Kristian Rixter: “Azərbaycanlılar yardımsevərdilər”
Tarix: 07.02.2017 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


“Azərbaycanın təndir çörəyini və xəngəlini çox sevirəm”

Müsahibimiz Kristian Rixterdir. Kristian Rixter Almaniyanın Koblenz Universitetində Biznes İdarəçiliyi ixtisasının 3-cü kursunda oxuyur. Onu Azərbaycana bağlayan bir sıra amillər var. Buna misal olaraq Kristian Rixterin ötən ilin sentyabrından başlayaraq Azərbaycan Universitetində Erasmus+ mübadilə proqramı çərçivəsində təhsilini davam etdirməsidir. Bu maraqlı almaniyalı gənc ilə olan müsahibəni oxuculara təqdim edirik:
-Necə oldu Qafqaza- Azərbaycana gəldiniz?
-Mən Azərbaycana gəlmək üçün keçən yazdan qərar vermişdim. Düzünü desəm, təhsil aldığım dövr ərzində xaricdə təhsilimi davam etmək haqqında düşünmürdüm. Lakin sonradan oxuduğum Koblenz Universiteti ilə Azərbaycan Universitetinin yeni əməkdaşlığı və mübadilə proqramları haqqında eşitdim və Azərbaycan Universitetindən olan tələbələrdən ölkə və Azərbaycan Universiteti haqqında aldığım pozitiv fikirlər təhsilimi mübadilə proqramı çərçivəsində Azərbaycanda davam etmək marağımı daha da artırdı.
-Ümumiyyətlə, Azərbaycanı əvvəllər də tanıyırdınızmı? Bu ölkəyə gəlmək fikriniz olubmu?
-Əlbəttə, tanıyırdım. Düzünü desəm, bir neçə il bundan əvvəl Avroviziya mahnı müsabiqəsi zamanı dostlarımızla qərara gəldik ki, biz bir gün Azərbaycana getməliyik. Nəhayət ki, universitetlərin yaratdığı bu imkan arzumu reallaşdırmağımda yardımçı oldu.
-Almaniya ilə Azərbaycan arasında hansı oxşarlıq və ya fərqlilik var?
-Bu çox çətin sual oldu. Ancaq deməliyəm ki, hər iki ölkədə yaşayan insanlar arasındakı oxşarlıq odur ki, çox mehriban və yardımsevərdilər. Bunu deməliyəm ki, Azərbaycanda insanlar hər bir problemimdə mənə yardımçı olmağa çalışırlar. Azərbaycan və mənim ölkəm arasındakı əsas fərq odur ki, azərbaycanlılar bu sahədə daha praktikdirlər və onlar bu işdə çox yaxşıdırlar. Almanlar isə çox düşünürlər və analiz edirlər, amma praktikada az iş görülür. Həmçinin deməliyəm ki, hər iki ölkənin insanları başqa ölkələrin mədəniyyəti ilə tanış olmaq və səyahət etməyə maraqlıdırlar. Lakin səyahət etmək istədikləri ölkələrdə fərqlilik mövcuddur.
- Belə başa düşdüm ki, Azərbaycanda olmaq xoşunuza gəlir. Burada qalıb məskunlaşmaq fikriniz var?
- Tam haqlısınız. Azərbaycanda olmaq, burada yaşamaq çox xoşuma gəlir və bu səbəbdən yaz semesterində də təhsilimi Azərbaycanda - Azərbaycan Universitetində davam etmək qərarına gəldim. Azərbaycanda daha çox- 1 və ya 2 il də qalmağı düşünürəm. Amma ailəmin və dostlarımın Almaniyada yaşadığını nəzərə alaraq deməliyəm ki, daimi olaraq Azərbaycanda yaşamağı düşünmürəm.
-Bizim gənclərlə münasibətiniz necədir?
-Universitetdə və universitetdən kənarda çoxlu gənc insanla tanış olmuşam. Düşünürəm ki, burada gənclərin həyat tərzi və boş vaxtlarını keçirmələri Almaniyadakından elə də fərqlənmir. Azərbaycanda boş zamanlarda dostlarımızla gəzirik, kinoya gedirik və ən əsası da dadlı Azərbaycan çayı içirik. Çox sevinirəm ki, burada çoxlu mükəmməl insanla tanış oldum və bölüşməyə çoxlu xatirələrimiz olacaq.
-Milli yeməklərimizdən hansını bəyənirsiniz?
-Düzünü desəm, ətlə olan yeməkləri yemədiyim üçün Azərbaycanın milli mətbəxinin əsas yeməklərini dadmağa cəhd etməmişəm. Lakin vegeteryanlar üçün hazırlanmış yeməkləri test etmişəm. Bunlardan fərqli salatları, soğanlı xəngəl, plov, qutab və s. demək olar. Deməliyəm ki, salatlardan ən çox manqal salatını sevirəm. Həmçinin Azərbaycanın təndir çörəyini də çox sevirəm.
-Adətən, başqa ölkənin nümayəndələri mətbəximizi çox bəyənirlər. Təəssüf ki, əsas yeməklərimizi dadmamısınız. Heç olmasa, yeməklərimizdən bişirməyə cəhd edirsinizmi?
- Düzü, yemək bişirməkdən zövq alıram. Ancaq, düzünü desəm, daha çox beynəlxalq mətbəxdən olan yeməkləri bişirirəm. Qonşularım mənə bir neçə dəfə xəngəli və qutabı necə bişirməyi göstəriblər. Bundan başqa, Azərbaycan yeməklərini özüm hazırlamamışam.
-Azərbaycanda olduğunuz müddətdə hansı bölgələrdə olmusunuz?
-Mən Şəki, Qəbələ, Qobustan, Göyçay, İşmayıllı (Lahıc) və Sumqayıtda olmuşam və o şəhərlərin fərqliliyi məni heyran etdi. Bu şəhərlərdəki fərqli atmosferləri görmək həqiqətən çox gözəl idi. Səssiz təbiətdə olmaq insana çox xoşdur və bunlar mənim üçün şirin xatirə olaraq qalacaq. Eyni zamanda valehedici dağları və orada yaşayan insanların həyat tərzi çox maraqlı idi.
-Avropanın iqtisadi mərkəzi sayılan Almaniyada təhsilin də yüksək səviyyədə olduğu deyilir. Bu barədə də söz açardınız?
-Deməliyəm ki, Almaniyada təhsilin səviyyəsi yüksəkdir. Lakin, bununla bağlı incəlikləri izah etmək mənim üçün bir az çətindir. Yaxşı təhsil, əsasən, tələbələrin özündən asılıdır. Siz çox oxumadan dərəcə ala bilərsiniz və yaxud çox cəhd edərək və çox oxuyaraq təhsilinizi yaxşı nəticə ilə bitirə bilərsiniz və bu sizin iştapma şansınızı artırır. Sinifdəki tədris demək olar ki, hər iki ölkədə eynidir. Koblenz Universitetində siniflər adətən böyük olur və semestr boyu “quiz” imtahanları keçirilmir. Sadəcə, hər semestrin sonu final imtahanı keçirilir. Bu səbəbdən də tələbələr çox oxumaq məcburiyyətində olurlar. Çünki final imtahanında xırda detallardan sual düşmə ehtimalı çoxdur və biliklərinizi, həqiqətən, tətbiq etdiyinizdən əmin olmalısınız.
- Bəs Azərbaycandakı təhsilinizi başa vurandan sonra nələri planlaşdırırsınız?
-Hələ ki, Azərbaycandayam, çünki payız semestrində də təhsilimi Azərbaycanda davam etmək qərarına gəlmişəm. Bundan sonra təhsilimi magistratura səviyyəsində davam etdirəcəyəm və yaxud iş həyatına başlayacağam. Almaniyalı gənclərə tövsiyəm odur ki, belə şanslardan faydalanaraq yeni insanlar və mədəniyyətlərlə tanış olsunlar.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info