“Jurnalistlərin peşəkarlığı artırılmalıdır”
Tarix: 10.04.2013 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


“El Pais” qəzetinin redaktoru Luis Bassets: “Müasir jurnalistlər yalan
xəbərə sevinclə, ciddi xəbərə mənfi yanaşdığından ətrafda nə baş verdiyini anlaya bilmirlər”


Müasir jurnalistikanın problemləri ilə bağlı kitab nəşr etdirən “El Pais” nəşrinin redaktoru Luis Bassets "Revista de Letras" nəşrinə müsahibə verib. O, müsahibəsində çap mediasına olan inamın azalması ilə bağlı məsələni belə cavablandırıb: «Elektron və çap mediası ayrı-ayrı dünyalardır. Onlar bir-birinə qarşı əks mövqedədirlər. Ziddiyyət də oradan başlayır. Əgər sən internet-jurnalistikası ilə məşğulsansa, çap mediasını unutmalısan. Yox əgər sən çap mediasında çalışırsansa, onda əks mövqedə olan internet medianı unutmalısan. Gələcəkdə də bunun belə olacağını bilmirəm. Amma dəqiq bilirəm ki, dünya bir istiqamətdə gedir-bu, elektron istiqamətdir. Dövr dəyişir. Burada söhbət təkcə sürətdən getmir.
Sadə yanaşma bizə hadisəni tam anlamağa imkan vermir. Bunu ancaq texniki yanaşma ilə anlaya bilərik. Texnikanın köməyi ilə mənzərə tam aydın olur. Yaxşı və ya pis mənada olmasından asılı olmayaraq texnika həmişə demokratikləşmə aləti olub. O gücü demokratikləşdirir, kütləvi qırğın törətməyə imkan yaradır. Bu halda belə, o, demokratikdir. Texniki nailiyyətlər maliyyə böhranının başladığı son illərdə belə, təsir göstərməkdə davam edir. Texniki yenilik 30 il əvvəl jurnalistikanı dəyişdi. Amma son illərdə baş verən dəyişikliklərin təsiri öldürücü oldu. Bu böhran-geopolitik dəyişikliyin bir hissəsidir. Tarixi planda dünya çoxqütblü istiqamətə doğru gedir. Jurnalistika Qərb demokratiyasının aləti olduğundan biz hər iki böhranla paralellər apara bilərik». Müsahibədə qeyd edilir ki, müasir dövrdə informasiya artığından dezinformasiya doğulur. Amma bütün halda jurnalist əsas rol oynayır. Hətta əlində elektron şəklidə informasiya olan Culian Assanja belə, informasiyaları yerbəyer etmək, işləmək üçün jurnalistlər lazım oldu. Luis Bassets hesab edir ki, sadalanan səbəblərə görə, elektron media ilə çap media arasında ziddiyyət ortaya çıxır. İnternet media çap mediadan yaranmasına baxmayaraq, vaxt gələcək qəzetlər fəaliyyətini dayandırmalı olacaqlar: «Ola bilər ki, bu, jurnallara və kitablara aid olmasın. Düşünürəm ki, Bibliya və ya 19-cu əsr fransız ədəbiyyatı kimi mədəniyyət nümunələri həmişə çap edilərək yayılacaq. Eləcə də kitabın statusu da artacaq». Ekspert qeyd edib ki, böyük həcmli kitabların da elektron şəkildə oxunması, yaddaşda saxlanması çoxalacaq. Onun sözlərinə görə müasir jurnalistin öz siması olmalıdır: «Jurnalistikanın gələcəyi korporativ deyil, individual xarakterdən asılı olacaq. Jurnalistikada yeni dövr başlayır. 50 il əvvəl heç kim təsəvvür edə bilməzdi ki, qəzet köşələrində yazılar fotolarla birlikdə çap ediləcək. İndi isə bu, vacib şərtdir. Müasir xaotik dünyada oriyentasiya etmək çox çətindir. Nəzərə almaq lazımdır ki, biz mətbuat, televiziya və radionun əsas olduğu dünyadan gəlmişik. Ona görə də dünyada mətbuat əsas rol oynayırdı və etibar edilirdi. Hər şəhər və ölkədə iki avtoritet qəzet olurdu. Bu həm də tarazlıq görüntüsü yaradırdı. Amma hər şey bitdi. Mənim sadaladığım media növləri ikiqütblü dünyada yaxşı duruş gətirə bilirdi. Amma indi vəziyyət dəyişib və biz informasiya vasitələrinin çoxaldığı bir dövrdə yaşayırıq. Biz çoxqütblü dünyaya doğru gedirik və burada bir tək yanaşma olması mümkün deyil. Ən sadə məsələ odur ki, nəyin baş verdiyini anlamaq və daimi olaraq kursda olmaq lazımdır. Burada sosial şəbəkələri də nəzərə almaq lazımdır. 2011-ci ildə biz anladıq ki, jurnalistikada böhran başlayıb. Ardınca iqtisadi böhran başladı və bu gün də davam edir. Və biz başa düşdük ki, KİV-i əhatə edən böhran əslində çox dərindir. Bunun ilk işarətlərini 2004-cü ildə görməyə başladıq. 2011-ci ildə biz ictimai hərəkatların əhəmiyyətini başa düşmədik. «Ərəb baharı» məsələsində də biz eyni vəziyyətlə üzləşdik. Qərb mediası əvvəlcə gözləmə mövqeyində dayandı, daha sonra elə görüntü yaratdılar ki, sanki heç nə baş vermir. Sonra elə görüntü yaratdılar ki, baş verənlər əhəmiyyətsiz hadisələrdir, bunun ardınca hər şeyi mənfi fonda təqdim etməyə başladılar. Jurnalistikanın çətinliyinin biri də elə bundadır. Bu vəziyyət onu göstərir ki, biz jurnalistlər xəbərə mənfi, düşməncəsinə yanaşırıq. Səhvimiz ondadır ki, yalan informasiya toxumağa çalışırıq. Mənasız informasiyaya bu qədər vaxt ayırmağa dəyməz. Biz yalan xəbərə sevinclə, ciddi xəbərə mənfi yanaşdığımızdan ətrafımızda nə baş verdiyini anlaya bilmirik. Jurnalistikanın uğurlarından biri keyfiyyəti yüksəltmək olmalıdır. Çoxları bu istiqamətdə inkişaf etmək istəmir, amma keyfiyyəti artırmaq uğrunda mübarizə aparanlar da var. Jurnalistlərin peşəkarlığının artırılması vacibdir. Çap mediası jurnalistdə müəyyən status assosiasiyası yaradır. 40 yaşdan yuxarı jurnalistlər üçün qəzet müəyyən ictimai səviyyədir. Amma nəsil dəyişməsi baş verəndə və qəzet pensiyaçıların məskəninə çevriləndə vəziyyət dəyişir. Əgər proseslər belə davam edərsə, çap mediası normal biznes-planın olmamasına görə ciddi böhran keçirəcək. Reklamı bir kənara qoymaq lazımdır. Elə etmək lazımdır ki, çap edilən materialın özü gəlir gətirsin. Cəlbedici və yüksək keyfiyyətli ödənişli materiallar da təqdim edilə bilər». Ekspert qeyd edib ki, təxminən 10 ildən sonra artıq əlimizdə qəzet gəzdirməyəcəyik.
Anar MIRIYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info