Ramaz Sakvarelidze: “Abxaziya və Cənubi Osetiyaya xüsusi status verilməsi ilə bağlı məsələnin gündəmə gəlməsi ölkə parlamentinin gələcəkdə iki palatalı olması ilə bağlıdır”
Cari ilin payızında qonşu Gürcüstanda konstitusiya dəyişikliyi reallaşacaq. Hazırda dəyişikliklə bağlı məsələ xüsusi komissiyada müzakirə edilir. Dəyişiklikdə əsas diqqət çəkən məqam Abxaziya və Cənubi Osetiyanın vahid gürcü dövlətinin tərkibində xüsusi statuslu bölgə kimi qeyd edilməsidir.
Məsələ ondadır ki, Gürcüstan konstitusiyasının bütün redaksiyalarında bu bölgələrin muxtar qurum olduqları qeyd edilib. Amma parlamentin üzvü Zakariya Kuçnaşvilinin bu məsələ ilə bağlı açıqlamaları göstərir ki, hakim partiya olan “Gürcü arzusu” müəyyən dəyişikliyə hazırlaşır. Deputat bildirib ki, rəsmi Tbilisi “işğal olunmuş ərazilərlə” bağlı yeni addım ataraq onları ana qanunda xüsusi statuslu bölgə kimi qeyd etməlidir. Deputat qeyd edib ki, ölkənin ərazi bütövlüyünün dinc yolla bərpası çox vacibdir və buna görə vaxtında abxaz və osetinlər üçün xüsusi status yaradılmalıdır: “Əgər bizim osetin və abxaz qardaşlarımız üçün bu variant qəbul ediləndirsə, onda vaxtı gözləmədən danışıqlar masası arxasında əyləşmək lazımdır. Biz cəsarətli addım ataraq abxaz və osetin qardaşlarımıza vahid gürcü dövlətinin tərkibində xüsusi status verilməsi ilə bağlı mesajı göndərməliyik”. Politoloq Ramaz Sakvarelidze “Nezavisimaya qazeta”ya açıqlamasında bildirib ki, Abxaziya və Cənubi Osetiyaya xüsusi status verilməsi ilə bağlı məsələnin gündəmə gəlməsi ölkə parlamentinin gələcəkdə iki palatalı olması ilə bağlıdır. Bu vəziyyətdə ərazi məsələsi ən vacib məqam kimi ortaya çıxır: “İki palatalı parlamenti formalaşdırmaq üçün qeyd edilən problemi ehtiyatla həll etmək lazımdır. Fikrimcə, yeni dəyişiklik həmin bölgələrin statusunun tam şəkildə müəyyənləşməsi anlamına gəlmir. Onların statusu indiki ana qanunda da var. Sadəcə konstitusiyada elə formulirovka yazmaq lazımdır ki, gələcəkdə iki palatalı parlament yaratmaq mümkün olsun”. Maraqlıdır ki, dəyişiklik sırasında digər muxtar qurum olan Acarıstan qeyd edilməyib. Politoloq qeyd edib ki, iki palatalı parlament formalaşdırmaq istəyənlər, şübhəsiz ki, Acarıstanı da diqqətdən kənarda qoymaycaqlar. Amma Acarıstan Tbilisi üçün problem yaratmadığından bu gün onların adı hallanmır. Parlament çoxluğu hesab edir ki, dəyişikliklə bağlı məsələ 3 ay ərzində yekunlaşacaq və onun geniş müzakirəsi keçiriləcək. Venesiya komissiyası ilə müzakirə keçirilməsi də nəzərdə tutulub. Konstitusiya sahəsində ekspert olan Vaxtanq Dzabiradze hesab edir ki, hökumətin 3 aylıq vaxt məhdudiyyəti doğru deyil. Konstitusiya komissiyasını üzvü olan Vaxtanq Xmaladze bildirib ki, onlara çoxlu dəyişiklik təklifi gəlib. 3 ay ərzində onları tam şəkildə müzakirə etmək çətin olacaq. Ekspert qeyd edib ki, təkliflərin bir çoxu ictimai müzakirə tələb edir: “Ən problemli məsələ parlament və prezident seçkiləridir. Prezidentin parlamentdə seçilməsi tələb edilir. Bu iki məsələ siyasi yükü ağır olan məsələlərdir. Burada maraqlar toqquşduğundan hansısa məhdud vaxt ərzində razılaşmaq çətin olacaq”. Ekspert Ramaz Sakvarelidze bildirib ki, indiki ana qanun Saakaşvili dönəmində hazırlanıb və əsas məqsəd onun baş nazir kimi karyerasını davam etdirməsinə hesablanmışdı: “Parlament Kutasiyə köçürülmüşdü. Ölkədə müxalifət aksiyalarını parlamentin qarşısında keçirirdi. Köçürmədən sonra bu məsələ aradan qalxmışdı. Kimdir aksiya üçün Tbilisidən Kutaisiyə gedən. Elə Saakaşvilinin də məqsədi həmin aksiyalardan qurtulmaq idi. Bundan başqa ana qanunda bir-birini təkzib edən çoxlu məqamlar var ki, onları dəyişmək zamanıdır”.
Anar
|