Kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artırmaq olar
Tarix: 08.02.2017 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


Azərbaycan kənd təsərrüfatı məhsullarının böhran yaşanan Avropa bazarlarına ixracı araşdırılmalıdır

Tərəvəz əsas ərzaq məhsullarından olmaqla, həm də geniş ixrac potensialına malik və valyuta gətirən məhsuldur. Ölkəmizin əlverişli təbii iqlim şəraiti, demək olar ki, bütün bölgələrdə tərəvəz istehsalına imkan verir. 2015-ci illə müqayisədə ötən ildə tərəvəz ixracı 37 milyon dollar artaraq 129 milyon dollara çatıb. İstehsal etdiyimiz məhsullar ənənəvi hesab olunan Rusiya və digər keçmiş ittifaq respublikalarının bazarları ilə yanaşı, artıq Avropa, ərəb və uzaq Asiya ölkələrinə ixrac olunur.
Ölkədə tərəvəz istehsalının artırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Ötən il dünya liderlərinin iştirakı ilə keçirilən BMT-nin Dayanıqlı İnkişafı üzrə Sammitində milli, regional və beynəlxalq səviyyələrdə yüksək məhsuldarlığa nail olmaq üçün toxumçuluğun inkişaf etdirilməsi əsas hədəflərdən biri kimi müəyyən olunub. Bu qlobal hədəfin reallaşdırılması məqsədilə müxtəlif bitki sortlarının istehsalı və saxlanması üçün Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun bazasında virussuz kartof və hibrid tərəvəz toxumlarının istehsalı müəssisəsinin inşasına başlanılıb, yüksək kondisiyalı bitki toxumlarının standartlara uyğun emalı, qablaşdırılması və satışı məqsədilə 7 müasir tipli toxum emalı fabrikinin qurulmasına isə yaxın zamanlarda başlanacaq. Tərəvəz istehsalında artımın vacibliyini qeyd edən ölkə başçısı bildirib ki, bütün növ tərəvəz istehsalında ümumi rəqəm 96 faizdir: “Hesab edirəm ki, bu, azdır. Ancaq, misal üçün, kartof 86 faiz, bir qədər aşağı düşüb, pomidor 120 faiz, xiyar 105 faiz. Əgər biz sovet vaxtına nəzər salsaq görərik ki, - təbii, o vaxt bölgü aparılırdı, - Azərbaycanda üzüm, pambıq, gül, meyvə, tərəvəz istehsal edilirdi, ancaq yağ, ət, un başqa respublikalardan gətirilirdi. Bu da vahid ölkə üçün məqbul variant idi. Ancaq biz indi müstəqillik dövründə yaşayırıq və əlbəttə ki, çalışmalıyıq öz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək. Buna nail oluruq. Əlavə tədbirlər nəticəsində və 150-160 min hektar yeni suvarılacaq əkin sahələrinin hesabına biz nəinki bu boşluğu doldura bilərik, eyni zamanda, çox böyük ixrac imkanımız da yaranacaq. Əlbəttə, bütün bu işləri görərkən, bir daha qeyd etmək istəyirəm ki, biz bir neçə məqsədi güdürük. Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq. Hesab edirəm ki, biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik. Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq. Beləliklə, ölkəmizə daha çox valyuta gələcək, manat öz sabitliyini qoruyacaq, neftdən asılılıq azalacaq və iş yerləri yaradılacaq, sahibkarlıq inkişaf edəcək”.

Avropada tərəvəz böhranı: məhsul çatışmır, qiymətlər yüksəlir
Avropada qeyri-sabit hava ilə bağlı başlayan qida böhranı böyüyür. Dondurucu soyuqların tərəvəz istehsalını vurması başda İngiltərə və İrlandiya olmaqla bir çox ölkədə tərəvəz çətinliyi yaradarkən, qiymətlər da sürətlə yüksəlməyə başlayıb. Hələ ötən həftə İngiltərədə bununla bağlı problem yarandığını bildirmişdik. Lakin orada başlayan kahı və brokoli satışına məhdudiyyət səlahiyyətli şəxsləri hərəkətə keçirsə də, çətinliyin yaza qədər sürəcəyi gözlənilir. Soyuqlar Avropanın “çörək səbəti” olan İspaniyanın cənub hissəsinə də zərbə vurub. Bu isə Avropada xüsusilə salat kimi istifadə edilən tərəvəzlərdə ciddi problem yaradıb. Balqabaq, badımcan, kahı, gül kələmi, ispanaq, kərəviz, brokoli, pomidor istehsalındakə azalma Avropanın bir çox ölkəsində istehlakçıya öz təsirini göstərməyə başlayıb. Avropada tərəvəzin ana vətəni sayılan İspaniyanın Murcia və Valensiyadakı məhsulun qar altında qalması, İtaliyada soyuq havanın Sicilyanı belə, əhatə etməsi supermarket rəflərinə təsir etməyə başlayıb.
İngiltərədə supermarketlərdə tərəvəzə qoyulan məhdudiyyət isə davam edir. Buna bənzər hadisə Finlandiyada da yaşanır. Belə ki, “S Group” şirkəti idxal olunan tərəvəzlə bağlı çətinlik yaşandığını, qiymətlərin yüksəlməyə başladığını bildirib. “Kesko” tərəvəz satış müdiri Liisa Eronen də son 20 ilin ən pis tərəvəz problemi ilə qarşı-qarşıya olduqlarını ifadə edərək, xüsusilə pomidor, kahı və bibərdə ciddi bir çətinlik yaşadıqlarını qeyd edib. Bu səbəblə qiymətlərin bir müddət daha yüksək qalmasını gözlədiklərini ifadə edib.

Badımcanın qiyməti bir həftədə 132 faiz artdı
Avropada soyuq hava qiymətləri gedərək yüksəldir. Avropanın təzə tərəvəz ehtiyacının 80 faizini qarşılayan İspaniyada badımcanın kilosunun qiyməti 132 faiz yüksəlib. Balqabağın qiymət 60 faiz yüksələrkən bəzi pomidor növlərinin qiymətində 45 faiz artım qeydə alınıb. İspaniyanın ən böyük kənd təsərrüfatı birliyi “Asaja”nın rəsmisi Estrella Larrazabal, istehsalçının istixanada istehsala ziyan dəydiyini bildirməyə başladığını və bunun da qiymətlərə öz təsirini göstərəcəyini söyləyib. İspaniya meyvə və tərəvəz istehsalçıları birliyi FEPEX, ispanaq və kahı kimi məhsullardakı qıtlığın isə aprel ayına qədər davam edəcəyini söyləyib. Yunanıstan, İtaliya və Fransada da tərəvəz çatışmazlığı yaşanır.
AB-nin kənd təsərrüfatı sektorunda tərəvəzçilik böyük əhəmiyyət daşıyır. AB-nin bütün kənd təsərrüfatı istehsalının 13,6 faizini tərəvəz təşkil edir. Birlikdə istehsalın 17,8 faizini Hollandiya, 16,7 faizini İspaniya və 16,5 faizini isə İtaliya reallaşdırır. 2015-ci ildə bu ölkələr, birliyin ümumi istehsalının yarısından çoxunu reallaşdırıb. Həmin il AB-nin tərəvəz istehsalında ən əhəmiyyətli məhsullar pomidor, kök və soğan olub. AB ölkələri 2015-ci ildə 17,6 milyon ton pomidor istehsal edərkən, bunun üçdə ikisi İtaliyanın payına düşüb. Kök istehsalında başda Polşa və İngiltərə gəlir. Bu iki ölkə AB-dəki ümumi kök istehsalının dörddə birindən çoxunu istehsal edir. Birliyin ən böyük soğan istehsalçıları da ümumi istehsalda 45 faiz payla Hollandiya və İspaniyadır.

Dünyada qida qiymətləri artır

Dünya miqyasında qida qiymətləri yanvar ayında son iki ilin ən yüksək səviyyəsinə çıxarkən, qiymətlərdə dəyişikliyin bütün ilboyu davam etməsi gözlənilir. BMT Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) qida indeksi, təklifin çoxluğu səbəbilə son beş ildir düşməsinin ardından yanvar ayında yenidən yüksəlişə keçib. Yağlı toxum, süd məhsulları, ət, şəkər və taxıl səbətindən ibarət indeks yanvar ayında 173.8 xalla 2015-ci ilin fevral ayından bu yana ən yüksək dəyərini alıb. İndeksin yüksəlməsində bitki yağı və taxılın qiymətlərinin artması təsirli olub. Göründüyü kimi, bu gün dünyada müxtəlif səbəblərdən kənd təsərrüfatı məhsullarının qiymətlərində artım müşahidə edilir. Eləcə də Avropa tərəvəz böhranı ilə üzləşib. Ölkəmizdə isə bir çox tərəvəz məhsulların istehsalı bu sahədə ixracı daha da artırmağa imkan verir. Biz ,ölkə başçısının qeyd etdiyi kimi, ixrac potensialını artıra bilərik və bu, real hədəf olmalıdır. Bunun üçün Avropa bazarlarında yaranmış böhrandan faydalanaraq öz məhsullarımızı təqdim edə bilərik.
Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info