“Bir ölkədə nə qədər çox savadlı kadr olarsa, ölkə bir o qədər güclü olar”
Tarix: 24.01.2017 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Rəsul Həşimov: “Gənclərimiz, bəzən sosial, ictimai həyatlarını, əllərində olan imkanları lazımi şəkildə qiymətləndirə, faydalana bilmirlər”

Müsahibimiz Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinin tələbəsi, universitetin Tələbə Gənclər Təşkilatının sədri Rəsul Həşimovdur. Müsahibəni oxuculara təqdim edirik:
-Özünüz barədə ətraflı məlumat verərdiniz.
-Mən, Həşimov Rəsul Ağarəhim oğlu 9 iyun 1997- ci ildə İsmayıllı rayonunda anadan olmuşam. 2003-cü ildə ibtidai təhsilə başlamışam, 2014-cü ildə isə A. Hüseynzadə adına 20 nömrəli məktəbin məzunu olub, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuşam. Hazırda Azərbaycan Dövlət İqtisad Universiteti İqtisadiyyat fakültəsinin 3 kurs tələbəsi və İqtisad Universitetinin Tələbə Gənclər Təşkilatının sədri vəzifəsində fəaliyyət göstərirəm. Daxil olduğum ildən Tələbə Gənclər Təşkilatına üzv olub, universitetin sosial həyatında aktiv iştirak etmişəm. Sonra fakültə üzrə sədr müavini, daha sonra isə fakültə sədri kimi fəaliyyətimi davam etdirdim. 2016-cı ilin oktyabr ayında 7-ci hesabat seçki konfransında səs çoxluğu ilə qalib olub, universitet üzrə TGT sədri seçildim.

-İqtisad Universiteti Azərbaycanda sayılıb-seçilən ali təhsilı ocaqlarındandır. Bu universitetin hansı özəllikləri var?
- Hər bir universitetin özünəməxsuz üstünlüyü var. O cümlədən də bizim universitetin tələbələr üçün üstün cəhətləri çoxdur. Ümumiyyətlə, qeyd edim ki, 1930-cu ildə əsası qoyulmuş Azərbaycan Dövlət İqtisad Universiteti Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil ocaqlarından biridir. UNEC-də 9 fakültə fəaliyyət göstərir, 21 ixtisas üzrə 18 mindən çox tələbə və magistrant təhsil alır. Mindən çox müəllim, o cümlədən sıralarında Milli Elmlər Akademiyasının, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvləri, Dövlət Mükafatı laureatları, Əməkdar müəllim və elm xadimlərinin olduğu 120 professor, 600 dosent çalışır.
UNEC-də dünyanın 12 ölkəsindən olan 850-dən çox tələbə və magistrant da təhsil alır.

-Bəs universitetdəki təhsilin səviyyəsi sizi qane edirmi?

-İqtisad Universitetində bugünkü təhsilin səviyyəsi bütün standartlara tam cavab verir. Elektron təhsilə keçid təhsil səviyyəsini daha da mükəmməlləşdirib və şəffaf formaya salıb. Müəllimlərimizin xarici konfranslarda aktiv iştirakı və xaricdə olan keyfiyyətli sistemin universitetimizdə tətbiqi gənclərin təhsilə olan marağını daha da artırır. İmtahan sessiyası zamanı imtahanın keçirilməsinin şəffaflığını göstərmək, bütün kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları və valideynlərin imtahan prosesini izləmələri üçün şərait yaradılıb.

-Bu gün demək olarmı ki, İqtisad Universitetində TGT aktiv fəaliyyət göstərir?

-Əlbəttə. Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Gənclər Təşkilatı 2005-ci ildə yaradılıb. Tələbələrin özlərinin idarəetmə orqanı olan TGT-nin fəaliyyəti, əsasən, tələbələrin hüquqlarını qorumaq, potensialını aşkarlamaq, tələbə şəbəkəsi ilə əhatəsini genişləndirmək, gələcəyinə fikirlərini yönəltmək və strategiyasını qurmağa dəstək olmaq, tələbələrin asudə vaxtını maraqlı təşkil etməkdir.
UNEC-in daxilində keçirilən tədbirlər, intellektual yarışmalar, debat çempionatları, sərgilər, idman yarışları, musiqi festivalları və s. kimi tədbirləri TGT-nın üzvləri və yeni üzv olan tələbələrin layihələri əsasında formalaşır. Maraq və ixtisas dairəsinə əsaslanan bu layihələri həyata keçirən layihənin müəllifidir. Tələbə ideyasını TGT Layihələr Departamentinə təqdim edir. Layihələr Departamenti ideyanı layihə kimi formalaşdırıb, mövzuya uyğun olan departamentə ünvanlandırır. Departament rəhbəri layihəni sədr müavinlərinə ünvanlandırır. Bir neçə düzəlişlərdən sonra layihə TGT sədrinə ünvanlanır. Sədr tərəfindən təsdiqini tapan layihə start halını alır. Layihəni qəbul etmiş departament ideya müəllifi olan tələbəyə lazımi məlumat və informasiyanı çatdırır. Layihə müəllifi layihəsini həyata keçirmək üçün işçi qrupu yaradaraq öz fəaliyyətinə başlayır. Layihənin məkanı və zamanı müəyyənləşdirildikdən sonra layihə başlayır.
Universitetdən kənarda keçirilən tədbirlərdə tələbələrin iştirakını könüllü təşkil etmək üçün keçirilən tədbirin mövzusuna marağı olan tələbələr cəlb edilir. Bu vəzifəni fakültə sədrləri təşkil edir. Bundan əlavə, hər fakültənin qruplar üzrə nümayəndələri olur.

Bu sistem vasitəsilə UNEC TGT tələbələrin asudə vaxtının təşkilində və onların ixtisaslarının təkmilləşdirilməsində və maraqlarının artırılmasında tələbələri düzgün şəkildə informasiyalandırmış olur.
Bu günə qədər UNEC TGT-nin gördüyü işlərdən, keçirtdikləri layihələrdən çox danışmaq olar, amma hər biri barədə geniş məlumat vermək vaxt cəhətdən mümkün deyil. Məsələn, keçən semestr ərzində hesabat seçki konfransı keçirildi, daha sonra məşhurlarla görüş, mobiloqrafiya layihəsi, Beynəlxalq Tələbə Günü ilə əlaqədər videorolikin hazırlanması, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” İntellektual yarışı, UNEC TGT CUP adlı futbol çempionatının təşkili. Novbəti semestr üçün indidən hazırlaşdığımız bur neçə layihə var, lakin onları açıqlamağın hələ tez olduğunu düşünürəm. Sadəcə, onu deyə bilərəm ki, gələcək aylarda daha yaxşı işlər görməyə və bizə olan etimadı doğrultmağa çalışacağıq.

-Artıq hər bir aktiv gənc xaricdə təhsilini davam etdimək haqqında düşünür. Sizin necə, xaricdə təhsil almaq fikriniz varmı?

-Bildiyiniz kimi, mən İqtisad Universitetində bakalavr pilləsində təhsil alıram, təhsilimi artırmaq və ali təhsilə yiyələnmək üçün təhsilimi xaricdə davam etdirmək arzusundayam. Əsas marağında olduğum ölkələr Avropa ölkələridir. Məsələn, İtaliya, İngiltərə və ya İspaniya. İxtisasım iqtisadiyyat olduğundan ali təhsilimi də bu yöndə ixtisaslaşmış Avropa universitetlərindən birində almaq istərdim. Xaricdə təhsil almaq arzusunun əsas səbəbi isə orada olan mühiti, iş sistemlərində olan müsbət cəhətləri özümdə aşılayıb dövlətimiz və xalqımıza daha da yararlı ola bilməkdir.
-Bəs xaricdə təhsilin sizə başqa hansı töhfələri olar və son illərdə xaricdə təhsil alan gənclərimizin sayının artmasına münasibətiniz necədir?

-Son illər xaricdə təhsil alan gənclərimizin sayı, həqiqətən də, xeyli artıb. Bunun əsas səbəbi gənclərin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici universitetlərə maraqlarının artması olub. Bu proqram çərçivəsində tələbənin bütün xərcləri dövlət tərəfindən qarşılanır və həmin tələbə hər ay təqaüdlə təmin edilir. Xaricdə təhsil almış gənclərin ölkə üçün daha effektli və lazımlı olduğunun şahidi oluruq. Bu proqram bizə xaricdə necə təhsil almalı olduğumuzu bilmək üçün şərait yaratdı. Bu gün nəinki dövlət hesabına, hətta öz hesabına belə, xaricdə təhsil alan tələbələrin sayı kifayət qədərdir. Xaricdə təhsil zamanı həm də gənclərimiz yeni bir mühit, yeni insanlar, yeni atmosfer ilə tanış olur və onların dünyagörüşləri, mənəvi dəyərləri daha da zənginləşir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Təhsil millətin gələcəyidir”. Bir ölkədə nə qədər çox savadlı kadr olarsa, ölkə bir o qədər güclü olar.
-Azərbaycan gəncliyinin, indiki durumunu necə xarakterizə edərdiniz?
-Bu gün Azərbaycan gəncliyi dövlətimizin uğurlu gənclər siyasəti nəticəsində uğurla inkişaf edir. Aydın məsələdir ki, heç də hər şey həmişə tam ideal ola bilməz. Təəssüflə qeyd etmək istərdim ki, yaradılan şəraitdən istifadə edə bilməyən gənclərimiz də mövcuddur. Bu gün təhsil sistemində, gənclərin sosial həyatlarında baş verən dəyişikliklərdən faydalanmaq hər bir gəncin borcudur. Bu, yalnız bizim özümüz üçün deyil, həm də vətənimizə qarşı olan borcumuzdur. Gənclərimiz, bəzən sosial, ictimai həyatlarını, əllərində olan imkanları lazımi şəkildə qiymətləndirə, faydalana bilmirlər.
Amma sosial, ictimai işlərdə aktiv iştirak edən gənclərimizin sayı durmadan artır. Ötən illərlə müqayisədə bu il təşkilatımıza üzv olanların və aktiv iştirak edənlərin sayı daha çoxdur.
Biz təşkilat olaraq, nəinki ancaq sosial, ictimai işlər, həm də tələbəçilik həyatımızı daha da maraqlı etmək üçün rayonlara turlar edir, həftə sonları kollektivlə birlikdə müxtəlif gəzintilər, futbol oyunları keçiririk.
Tural TAĞIYEV





 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info