Ölkəmizə gələn turistlərin sayını artırmaq: xarici təcrübə nə deyir?
Tarix: 03.02.2017 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


Xarici səfərlərə təxminən 15 milyard ABŞ dolları sərf edəcək çinli turistləri ölkəmizə cəlb etmək üçün yeni layihələrə ehtiyac var
Qeyri-neft sektorunun inkişafında turizmin mühüm rolu var. Bu gün bir sıra ölkələr var ki, gəlirlərinin böyük əksəriyyətini məhz turizmdən əldə edir. Ölkəmizdə də bu istiqamətdə son dövrlər fəaliyyətin daha da artdığı müşahidə edilir. Lakin hələ də həllini gözləyən məsələlər var. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı Prezident İlham Əliyev bildirdi ki, turizmlə bağlı görülmüş işlər Azərbaycanı beynəlxalq turizm üçün çox cəlbedici ölkəyə çevirir: “Xüsusilə vizalarla bağlı atılan addımlar bu sahədə dönüş yaratdı. Əlbəttə ki, Azərbaycan turizm üçün çox cəlbedici bir ölkədir. İlk növbədə, Azərbaycanda zəngin mədəni irs var. Tarixi abidələrimiz, qədim mədəniyyətimiz turistləri cəlb edir. Digər tərəfdən Azərbaycan müasir ölkədir və burada turizm infrastrukturu da çox inkişaf edib - hotellər, istirahət zonaları. 2004-cü ildən bu günə qədər 300-dən çox mehmanxana tikilib. Azərbaycanda və Bakı şəhərində dünyanın aparıcı otellər şəbəkələrinin mehmanxanaları var. Bizim gözəl mətbəximiz, gözəl iqlimimiz, vətənpərvər və eyni zamanda qonaqpərvər insanlarımız, Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik - bütün bunlar turistləri cəlb edir. Bütün bu amillər var və viza sadələşdirilməsi də həll olunub, sadəcə olaraq biz işləri indi düzgün təşkil etməliyik və ölkəmizdə güclü turizm sənayesi yaradılmalıdır. Əlbəttə, eyni zamanda bu sahədə böyük uğurları olan ölkələrin təcrübəsindən istifadə etməliyik”.

Dünya Turizm Forumu

Bu gün ölkəmiz turizmlə bağlı təşkil olunan beynəlxalq konfranslarda, sərgilərdə təmsil olunur. Belə tədbirlərdə ölkəmizin də iştirakı turizm ölkəsi kimi çıxış etməyə imkan verir. Belə tədbirlərdən biri, 16-18 fevral tarixlərində İstanbulda keçiriləcək Dünya Turizm Forumudur.
Dünya Turizm Forumu başçısı Bulut Bağcı bu forumu “dünya turizminin Davosu” kimi qiymətləndirib. Forumun, qlobal turizm sektorundakı çalışanları bir araya gətirəcəyini vurğulayan Bağcı, bildirib ki, İstanbuldakı foruma “Facebook”un qurucusu Mark Zuckerbergin bacısı Randi Zuckerberg, qaçqınlar mövzusundakı işləri ilə tanınan Beynəlxalq Xilasetmə Komitəsinin başçısı David Miliband və İngiltərənin əhəmiyyətli siyasətçilərindən Jack Strav kimi şəxslər qatılacaq. Bundan başqa, Rusiya, Qətər, Sinqapur və İndoneziya da daxil olmaqla bir çox ölkədən 20 turizm naziri də forumun iştirakçısı olacaq.
Türkiyədə turizmin inkişafına toxunan forumun rəhbəri bu il ölkəyə Rusiyadan təxminən 5 milyon turist gələcəyini proqnozlaşdırır: “2017-ci ildə 2015-ci ilin göstəricilərinə yaxınlaşsaq, bizim üçün uğurlu olacaq. Amma 2018-2019-cu ildə Türkiyə turizmdə çox böyük uğur əldə edəcək”. Turizmin Türkiyə iqtisadiyyatı üçün böyük bir əhəmiyyətə malik olduğunu vurğulayan forum rəhbəri qeyd edib ki, körfəz ölkələri üçün neft, Rusiya üçün təbii qaz nə qədər çox əhəmiyyətlidirsə, Türkiyə üçün də turizm vacibdir: “Türkiyənin də nefti turizmdir”. Avropalı turistləri təkrar qazanmaq üçün yeni strategiyalara ehtiyac duyulduğunu deyən forum rəhbəri bildirib ki, avropalı turistlər baxımından əhəmiyyətli olan məsələ onları bir dəfə Türkiyəyə gətirməkdir: “Çünki turist Türkiyəyə bir dəfə gəldikdən sonra, erkən rezervasiya dövründə agentliyə gedib yenidən Türkiyəyə gəlmək istədiyini söyləyir”. O, türk səyahət agentliklərinin bu sahədə daha aktiv rol oynamasının lazım olduğunu deyib.

Ərdoğan “Qonşunu da gətir” kampaniyasını elan edib

Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, turizm sektor nümayəndələri ilə təşkil edilən konfransda çıxışında da ölkədə turizmin inkişafı ilə bağlı yeni layihələrin həyata keçirilməsinin vacibliyini bildirib. İlk mərhələdə turist sayını 8 milyon nəfər artıraraq işə başlamaq niyyətində olduqlarını deyən ölkə başçısı bildirib ki, xaricdə yaşayan 5 milyon Türkiyə vətəndaşı var: “Onlar orada yaşayan yoldaşlarını da ölkəmizə dəvət etməlidirlər. Bu görə də “Qonşunu da gətir” kampaniyasına başlayırıq. Xaricdə yaşayan vətəndaşlarımız ildə 50 mindən çox toy mərasimləri təşkil edirlər. Mümkün olduqca bunu ölkəmizdə etməliyik. Avstriyadakı, İngiltərədəki qardaşlarıma səslənirəm. Gəlin bütün mərasimləri burada edin. Bir başqa əhəmiyyətli çağırışımız, ölkəmizdə çalışan əcnəbilərdir, onlara “işin də burada, tətilin də burada” deyirəm. Xarici sərmayəli şirkətlərdə çalışanları tətillərinin ən azından 1 həftəsini ölkəmizdə keçirməyə dəvət edirik”.
Qeyd edək ki, 2016-cı ildə Türkiyənin turizm gəliri bir il əvvəllə müqayisədə 29,7 faiz azalaraq 22 milyard 107 milyon 440 min dollar olub. Turizm gəlirinin 72,8 faizi xarici ziyarətçilər, 27,2 faizi isə xaricdə yaşayan vətəndaşların ziyarətindən əldə edilib. Adambaşına ortalama xərcləmə 705 dollar, xaricilərin ortalama xərcləməsi 633 dollar, xaricdə yaşayan vətəndaşların ortalama xərcləməsi isə 978 dollar olub.

Çinlilər Bahar bayramını niyə bizim ölkəmizdə qeyd etməsinlər?

Xarici ölkələrdə təşkil olunan tədbirlərdə fəal iştirakla yanaşı, turizmdə mühüm amillərdən biri də müxtəlif ölkələrin xüsusi səyahət günlərini izləmək və ondan faydalanmaqdır. Məsələn, bu günlərdə Çində Bahar bayramıdır. 2017-ci ilin Bahar bayramı 28 yanvarda başlayıb. Ancaq bayramda iştirak etmək istəyənlərin sayının çox olması ilə bağlı bu bayram 13 yanvarda başlayıb, 21 fevralda başa çatacaq. Bu il Bahar bayramında xarici ölkələri seçən çinlilərin əsas destinasyalarını isə, əsasən, Cənubi Amerika ölkələri, Türkiyə və Misir təşkil edir. Bahar bayramında təxminən 6 milyondan çox çinlinin səfər etməsi nəzərdə tutulur. Çin dəmir yolu şirkətinin məlumatına görə, keçən ilin eyni dövrünə görə 9,7 faiz artım özünü göstərəcək və gündə ortalama 8 milyon 800 min sərnişin daşınacaq. Çinin Milli Turizm Administrasiyasının məlumatına görə, çinli turistlər xarici səfərlərə təxminən 15 milyard ABŞ dolları sərf edəcəklər. Bu turistləri ölkəmizə cəlb etmək üçün layihələr reallaşdırılmalıdır. Qeyd edək ki, 4 ildir xaricə turizm səfərlərinin sayına görə çinlilər dünyada birinci yeri tutur. Qlobal turizm gəlirinin 13 faizi çinli turistlər tərəfindən təmin edilir. Çinin Milli Turizm Administrasiyasının məlumatına əsasən, ötən il təxminən 122 milyon çinli xaricə turizm səfərinə gedib. Çinlilər arasında xaricə səfərlərin çoxalmasına səbəb son illər əhalinin gəlirlərinin artması və bir çox ölkələrin Çin vətəndaşları üçün viza rejimini sadələşdirməsidir.

2016-cı ildə Azərbaycana gələn turistlərin sayında artım qeydə alınıb

Ölkəmizdə turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində gələn turistlərin sayında artım müşahidə edilir. 2016-cı il ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2.242.783 nəfər olub, bu da 2015-ci il ilə müqayisədə 11.7 faiz artım olduğunu göstərir. Dövr ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşları çoxluq təşkil edib və müvafiq olaraq 33 faiz, 22,5 faiz, 13,9 faiz və 10,9 faiz müəyyən edilib. Bir sıra ölkələrin, o cümlədən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Belə ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib. Sevindirici haldır ki, Körfəz və Yaxın Şərq ölkələri, Asiya ölkələri, Afrika ölkələri, Amerika və Avstraliya ölkələri üzrə gələnlərin sayında artım baş verib.
Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırovun sözlərinə görə, ölkəmizdə turizm sənayesinin daha da inkişafı üçün bir neçə addımın atılması arzuolunandır: “Buna misal kimi, ölkəmiz üçün prioritet olaraq seçilmiş ölkələrdən birbaşa uçuşların sayının artırılmasını, aviabiletlərin və yerləşdirmə vasitələrinin qiymətlərinin daha münasib olmasını, ölkəmizdə hotellərin, bir və iki ulduz kateqoriyalı mehmanxanaların tikilməsini, xarici turizm üzrə ixtisaslaşan şirkətlərə müəyyən güzəştlərin edilməsini göstərmək olar. Bununla yanaşı, turistləri ölkəmizin füsunkar təbiəti, özünəməxsus mədəniyyəti, zəngin və möhtəşəm tarixi, milli mətbəxi ilə bərabər, Xəzər dənizi də çox maraqlandırır. Yay mövsümündə Xəzər dənizinin potensialından maksimum istifadə etməli, dəniz gəzintiləri, adalarda turizmin inkişaf etdirilməsi imkanlarından yararlanmalıyıq.
Turizmin inkişafında əldə olunmuş uğurların davam etdirilməsi, o cümlədən ölkəmizin turizm imicinin qorunması, turistlərə yüksək səviyyədə xidmətin təşkili üçün bu sahədə çalışan şirkətlərin fəaliyyətinə keyfiyyət nəzarəti mexanizmi daha da təkmilləşdirilməlidir”.
Göründüyü kimi, turizmin inkişaf etdiyi ölkələr müxtəlif layihələrlə çıxış etməklə turist sayını daha da artırmağa çalışır. Ölkəmizdə müvafiq qurumlar, turizmin inkişaf etməsini istəyən hər bir vətəndaş məhz qarşıda duran vəzifələri yerinə yetirməklə, yeni layihələr reallaşdırmaqla bu sektorda daha da inkişaf nail olmalı, ölkəyə gələn turist sayını artırmağa çalışmalıdır. Ölkə başçısının da qeyd etdiyi kimi, güclü turizm sənayesi yaradılmalıdır və bu sahədə böyük uğurları olan ölkələrin təcrübəsindən istifadə etməliyik.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info