Ölkəyə ən çox valyuta gətirən meyvə xurmadır
Tarix: 24.01.2017 | Saat: 01:13:00 | E-mail | Çapa göndər


Rusiya bazarında xurmaya tələbatın 78 faizindən çoxu Azərbaycan məhsulu hesabına ödənilir

Kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərin ardıcıllığı bu sektorda bütün imkanlardan istifadə etməyə imkan verir. İlk növbədə kənd təsərrüfatı məhsulları hesabına ixracı şaxələndirməyin vacib olduğunu deyən ölkə başçısı qeyd edib ki, biz realist olmalıyıq, nəyi ixrac edə biliriksə, diqqətimizi o real sektora yönəltməliyik: “Bizə kənd təsərrüfatı məhsulları arasında ən çox valyuta gətirən fındıqçılıqdır və xurma bağlarından əldə edilən məhsulun ixracıdır. Ona görə biz bu iki istiqamətə də çox ciddi fikir vermişik. Xurma bağlarının genişləndirilməsi istiqamətində işlər gedir”. Dünya xurma bazarlarına nəzər saldıqda ölkəmizin də burada yer aldığını görürük və bu istiqamətdə fəaliyyəti daha da artırmağa ehtiyac var.

Dünyada 7 ölkədən biri
Xurma dünyada, əsasən, subtropik iqlim qurşaqlarında yetişdirilən Çin mənşəli bir meyvə növüdür. Dünyada ümumi istehsalı 4 milyon tona yaxın olan xurmanın təxminən 70 faizi Çində reallaşmaqdadır. Koreya, Yaponiya, Braziliya, Azərbaycan, İtaliya, İsrail, Özbəkistan və Türkiyədə də əhəmiyyətli miqdarda xurma istehsal edilməkdədir. Uzun illərdən bəri Çində yetişdirilməkdə olan xurmanın 2000-dən çox növü var. Yaponiyada 1300 il, Koreyada isə 500 illik bir keçmişi var. XIX əsrin sonundan etibarən xurma mülayim iqlim bölgəsində yer alan bir çox ölkədə də tanınmağa başladı. Əvvəllər Yaponiya sənayesində sürətli bir inkişaf göstərib və son illərdə ABŞ, xüsusilə Kaliforniya, İtaliya, Braziliya, İsrail və Türkiyədə müasir xurma bağları salınıb. Xurma meyvəsi təzə halda istehlakla yanaşı, qurudularaq da yeyilməkdədir. Xüsusilə uzaq Şərq ölkələrində, təzə halda yeyilmək üçün uyğun olmayan sortlarının meyvələri, bütün olaraq və ya iki, ya da dördə bölünərək ipə düzülməklə və günəşdə təxminən 1 ay müddətlə qurudulur. Ayrıca xüsusi qurutma rəflərində də qurutma əməliyyatı aparılır. Uzaq şərq ölkələrində meyvələr dondurularaq, qış ayları boyunca da satılmaqdadır. Həmçinin marmelad, keks, püre və müxtəlif souslar, dondurmalar, krem və s. istehsalında istifadə edilir. Eləcə də yarpaqlarından bəzi ölkələrdə təzə, ya da qurudulmuş olaraq çay kimi istifadə edilir.
Son məlumatlara görə, dünyada ümumi xurma istehsalı 4 milyon tona qədərdir ki, onun 2 533 899 tonunu Çin, 430 521 tonunu Koreya, 244 800 tonunu Yaponiya, 169 000 tonunu Braziliya, 132 179 tonunu Azərbaycan, 50 000 tonunu İtaliya, 24 302 tonunu isə Türkiyə istehsal edir. Adi xurmanın da içində yer aldığı cins olan Diospyros, əksəriyyəti tropik və subtropik iqlim bölgələrində yetişir ki, o təxminən 400 növü əhatə edir və yalnız 4 növü ticarət üçün yetişdirilir.


Xurma zəifliyin aradan qaldırılmasının, qan azlığı, vitamin çatışmazlığı, mədə-bağırsaq xəstəliklərinin müalicəsində faydalıdır


Qara dəniz bölgəsində tütün, çay, fındıq və çuğundur yetişən torpaqlara uyğunlaşan xurmanın yaxşı bir bazarı var. Bazarın tələb etdiyi növləri yetişdirən fermer, daxildə və xaricdə satış çətinliyi çəkmir. Avropada marketlərdə dənə ilə satılan xurmanın kilosu 1,5- 2 avroyadır. Avropada pərakəndə kilosu 3-3,5 lirə olan xurmanın İstanbul marketlərindəki qiyməti isə 5 lirə ətrafındadır. Türkiyə İsraildəki istehsalın iki qatını istehsal etməsinə baxmayaraq, xurma bazarı İsrailin əlindədir. İsrailin Avropa ölkələrinə illik 3 min ton xurma ixrac etdiyini deyən mütəxəssislər, bu vəziyyəti, "Türkiyədə istehsal edilən xurmadakı dadla əlaqələndirirlər. İsrail yetişdirdiyi xurma ağaclarından bu bəyənilməyən dadı aradan qaldırdığı üçün bazar hakimiyyətini də əlinə keçirib" şəklində açıqlayırlar.
Xurmanın müsbət tərəflərinə gəldikdə, o immun sistemini qüvvətləndirir, həzm sistemi xəstəliklərinə yaxşı təsir edir. Eyni zamanda indiki vaxtda geniş yayılan xərçəng xəstəliklərindən qorunmada əhəmiyyətli bir yer tutmaqdadır. Ümumi olaraq xurma zəifliyin aradan qaldırılmasının, qan azlığı, vitamin çatışmazlığı, mədə-bağırsaq xəstəliklərinin müalicəsində faydalıdır.
Bu meyvə yeyildikdə ishalı kəsməkdə, iştahı açmaqda, mədəni qüvvətləndirməkdə, öd hərarətini, mədə qastritini aradan qaldırmaqda, bağırsaq iltihabını yaxşılaşdırmaqdadır.

Xurma bağları genişləndirilməlidir: Avropada marketlərdə dənə ilə satılan xurmanın kilosu 2 avrodur

Son illərdə xarici ölkələrdə daha çox xurmanın bərk növünə əhəmiyyət verilməkdədir və bu növü istehsal edilməkdədir. Ona görə də dünya bazarlarında bərk sortlarını daha çox sata bilmək üçün qablaşdırma zamanı bunun hansı formada yeyildiyini ifadə edən yazılar vurulur. Xurma növlərinin çoxu, soyuq anbarda -1 və 1 dərəcədə və 80-90% nisbi rütubətdə 2-4 aya qədər mühafizə edilə bilər. Xurma meyvələri xüsusilə A vitamini və karbohidratla çox zəngindir. Bununla yanaşı, isti mülayim iqlim şərtlərinə da adaptasiya olunub. Ağac qışda yarpaqlarını tökdüyü üçün aşağı temperatura digər subtropik meyvə növlərinə görə daha dayanıqlıdır. Ümumi olaraq -12 dərəcə C-yə qədər dayana bilir, həmçinin -18 dərəcə C- yə qədər dayanan növləri də var. Bərk halda yeyilən növü yetişdirə bilmək üçün digərlərinə görə daha çox istiliyə ehtiyac duyar.
Hava rütubətinin az olduğu bölgələrdə suvarma aparılmaqla yaxşı məhsul alına bilər. Xurma ağacları, ümumiyyətlə, küləklərdə zərər görməz. Ancaq çox külək olan yerlərdə payızda, meyvə yetişən vaxtlarda meyvələr yarpaq və budaqlardan zərər görər və keyfiyyətinin düşməsinə səbəb olar.

Balakəndə quru xurma istehsalı ilə məşğul olan ilk emal müəssisəsi yaradılıb
Azərbaycanda iqtisadi rayonlar sırasında Gəncə-Qazax zonası xurma istehsalının 44 faizini təşkil edir. Ölkədə xurma istehsalı 2011-ci ildə 146 min ton olmuşdusa, 2014-cü il 140 min ton olub. Lakin son vaxtlar bu istiqamətdə tədbirlər həyata keçirilməkdədir. Belə ki, Balakəndə quru xurma istehsalı ilə məşğul olan ilk emal müəssisəsi yaradılıb. Katex kəndində qrupun üzvləri 3 hektar xurma bağından hər il orta hesabla 30-40 ton məhsul götürürlər. Rayon İcra Hakimiyyətinin məlumatına görə, xurma istehsalı Balakənin kənd təsərrüfatında ənənəvi sahələrdən sayılır. Hər il rayonun bağlarından 3 min ton xurma yığılır. Ötən il Rusiya bazarlarına 89 min ton təzə xurma ixrac edilib. Qeyd edək ki, 2015-ci ildə xurma bağlarının sahəsi 11 min hektara yaxın olub. 2001-ci ildən bu yana xurma bağlarının əkin sahəsi artıb. Belə ki, 16 il əvvəl ölkədə cəmi 5 min 500 hektarlıq xurma bağı olub. İqtisadçılar kəndliləri xurma ağacı əkməyə meyilləndirən səbəbin bu meyvənin ixrac məhsulu olmasıyla, xüsusilə Rusiya bazarındakı tələbatla izah edir.
Təbii, əkin sahəsi artdığından istehsal da artıb. 15 il əvvəl 70 min ton xurma yığılıbsa, ötən il bu rəqəm 146 min tonu keçib, artım 2 dəfədən çox olub.
Mütəxəssislərin fikrincə, Rusiya bazarında tələbatın 78 faizdən çoxu Azərbaycanın payına düşür. Rusiya 2015-ci ildə 113 min ton xurma idxal edib ki, bunun da 78,7 faizi Azərbaycanın payına düşüb. 3 ölkə içərisində Rusiya bazarına ən bahalı xurmanı Azərbaycan və Çin göndərib - hər iki ölkə üzrə hər tona 880 dollar ödənib. Göründüyü kimi, bu gün dünya xurma bazarında yer tutan ölkəmiz bu sahədə istehsalı artırmaqla ixracı da artıra bilər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info