“AXCP müxalifətdəki ziddiyyətlərdən faydalanmaq yolunu tutub”
Tarix: 10.04.2013 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Müxalifət düşərgəsində təmsil olunan partiyaların bir-birilərinə qarşı irəli sürdükləri ittihamlar, tənqidlər səngimək bilmir. Sonuncu ittiham Müsavat partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılıdan gəlib. O, “Reytinq” qəzetinə verdiyi müsahibədə yenə də ACP-nin lideri Rəsul Quliyevi sərt şəkildə tənqid edib.
Verdiyi açıqlama zamanı Rəsul Quliyevi yaşına uyğun hərəkət etməməkdə təqsirləndirən Arif Hacılı onun 2005-ci il parlament seçkilərində buraxdığı səhvlərlə müxalifətə çox böyük zərbə vurduğunu, bununla neçə fəalın həbsinə səbəb olduğunu və hazırda ölkənin siyasi həyatına təsir gücünü itirdiyini bildirib. Açıq Cəmiyyət partiyasının Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva isə bu durumdan təəssüfləndiyini, Arif Hacılının kimlərlə mübarizə aparmalı olduğunu bilmədiyini qeyd edib. Getdikcə kəskinləşən qarşılıqlı tənqidlər, ittihamlar yalnız tərəflərə deyil, ümumiyyətlə müxalifət düşərgəsinə çox mənfi təsir göstərir, insanlarda müxalifətdə inkişafın olmadığı, burada təmsil olunan partiyaların, şəxslərin ümumi maraqlarından deyil, yalnız dar əhatəli maraqlardan çıxış etdiklərini və yalnız partiya maraqlarını müdafiə etdikləri təəssüratını oyadır. Bir az çətinə düşən kimi, ya da müxalifət düşərgəsində hansısa bir partiyanın nüfuzunun artdığını görən zaman bir-birilərini tənqid, çox zaman təhqir etməyə başlayırlar. Bəs onların hakimiyyətə gələcəkləri təqdirdə Azərbaycanın maraqlarını öz maraqları üçün qurban verməyəcəklərinə kim təminat verə bilər? Eyni zamanda AXCP-nin Müsavatın zərərinə olan vasitələrdən öz nüfuzunu artırmaq üçün geniş istifadə etməyi diqqət cəlb edən məqamlardandır. Belə ki, Müsavat haqqında hansısa bir tənqidi fikir deyilən zaman AXCP-yə bağlı olan “Azadlıq” qəzeti bunu geniş şəkildə işıqlandırır. Bunu Rəsul Quliyev və Müsavat partiyası arasında qarşılıqlı səslənən ittihamların sözügedən qəzetdə işıqlandırılmasında da müşahidə etmək mümkündür. Çox zaman eyni mövqedə olduqlarını, müttəfiq olduqlarını bəyan edən hər iki partiyanın göstərdikləri fəaliyyət zamanı br-birilərinə qarşı apardığı mübarizə gözdən yayınmır. Bununla bərabər nümayəndələrinin ABŞ-a səfərini geniş şəkildə işıqlandırır, guya ABŞ-ın Azərbaycanda yalnız AXCP-ni əsas “siyasi qüvvə” hesab etdiyini iddia edirlər.
QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov prezident seçkiləri qabağı müxalifət düşərgəsində proseslərin bu cür inkişafının düşərgə üçün xarakterik olduğunu bildirdi: “Hər dəfə parlament, yaxud prezident seçkilər yaxınlaşdığı dövrdə müxalifət düşərgəsində təmsil olunan partiyalar və təşkilatlar arasında qarşılıqlı ittihamlar artır. Səbəb isə isə müxalifətin vahid mövqedən çıxış edəcəyini bəyan etməsinə baxmayaraq, vahid namizəd məsələsində razılığın əldə oluna bilməməsidir. Hər bir müxalifət partiyası öz namizədinin olmasını istəyir. Hansısa bloklar, qruplar, təşkilatlar daxilində birləşmək isə müvəqqətti xarakter daşıyır. Müxalifət partiyalarının bir-birilərinə qarşı irəli sürdükləri sərt ittihamlar isə onlar arasında münasibətin qeyri-səmimi olduğundan xəbər verir.” AXCP və Müsavat arasındakı münasibətlərə də toxunan Rufiz Qonaqov bu münasibətlərin səmimiyyətə dayanmadığını qeyd etdi: “AXCP-nin Müsavata qarşı nüfuzdan salma kamapniyası aparması məsələsinə gəldikdə isə bunu normal hesab etmirəm. Bu iki partiya bir-birini qəbul edə bilmir. Bu çəkişmədən sanki onların nəyinsə xatirinə müəyyən müddət ərzində bir yerdə məcburiyyət qarşısında qalıb bir yerdə fəaliyyət göstərdikləri qənaətinə gəlirsən. Fikrimcə bu, qarşılıqlı inamsızlığın, qeyri-səmimi münasibətin nəticəsidir.”
Azərbaycan Demokratik Tələbə Gənclər təşkilatının sədri Asif Əsgərli isə müxalifətin birləşmək haqqında səsləndirdiyi fikirləri yalnız pafoslu sözlər olaraq dəyərləndirdi və müxalifət düşərgəsindəki ziddiyyətlərin səbəblərindən danışdı: “Əslində onların hər birinin şəxsi ambisiyaları heç vaxt buna imkan vermir və verməyəcək də. Hər biri özünü daha "layiqli", "nüfuzlu", "xalqın dəstəklədiyi lider" kimi qələmə verərək, başqalarını onun namizədliyi üçün geri cəkilməli olduğunu bəyan edirlər. Məsələn, 20 ildir Müsavata rəhbərlik edən İsa Qəmbər fikirləşir ki, o daha şanslıdır, seçkilərdə iştirak edib və s. Yaxud yaratdığı partiyasının adını və mənasını bilməyən Rəul Quliyev okeanın o tayından bəyan edir ki, o, uzun müddət ali hakimiyyətdə olub və vəzifəni daha yaxşı idarə edə bilər. Amma naftalin iyi verən bu "siyasətçi"lər bilmirlər ki, artıq bunların erası bitib ve xalqın bunlara heç bir inamı qalmayıb. Yalniz işləri odur ki, bir-birilərinə qarşı komprjmatlar tapsınlar, özlərinə yaxın mətbuatda digərlərini aşağılasınlar, bəlkə onda rəqibləri nüfuzdan düşər və bunlar daha reytinqli olar. Əslində bütün bunlar hamısı şəxsi eqoizmdən başqa bir şey deyil.”
AXCP və Müsavat arasındakı münasibətlərə gəldikdə isə A. Əsgərli bununla AXCP-nin öz mənfəətini güddüyünü və öz nüfuzunu bərpa etmək məqsədilə belə addımlar atdığını qeyd etdi: “AXCP son zamanlar bu ziddiyyətlərdən öz "mənfəəti" üçün faydalanmaq yolu tutub, o üzdən “Azadlıq” qəzetində digər rəqiblərinə, o cümlədən Müsavata, “El”-ə qarşı olan söhbətləri daha çox qabartmağı hədəfləyib. AXCP istəyir ki, köhnə nüfuzunu bərpa etsin, xalqın 90-cı illərdə yaddaşında qalan Xalq Cəbhəsi imicini qaytarsın, guya bunlar o zaman kı, Xalq Cəbhəsidir, digərləri sonradan yaranan partiyalardır. Bu kimi boş xəyallarla özlərinə reytinq qazanmaq istəyirlər. Buna görə də özünü Müsavat və digər müxalif qüvvələrlə müttəfiq adlandıran AXCP sözün əsl mənasında onların zəifləməsində, nüfuzdan tamamilə düşməsində maraqlıdır. Eyni zamanda AXCP sədr müavininin ABŞ-a olan şəxsi səfərini elə təmtəraqla reklam edirlər ki, guya rəsmi Vaşinqton Azərbaycanda "əsas qüvvə" kimi AXCP-ni görür. Bunlar boş piyardan başqa bir şey deyil. Bütün bu ziddiyyətlər fonunda seçkilərə pərakəndə qatılacaq müxalif düşərgə əvvəlcədən görünən nəticəsizliklərini bir daha nümayiş etdirmiş olacaq.”
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info