Azərbaycanın ilk ticarət nümayəndəsi təyin olundu
Tarix: 07.02.2017 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Şahin Mustafayev: “Moskva şəhərindəki Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun təmirinə və yenidən qurulmasına, həmçinin “Azərbaycan evi”nin yaradılmasına başlanılıb”

Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, ixrac məhsullarının çeşidinin və həcminin artırılması, eləcə də ixrac coğrafiyasının genişləndirilməsi prioritet istiqamətlərdəndir. Prezident İlham Əliyevin dünyadakı yeni çağırışların nəzərə alındığı iqtisadi islahatlar paketi çərçivəsində ötən ilin sonlarından etibarən ixracın təşviqi ilə bağlı bir sıra addımlar atılıb və bu tədbirlər 2017-ci ildə də davam etdirilir. Bu yaxınlarda dövlət başçısı “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” Fərman imzalayıb. Fərmanın icrası və Azərbaycanın ixrac imkanlarının genişləndirilməsi tədbirlərı barədə AZƏRTAC-ın suallarını iqtisadiyyat naziri Şahin Mustafayev cavablandırıb.
- Qeyri-neft məhsullarının ixracının artırılması əsas vəzifələrdəndir. Bu istiqamətdə hansı tədbirlər görülür?
-Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri qeyri-neft ixracının artırlması, yeni bazarlara çıxışın təmin olunmasıdır. Bununla bağlı dövlət başçısı bir sıra mühüm fərman və sərəncamlar imzalayıb. Dövlət başçısının 2016-cı il 5 oktyabr tarixli fərmanına əsasən, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, ixrac missiyalarının təşkili və digər tədbirlərin həyata keçirilməsi sahibkarların ixraca olan marağının və ixrac olunan qeyri-neft məhsulları çeşidlərinin artması, ixrac coğrafiyasının genişlənməsi, Azərbaycan mənşəli məhsulların xarici bazarlarda analoji məhsullarla rəqabətqabiliyyətinin yüksəldilməsi baxımından xüsusi rol oynayır. Belə ki, fərmanın icrası ilə bağlı son 3 ayda artıq 4 ixrac missiyası təşkil olunub, sahibkarların missiyalarla bağlı bütün xərcləri dövlət büdcəsi hesabına ödənilib. İlk ixrac missiyası çərçivəsində 12 şərab istehsalçısı Hong Konqda, 2-ci missiya çərçivəsində 9 şərab istehsalçısı Çinin Quancou şəhərində öz məhsullarını potensial alıcılara təqdim etmək imkanı əldə edib. İxrac missiyası zamanı Çinə şərab ixracı ilə bağlı müqavilə imzalanıb və bu müqaviləyə əsasən artıq Çinə şərab ixracına başlanılıb. Həmçinin Quancou şəhərinə təşkil edilən ixrac missiyasında Azərbaycan istehsalı olan “Savalan Syrah” markalı şərab qızıl medala layiq görülüb. 3-cü ixrac missiyası isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə təşkil edilib, meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, ət və ət məhsulları, bal, süd və süd məhsulları istehsal edən 20 şirkət öz məhsullarını alıcılara təqdim edib. İxrac missiyasının nəticəsi olaraq Dubaya nar şirəsi və alma ixrac olunur.
Azərbaycan mənşəli qeyri-neft məhsullarını ixrac edən sahibkarlara məhsulun növünə görə ixrac dəyərinin 3-6 faizi məbləğində ixrac təşviqinin ödənilməsinə başlanılıb. Bu çərçivədə 2016-cı ilin noyabr ayından etibarən şərab, pambıq ipliyindən məmulatlar, konservlər, su və şirələr, fındıq və digər məhsulların Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə, Belarus və sair ölkələrə ixracı ilə əlaqədar sahibkarlara ixrac təşviqi ödənilir. Görülən bu tədbirlərin səmərəliliyini artırmaq və ixracın təşviqi məqsədilə AZPROMO-nun nəzdində “İxracatçılar Klubu” yaradılıb, “Export.az” rəsmi ixrac portalı istifadəyə verilib, şərab, nar fındıq, meyvə-tərəvəz, arıçılar ixracatçıları və istehsalçıları assosiasiyaları təsis olunub, sahibkarlara ixracla bağlı təlimlər keçirilib, malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi sadələşdirilərək müddəti 3 gündən 1 günə endirilib.
2017-ci ilin ilk ixrac missiyası Almaniyaya təşkil olunub, bu çərçivədə meyvə-tərəvəz, təbii mineral sular, meyvə şirələri, şərab, bal və çay istehsalı ilə məşğul olan Azərbaycan şirkətləri Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən və Azərbaycan pavilyonunun da yer aldığı "Beynəlxalq Yaşıl Həftə" sərgisini ziyarət edib. İxrac missiyası çərçivəsində Azərbaycanın ixracatçı şirkətləri ilə yerli alman şirkətləri, distribütorlar və potensial alıcılar arasında ikitərəfli işgüzar görüşlər təşkil olunub, Azərbaycan məhsullarının ixrac imkanları, bu sahədə əməkdaşlıq imkanları müzakirə edilib. Növbəti ixrac missiyaları isə Əfqanıstan, Pakistan və Qətərə təşkil ediləcək. Həmçinin, bu mexanizm çərçivəsində dövlət dəstəyi ilə sahibkarlar 2017-ci ildə Gulfood (BƏƏ), Prowein (Almaniya), Worldfood (Rusiya), Anuga (Almaniya), Hong Kong International Wine & Spirits Fair (Çin) kimi ən nüfuzlu beynəlxalq sərgilərdə vahid ölkə stendi ilə iştirak edəcəklər. Bununla yanaşı, xarici ölkələrdə ticarət evlərinin təşkilinə və “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 26 yanvar tarixli fərmanının icrasına başlanılıb.
-Ticarət evlərinin yaradılması və ticarət nümayəndəsinin təyin olunmasına hansı ölkələrdən başlanacaq?
-Azərbaycan məhsullarının ixrac bazarlarında tanıdılması və satışının dəstəklənməsi məqsədilə müvafiq təhlillər əsasında Azərbaycanın müxtəlif ölkələrdə Ticarət evlərinin yaradılması nəzərdə tutulur. Bu çərçivədə ilk olaraq Rusiya Federasiyasında və Belarusda Azərbaycan Ticarət Evi yaradılır. Daha sonra Ukraynada və digər ölkələrdə də ticarət evlərinin yaradılması planlaşdırılır. Ticarət nümayəndələrinin təyinatı məsələsinə gəldikdə isə, ilk növbədə qeyd edim ki, fərman xarici ölkələrdə ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi, ixracın stimullaşdırılması ilə bağlı tədbirlərin tətbiqində səmərəliliyin və təsərrüfat subyektləri arasında işgüzar əlaqələrin qurulmasında çevikliyin artırılması məqsədini daşıyır. Fərmana əsasən ticarət nümayəndəsi tərəfindən təyin olunduğu ölkə ilə Azərbaycan Respublikasının iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi maraqlarının qorunması, Azərbaycan mallarının və xidmətlərinin ixracının artırılması, ölkəmizin biznes mühitinin və investisiya imkanlarının təbliği istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. Dövlət başçısının bu fərmanı qeyri-neft məhsulları istehsalının artırılması, həmin məhsulların ixrac həcminin və coğrafiyasının genişləndirilməsi ilə bağlı həyata keçirilən kompleks tədbirlərin tərkib hissəsidir. Müvafiq təhlillər əsasında Azərbaycanın qeyri-neft məhsulları üzrə digər əsas ticarət tərəfdaşlarının ticarət və investisiya imkanları nəzərə alınmaqla həmin ölkələrdə də ticarət nümayəndələrinin təyin olunması nəzərdə tutulur.
-Bəs prosesə nə vaxtdan başlanacaq?
-Artıq Rusiya Federasiyasında ticarət nümayəndəsi təyin olunub. Təyinatın birinci olaraq Rusiya Federasiyasından başlanması bir neçə səbəblə bağlıdır. İlk növbədə, Rusiya Federasiyası Azərbaycanın qeyri-neft məhsulları üzrə əsas ticarət tərəfdaş tərəfdaşıdır. 2016-cı ildə Azərbaycan Respublikasının Rusiya Federasiyasına ixracının həcmi 409 milyon ABŞ dolları təşkil edib. Ölkəmizin qeyri-neft məhsullarının 31 faizi Rusiya Federasiyasına ixrac olunur və bu göstərici üzrə Rusiya ticarət tərəfdaşlarımız arasında 1-ci yerdədir. Digər tərəfdən isə, Rusiya Federasiyası ilə ölkəmiz investisiya sahəsində geniş əməkdaşlıq edir. Rusiya Azərbaycan iqtisadiyyatına 3 milyard ABŞ dollarından çox investisiya yatırıb. Ölkəmizin Rusiya iqtisadiyyatına qoyduğu investisiyaların həcmi isə 1 milyard ABŞ dollarından çoxdur. Azərbaycanla Rusiyanın 78 regionu ilə əməkdaşlıq edir və 17 federasiya subyekti ilə əməkdaşlıq haqqında sazişlər imzalayıb. Qeyd olunanları nəzərə alaraq, ölkəmizin qeyri-neft məhsullarının Rusiya bazarına ixracının artırılması və mövcud potensialdan maksimum istifadə olunması məqsədilə bir sıra işlər görülür, Moskva şəhərindəki Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun təmirinə və yenidən qurulmasına, həmçinin “Azərbaycan evi”nin yaradılmasına başlanılıb. Rusiya Federasiyasında ticarət nümayəndəsinin təyin olunması bu ölkəyə qeyri-neft ixracımızın genişləndirilməsi, Azərbaycanın biznes mühitinin təşviqi və Rusiya şirkətlərinin investisiyalarının ölkəmizə cəlb olunması, habelə iqtisadi maraqlarımızın qorunması üzrə görülən işlərin səmərəsinin artırılması baxımından əhəmiyyət daşıyır. Rusiya Federasiyasındakı səfirliyimizə təyin olunan ticarət nümayəndəsi Ruslan Əliyev Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetini beynəlxalq hüquq sahəsində bakalavr və magistr üzrə bitirib, sonra təhsilini Londonda davam etdirib. Azərbaycanda və Rusiyada həm dövlət sektorunda, həm də özəl sektorda böyük təcrübəsi var, iqtisad elmləri namizədidir.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info