“Müxalifət partiyaları seçkiyə alver məqsədi ilə gedir”
Tarix: 10.04.2013 | Saat: 21:53:00 | E-mail | Çapa göndər


“Ya bu insanların bəzilərində normal ağıl yoxdur, ya da özləri qeyri-ciddidirlər”

Seçki ərəfəsində pərakəndə müxalifət partiyaları ayrı-ayrı bloklar şəklində təşkilatlanmağa cəhdlər göstərirlər. Artıq müxalifətdə çoxlu sayda blok və ya formatlar ortaya çıxıb.
Daha iki müxalifət partiyası - Yaşıllar və Ədalət partiyaları tərəfindən yaradılması nəzərdə tutulan siyasi blokun adı məlum olub. Yaşıllar Partiyasının sədri Mayis Güləliyev bildirib ki, uzun müzakirədən sonra siyasi blokun adı "Vətən" olaraq qəbul edilib. Güləliyev bildirib ki, "Vətən" siyasi blokunun təqdimat mərasimi aprelin sonlarına planlaşdırılır. Blokun əsasnaməsi, proqramı razılaşdırılaraq qəbul edilib. Mais Güləliyev onu da bildirib ki, siyasi blokun 2013-cü il prezident seçkilərinə vahid namizədlə qatılacağı gözlənilir. O qeyd edib ki, bu iki partiyanın blokunun prezident seçkilərinə hazırlığı ilə bağlı geniş fəaliyyət proqramı da artıq hazırdır: “Prezident seçkiləri ilə bağlı isə yəqin ki, bizim vahid namizədimiz olacaq. Gələn ayın sonuna qədər artıq vahid namizəd məsələsi həll olunacaq. Biz heç bir partiyanın namizədini dəstəkləməyəcəyik. Blokun özünün namizədi olacaq və blokdan kənar heç bir namizəd dəstəklənməyəcək. Bu qəti qərardır".
O bildirib ki, bundan sonra həm Yaşıllar, həm də Ədalət partiyasının digər siyasi partiyalarla əməkdaşlığı ancaq blok çərçivəsində olacaq: "Gələcəkdə də bloka hansı partiyalar qoşularsa, biz onlarla əməkdaşlıq etməyə hazırıq".
Qeyd edək ki, bundan başqa, son günlər daha iki müxalif qurum seçkilərdə birgə fəaliyyət göstərmək qərarına gəliblər. Belə ki, Milli Dirçəliş Hərəkatı Partiyası və iyirmi iki partiyadan formalaşmış Azərbaycan Tərəqqi Alyansı (ATA) bloku razılaşma əldə edib. Anlaşmada aşağıdakı müddəalar ətrafında razılığa gəlinib: Azərbaycan Respublikasının dövlət maraqlarının qorunması; ölkədə barışa söykənən sabitliyin əldə olunması; qarşıdurma və toqquşmalardansa parlamentdə və kürsülərdə fikir dartışmalarının daha səmərəli olacağını düşünərək mübarizənin və fəaliyyətin sivil formada aparılması; prezident seçkiləri dönəmində seçki öncəsi mühitin demokratikləşməsi; seçkilərin demokratik, şəffaf keçirilməsi, seçkilərin müşahidəsinin birgə təşkili; seçici fəallığının təmin olunması, bu seçkilərdə prezidentliyə namizədin verilməsində, birgə müzakirələrin təşkili; fəaliyyət müddətində daha dərin inteqrasiya və prezident seçkilərində vahid namizədlə iştirakın müzakirəsi.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və Ata blokunun sədri Çingiz Dəmiroğlu yuxarıda göstərilən müddəalar əsasında digər siyasi qüvvələrlə də konsolidasiyanın mümkünlüyünü qeyd ediblər. Qeyd edək ki, bu barədə Milli Dirçəliş Hərəkatı Partiyası mətbuat xidməti xəbər yayıb. Buradan görünür ki, sözügedən müxalif qurumlar ənənəvi müxalifətin radikal metodlarından, küçə “taktikalarından”, qarşıdurma meyillərindən imtina edir, bu cür üsulları rədd edirlər. Qeyd edək ki, bu barədə “Palitra”ya müsahibəsində Yaşıllar Partiyasının sədri Oqtay Güləliyev də bildirmişdi. Eləcə də Fərəc Quliyev və ATA bloku ənənəvi müxalifətdən fərqli bir mövqe tutub ki, bu da müxalif düşərgənin ümumi uğursuzluqlarından qaçmaq və müxalifətin cəmiyyətdə reytinqini qaldırmaq üçün atılan addımlar sırasında qeyd edilə bilər. Bir sözlə, sivil müxalifət də təşkilatlanmağa və müxalif gücün toplanmasına çalışır.
Amma o, faktdır ki, müxalifət hələ də dağınıq haldadır və seçkiyə müxtəlif bloklar, çoxlu sayda namizədlərlə gedir. Bu parçalanma məsələsində əsasən müxalifətin bir yerdə olmasında maraqlı olmayan ənənəvi müxalifəti, “ictimai palata”da təmsil olunan Müsavat, AXCP, özünü “yeni” kimi göstərən və əslində mahiyyətcə tipik köhnə müxalifət nümunəsi olan “El” hərəkatı və sair qüvvələri göstərirlər. Bu qüvvələr isə ona görə seçkidə müxalifətin birləşməsində maraqlı deyillər ki, seçki ərəfəsi xaricdən gələn qrantları yalnız özləri “yemək” fikrindədirlər. Ənənəvi müxalifətin qrant iştahı ümumi müxalifətin birliyinə mane olur. O da bəllidir ki, ənənəvi müxalifət seçkidə qalib gəlməkdən ümidini çoxdan üzüb, onlar seçkiyə yalnız alver kimi yanaşırlar. Ona görə də müxalifət çoxlu sayda namizədlərlə və parçalanmış şəkildə seçkilərə gedir. Bu məsələyə münasibətini bildirən AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov bizə açıqlamasında belə bildirdi: “Əgər Ana Yasamıza istinad etsək, namizədlərin çoxluğu heç bir məhdudiyyət və problem yaratmır. Amma hazırkı halda müxalifətin seçkilərə çoxsaylı namizədlə getməsi, doğrudan da, ciddi problemlər yaradır və məğlubiyyəti qətiləşdirir. Əslində qeyri-iqtidar düşərgəsinin bu cür pərakəndə və hazırlıqsız seçkilərə getməsi gözlənilən idi. Çünki demək olar ki, əksər müxalifət partiyaları, ya da onların rəhbərləri seçkilərə udmaq üçün deyil, alver məqsədi ilə gedir. Hər yerindən duran bu ən mühüm posta iddia qoyursa, deməli, ya bu insanların bəzilərində normal ağıl yoxdur, ya da özləri qeyri-ciddidirlər. Acınacaqlısı ondan ibarətdir ki, bu insanlar sonradan günahı xalqın üzərinə atıb, heç nə olmayıbmış kimi, bu cür də fəaliyyətlərinə davam edir, xalqın və millətin mənafeləri barədə moizələr oxuyur. Əlbəttə, qələbəyə yaxın olmaq üçün bütün güclərin və imkanların səfərbər edilməsi , birləşdirilməsi şərtdir. Bundan kənarda qələbəyə yaxınlıq bir yana qalsın, biabırçılıqdan qurtarmağın yolu olmayacaq”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
“Jest dili üzrə tərcümə olimpiadası”na start verilib
22.04.2019
Masallıda “Erkən nikahların qarşısı alınmalıdır” mövzusunda tədbir keçirilib
22.04.2019
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib
22.04.2019
Qazaxda inşa olunan elektrod zavodu istehsala hazırdır
20.04.2019
Salyanda Nəsiminin 650 illik yubileyi qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info