“Regionlarda elektrik enerjisi sistemində mühüm tədbirlər həyata keçirilib”
Tarix: 01.02.2017 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Yəhya Babanlı: “Azərenerji”ASC ölkənin enerji sistemində yeni güclərin yaradılması, yeni istilik və su elektrik stansiyalarının tikintisi, ötürücü şəbəkələrin tikintisi və yenidən qurulması, regionlarda mövcud enerji bloklarının modernizasiyası işlərinin davam etdirilməsi kimi layihələr üzərində işləyir”

Ölkəmizin sosial-iqtisadi inkişafında yanacaq-enerji kompleksinin müstəsna rolu vardır. Hazırda Azərbaycan müstəqil elektrik enerji sisteminə malikdir. Bu gün artıq enerji istehsalı və ötürülməsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Dünyanın aparıcı ölkələri ilə qarşılıqlı faydalı əlaqələr qurulmasına yönəlmiş strateji xətt elektrik energetikası sisteminə xarici sərmayələrin cəlb olunmasına imkan yaradır. Bu imkanlardan Azərbaycan energetika sisteminin mövcud potensialının səmərəliliyini artırılmasında, enerji təsərrüfatının yenidən qurulmasında və yeni güclərin yaradılmasında məqsədyönlü şəkildə istifadə olunur. 2004-cü ildən başlayaraq icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində görülən işlər yanacaq-enerji kompleksinin inkişafına təkan verib.
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev çıxışında bu məsələyə də toxunub: “2004-cü ildə birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Çünki regionların inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan bu addımlar, infrastruktur ilə bağlı olan layihələr, bax, bugünkü reallığı yaratmışdır. Əgər o vaxt biz proqramı mənim təşəbbüsümlə qəbul etməsəydik, bu gün, əlbəttə ki, regionlarda bugünkü uğurları əldə edə bilməzdik. Bizim bütün bölgələrimiz, bütün şəhərlərimiz abadlaşıb, gözəlləşib. Bakı şəhəri, bizim əsas şəhərlərimiz - Gəncə, Sumqayıt göz oxşayır, dünya üçün bir nümunədir. Bizim bütün şəhərlərimizdə abadlıq-quruculuq işləri aparılmışdır, böyük infrastruktur layihələri icra edilmişdir. Bu, imkan verir ki, bu gün Azərbaycan dinamik inkişaf etsin. Bu, imkan verir ki, biznes strukturları bu imkanlardan səmərəli istifadə etsinlər”.

“Son 13-14 il ərzində yaradılmış elektrik gücü təxminən bütün əvvəlki illərdə yaradılmış gücə bərabərdir”


Prezidentin sözlərinə görə, proqramın birinci mərhələsi daha çox infrastruktur layihələri ilə bağlı idi: “Bu da təbiidir. Çünki biz 2004-cü ildə enerji təhlükəsizliyimizi tam təmin edə bilməmişdik. O vaxt bizim əsas neft kəmərimiz Bakı-Tbilisi-Ceyhan inşa edilirdi. O vaxt biz xaricdən elektrik enerjisi və qaz alırdıq. Bu asılılıq, əlbəttə, imkan vermirdi ki, biz istədiyimiz dərəcədə inkişaf edək. Yəni, bizim inkişafımızı ləngidən xarici amillər idi. Biz xaricdən istədiyimiz qədər enerji, qaz ala biləcəyik, yoxsa yox və hansı qiymətə alacağıq?! Ona görə birinci hədəf enerji müstəqilliyimizi təmin etmək idi. Biz buna qısa müddət ərzində nail olduq. 2004-cü ildən bu günə qədər ölkəmizdə 26 elektrik stansiyası tikilmişdir. Bu stansiyaların ümumi istehsal gücü 2400 meqavatdır. İndi təsəvvür edin, əgər biz bunu etməsəydik, bu gün necə yaşaya bilərdik, necə inkişaf edə bilərdik?!”.

“Bizim generasiya gücümüz kifayət qədər böyükdür”
Prezident deyib ki, son 13-14 il ərzində yaradılmış elektrik gücü təxminən bütün əvvəlki illərdə yaradılmış gücə bərabərdir: “Bu gün bizim 35 elektrik stansiyamız varsa, onların 26-sı proqram icra edilərkən tikilmişdir. O vaxt Azərbaycanda qazlaşdırma 51 faiz səviyyəsində idi. Bölgələrdə isə, demək olar ki, təbii qaz yox idi. Bu gün Azərbaycanda qazlaşdırmanın səviyyəsi 92 faizə qalxıbdır”.
Dövlət başçısı bu il bir çox sahələr kimi, enerji sahəsində də görüləcək işlərlə də bağlı tapşırıqlarını verib: “ Birincisi, infrastruktur layihələrinə aid olan məsələlər. “Azərişıq” bütün bölgələrdə elektrik təsərrüfatının təkmilləşdirilməsi, yeni xətlərin çəkilməsi, bütün regionların dayanıqlı enerji ilə təmin edilməsi üçün əlavə tədbirlər görməlidir. Yeni yarımstansiyalar, transformatorlar quraşdırılmalıdır. Bu proses gedir, daha da sürətlə getməlidir. Çünki indi bizim generasiya gücümüz kifayət qədər böyükdür. Biz elektrik enerjisini bu gün artıq ixrac edirik. Belə olan halda, bütün elektrik təsərrüfatımız da, daxili təsərrüfat da yüksək səviyyədə olmalıdır ki, heç bir fasilə və başqa problem olmasın”.
“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı “Palitra”ya bildirdi ki, məlum Dövlət Proqramı çərçivəsində tədbirlər planına uyğun olaraq işləri davam etdirirlər: “Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qeyd edildiyi kimi, bu proqram Azərbaycan Respublikası regionlarının inkişafı istiqamətində ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla gerçəkləşdirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. Dövlət proqramları çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, o cümlədən elektrik enerjisi sistemində mühüm tədbirlər həyata keçirilib”.

“Azərbaycanın müstəqil enerji təchizatı sistemi formalaşıb”

Yəhya Babanlı Azərbaycan dövlətinin enerji təhlükəsizliyi sahəsində davamlı siyasət həyata keçirdiyini dedi: “Artıq Azərbaycanın müstəqil enerji təchizatı sistemi formalaşıb. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda cənab Prezidentin öz çıxışında enerji sistemi ilə bağlı görülmüş və görüləcək işlər haqda da danışması bu sahənin bir daha önəmli olduğunu göstərir. Dövlət başçısının qeyd etdiyi kimi, 2004-cü ildən bu günə qədər ölkəmizdə ümumi olaraq 26 elektrik stansiyası tikilib. “Azərenerji” ASC tərəfindən isə bu dövr ərzində iqtisadi inkişafın tələblərini və əhalinin elektrik enerjisinə olan tələbatını təmin etmək istiqamətində iqtisadi rayonlar üzrə ümumi gücü 2300 meqavatdan artıq müasir texnologiyaların tələblərinə cavab verən 20-yə yaxın elektrik stansiyası tikilib, 10 minlərlə km elektrik verilişi xətləri və bir çox yarımstansiya tikilmiş və ya yenidən qurulub”.
O qeyd etdi ki, Dövlət Proqramından irəli gələn vəzifələrin və funksiyaların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün “Azərenerji” ASC hər il tədbirlər planına uyğun olaraq kompleks işlər görür: “Hazırda “Azərenerji” ASC bu Dövlət Proqramında qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirmək üçün ölkənin enerji sistemində yeni güclərin yaradılması, yeni istilik və su elektrik stansiyalarının tikintisi, ötürücü şəbəkələrin tikintisi və yenidən qurulması, regionlarda mövcud enerji bloklarının modernizasiyası işlərinin davam etdirilməsi kimi layihələr üzərində işləyir. Məlumdur ki, respublikamızın enerji təklükəsizliyinin daha da möhkəmləndirilməsi, bu sahədə səmərəliliyin və dayanıqlığın daha da gücləndirilməsi nöqteyi-nəzərindən yaxın və uzaq perspektiv üçün ölkədə elektrik enerjisi hasilatının artırılması, şəhər və rayonların elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi, o cümlədən yüksək gərginlikli elektrik verilişi xətlərinin tikintisi və yenidən qurulması işlərinin həyata keçirilməsi vacib əhəmiyyət kəsb edir”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info