Londonda Azərbaycanı və Qafqazı öyrənən fondun təqdimatı keçirilib
Tarix: 31.01.2017 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Azərbaycan və Böyük Britaniya arasında qarşılıqlı münasibətlərin elmi, humanitar, mədəni və digər sahələrdə inkişafında yeni mərhələ Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun yaradılmasıdır (www.bfsac.org.uk).
Dünyanın ən böyük dekorativ-tətbiqi incəsənət və dizayn muzeyi olan, 1852-ci ildə əsası qoyulmuş Viktoriya və Albert Muzeyində Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun (2016-cı il sentyabrın 27-də rəsmi qeydiyyatdan keçib təsis edilən) təqdimat mərasimi keçirilib.
Təqdimatda Böyük Britaniya və Azərbaycan ictimaiyyətlərinə Fondun fəaliyyət istiqamətləri elan olunub.
Bu Fond Birləşmiş Krallıqda elm və mədəniyyət sahələrində Azərbaycan və Qafqazla bağlı aparılan bütün işlərin davamlı, uğurlu, perspektivli olmasını və beynəlxalq akademik səviyyəsini təmin etmək məqsədilə şəffaf və ədalətli dəstək üçün yaradılıb.
Azərbaycana həsr olunmuş bu cür mühüm tədbir ilk dəfə idi ki, yerli qüvvələrin, ingilis elmi-ictimai, mədəni-siyasi strukturlarının yüksək dəstəyi ilə, bütün ənənəvi qaydalara riayət etməklə və bu hadisəyə uyğun olaraq nüfuzlu incəsənət məbədində - Viktoriya və Albert Muzeyində keçirildi.
Tədbirdə Birləşmiş Krallığın elmi akademik dairələrinin nüfuzlu üzvləri, Böyük Britaniya hökuməti və parlamentini təmsil edən şəxslər, Böyük Britaniya Baş nazirinin Azərbaycan, İraq və Türkmənistan ilə ticarət üzrə xüsusi nümayəndəsi Baronessa Nikolson, Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvləri Lord Malkolm Brus və Lord Maykl German iştirak ediblər.
Tədbirdə, həmçinin diplomatik missiyaların və yerli işgüzar dairələrin nümayəndələri də iştirak edirdilər.
Gecədə Azərbaycandan da fəxri qonaqlar - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə, AMEA-nın akademiki, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı, professor Vasim Məmmədəliyev, Azərbaycan Yazıçılar İttifaqının sədri, Xalq Yazıçısı Anar Rzayev, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, eləcə də orta biznesin nümayəndələri və Böyük Britaniyada yaşayan azərbaycanlılar iştirak edirdilər.
Gecənin açılışında Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun sədri, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin rəhbəri, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, professor Nərgiz Paşayeva qonaqları salamlayaraq bu cür tanınmış və nüfuzlu alimlərin Fondun təqdimat mərasiminə dəstəyini və marağını məmnunluqla qarşıladığını qeyd etdi. Giriş nitqində professor Nərgiz Paşayeva Oksford Universiteti nəzdində 2013-cü ildən fəaliyyət göstərən Nizami Gəncəvi Mərkəzinin (http://www.orinst.ox.ac.uk/research/nizami-ganjavi/), Azərbaycanın tarixi-mədəni, mənəvi irsinin öyrənilməsi və təbliğində aparılan işlərin və ölkəmiz üçün vacib olan bu Mərkəzin elmi-strateji məqsədlərinin əhəmiyyətini vurğulayıb. Professor Nərgiz Paşayeva giriş nitqində deyib: “Tərəfimizdən yaradılan Britaniya Fondu - bizim başladığımız iş, bizim təşəbbüsümüz müvəqqəti, ötəri, formal xarakter daşımır. Artıq üç ildən çoxdur ki, biz Oksford Universitetinin bir hissəsiyik, burada yaradılmış Nizami Gəncəvi adına Elmi Mərkəzin nəzdində Azərbaycan elmini təmsil edirik. İşlədiyimiz 5 illik akademik elmi-tədris planı iki ildən sonra başa çatır. Vacib amil ondan ibarətdir ki, bu, sadəcə universitetlərarası münasibətlərin təcrübə mübadiləsi mərhələsi deyil, çünki biz Oksford Universitetində tamamilə yeni akademik, peşəkar qurumu təmsil edirik. Biz bütün universitet prosesinin bir hissəsiyik və Azərbaycanın Oksford Universiteti ilə ilk akademik sabit və ciddi əlaqəsiyik. Bizim əsas məqsədimiz əbədi Oksford Universitetinin ayrılmaz tərkib hissəsi olmaq, dünyanın tanınmış, nüfuzlu intellektual cəmiyyətinə daxil olmaqdır. Biz yaxşı anlayırıq ki, bu sadə, bəsit və yüngüllüklə əldə edilən yol deyil. Buna görə də biz tez və asan uğura köklənməmişik. Qarşılıqlı istək və Oksford Universitetindəki hörmətli həmkarlarımızın dəstəyi sayəsində biz mühüm, başlanğıc və vacib akademik addımlarımızı atdıq”.
Professor Nərgiz Paşayeva Azərbaycanın Şərqdə demokratik dəyərlərin formalaşmasında və dünya mədəni irsinə töhfəsində xüsusi rolunu qeyd edib: “Böyük Britaniya güclü ənənələri və şanlı tarixi olan böyük dövlətdir. Mənim ölkəmin - Azərbaycanın da fəxr olunası dəyərləri var. Müsəlman dünyasında ilk parlamentli respublika 1918-ci ildə məhz Azərbaycanda yaradılıb. Azərbaycan Demokratik Respublikası qısa müddət ərzində Şərqdə demokratik parlament sistemi üçün şərait yarada bildi. 1918-ci ildə müstəqil Azərbaycanın bütün vətəndaşları milliyyətindən və dinindən asılı olmayaraq bərabər hüquqlar əldə etdi, ilk universitet yaradıldı, parlament çoxpartiyalı idi, kişilər və qadınlar bərabər səs hüququna malik idi. 1919-cu ilin noyabrında mətbuat üzərində senzura ləğv edildi. 60 qəzet və jurnal buraxılırdı, dini fanatizmi tənqid edən karikaturaların dərc olunduğu kəskin satirik jurnallar çap olunurdu. Üzeyir Hacıbəyli tərəfindən Şərqdə ilk peşəkar muğam operası yaradıldı, mesenat Zeynalabdin Tağıyevin köməyi ilə qızlar üçün dünyəvi gimnaziya açıldı, Azərbaycan ədəbiyyatında yeni janrlar yarandı, səhnə incəsənəti və teatr inkişaf etdi, qədim Şərq şəhərində Avropa memarlıq ənənələrinə uyğun binaların tikintisinə başlanıldı və nəticədə bu ona gətirib çıxardı ki, Bakı Şərq və Qərbi birləşdirən rəmzə çevrildi. 1918-ci ilin dekabrında Bakının general-qubernatoru, Britaniya təbəəsi Tompson Bakıda parlament binası üzərində müstəqil Azərbaycanın üçrəngli milli bayrağının daimi ucaldılması barədə fərman imzaladı”.
Nərgiz Paşayeva bildirib ki, bu Fond şəxsi maraqları ilə məhdudlaşan və özünün heç bir həqiqi zəhməti olmadan şəxsi reklamla çırpışanlara deyil, həqiqi istedadlara və qiymətli ideyalara dəstək və inam verəcək.
Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin professoru, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Britaniya tərəfdən rəhbəri professor Edmund Hertsoq çıxışında Britaniya akademik dairələrində Azərbaycanın və Qafqazın dərindən öyrənilməsinin əhəmiyyətini qeyd edib: “Məndən əvvəl çıxış edən professor Nərgiz Paşayeva Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondu haqqında kifayət qədər ətraflı məlumat verdi. Azərbaycan və Qafqazın dərindən öyrənilməsinin Britaniyanın akademik dairələri üçün nə dərəcədə vacib məsələ olduğunu bir daha vurğulamaq istəyirəm. Lakin bu sahədə həm Böyük Britaniya universitetləri, həm də digər ölkələrin universitetlərində mövcud olan vəziyyət haqqında bir qədər fikirlərimi bildirmək, Oksford Universitetində Nizami Gəncəvi proqramı çərçivəsində görülən işlərdən bəhs etmək və gələcək planlarımız haqqında fikir mübadiləsi aparmaq istərdim”.
Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun Britaniya tərəfdən təsisçisi Lord Malkolm Brus çıxışında qeyd edib ki, Azərbaycandakı tolerantlıq bir çox ölkələr üçün örnək ola bilər
Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Britaniya tərəfdən rəhbəri, Oksford və Nyu-York universitetlərinin professoru Robert Hoyland da tədbirin əhəmiyyətini vurğulayıb: “Mən ilk növbədə professor Nərgiz Paşayevaya xüsusi təşəkkürümü bildirmək istərdim. Onunla ilk görüşümüz 2013-cü ildə olmuşdu. Mən həmin vaxt Azərbaycanda arxeoloji qazıntıların imkanlarını öyrənmək istəyirdim, çünki bundan öncə Suriya və İraqda apardığım arxeoloji qazıntılar təəssüflər olsun ki, vaxtından əvvəl bitməli idi. Görüşümüzün ən gözəl təəssüratı ondan ibarətdir ki, bu işlərimizin qərəzsiz, təfərrüatlı və heç bir müdaxilə olmadan həyata keçirilməsi üçün bizdə, demək olar, eyni həvəs var idi. Gənc tələbələrə istər maliyyə, istərsə də intellektual baxımdan hərtərəfli yardımın göstərilməsi də bizi birləşdirən ümumi məqsəd və amallarımızdan biri idi. Bu ilk təşəbbüsümüz getdikcə bizi daha geniş üfüqlərə gətirib çıxarmışdı ki, onların nəticələrindən biri Oksford Universitetində Nizami Gəncəvinin adını daşıyan belə bir elmi mərkəzin açılması, müxtəlif elmi əsərlərin Azərbaycan və rus dillərindən ingilis dilinə tərcümə edilməsi və beləliklə, tələbələr üçün daha geniş imkanların yaradılmasından ibarət idi”.
Qeyd edək ki, Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondu Azərbaycanın qədim şəhəri Bərdədə Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin alimləri tərəfindən aparılan arxeoloji qazıntılara da mühüm dəstək göstərib. Tədbir zamanı qonaqlara professor Robert Hoylandın rəhbərliyi altında keçirilən bu elmi-arxeoloji ekspedisiyanın nəticə və tapıntıları təqdim olundu. Təqdimatı interaktiv formatda doktor Pol Vordsvos keçirdi. Qonaqlar böyük maraqla indiyədək məlum olmayan unikal faktların açıqlandığı məruzəni dinlədi. Bu araşdırmalar çox mühüm elmi nailiyyətdir və şübhəsiz ki, Azərbaycanın tarix salnaməsində öz yerini alacaqlar.
Gecənin qonaqları Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun təqdimatı barədə təəssüratlarını bölüşüblər.
İngiltərə-Azərbaycan Cəmiyyətinin Britaniya tərəfdən həmsədri, Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord Maykl German Fondun yaradılması və fəaliyyətinin vacibliyini qeyd edib: “Azərbaycanın sehri ondadır ki, bu ölkəni çoxları tanımır. Bu, Şərqlə Qərbi, Şimalla Cənubu özündə birləşdirən, bəşəriyyətə, onun mədəniyyəti və irsinə unikal töhfə vermiş çox gözəl diyardır. Azərbaycan bəşəriyyətin inkişafı yolunun ən yaxşı cəhətlərini qəbul edib. Ona görə də bu ölkə haqqında bilmək, onun tarixini, mədəniyyətini, dünya mədəniyyətinin inkişafına töhfəsini öyrənmək çox vacibdir. Britaniya Fondunun yaradılması Azərbaycanın bütün bəşəriyyət üçün əsl dəyərinin dünya ictimaiyyətinə çatdırılması üçün mədəni-tarixi zərurətdir. Böyük Britaniya bu yolda hər cür dəstəyini göstərəcək”.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycanın milli dəyərlərinin Böyük Britaniyada və Avropada təbliğ olunmasında professor Nərgiz Paşayevanın fəaliyyətini vurğulayıb: “Londonda Viktoriya və Albert Muzeyində tədbirin keçirilməsi möhtəşəm hadisədir və bu, Azərbaycanın elm və mədəniyyət tarixində öz yerini alacaq. Nərgiz Paşayevanın təşəbbüsü ilə Oksford Universiteti nəzdində böyük Nizami Gəncəvinin adını daşıyan mərkəzin yaradılması və uğurlu fəaliyyəti elmi dairələrdə böyük marağa səbəb olub. Buna görə mən AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevaya elmimizə yeni nəfəs gətirdiyi və Azərbaycan adına bu qədər xeyirli işlər gördüyü üçün səmimi qəlbdən təşəkkürümü bildirirəm”.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Azərbaycanla Böyük Britaniya arasında mədəni körpülərin yaradılmasının, iki ölkənin muzeyləri arasında elmi fəaliyyətin genişləndirilməsinin vacibliyini qeyd edib: “Bu tədbirdə dünya şöhrətli alimlərin iştirakı bu tarixi hadisəyə böyük diqqətin cəlb olunduğunu, tədbirin elm və mədəniyyət xadimləri arasında marağa səbəb olduğunu və münasibətlərimizin inkişafına böyük töhfə verəcəyini göstərir”.
BDU-nun ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev tolerantlığın təbliğatı işində Fondun fəaliyyətinin böyük əhəmiyyətini qeyd edib: “Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi Böyük Britaniyada Azərbaycanı öyrənən ilk və yeganə elmi strukturdur və tanınmış alimlər arasında hörmət qazanıb. Yeni yaradılmış Britaniya Fondu öz üzərinə böyük elmi perspektivləri, fundamental tədqiqatları əhatə edən faydalı missiya götürüb və mədəni-sosial əlaqələrin genişləndirilməsinə kömək edəcək”.
Sonda qonaqlara istedadlı gənc skripkaçı Elvin Qəniyevin və dünya şöhrətli muğam ifaçısı, Azərbaycan xalq artisti Alim Qasımovun iştirakı ilə sürəkli alqışlarla qarşılanan konsert proqramı təqdim olunub.

Fuad Hüseynzadə






 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info