“Müxalifət öz quyruğu ilə oynayan pişiyə bənzəyir”
Tarix: 10.04.2013 | Saat: 21:31:00 | E-mail | Çapa göndər



“Güzgünün qabağında dayanırlar, kimsə özünü bir az prezident kimi, kimsə baş nazir kimi, kimsə də deputat kimi görür”


Müsahibimiz Yaşıllar Partiyasının sədri Mais Güləliyevdir. Mais müəllim bizimlə söhbətində müxalifətin hazırkı zəif durumu və ənənəvi müxalifətin ümumi müxalifət üçün zərərli fəaliyyəti barəsində fikirlərini bildirir:

- Əslində cəmiyyətdə hansı müxalifət partiyasının oturuşması, güclənməsi və yaxud da zəifləməsi əhalinin özü tərəfindən, ictimai-siyasi hadisələrin obyektiv gedişindən doğmalıdır. Hər hansı partiyanın özü tərəfindən iddiaların irəli sürülməsi və yaxud özünü öyməsi də və yaxud heç cəmiyyətdə hiss edilməməsi də təbii axarla nizamlanır və nizamlanmalıdır. Hər bir partiyanın siyasi uğurlarını da seçki prosesi ortaya qoymalıdır. Orası doğrudur ki, müxalifət partiyalarının zəifliyi hiss olunur. Müxalif partiyalar Azərbaycanda kifayət qədər zəifdir. Hakim partiya kifayət qədər güclüdür. Sadəcə olaraq bizi bir müxalifət partiyası kimi narahat edən odur ki, biz ən azı 10-15 il sonra da nələr olacağını götür-qoy etməliyik. Ümumiyyətlə, ictimai-siyasi hadisələrin cidd-cəhdlə araşdırılmasına, öyrənilməsinə ciddi ehtiyac var. Bu ehtiyac üçün biz bugünkü iqtisadi vəziyyəti, məsələn, Azərbaycanı ayrılıqda götürməklə öyrənməməliyik. Azərbaycanın geosiyasi, sosial, iqtisadi vəziyyəti qlobal problemlərin kontekstində öyrənilməlidir. Bütün bunlardan sonra hansı siyasi partiyanın perspektivli olacağı və yaxud olmayacağını, Azərbaycandakı ictimai-siyasi hadisələrin istiqamətinin nə olacağı, Azərbaycana təsir göstərən xarici qüvvələrin təsir vektorları və sair barədə fikir yürütmək olar. Yəni tədqiqat aparmadan Azərbaycanın vəziyyətini, prosesləri düzgün bildirmək olmaz. Müxalifət partiyaları isə belə bir tədqiqat aparmırlar. Bugünkü müxalifətin ən böyük çatışmazlığı bununla bağlıdır. İndiki müxalifətin əlində qərəzsiz, soyuq başla elmi əsaslara və metodologiyaya söykənmiş tədqiqat yoxdur. Bu tədqiqat olmadığı halda, nə siyasi hakimiyyətə iddialı olmaq olmaz, nə də əhalini arxasınca aparıb hakimiyyətə yiyələnmək mümkün deyil.
- Bəs bugünkü müxalifətin bu tədqiqi yanaşması yoxdursa, nəyi var?
- Müxalifətin bununla bağlı vəziyyətini bu cür müqayisə etmək olar: pişik öz quyruğu ilə oynadığı kimi, müxalifət də özü il oynayır. Başqa sözlə, müxalifət öz quyruğu ilə oynayan pişiyə bənzəyir. Bunu bir qədər dəqiqləşdirib siyasi terminlərlə ifadə edək. Müxalifət bu gün nə edir: yığışır, siyasi şurasını çağırır, iclaslar keçirir, hakimiyyəti tənqid edir. Sonra da dağılışır. Səhərisi gün yenə qəzetlərə müsahibə verir ki, vəziyyət gərgindir, korrupsiya var və sair. Axşam da yetişib hansısa sayta həmin sözləri təkrarlayır. Səhərisi gün yenə də həmin formada, eyni cür fəaliyyət göstərir və bu, hər gün beləcə təkrarlanır. Güzgünün qabağında dayanırlar, bir az özünü kimsə prezident kimi görür, kimsə baş nazir kimi, kimsə deputat kimi özünü görməyə başlayır. Bu hər gün təkrar olunur. Bu gün görünməyən və cəmiyyətin, siyasi düşərgənin ehtiyacı olan nədir? Odur ki, müxalifət özü ictimai-siyasi məsələlərin həlli yollarını göstərə bilməlidir. Müxalifət partiyası “problem var” deyəndən sonra, problemi aradan qaldırmaq üçün hansısa konkret çıxış yolunu ortaya qoymalı və cəmiyyəti inandırmalıdır. Müxalifət özünü təsdiqlətmək üçün sosial, siyasi, iqtisadi və sair sahələrdə hansı islahatlar aparmaq lazım gəldiyi ilə bağlı konkret təkliflərlə çıxış etməlidir. Bunu biz ənənəvi müxalifətdə görmürük. Bu islahat yolları ilə bağlı müəyyən diskussiyalar keçirmək lazımdır, onlarla bağlı təklif və rəylər hərtərəfli öyrənilməlidir. Halbuki müxalifət bunu etmək səviyyəsində deyil. Müzakirə etmək lazımdır ki, irəli sürülən islahatlar təklifi, doğrudanmı, neqativlikləri azaldacaq ya yox. Yaxud izah etsinlər ki, hakimiyyətə gələcəkləri təqdirdə 5000-dən artıq məktəblə bağlı hansı islahatlar həyata keçirəcəklər ki, təhsilin problemi həll olunsun. Müxalifət yəqin ki, bu suala belə cavab verəcək: onların hamısının direktoru dəyişilməlidir. Bununla problemi həll etmək olarmı? Əlbəttə ki, yox! Amma müxalifət bu vəzifə dəyişilmələrindən başqa yol görmür. Onlar deyirlər ki, biz gələndə “rüşvət olmayacaq”. Amma buna söz verməklə nail olmaq olmaz. Halbuki müxalifət indiyə qədər söz verə-verə gəlib və bütün verdiyi sözlərin heç biri də düz çıxmayıb. Yaxud onların regionların inkişafı ilə bağlı hansı planları var, indiyə qədər hər hansı bu cür dəqiq təkliflər və platformalarla çıxış edə biliblərmi? Əlbəttə, yox! Belə görünür ki, bundan sonra da etməyəcəklər.
- Sizin sədri olduğunuz Yaşıllar Partiyasının müxalifətdəki bəzi partiyalarla birlikdə siyasi blok formalaşdırmaqda olduğu bildirilir. Bu barədə nə deyərdiniz? Sizin blok digər ənənəvi müxalif bloklardan nə ilə fərqlənəcək?
- Biz digər partiyalardan fərqli olaraq elə birinci gündən hakimiyyət uğrunda mübarizə aparmayacağıq...
- Ümumiyyətlə, ənənəvi müxalifətdən nə ilə fərqlənəcəksiniz?
- Bizi onlardan fərqləndirən bir neçə əsas xətt var. Birincisi, bizim siyasi blok siyasi hakimiyyətə nail olmağa məqsəd kimi baxmır və baxmayacaq. Biz siyasi blokun fəaliyyətinə problemlərin həlli istiqamətində bir vasitə kimi baxırıq. Siyasi hakimiyyət məqsəd deyil və olmamalıdır. İkinci fərq budur ki, konkret problemləri ortaya qoymaq üçün ciddi şəkildə tədqiqatlar aparmalıyıq ki, Azərbaycanın problemləri, ümumiyyətlə, nədən ibarətdir. Korrupsiya problem deyil, Qarabağ problem deyil, problemlərin nəticələridir...
- Bəs siz “ictimai palata”, yaradılacağı deyilən “milli şura”, “ziyalılar forumu”, “el” kimi qurumlarla birlikdə seçkiyə getməyə necə baxırsınız? Blokunuzun planlarında bu məsələ də varmı?
- Əlbəttə ki, yox. Biz birinci növbədə həmin ənəınəvi müxalif qurumlara müxalifik. Məsələn, “el” hərəkatının da adını çəkdiniz. Xahiş edirəm ki, onun bir dənə ideyasını deyin. Onun bir dənə də olsun ideyası yoxdur. Yoxdur! Yoxdur və bitdi getdi. İdeya olmayan yerdə ha danış, kimisə tənqid et, kimsə sənə yaxın durmayacaq və səni saymayacaq. Məsələn, bir düjün adamı yığıblar və deyirlər ki, “xoşbəxtliyə gedirik”. Yığırsınız o qədər adamı və gedirsiniz, özünüzü atırsınız dənizə! Onlar Moşu kimi “xoşbəxtliyin” bir qafiyəsini tapa bilmirlər. Bu “xoşbəxtliyə” necə nail olacaqlar, nə edəcəklər, “xoşbəxtliyin” formulu nədir, demirlər. Çünki heç özləri də bilmirlər. Hansı insan və maddi resurslarla onlar buna gedirlər, bu da ortada yoxdur. “El” hərəkatı bu günə qədər deyibmi ki, bu cəmiyyətdən nə istəyir? Yox! Çünki heç özü də bilmir. Yaxud da “ictimai palata” nə istəyir, cəmiyyətdən gözləntiləri nədir? Heç nə! Çünki onlar da eyni gündədir. Ona görə də ay ənənəvi müxalifət, bu milləti bəsdir aldatdınız! Ayıbdır! Özünüz özünüzü, eyni zamanda da ictimaiyyəti aldadırsınız, pişik quyruğu ilə oynadığı kimi, siz də özünüzlə oynayırsınız və milləti də vərdiş etdirməyin ki, millət də sizin kimi quyruğu ilə oynasın! “İctimai palata” təqribən iki ildir fəaliyyət göstərir. Bu illər ərzində onun bir dənə də olsun, yazılı proqramına rast gəlmisiniz? Gələ bilməzsiniz. Çünki onların belə bir proqramı yerli-dibli olmayıb və indi də yoxdur. Olmayacaq da! Çünki bu “strategiya” və “metodologiya” ilə proqram yazmaq mümkün deyil. Mümkün deyil. Onlar heç vaxt da bu cür proqram yaza bilməyəcəklər. Çünki yazmaq onlara yaddır və ziyandır. Mənə bir dəfə internetdən birisi yazmışdı ki, siz niyə filan müxalifət başçısına qoşulmursunuz? Mən də dedim ki, onların bir dənə normal ideyasını de mənə, mən də bu partiyadan istefa verərək gedib ona qoşulum. Dedim ki, 5 dəqiqə ərzində belə bir ideyanı göstər mənə gözləyirəm. Həmin internetdəki adam - yəqin ki, elə həmin başçının öz adamı idi - mənə heç bir cavab verə bilmədən internetdən çıxdı. Çünki onların heç bir ideyasını tapa bilmədi.
- Bəs müxalifətin heç bir ideyası yoxdursa, bu seçkilərdən nə qazanmaq istəyir? Necə bu seçkidə iştirak edəcək?
- Əgər məsələn, İsa Qəmbər hakimiyyətə gəlmək istəyirsə, niyə o, digər partiyaları müttəfiqliyə çağırmır, əksinə müxalifətin parçalanmasına səbəb olan gedişlər edir? Deməli, bu adamın seçkidən istəyi və ümidi hakimiyyət deyil. Bu adam qarşısına məqsəd qoyub ki, təkbaşına hakimiyyətə iddialı kimi çıxış etməklə beynəlxalq qüvvələr qarşısında özünün müxalifətdəki monopoliyasına nail olsun. Bununla da gələn qrantları təkbaşına mənimsəsin, özü bildiyi kimi sərf etsin. Azərbaycanda da müxalifət qüvvələrinin birləşməsinə mane olsun və beləliklə, hakimiyyətin uzun müddət davam etməsinə xidmət göstərsin. Çünki o, müxalif qüvvələri parçalamaqla əslində hakimiyyətə adı yaxşı ifadə edilən bir xidmət göstərir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info