları heç vaxt unutmur. Bayramlarda, anım günlərində bu ölməz şəxsiyyətlərin məzarları ziyarət olunur, onların adlarını əbədiləşdirmək istiqamətində vacib tədbirlər həyata keçirilir. Bir gənc, bir tələbə kimi bu fakt məni qürurlandırır. Sonda bir məqama da toxunmaq istəyirəm: əlbəttə, orta və yaşlı nəsli təmsil edən insanlara irad bildirmək, onlara nəsihət vermək niyyətindən uzağam. Amma öz həmyaşıdlarıma, yolları tez-tez Tbilisiyə düşən gənclərimizə demək istəyirəm ki, lütfən, ömürlərini bizim üçün fəda etmiş bu nəhəng şəxsiyyətlərin məzarlarını ziyarət edin. Buna onların yox, bizim ehtiyacımız var. Bəlkə, bu yolla onların borcundan azacıq da olsa çıxmış olarıq…
Səbinə Novruzzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info