Azərbaycan nar ixracı üzrə dünyada rəqabətədavamlı ölkə kimi çıxış edə bilər
Tarix: 27.01.2017 | Saat: 01:11:00 | E-mail | Çapa göndər


Sahibkarlarımız nar idxalında maraqlı olan Belarus şirkətləri ilə əlaqə yaratmalıdır
Ölkədə kənd təsərrüfatında görülmüş operativ tədbirlər nəticəsində ötən il bu sektorda 2,6 faiz artım qeydə alınıb. Bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi, artıq bir çox sahələrdə ixracın genişləndirilməsinin vacib olduğunu göstərir. Kənd təsərrüfatının bütün sahələrində inkişafın önəmli olduğunu deyən ölkə başçısı bildirib ki, bu sektor ən böyük potensiala malikdir: “Hesab edirəm ki, biz görüləcək tədbirlər sayəsində kənd təsərrüfatı məhsulları ixracını iki dəfə artıra bilərik, ixracı şaxələndirməliyik”. O da vurğulanıb ki, bir çox sahələrdə istehsal artırılır, o cümlədən nar, xurma bağlarının genişləndirilməsi istiqamətində işlər gedir.

Türkiyə 4 ilə nar ixracından gələn gəliri 9,4 milyon dollardan 111,6 milyon dollara çatdırıb
Bu gün dünyada istehsalı getdikcə artan kənd təsərrüfatı məhsullarından biri də nardır. Dünya bazarlarında önəmli yer tutan nar ölkələr arasında rəqabəti daha da gücləndirir. Hazırda dünyada 2.500.000 tondan artıq nar istehsal edilir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son məlumatına görə, dünyanın ən çox nar istehsal edən ölkələri Hindistan, İran, Türkiyə, İspaniya və Tunisdir.
Ana vətəni Cənubi Asiya, Yaxın Şərq, İran, Əfqanıstan, Cənubi Qafqaz, Anadolu hesab edilən nar dünyada, əsasən, ABŞ, Argentina, Azərbaycan, Çin, Mərakeş, Fələstin, Hindistan, İraq, İspaniya, İsrail, İtaliya, Kipr, Misir, Pakistan, Peru, Özbəkistan, Suriya, Səudiyyə Ərəbistanı, Çili, Yuqoslaviya, Yunanıstan, Tacikistan, Tailand, Tunis və Türkmənistanda geniş yayılıb. Dünya üzrə nar istehsalının 45 faizi Hindistanın, 28,2 faiz İranın, 28 faizi isə Çinin payına düşür. Aralıq dənizi hövzəsində Tunis, Mərakeş, İsrail illik 30 min ton nar istehsal edən ölkələrdir. Qafqazda Gürcüstan, Orta Asiyada Tacikistan, Qırğızıstan, cənub yarımkürədə Argentina, Avstraliya, Cənubi Afrika Respublikası və Peru narın istehsalı ilə məşğul olan qabaqcıl ölkələrdir. Dünyada narın 500 növü var. Ancaq bunlardan az bir qismi (təxminən 60 sort) ticari sortlardır.

“Azərbaycanda mövcud olan nar bağlarının 20 faizi, nar ağaclarından toplanan məhsulun isə 30 faizi Göyçayın payına düşür və burada narın 67 sortu yetişdirilir”

Dünyanın ən yaxşı və şirin narları arasında Əfqanıstan narının da adı var. Ümumiyyətlə, narın son illərdə yüksək səviyyədə antioksidant xüsusiyyətlərinin kəşf edilməsi, hüceyrələri sərbəst radikalların zərərlərindən qoruması səbəbi onu ABŞ və Avropada çox sevilən bir meyvə halına gətirib. ABŞ-da nar bazarı Kaliforniyanın San Joaquin vadisindəki nar istehsalı ilə yanaşı, İsrail, Türkiyə, Livan, Yunanıstan və Meksikadan edilən idxalla təmin edilir. Əfqanıstanda narın bir-birindən fərqli 48 növü var. Əfqan fermerlər nar yetişdikdə təxminən hər nar sahəsi üzrə 2 min dollar qazana bilirlər. Türkiyə isə nardan 2009-cu ildə 9,4 milyon dollar olan ixracı sürətlə artıraraq, 2013-cü ildə bu rəqəmi 111,6 milyon dollara, 2014-cü ildə 108,4 milyon dollara çatdırıb.
Bu gün nar idxal etmək istəyən ölkələrdən biri də Belarusdur. Belarusda 1993-cü ildən bu yana qida məhsulları mövzusunda fəaliyyətləri olan 450 kiçik, 35 böyük mağaza sahibi olan böyük bir pərakəndə firma meyvə və tərəvəz idxal etmək istədiklərini, amma xüsusilə bu günlərdə nar satın almaq istədiklərini bəyan ediblər. Hətta bu məqsədlə türk tədarükçülərindən qiymət təklifləri tələb ediblər. Əsasən, meyvə olaraq insanların dadından xoşlandığı nar sənayedə də istifadə edilir. Belə ki, yun ipliklər sarımtıl rənglərə boyana bilər. Ayrıca meyvə və gövdə qabıqları yun ipliklərin qara rəngə boyanmasında da istifadə edilir.
Nar bitkisinin minlərlə ildir istifadə edilməsinin ən əhəmiyyətli səbəbi də sahib olduğu tibbi xüsusiyyətləridir. Nar ağacları özündə 20 faiz nisbətində müxtəlif alkaloidlər daşıyır. Narın daşıdığı alkaloidlərin ən əhəmiyyətlisi toksik xüsusiyyəti olan Pelletier alkolididir. Bu maddə uzun zamandan bəri bağırsaq qurdları və tenyaların salınmasında istifadə edilirdi. Daha çox nar ağacının qabıqlarında olan bu maddə çox zəhərli olduğu üçün indiki vaxtda istifadə edilmir. Bundan başqa, nar sahib olduğu yüksək miqdarda tanenlə bağlı yaxşı bir damar büzücüdür. Bu baxımdan nar müxtəlif daxili qanamalarda qan dondurucu kimi, xaricdən də müxtəlif axıntıların qarşısının alınmasında istifadə edilir. Nar bitkisinin bütün növləri antibakterial və antiviral xüsusiyyətə malikdir. Bu səbəblə də keçmişdə kolik, dizenteriya kimi xəstəliklərin müalicəsində istifadə edilirdi. Bunlardan başqa, yeni elmi işlərdə nar suyunun prostat xərçəngində, şəkərdə, lenfomada, soyuq dəymədə, arterosklerosisdə müalicəvi xüsusiyyəti olduğu isbat edilib.

Hər il məhsulun 60 faizi Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılır
Azərbaycanda iqtisadi rayonlar sırasında Aran iqtisadi zonası nar istehsalının 79 faizini təşkil edir. 2003-2013-cü illər ərzində Azərbaycanda nar bağları 10353 ha artıb, 1 hektardan orta məhsuldarlıq isə 7,3 faiz artaraq 8,94 tona çatıb. Azərbaycan nar müxtəlifliyi və nar sortlarının miqdarına görə dünyada birinci yerdədir. Bunlar həm morfoloji-bioloji xüsusiyyətlərinə, meyvələrin keyfiyyətinə, həm də yetişmə vaxtlarına görə bir-birindən fərqlənir. Yeni nar bağından orta hesabla 170-180 sentner məhsul alınarsa, satışdan 3500-4000 manat mənfəət əldə etmək olar.
“Azərbaycan nar ixracı üzrə dünyada xüsusi rəqabətədavamlı ölkə kimi çıxış edə bilər”. Bu sözləri Ümumdünya Soyuducu Anbarlar Alyansının Beynəlxalq Proqramlar üzrə vitse-prezidenti Riçard Treysi deyib. O bildirib ki, Azərbaycan dünyanın ən dadlı bir sıra məhsullarına malikdir. Azərbaycanın ABŞ və ya dünya bazarında rəqabətədavamlı məhsul ixrac etməsi üçün imkanları var. R.Treysi qeyd edib ki, dünyada elə məhsullar var ki, onların rəqabətədavamlılığı qiymət əsasında yoxlanılır: “Ancaq qeyd etməliyəm ki, sizin nar kimi məhsulda böyük üstünlüyünüz var. Dünyada bu məhsulun ixracı üzrə xüsusi bir rəqabətədavamlı ölkə kimi çıxış edə bilərsiniz”.
Onu da qeyd edək ki, ölkə başçısının təşəbbüsü ilə 2006-cı ilin noyabrından başlayaraq hər il Göyçayda ənənəvi olaraq nar bayramı keçirilir. Ötən il Göyçayda XI nar bayramı keçirildi. Rayonun 30-dan çox kəndinin nar və nar məhsullarından ibarət sərgisi təşkil edildi. Bu bayram son illər Göyçayda narçılığın inkişafına təkan verib. Azərbaycanda mövcud olan nar bağlarının 20 faizi, nar ağaclarından toplanan məhsulun isə 30 faizi Göyçayın payına düşür və burada narın 67 sortu yetişdirilir. Hər il məhsulun 60 faizi Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılır. Son 3 ildə rayonda 230 hektar sahədə yeni nar bağı salınıb. Göründüyü kimi, ölkədə nar bağlarının artırılması istiqamətində işlər gedir. Bu isə nar istehsalının artırılması, dünyada nar ixracında öz sözümüzü deməyə imkan yaradacaq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info