Çəmənli və Arpaçay kəndləri bu gün şəhərtipli qəsəbələrə çevrilib
Tarix: 07.02.2017 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


Həyata keçirilən quruculuq işləri nəticəsində muxtar respublikanın bütün şəhər, qəsəbə və kəndləri abadlaşaraq inkişaf edir. Aparılan quruculuq işlərindən Şərur rayonunun Çəmənli və Arpaçay kəndlərinə də pay düşüb.
Fevralın 1-də həmin kəndlərdə yeni sosial obyektlərin istifadəyə verilməsi ilə bu kəndlərimiz də muxtar respublikanın müasir yaşayış məntəqələri sırasına qoşuldu. Yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır deyib, biz də yolumuzu həmin kəndlərə saldıq.
Bu məqamda qeyd edək ki, muxtar respublikada təhsilin inkişafına xüsusi diqqət göstərilir, vətənpərvər və sağlam gənc nəslin yetişdirilməsi üçün lazımi işlər görülür. Hər il yeni məktəb binaları tikilərək şagirdlərin istifadəsinə verilir, parlaq gələcəyimizin təməli qoyulur. Fevralın 1-də istifadəyə verilən Çəmənli kənd tam orta məktəbi də gələcəyimizin təməl daşlarındandır. 380 şagirdin təhsil ala biləcəyi 3 mərtəbəli binada 3-ü elektron lövhəli olmaqla 20 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter, şahmat və müəllimlər otaqları, kitabxana, bufet, idman zalı və həyətdə açıq idman qurğuları var.
İyirmi üç ildir həmin məktəbdə işləyən Cəfər müəllim deyir ki, əvvəlki şəraitlə indikini müqayisə etmək mümkün deyil. Onun sözlərinə görə, Çəmənli kənd tam orta məktəbinin birinci sinfində 26 şagird təhsil alır. Yeni məktəb binası balaca fidanların da vətənpərvər ziyalı kimi yetişməsində mühüm rol oynayacaq.
Məktəbdə fondunda 4 min 514 kitab olan kitabxana da var. İnternetə daimi çıxışı olan 38 kompüter də şagirdlərin istifadəsinə verilib, elektron lövhələrlə təmin olunan məktəb muxtar respublikanın məktəb-muzey şəbəkəsinə qoşulub. Bütün bunlar onu deməyə əsas verir ki, burada həm də virtual tədris mühiti formalaşdırılıb.
Təhsil ocağında idman zalı və şahmat otağı yeniyetmələrin sağlam böyüməsinə, zehni qabiliyyətlərinin inkişafına xidmət edir. Şahmat üzrə rayon birinciliyində yer tutan Nərmin Əliyeva bundan sonra daha səylə çalışacağını, ölkəmizi beynəlxalq turnirlərdə təmsil etmək arzusunda olduğunu deyir.
Təhsil yarmarkasında iştirak edərək Çəmənli kəndinə təyinat alan gənc müəllim Təranə Sadiqova isə bizimlə söhbət zamanı bildirdi ki, bu şəraitdən səmərəli istifadə edərək, milli dəyərlərə sahib çıxan təhsilli və vətənpərvər gənclər böyütmək üçün daha səylə çalışmalıyıq. O qeyd etdi ki, ötən il məktəbin məzunlarından 7-si ali, 3-ü isə orta ixtisas təhsili müəssisəsinə qəbul olub. Onlardan biri 500-700 arası bal toplayıb. Burada yaradılan şərait yeni-yeni uğurlara da yol açacaq.
Çəmənli Kənd Mərkəzi üçün də ikimərtəbəli bina tikilərək istifadəyə verilib. Bununla bərabər, kənddə xidmət mərkəzi də fəaliyyətə başlayıb. Mərkəzdə bərbərxana, qadın gözəllik salonu, dərzi, ət satışı yeri, ərzaq və təsərrüfat malları olmaqla, iki mağaza fəaliyyət göstərir. Burada 6 kənd sakini işlə təmin olunub.
Aparılan quruculuq işləri çərçivəsində rayonun Dərvişlər-Arpaçay-Çəmənli-Babəki kənd avtomobil yolu da əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Dörd kəndi birləşdirən 9,7 kilometrlik avtomobil yolu əsaslı şəkildə yenidən qurulub, yol yatağı genişləndirilərək asfalt örtük salınıb. Tikinti işləri aparılarkən 8,2 kilometrlik kənddaxili yollar da təmir olunub, 118 su keçidi qoyulub, 1350 metrlik beton kanal çəkilib. Yolun tikintisi kəndlərlə nəqliyyat əlaqəsini yaxşılaşdıracaq, həmçinin kənddə iqtisadiyyatın və turizmin inkişafına töhfə verəcək.
Kənddə “Rəman” lavaş istehsalı sahəsində 6 nəfər işlə təmin olunub. İstehsal olunan lavaş kəndin ehtiyaclarını ödəyir.
Çəmənli kəndi qonaqpərvər insanları ilə də tanınır. Kənd ailələrinə də qonaq olduq. Vaqif dayı uşaqlığından bu kəndə yaşayır. O, “qurulan bu şəraitdən sonra kəndimi dünyanın ən yaxşı şəhərinə belə dəyişmərəm”, - deyir. Vaqif dayının sözlərinə görə, 45 ildir ailə qurub, 4 övlad, 8 nəvə, 1 nəticə sahibidir.
Kənddə xalqımızın adət-ənənəsi də qorunub saxlanılır. Gülzar nənə deyir ki, qarşıdan Xıdır Nəbi bayramı gəlir: “Bu bayram kənddəki hər bir evdə qeyd olunur. Biz belə görüb götürmüşük. İndi də bu adətləri icra edirik ki, nəvələrimiz görsün-götürsün, gələcək nəsillərə ötürsün”.
Tam orta məktəbin 4-cü sinfində oxuyan Rəqsanə də yeni məktəblərindən razı qaldığını deyir. O, oxuyub həkim olduqdan sonra kənd camaatının xidmətində durmaq arzusundadır. Rüfan adlı məktəbli isə internetdən istifadə etməyi sevir. Evlərində sürətli interneti olduğundan Rüfan artıq dünyada baş verən yenilikləri müntəzəm olaraq izləyə bilir.
Çəmənli kəndindən xoş təəssüratlarla ayrılaraq Arpaçay kəndinə yollanırıq. Arpaçay kəndi aparılan quruculuq işlərindən sonra abad və müasir yaşayış məntəqəsinə çevrilib. Kənddə dövlət qurumlarının iş şəraitinin yaxşılaşdırılması sakinlərə nümunəvi xidmət göstərməyə imkan verir. Fevralın 1-də istifadəyə verilən kənd mərkəzinin binasında bunun üçün hər cür şərait yaradılıb.
Müasir kənd infrastrukturunun əsas cəhətlərindən biri də yeni xidmət sahələrinin yaradılmasıdır. Bu kənddə də xidmət mərkəzi yaradılıb, 6 nəfər işlə təmin olunub.
Çəmənli və Arpaçay kəndlərinin sakinlərinin artıq rayon mərkəzinə gedib alış-veriş etməyə ehtiyacları qalmayıb. Hər şey, necə deyərlər, evlərinin içindədir.
Bu kəndlərdə tarixən heyvandarlıq, maldarlıq, arıçılıq, əkinçilik inkişaf etdirilib və bu gün də sakinlərin əsas gəlir mənbəyi kənd təsərrüfatındandır. Yolla gedərkən ətrafda qoyunlarını otaran Bədir dayı da nəzərimizdən qaçmadı. 84 yaşlı Bədir dayı gənc yaşlarından bu işlə məşğul olduğunu, ailəsini güzəranını təmin etdiyini deyir.
Ümumiyyətlə, bu gün Şərur rayonunda kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərilir. Çəmənli və Arpaçay kəndlərində 50 hektardan çox ərazidə taxıl əkilib, 39 hektar torpaq sahəsi isə yaz əkinləri üçün hazırdır.
Bir sözlə, Arpaçay və Çəmənli kəndlərində görülən işlər insan amilinə verilən yüksək dəyərin aydın təzahürüdür.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info