Kembric Universitetinin Bələdçi kitabında Naxçıvan Dövlət Universiteti səhifələri
Tarix: 09.04.2013 | Saat: 21:25:00 | E-mail | Çapa göndər


Son vaxtlarda göstərilən dövlət qayğısı sayəsində Naxçıvan Dövlət Universitetinin ölkədə və beynəlxalq aləmdə nüfuzunun artması Böyük Britaniyanın dünyada məşhur olan Kembric Universitetinin də diqqətini cəlb edib. Belə ki, beynəlxalq miqyasda xüsusi böyük imicə malik olan Kembric Universiteti hər il müstəqil olaraq apardığı seçim əsasında Naxçıvan Dövlət Universitetini özünün dostları olan universitetlər sırasına daxil edib. Ənənəyə uyğun olaraq Kembric Universitetinin dostluq və əməkdaşlıq üçün seçdiyi ali məktəblər haqqında hər il nəşr olunan “Mükəmməlliyə bələdçi. Qlobal Təhsil və İmkanlar” seriyasından olan Bələdçi kitabında Naxçıvan Dövlət Universitetinə yer ayrılması qərara alınıb.

Bu yaxınlarda dünya üzrə qabaqcıl təhsil müəssissələri və onların əldə etdiyi uğurlar, həmçinin bu ali məktəblərin təhsil sahəsindəki və elmi imkanları haqqında məlumatları əks etdirən İngiltərənin Kembric Universitetinin illik nəşri olan “Mükəmməlliyə bələdçi. Qlobal Təhsil və İmkanlar” seriyasının 2013-cü ilə olan nəşri çap olunub. Kitabda Böyük Britaniya, Rusiya, Türkiyə, Çin, Kanada, Almaniya, Pakistan, İsveç, Küveyt, Hollandiya, Malaziya, Tayland, İspaniya, İtaliya, Danimarka, Qazaxıstan, Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və dünyanın başqa aparıcı təhsil ölkələri də daxil olmaqla 44 ölkədən 183 təhsil müəssissəsi sırasında Azərbaycanın ən mühüm akademik, iqtisadi və mədəni regionlarından birinin əsas elm və ali təhsil mərkəzi olan Naxçıvan Dövlət Universiteti və onun əldə etdiyi uğurlar haqqında məqalə verilib və nəşrə universitetin rektoru, akademik İsa Həbibbəylinin müsahibəsi daxil edilib.
Dünyanın ən məşhur universitetlərindən biri olan, uzun illərdən bəridir ki, universitetlərin beynəlxalq reytinq cədvəlinə başçılıq edən İngiltərənin 729 il bundan əvvəl yaradılmış Kembric Universitetinin təsis etdiyi “Mükəmməlliyə bələdçi. Qlobal Təhsil və İmkanlar” seriyasının 2013-cü ilə olan nəşri 8 fəsildən ibarətdir. Birinci fəsildə Kembric Universiteti və Tələbə Birliyi haqqında məlumat verilir. Kembric Universiteti Tələbə Birliyi ilk dəfə olaraq Universitetdə 1922-ci ildə Tələbələrin Milli Birliyi kimi fəaliyyətə başlayıb. 1969-cu ildə daha da genişlənərək Tələbə Təmsilçilər Assambleyası, 1985-ci ildə isə indiki adı ilə adlanmağa başlayıb. Kembric Universitetinə qəbul olan hər bir tələbə bu birliyə üzv olmaq hüququ qazanır. Birlik tələbələrə təhsil aldığı müddətdə məsləhətlər verir, nəqliyyat və poçt xidmətləri göstərir, tələbələrin cəmiyyətə inteqrasiyasını sürətləndirmək üçün dəstək olur, nəşrlərdə məqalələr çap etdirmələrinə və konfranslar keçirmələrinə köməklik edir. Birliyə üzv olmaqla tələbələr universitetin təqdim etdiyi müəyyən xidmətlərdən güzəştli şərtlərlə istifadə etmək imkanı əldə edirlər.
Kitabın ikinci fəslində Kembric Universitetinin tabeliyində olan 31 kollec (fakültə), onlardan hər birinin yaranması tarixi, inkişaf yolu və təklif etdiyi təhsil xidmətləri haqqında məlumat öz əksini tapıb. Qeyd edək ki, Kembric Universitetinin tarixini müəyyən edən ən qədim kollec sayılan Peterhouse kollecinin əsası 1284-cü ildə, ən yeni Robinson kollecinin əsası isə 1977-ci ildə qoyulub.
Üçüncü fəsildə Böyük Britaniyada təhsilin bütün növləri üzrə ibtidai, orta və ali təhsil verən 34 təhsil müəssissəsi haqqında məlumat verilib.
Dördüncü fəslə isə ibtidai, orta və yeniyetmələrin təhsili haqqında geniş məlumatlar daxil edilib. Burada Kanada, Səudiyyə Ərəbistanı, Almaniya, Hindistan, İrlandiya, Tayland, Cənubi Afrika, Meksika, Kosta-Rika, İspaniya, Türkiyə, Rusiya, Pakistan, Oman, Çin, Çili, İsveç, İsveçrə, Malta, Misir, Mərakeş, Hollandiya, Yamayka kimi dövlətlərin təhsil təcrübəsi haqqında məlumatlara yer ayrılıb.
Beşinci fəsildən Böyük Britaniya və Avropanın ali təhsil müəssissələri haqqında məlumatları əldə etmək olar. Bu fəslə Böyük Britaniya, Rusiya, Polşa, Serbiya, Hollandiya, Slovakiya, İtaliya və İspaniyanın 21 ali təhsil müəssissəsi barədə informasiyalar daxil edilib.
Dünyanın inkişaf etməkdə olan ali təhsil müəssissələri və onların əldə etdikləri uğurlar altıncı fəsildə öz əksini tapıb. Burada Azərbaycan, Rusiya, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Küveyt, Zambiya, Malaziya, Tayland, Meksika, Qətər, Çili, Braziliya, Oman, Paraqvay, Ekvador, Uqanda və Tanzaniyanın 35 qabaqcıl ali təhsil müəssissələri haqqında məlumat öz əksini tapıb.
Bu fəslə Azərbaycandan yalnız Naxçıvan Dövlət Universiteti haqqında məqalə daxil edilib. “Qlobal əlaqələr” başlığı ilə çap olunmuş məqalə 2012-ci ildə özünün 45 illik yubileyini qeyd etmiş Naxçıvan Dövlət Universitetinin Azərbaycanın ən qabaqcıl akademik qurumlarından biri olması və dünyanının 70-dən çox universiteti ilə beynəlxalq əlaqələri haqqında məlumatla başlayır. Həmçinin “Müasir təhsil müəssisəsi” başlığı ilə verilmiş bölmədə Naxçıvan Dövlət Universitetinin informasiya texnologiyaları laboratoriyaları, yaxşı təchiz olunmuş elektron kitabxanası və Wi-Fi da daxil olmaqla mükəmməl tədris imkanları olan müasir ali təhsil ocağı olması vurğulanıb. Faktiki olaraq Naxçıvan Dövlət Universitetində İnformasiya-Kommunikasiya Texnologiyalarının geniş tətbiq olunmasına misal kimi bu ali məktəbin ölkənin G4 mobil şəbəkəsi üçün ilkin sınaq meydanı olması və həmin şəbəkənin ilk dəfə Universitetdə keçirilən uğurlu sınaqlardan sonra bütün ölkədə tətbiq olunmağa başlanması qeyd olunur. Ən müasir texnoloji imkanlarla yanaşı, universitetdə konservatoriya, idman mərkəzi, Botanika bağı və klinikanın fəaliyyət göstərməsi də məqalədə nəzərə çatdırılıb.
Qeyd olunub ki, 1967-ci ildə əsası qoyulmuş Naxçıvan Dövlət Universiteti cəmi 3 tam ştat müəllimlə tədris aparan 102 tələbə ilə fəaliyyətə başlayıb. Bununla yanaşı, onilliklər boyu universitetin imkanları və tələbə sayı artıb və bu ali təhsil müəssisəsinə 1990-cı ildə indiki adı ilə birlikdə tam universitet statusu verilib. Bu gün Naxçıvan Dövlət Universiteti 10 fakultədə 52 ixtisas üzrə 5000-dən çox tələbəyə bakalavr, magistr və doktorantura proqramları üzrə təhsil verir.
Naxçıvan Dövlət Universitetində gedən geniş quruculuq işləri də kitabın redaksiya heyətinin diqqətini cəlb edib. Belə ki, universitetin dayanıqlı inkişaf etməkdə olduğu və 2005-ci ildən bəri Memarlıq və mühəndislik, İqtisad-Hüquq, Beynəlxalq Münasibətlər və Xarici Dillər, Təbiətşünaslıq-kənd təsərrüfatı və Pedaqoji fakültələri üçün yeni korpusların tikilməsi, həmçinin genişləndirilmiş yeni Tələbə evi və Sosial xidmət mərkəzinin istifadəyə verilməsi kitabda xüsusi olaraq əks etdirilib.
Avropa Rektorlar Klubuna, Asiya Universitetlər Assosiasiyasına, Qara Dəniz Universitetlər Birliyinə, Avrasiya İpəkyolu Universitetlər Konsorsiumuna üzv olan Naxçıvan Dövlət Universiteti illər boyu çoxsaylı qlobal əlaqələr qurub və hazırda üzv dövlətlərin qurumlarından olan müəssisələrlə tərəfdaş ölkələrin təşkilatlarını birləşdirən 7 TEMPUS-Avropa Cəmiyyəti sxemi layihəsində iştirak edir. Naxçıvan Dövlət Universiteti Qafqaz ali təhsil müəssisələrindən ibarət olan Qafqaz Universitetlər Birliyinin qurucularından biridir.
Universitetin geniş beynəlxalq əlaqələr şəbəkəsinə də məqalədə ayrıca diqqət yetirilib. Bu məsələ məqalədə universitetin rektoru, akademik İsa Həbibbəylinin “Möhkəm milli əsaslarla yanaşı, Naxçıvan Dövlət Universitetinin dünyanın 70-dən çox universiteti ilə beynəlxalq əlaqələri də var” sözləri ilə ifadə olunub. Bildirilib ki, universitetin akademik əlaqələri Tibb fakültəsinin tələbələrinə Türkiyə universitetlərinin xəstəxanalarında təcrübə keçməyə imkan verir. Eyni zamanda universitetdə İspaniya, İsveçrə, Fransa, Cənubi Koreya, Litva və Gürcüstanın ali məktəbləri ilə bir semestrlik və ya tədris ili üzrə tələbə mübadiləsinin də həyata keçirildiyi nəzərə çatdırılır.
Daha sonra qeyd olunur ki, beynəlxalq imkanlarla yanaşı, Naxçıvan Dövlət Universitetində canlı mədəni həyat hökm sürür. Universitetin konservatoriyası-Azərbaycanın ən gözəl incəsənət mərkəzlərindən biri-2007-ci ildə istifadəyə verilib. Universitetin çox uğurlu teatr, rəqs, xor və vokal qrupları ilə yanaşı, Televiziya Studiyası və radiosu da uğurla fəaliyyət göstərir. Naxçıvan Dövlət Universitetinin tələbələri həmçinin beynəlxalq idman arenasında da yüksək nəaliyyətlər əldə ediblər. Futbol komandası 2008 və 2010-cu illərdə tələbələr arasında milli çempionatda birinci yeri qazanıb, Ukraynada və Polşada Azərbaycan tələbə futbolunu uğurla təmsil ediblər. Universitetin veleybol komandası iki dəfə Qafqaz çempionu adına layiq görülüb, badmintonçu qızlar isə 4 dəfə milli çempionatda birincilik qazanıblar.
Kembric Universitetinin Bələdçi kitabındakı məqalədə sonda qeyd olunur ki, əlverişli beynəlxalq perspektivi, Azərbaycanın görkəmli alimləri kimi tanınan elm adamlarının da daxil olduğu professor-müəllim heyəti və dünya standartlarına uyğun imkanları ilə Naxçıvan Dövlət Universiteti Azərbaycanın aparıcı təhsil mərkəzlərindən birinə çevrilə bilməklə yanaşı, dünyanın ən yaxşı universitetləri ilə bərabər səviyyədə öz layiqli yerini tutub.
Kembric Universitetinin Bələdçi kitabında Naxçıvan Dövlət Universitetinə aid üç rəngli şəkil oxuculara çatdırılıb. Təqdim olunan fotolarda Naxçıvanda universitet quruculuğunun inkişafı, milli dəyərlərin yaşadılması və tələbə idman mühitinin uğurları canlandırılıb. Kitabda universitetin emblemi və rəsmi internet səhifəsinin ünvanı - www.ndu.edu.az əks olunub.
Məqalənin tam mətnini http://cusu-excellence2013.org/about-the-book/chapter-6/ ünvanına daxil olmaqla əldə etmək olar.
“Mükəmməlliyə bələdçi. Qlobal Təhsil və İmkanlar” kitabının VII və VIII fəsillərində Böyük Britaniyada fəaliyyət göstərən 10 təhsil müəssissəsi haqqında məlumat verilir.
Kitabının elektron versiyasını Kembric Universitetinə aid internet saytından əldə etmək olar.
Naxçıvan Dövlət Universitetinin dünyaca məhşur Kembric Universitetinin “Mükəmməlliyə bələdçi. Qlobal Təhsil və İmkanlar” kitabın0DAF yer alması mahiyyət etibarilə bu Azərbaycan ali məktəbinin Kembric reytinq kitabında özünə məxsus yer tuta bilməsi mənasını daşıyır. Bu isə Naxçıvan Dövlət Universitetinin beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, həm də bütövlükdə Azərbaycan ali məktəbinin uğurlarından biri hesab oluna bilər.
Anar KAZIMOV
Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru,
riyaziyyat üzrə fəlsəfə
doktoru




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar
19.11.2018
Noyabrın 22-i Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info