Çayçılığın bərpası yüz minlərlə iş yeri və milyonlarla dollar vəsait qazandıracaq
Tarix: 31.01.2017 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


“Biz özümüzü keyfiyyətli çayla təmin etməliyik və
xaricə də Azərbaycanda yetişdirilən çay ixrac etməliyik”


Kənd təsərrüfatının əsas istiqamətlərdən biri olan çayçılığın əvvəlki şöhrətini qaytarmaq, bitkiçiliyin ənənəvi sahələrinin inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir. Son vaxtlar bu sahədə ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bu sektorda məhsuldarlığın artırılması ölkənin təminatı ilə yanaşı, ixrac potensialının artırılmasına imkan verəcək.
Nazirlər Kabinetinin son iclasında çıxışı zamanı ölkə başçısı bildirib ki, çayçılığı bərpa edirik, indi yüzlərlə hektar çay bağları salınıb, çayçılıqla bağlı yeni texnologiyalar var və bu da cənub zonasının iqtisadi inkişafını təmin edəcək: “Biz özümüzü keyfiyyətli çayla təmin etməliyik və xaricə də Azərbaycanda yetişdirilən çay ixrac etməliyik. Çünki hazırda biz daha çox xaricdən gətirilən çayı burada paketləyib ixrac edirik. O da yaxşıdır. Hər halda, çayı idxal etməkdən daha yaxşıdır. Ancaq çalışmalıyıq ki, bizim emal müəssisələri yerli məhsul əsasında fəaliyyət göstərsin və bu, təkcə çayçılığa aid deyil. Biz çalışmalıyıq ki, Azərbaycanda məhsullar yerli xammal əsasında istehsal olunsun və ixrac edilsin”. Qeyd edək ki, dünən keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı maksimum dərəcədə idxaldan asılılıq azalmalı olduğunu deyən Prezident bildirib ki, bu, həm təhlükəsizlik üçün lazımdır, həm də biz valyutamıza qənaət etməliyik. Ölkə başçısı çayçılığın, inkişafının da diqqət mərkəzində olduğunu söyləyib.

Ən çox çay istehlak edən ölkələr İngiltərə, Rusiya, Pakistan, ABŞ və ərəb ölkələridir

Bu gün dünyada çayçılığın inkişafına nəzər saldıqda maraqlı faktlar ortaya çıxır. Çay nəmli iqlimlərdə yetişən, yarpaqları içki maddəsi çıxarmaqda istifadə edilən bir bitkidir. Çay subtropik və tropik iqlimlərdə, xüsusilə dağlıq bölgələrdə yetişdirilir. Ən əhəmiyyətli çay istehsal edən ölkələr Çin, Hindistan, Keniya, Şri-Lanka və Türkiyədir. Bu ölkələr dünya çay istehsalının dörddə üçünü təşkil edir. Yaponiyada yalnız yaşıl çay istehsal edilir. Yaponiyada çay sırf maşın ilə toplansa da, yüksək keyfiyyətə malikdir. Ən çox çay istehlak edən (idxal edən) ölkələr isə İngiltərə, Rusiya, Pakistan, ABŞ və ərəb ölkələridir. Çay, dünyada sudan sonra, ən çox içilən və içmə vərdişi getdikcə artan bir bitki olaraq 5000 illik bir tarixə malikdir. Çay yarpaqlarında kofein, tein, teofillin, teobromin alkolitleri, tanen, uçucu yağ və az da olsa, B vitamini var. Çayın faydalarına gəldikdə damarlardakı qan dövranını nizamlayır, həddindən artıq miqdarda olmamaq şərti ilə içilsə, bədəni və zehni yorğunluğu aradan qaldırır, sinirləri sakitləşdirir, həzmi asanlaşdırır, damar kirəclənməsinin qarşısını alır. 2014-cü ildə dünya çay bazarı 18 milyard dollar təşkil edib. Dünya çay istehlakının 97 faizi qara, 3 faizi yaşıl çaydan ibarətdir. Dünyada 30-dan çox ölkədə çay becərilir.

Hindistanın çayçılıq sahəsində əksəriyyəti qadın olan 3,5 milyon insan çalışır

Min illərdir Şərq dünyası xoşbəxtlik, sağlamlıq və müdriklik gətirəcəyinə inanaraq istehlak etdiyi çayı, öz mədəniyyətinin çox əhəmiyyətli bir parçası olaraq qəbul edib. Qərb isə tanımağa başladıqdan sonra çayın faydalarını gördükdə onu daha çox istehlak etməyə başladı. Son tədqiqatlar bəzi çayların, çəkini azaltdığını və xolesterolu aşağı saldığını, bəzi xərçəng növlərini, ürək və diabet kimi xəstəliklərin qarşısını almağa kömək etdiyini aşkarlayıblar. Bu səbəblə tibbi baxımdan məşhurluğu artan çay sektoru hər il 6 faiz artır. Çay istehsal edən ölkələrin bir qismi çay istehlak edən ölkələr sırasında geridə olsa da, ixracat etməklə gəlir əldə etməyi bacara bilirlər. Qabaqcıl ölkələrin istehsal-ixracında son üç ildə yaranan qiymətlərə gəldikdə görünür ki, məsələn Çində 2015-ci ildə istehsal 2,005.0 min ton, ixracat 257,8 min ton, ixrac qiyməti isə 3,70 dollar təşkil edib. Hindistanda isə həmin ildə istehsal 1.175.7 min ton, ixrac 217,6 min ton, ixrac dəyəri isə 2,45 dollar olub. Dünya çay bazarında, keyfiyyətə əhəmiyyət verilməsi ilə yanaşı, yeni məhsulların təqdim edilməsi də bazarın böyüməsində əhəmiyyətli faktordur. Fərqli çay növləri üzərində aparılan işlər bu mənada böyük əhəmiyyət kəsb edir. Dünya çay sektoru 12,5 milyard dollar istehlak gəliri və 3.5 milyard dollar ixrac gəliri olan nəhəng bir sektordur. Digər xüsusiyyətlərindən biri də bir çox kasıb ölkənin ən əhəmiyyətli gəlir mənbəyi olması ilə yanaşı, yalnız istehlakçıların deyil, toplayanların, tədarükçülərin, satıcıların və böyük bir zəncir təşkil edən milyonlarla insanın həyatına və rifahına təsir edən bir məhsul olmasıdır. Bu sahədə qabaqcıl ölkələrin çay ixracından əldə etdiyi gəlirlərə gəldikdə isə məsələn, Keniya 1,2 milyard dollar, Çin 953 mln. dollar, Şri- Lanka 763 mln. dollar, Hindistan 533 mln. dollar gəlir əldə edir. Bu gün sektorda marka olmanın və hər il 6 faiz ətrafında böyüyən bazardan pay ala bilmək üçün mübarizə gedir.
Bu gün Şri-Lankada quru sahəsinin təxminən 3 faizini əhatə edən 203 min hektar sahədə çay becərilir. Ölkə, dünya çay sektorunda 7,9 faiz paya malikdir. İstehsalının çox böyük bir qismi ixrac edilir. Sri-Lankada adambaşı çay istehlakı 0.52. kq-dır. Keniyada adambaşı illik çay istehlakı 0.47 kq-dır. Hindistan isə çayçılıq sahəsində 157 min 504 kiçik müəssisəyə sahibdir və bu sektorda əksəriyyəti qadın olan 3,5 milyon insan çalışır. Adambaşına çay istehlakı 0.70 kq-dır.

Türkiyənin çay ixrac etdiyi ölkələrin sayı 85-ə çatıb

Çay sektorunun 2030-cu ildəki vəziyyəti ilə bağlı dünya üzrə təqdim edilən mənfi cədvəl əhəmiyyətli dəyişiklikləri ehtiva edir. Bu dəyişmələr nəzərə alınmasa, çayla bağlı çətin vəziyyət yarana bilər. Proqnozlarda göstərilir ki, gənc nəslin çay istehlak vərdişi inkişaf etdirilməlidir, dəyişən iqlim şərtlərinə uyğun, həşərat və ziyanvericilərə qarşı yeni növlər inkişaf etdirilməlidir. Yaşıl yarpaq çay daxil olmaqla bütün məhsullara beynəlxalq standart qazandırılmalıdır. Dünyada çay əkinçilik sahələri təxminən 2 milyon 500 min hektardır. Bu sahənin 86 faizi Asiya, 9 faizi Afrika, qalan 5 faizi Cənubi Amerika, Okeaniya və Rusiyanın payına düşür. Dünyada quru çay istehsalı 2 milyon 600 min tondur. Bunun 82,5 faizi Asiya, 14,7 faizi Afrika, 2,8 faizi Cənubi Amerika, Okeaniya və Rusiyada istehsal edilir. Dünyada istehsal olunan quru çayın 42,5 faizi ixrac edilir.
İllik adambaşına çay istehlak miqdarları yüksək olan ilk 5 ölkə isə İrlandiya (3.17 kq), Küveyt (2.66 kq), İngiltərə (2.46 kq), Türkiyə (2.36 kq) və Qətərdir (2.00 kq). Türkiyə çay təsərrüfatı sahələrinin genişliyi baxımından dünyada 6-cı, quru çay istehsalı cəhətdən 5-ci sırada, illik adambaşına istehlak baxımından isə 4-cü sırada yer alır. Türkiyə 2016-cı ildə çay ixracından 24 milyon 71 min 508 dollar gəlir əldə edib. Beləliklə, Türkiyənin çay ixrac etdiyi ölkələrin sayı 85-ə çatıb. Bugünlərdə bəllli olub ki, “Çaykur” İsrail bazarına girməyə hazırlaşır.

Vaxtilə SSRİ-nin çaya olan tələbatının 10 faizi Azərbaycanın çayı hesabına ödənilib

Azərbaycanda çay, əsasən, cənub rayonlarında, Lənkəran, Astara, Masallı, Zaqatalada yetişdirilir. Ölkədə ilk dəfə çay zavodu 1937-ci ildə Lənkəranda tikilib. Bundan sonra çayın kütləvi şəkildə istehsalına başlanılıb. 1970-80-ci illərdə 36 min hektar sahədə çay əkilib və 34 min tondan çox çay istehsal edilib. Həmin vaxt 15 zavod tikilib. SSRİ-nin çaya olan tələbatının 10 faizi Azərbaycanın çayı hesabına ödənilib. Bakıda və Lənkəranda çayı qablaşdıran iki nəhəng fabrik fəaliyyət göstərirdi. Ölkədə hər il 10 min tondan artıq çay içilir. Bunun cəmi 5 faizi ölkədə istehsal edilir. Ən çox çay istehsalçıların biri olan Masallıda çay əkininə ötən əsrin 30-cu illərinin sonu, 40-cı illərinin əvvəllərində başlanılıb. 1990-cı illərə qədər rayonda 4 min hektara yaxın sahədə çay plantasiyası olub. Əkilən sahələrdən ildə 11 min ton yaşıl çay yarpağı yığılıb. Çay plantasiyalarının hər hektarından 50-60 sentner məhsul əldə olunub. Yığılan yaşıl çay yarpağı rayonda fəaliyyət göstərən 5 çay emalı fabrikində emal edilib. Mütəxəssislərin fikrincə, cənub bölgəsində çayçılıq təsərrüfatları tam bərpa edilərsə, yüz minlərlə insan işlə təmin olunar, il ərzində dövlət büdcəsinə milyonlarla manat vəsait daxil olar. Hazırda Masallı rayonunda 43 hektar çay plantasiyası var. Bunun 5 hektarı əvvəlki illərdə, 38 hektarı isə yeni salınmış plantasiyalardır. Ötən il rayonda çayçılığın əvvəlki şöhrətini bərpa etmək məqsədilə bu il 100 hektar sahədə ən yeni texnologiyaya əsaslanan çay plantasiyası salınması üçün hazırlıq işləri aparıldı və yaxın gələcəkdə çay plantasiyalarının sahəsinin ən azı 1400 hektara çatdırılması mümkündür. Ümumiyyətlə, cənub bölgəsində çayçılıq hazırda özünün yeni inkişaf mərhələsini yaşayır. Ötən il Lənkəran rayonunun çay plantasiyalarından 313 ton məhsul toplanılıb. Bu, əvvəlki illə müqayisədə 3 dəfə çoxdur. Astarada isə məhsul istehsalı 53,2 faiz artaraq, 345 hektardan 645,4 ton yaşıl çay yarpağı yığılıb.
Artıq bu istiqamətdə həyata keçirilən və reallaşdırılan tədbirlər, çay sahələrinin genişləndirilməsi idxaldan asılılığı azaltmaqla yanaşı, ixracın da yaranmasına imkan yaradacaq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Türkiyə və Azərbaycan arasındakı ticarət əlaqələrində yeni dövr başlayacaq”
11.12.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 4 milyondan çox sərnişinə xidmət göstərib
11.12.2018
Azərbaycanla Türkiyə arasında qarşılıqlı investisiyaların həcmi artıb
11.12.2018
Şəkidə quru tütün istehsalının 2850 tona çatacağı gözlənilir
11.12.2018
Bakıda Azərbaycan-Türkiyə kənd təsərrüfatı forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10524

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info