“Banka borcu olanların siyahısında qadın sahibkarların adı nadir hallarda olur”
Tarix: 10.04.2013 | Saat: 23:06:00 | E-mail | Çapa göndər


Jalə Hacıyeva: “Rəsmi statistikaya gəldikdə mikrokredit üzrə qadın
müştərilərin sayı ümumilikdə hazırda ölkədə 136 min 334 nəfər təşkil edir”


“Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı ölkə başçısı bildirib ki, bu gün sahibkarlığın inkişafına, sahibkarlara verilən dəstək onların da biznes mühitinin yaxşılaşdırılmasına xidmət göstərir: “Biz sahibkarlığın inkişafı ilə bağlı çox böyük addımlar atmışıq. Bölgələrdə gedən böyük quruculuq işləri, infrastruktur layihələri sahibkarlıq üçün gözəl zəmin yaradır. Dövlət tərəfindən qoyulan investisiyalar, o cümlədən sahibkarlığın inkişafına xidmət göstərir. Eyni zamanda, sahibkarlığın inkişafı üçün verilən dövlət maliyyə dəstəyi də mühüm rol oynayır. Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli şərtlərlə 1 milyard 200 milyon manat kredit verilib. Bu maliyyə dəstəyi, əlbəttə ki, sahibkarlığın inkişafına böyük təkan verib. Bu kreditlər vasitəsilə icra edilən layihələr, əlbəttə ki, eyni zamanda, sahibkarların öz vəsaiti hesabına da icra edilir. Yəni, biz burada da dövlətin və özəl sektorun tərəfdaşlığını görürük”. Bu gün ölkəmizdə sahibkarlığın inkişafına dəstək olan təşkilatların da sayı getdikcə artır. Müsahibimiz Azərbaycan Sahibkarlar Konfederasiyanın üzvü, Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyevadır:

- Sahibkarlıq fəaliyyətinin ancaq kişilərə məxsus olması ilə bağlı belə bir fikir formalaşıb. Savadlı qadınlar var, ancaq onlar da çətinliklə üzləşirlər. Onların bir qisminə ətrafında olan insanlar dəstək olurlar. Amma hamısının belə bir imkanı olmur. İmkanı olanlar bu baryerləri aşaraq nəticə əldə edə bilir. Məsələn, “Əli və Nino” kitab mağazalar şəbəkəsinin direktoru Nigar Köçərli bu sahədə uğur qazanıb. Amma onun üçün də asan olmayıb. O, bu gün hazırdır ki, öz təcrübəsini başqaları ilə bölüşsün. Yeri gəlmişkən, Amerikanın ölkəmizdəki səfirinin xanımı Faith Morninqstarın irəli sürdüyü təklif əsasında yanvar ayında “Azərbaycanın 100 biznes qadını” adlı bir qurum yaradılıb. Bu şəbəkənin məqsədi odur ki, Azərbaycanda nə qədər ki sahibkar xanımlar var, onların qeyri-rəsmi şəbəkəsi qurulsun. Onlar ayda bir dəfə toplaşırlar və bir qadın öz sahəsində olan problemləri açıqlayır, digər qadınlar ona öz dəstəyini təklif edirlər. Əgər maliyyə problemi varsa, orada təmsil olunan banklar, hüquqi məsələdirsə, hüquq şirkətlərinin rəhbərləri, beynəlxalq qurumlar öz tövsiyələrini verirlər. Beləliklə, bu dairə böyüməyə başlayır. Nə qədər sahibkar qadın bu barədə məlumatlı olacaqsa, onlar gəlib burada təmsil olunmaq istəyəcəklər. Hələlik bu qurum yeni fəaliyyətə başlayıb. Biz ən azından burada toplaşaraq mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparırıq. Bir xanımın problemi olarkən harasa müraciət etdikdə ola bilər ki, ona o qədər də əhəmiyyət verməyə bilərlər. Ancaq bir qurum olaraq müraciət etsək, artıq istər-istəməz dövlət dəstəyindən istifadə edərək bu sektoru inkişaf etdirə bilərik. Doğrudur, bəzi kişilər bu məsələyə qısqanclıqla yanaşır. Ancaq düşünürəm ki, qadınlar da kifayət qədər cəsarətli olmalıdır ki, çətinliklərə dözməlidirlər. Bu sahədə kişilərdən də qabağa keçənlər var və bu, mümkündür. Mümkün olmayan heç nə yoxdur.
- Siz Türkiyədə təşkil olunan sahibkar qadınların tədbirində iştirak etmisiniz. Burada əsasən hansı məsələlər müzakirəyə çıxarıldı?
- Biz bir qrup sahibkar qadın Türkiyədə Orta Asiya, Pribaltika ölkələri, Kiprdən olan sahibkar qadınların iştirakı ilə keçirilən tədbirdə iştirak etdik. Digər xarici ölkələrdən də qonaq qismində çıxış edənlər də vardı. Təşəbbüs bir neçə müddət öncə bir ABŞ təşkilatı tərəfindən irəli sürülüb. Hazırda isə Türkiyədə sahibkar qadınların assosiasiyası var və liderliyi onlar öz üzərlərinə götürüblər. Son iki ildir ki, bu tədbiri onlar təşkil edir. Bizi dəvət etmişdilər və mənə bildirdilər ki, mikromaliyyə Türkiyə üçün çox aktualdır. Azərbaycanda bu sahə 13 ildir ki, inkişaf edib, ancaq Türkiyədə yeni başlayıb. Mənə mikromaliyyələşməni necə inkişaf etdirməklə bağlı suallar ünvanlayırdılar. Əgər növbəti illərdə də dəvət etsələr, məmnuniyyətlə hazıram.
- Sahibkar qadınların banklardan istifadə mexanizmi ilə bağlı nə deyərdiniz?
- Bizim assosiasiyanın nəzdində qadın sahibkarlar üçün xüsusi layihələrimiz olub və hazırda da davam edir. Məsələn, bizim hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı ilə bir layihəmiz var və bu layihəyə 14 təşkilatı cəlb etmişik. Bunlar həm banklar, həm də digər təşkilatlardır. Məqsəd qadın sahibkarların bu sahədə iştirakını artırmaqdır. Eyni zamanda istərdik ki, bank sektorunda rəhbər vəzifədə çalışan qadınlar üçün bərabər imkan yaradılsın. Çox zaman görürük ki, ölkədə fəaliyyət göstərən 44 bank var, ancaq idarə heyətində təmsil olunan qadınların sayı azdır. Yalnız “Bank Respublika”nın idarə heyətinin sədri qadındır, ancaq digər banklarda kişidir. Yaxud da əksər banklarda, hətta insan resursları üzrə departamentin rəhbəri belə kişidir. Cəmi bir neçə bankda bu vəzifədə qadındır. Maliyyə direktoru kişidir, ancaq Avropa Yenidənqurma və İnkişaf Bankında artıq bu tendensiya var ki, qadınlara üstünlük verirlər. Əgər bu bank qadını işə götürmürsə, necə kadr yetişdirə bilər? Bank heç vaxt təcrübəsiz insanı rəhbər vəzifəyə götürmür. Buna görə o gərək inzibati və digər işlərdə çalışmalıdır ki, sonra bankın nəzdində inkişaf edib, gəlib o səviyyəyə çata bilsin. Avropada bu faiz 35-45 faiz arasında dəyişir. Biz rayonlara gedirik, orada söhbət zamanı kişilər bildirirlər ki, bu ağır işdir, qadın işləyə bilməz. Ancaq qadınlar isə bildirir ki, onların evdə, təsərrüfatda gördükləri işlər daha ağırdır. Yerlərdə qadınlar ev işlərini görəndən sonra xeyli boş vaxtları qalır, onlar bu müddətdə işləyə, təcrübə qazana bilərlər. Ümumilikdə, artıq stereotip dəyişməkdədir. May ayının ortalarında Avropa Yenidənqurma və İnkişaf Bankının seminarı keçiriləcək və buraya bankın rəhbərliyi dəvət olunacaq. Bosniya, Qazaxıstandan olan təşkilatları dəvət edəcəyik. Onlar öz uğurlu təşəbbüsləri barədə bizim bankları məlumatlandırsınlar ki, bu elə də mümkünsüz şey deyil. Hətta onun kifayət qədər nəticəsi var, effektivlik, mənfəət baxımından qadın işçilər kifayət qədər bacarıqlıdırlar. Yəni, heç də geridə qalmırlar. Bu stereotipi qırmaq üçün bir çox modelləri nümayiş etdirmək olar. Hətta belə bir fikir bildirdik ki, qadın müştərilər dünya üzrə ən məsuliyyətli müştərilər olur. Bu gün Azərbaycanda müştərilərin gecikmiş borclarına baxsaq, bu siyahıda qadınları nadir hallarda tapmaq olar. Çünki qadınlar heç vaxt istəməz ki, öz əmlakını risk altında qoysunlar. Onlar buna çox məsuliyyətlə yanaşırlar. Vaxtından əvvəl krediti bağlamağa çalışırlar ki, bu öhdəlik onların üzərindən götürülsün.
- Bu gün ölkədəki mikrokredit üzrə qadın müştərilərin sayı nə qədərdir?
-Əgər istər kişi, istərsə qadın olsun, ailədə ona dəstək olmayanda ona iş qurmaq çətin olur, biznesi irəli aparmaqda çətinlik çəkir. Psixoloji olaraq onlara təsir edir ki, bu qadına on qat təsir edir. Çünki qadınların məsuliyyəti yalnız bizneslə bitmir. Biz layihələrimizdə onları düşünməyə vadar edirik və nəşr etdiyimiz broşürada mövcud vəziyyəti ki, ağac formasında təsvir etmişik. Çünki ilk olaraq onun kökündə olan problemə baxmaq lazımdır, həlli yolları nədir, hansı yol daha qısadırsa, əlçatandırsa, ondan istifadə edərək nəticə əldə etmək olar. Biz 500 müştəri arasında bu broşüraları yaydıq. Artıq başqa bir təşkilatla bu layihəni həyata keçirəcəyik. Beləliklə, düşünürük ki, daha çox insanlar bundan bəhrələnə bilsin.
Rəsmi statistikaya gəldikdə mikrokredit üzrə qadın müştərilərin sayı ümumilikdə hazırda ölkədə 136 min 334 nəfər təşkil edir. Yəni, bu məbləğ 80 manatdan-16 min manat arası olur. 13 il bundan öncə bu göstərici 4 faiz idi. Ancaq bununla yanaşı, elə sahibkar qadınlar var ki, bizim onun fəaliyyəti ilə bağlı məlumatımız yoxdur. Biz bankları məcbur edirik ki, qadınlar arasında sorğu aparsınlar ki, hansı biznes sahəsi onlar üçün maraqlıdır, ancaq kreditlərdə şərtlər əlverişli deyil. Azərbaycanda iri sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlar var, ancaq bunun genişlənməsi üçün kifayət qədər dəstək olmalıdır.
Bu günlərdə Sahibkarlar Konfederasiyasının xətti ilə Vyanada keçirilən toplantıya dəvət almışıq. Həm biznes agentliklər, həm də sahibkar qadınlarla görüş olacaq. Mənim üçün də maraqlı bir səfərdir. Görüş oradakı Azərbaycan səfirliyi tərəfindən təşkil olunub. İnanıram ki, maraqlı müzakirələr olacaq. Ölkəmizdə isə ilin sonuna yaxın konfederasiyanın xətti ilə qurultay keçirilməsi nəzərdə tutulur.

Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info