“Ən böyük problem Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin olmasıdır”
Tarix: 11.02.2017 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti” agentliyinə müsahibə verib. AZƏRTAC-ın yaydığı musahibəni ixtisarla təqdim edirik:

-Son günlərin əsas mövzularından birinə toxunmaq istərdim. Bu mövzu bir sıra dövlətlərin mənafeləri ilə bağlıdır. Söhbət Rusiyanın və İsrailin vətəndaşlığına malik olan, Bakının sorğusuna əsasən bu günlərdə Minskdən Azərbaycanın paytaxtına ekstradisiya edilmiş Aleksandr Lapşin barədədir. Sizin fikrinizcə, onun sonrakı taleyi necə olacaq? Deyilənə görə, onun əfv edilərək vətəndaşlığına malik olmadığı bir ölkəyə verilməsi mümkündür...
-Lapşinin gələcək taleyi məsələsi istintaqın nəticələrindən asılı olacaq. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə ittihamlar irəli sürülüb. Son qərarı məhkəmə qəbul edəcək. Bu məsələnin hədsiz siyasiləşdirilməsi məni çox təəccübləndirir və hiddətləndirir. Lapşini həmişə bloqqer adlandırırlar. Yaxşı, əgər o mühəndis olsaydı, onunla maraqlanmayacaqdılar? O, qanunları pozub və hüquqi əsaslara uyğun olaraq cinayət işi qaldırılıb, bu əsasda İnterpola sorğu göndərilib və Belarus tərəfi həmin sorğuya müvafiq olaraq onu tutub saxlayıb. Hər iş MDB çərçivəsində Kişineu Konvensiyasına uyğun olaraq qanun çərçivəsində görülüb. Bu şəxsin bloqqer olması barədə spekulyasiyalar heç də onun qanun qarşısında toxunulmaz olması demək deyil.
-Artıq neçə illərdir ki, Qarabağ məsələsinə dair danışıqlar gedir, lakin istər ATƏT-in Minsk qrupu, istərsə də Rusiyanın, Ermənistanın və Azərbaycanın formalaşdırmağa cəhd göstərdiyi format hər hansı uğurlarla nəticələnməyib. Bəlkə, yeni variantlar axtarmağın vaxtıdır.
-Minsk qrupu hələ 1992-ci ildə yaradılıb. Oraya təkcə Ermənistan və Azərbaycan deyil, bir sıra başqa ölkələr, o cümlədən Rusiya, Belarus, Türkiyə, İsveç və başqa ölkələr də daxildir. Ermənistan və Azərbaycan bu danışıqların iştirakçıları, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflərdir. 1997-ci ildə həmsədrlər ideyası tətbiq edildi. Məlum olduğu kimi, həmsədrlər Rusiya, ABŞ və Fransa oldu. Təbii ki, həmin anda tam əminlik var idi: bir halda ki, BMT Təhlükəsizlik Şurasının beş üzvündən üçü Minsk qrupunun həmsədrləridir və 1993-cu ildə bu münaqişənin tənzimlənməsinə dair dörd qətnamənin hər birinə bütün həmsədrlər yekdilliklə səs veriblər, deməli, Təhlükəsizlik Şurasının qətnamələrinin iddia müddəti yoxdur.
Bu sənədlərdə açıq-aydın yazılıb ki, Təhlükəsizlik Şurasının tapşırığına müvafiq olaraq Minsk qrupunun o vaxtkı sədri Mario Rafael qoşunların işğal edilmiş ərazilərdən çıxarılması qrafikini təqdim etdi. Bu sənəd 853 nömrəli qətnaməyə əlavə kimi təqdim olundu. 1997-ci ildə üçlü həmsədrlik tətbiq ediləndə biz fikirləşirdik ki, əgər o vaxt bu ideya qəbul edilibsə, irəliləyiş üçün yaxşı şans olacaq. Lakin təəssüf ki, faktlar göz qabağındadır - iyirmi ildən artıq müddətdə münaqişə tənzimlənməyib.
Mənim nazir olduğum müddətdə bir neçə dəfə biz münaqişənin tənzimlənməsində irəliləyiş məsələsinə xeyli yaxınlaşmışdıq. Hamı başa düşür ki, bu gün mövcud olan status-kvo, ola bilsin ki, erməni tərəfindən başqa heç kəsi qane etmir.
Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi azad edilib, insanlar artıq oraya qayıdırlar. Çox təəssüf ki, hər bir ərazi hərbi əməliyyatlar yolu ilə azad edilir, hərçənd biz birinci gündən deyirdik ki, məsələ sülh yolu ilə həll edilməlidir.
Biz dəfələrlə demişik ki, tədricən “masanı problemlərdən təmizləmək” lazımdır. Bəs hansı problemlər var? Ən böyük problem Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin olmasıdır. İlk növbədə demək istərdim ki, əsgərlər, sadəcə, kazarmalara qayıtmalıdır. Bu, çox böyük imkanlar açacaq, bu, planın bir hissəsidir. Siz mənə Rusiya-Ermənistan-Azərbaycan formatı barədə sual verdiniz. Prinsip etibarilə biz belə də edirik. Keçən ay mən Moskvada oldum və Sergey Lavrovla bu planı müzakirə etdik. Bildiyiniz kimi, bundan əvvəl Sankt-Peterburqda prezidentlərin görüşü olmuşdu. Planın nədən ibarət olduğunu və bizim həmin plan üzrə necə irəliləməli olduğumuzu hamı gözəl bilir, hər şey açıq yazılıb, lakin siyasi iradə lazımdır. İndiki halda bizim siyasi iradəmiz var, erməni tərəfinin siyasi iradəsi lazımdır.
-Lakin, əgər sizin indicə bu qədər ətraflı bəhs etdiyiniz mövcud format bu məsələdə “ölü nöqtədən tərpənməyə” imkan vermirsə və erməni qoşunları indi olduqları yerdə qalırsa, bəlkə siz ABŞ-ın yeni administrasiyasına hansısa ümid bağlayırsınız.
-Baxarıq. ABŞ administrasiyası hələlik müvəqqəti həmsədr təyin edib, lakin bu şəxs altı-doqquz ay işləyəcək. İkincisi, məsələ həm də ondan ibarətdir ki, prinsip etibarilə hər bir ABŞ administrasiyasının institusional yaddaşı var. Siyasətdə belədir - gəlin onlara 100 gün vaxt verək, kabinetdə olsunlar, sonra isə qiymətləndirməyə başlayaq, görək onlar bu məsələ ilə intensiv məşğul olacaqlar, ya yox. İndiki halda mən hadisələri qabaqlamaq istəmirəm. Lakin Rusiya tərəfinin təklifinə qayıdaraq deməliyəm ki, format var, kağızlar var, hər kəs hər şeyi gözəl bilir.
-Yaxın vaxtlarda Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri səviyyəsində görüş olacaqmı?
-Mən Moskvada olarkən bu ideya səsləndi. Sergey Lavrov Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü keçirməyi təklif etdi. Mən dedim ki, buyurun, mən hazıram. Lakin həmin görüşün təxmini müddətləri müzakirə edilməyib, bunun üçün qrafiklərin uzlaşdırılması tələb olunur. Hələlik bizə konkret müddətlər barədə təkliflər daxil olmayıb, lakin bizim prinsipial razılığımız var.
-Siz xatırlatdınız ki, indiyə qədər Qarabağ problemlərində yalnız hərbi qüvvə hesabına irəliləyişlər olub. Prezident Əliyev bu yaxınlarda Davosda bildirdi ki, Azərbaycan Rusiya Federasiyasından külli miqdarda hərbi texnika almağa hazırlaşır. Məhz nədən söhbət getdiyini dəqiqləşdirə bilərsinizmi?
-Mən müdafiə naziri yox, xarici işlər naziriyəm. Orduya tələb olunan silahların siyahısını və ya reyestrini təsəvvür etmək mənim üçün xeyli mürəkkəbdir. Lakin xarici işlər naziri kimi deyə bilərəm: bu pulları regionun inkişafı üçün necə istifadə etmək olacağını təsəvvür edin. Bir tərəfdən biz silahlara pul xərcləyirik, digər tərəfdən Rusiya silahları kreditlə də olsa Ermənistana gedir.
Sonuncu kredit 200 milyon məbləği üçün açılıb. Bu kreditdən insanların həyat şəraitinin yaxşılaşdırılması üçün istifadə edilsəydi nələr olacağını təsəvvür edin. Axı həmin pullar xeyli mənfəətlə qayıda bilərdi. Tankla toxum səpmək, yer şumlamaq, nə isə əkmək mümkün deyil. Tank almısansa, onu vaxtaşırı atış meydanında sürürsən. Nə olsun? İndiki halda siz çox incə bir mətləbə toxundunuz - ölkənin ordusu olmalıdır, ordu döyüş qabiliyyətli olmalıdır, lakin bu, vahimə vasitəsi olmamalıdır. İndiki kontekstdə bu, heç düzgün deyil, bütün bunlar vəziyyəti mürəkkəbləşdirir. Bir də ki, region özü də sadə region deyil, mən arzu edərdim ki, mənim qonşularım Avropa İttifaqı ölkələri olsun, lakin, necə deyərlər, alınmır. Əsgərlər kazarmalara qayıtmalıdır, vəziyyətdən yeganə çıxış yolu budur.
-Ermənistanda Rusiyanın hərbi bazasının olması da regionda vəziyyətə təsir göstərmir?
-Mən başqa cür deyərdim. Bu, əlbəttə, Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlərə aid məsələdir. Əlbəttə, başa düşmək lazımdır ki, regiondakı hər bir ölkə üzləşdiyi təhdidlər və çağırışlar nəzərə alınmaqla münasibət bildirir. Bu amili də həmişə nəzərə almaq lazımdır.
Bu hərbi baza çoxdan oradadır, hələ Sovet İttifaqı dövründən orada cənub istiqamətində, NATO-nun üzvü olan Türkiyə ilə sərhəddə kifayət qədər güclü qoşun qruplaşması var. İndiki halda mən belə başa düşürəm, qoy bu məsələni Rusiya və Ermənistan özləri həll etsinlər. Hərçənd, əlbəttə, biz də mövcud çağırışları və təhdidləri nəzərə almalı, bunlara göz yummamalıyıq.
-Əvvəllər Azərbaycan MC-21 mülki təyyarələri almaqda maraqlı olduğunu deyirdi, hazırda Rusiyada bu təyyarələrin istehsalı finiş xəttinə yaxınlaşır...
-Səhv etmirəmsə, bizim mülki aviasiya nümayəndəsi bu məsələ ilə əlaqədar səfərdə olub. Mən bilən, o, həmin təyyarələrə baxıb. Təqdimat vaxtı o şəxs də zalda olub və bu təyyarənin bizi maraqlandırdığını bildirib. Aviaparkı yeniləşdirmək lazımdır. Konkret detallar barəsində danışmaq hələ tezdir.
-2014-cü ildə Prezident İlham Əliyev atom energetikasının inkişafına dair vəzifələri göstərib. O vaxtdan hansı işlər görülüb? Azərbaycanda ilk atom elektrik stansiyası nə vaxt yaranacaq və Rusiya atom mütəxəssislərinin bu məsələdə müəyyən qədər iştirak etmək şansı varmı?
-Şans həmişə var. Hələ sovet dövründə SSRİ Dövlət Plan Komitəsi burada, cənubda atom elektrik stansiyası tikilməsini planlaşdırırdı, çünki atom enerjisi, yəqin ki, ən ucuz enerjidir.
Bu baxımdan, iqtisadiyyatın dinamik inkişaf etməsi nəzərə alınmaqla, əlavə elektrik enerjisinə həmişə ehtiyac olar. Digər tərəfdən, əlbəttə bu son dərəcə vacibdir - söhbət atom elektrik stansiyasının təhlükəsizliyi məsələsindən gedir. Yəqin ki, bu məsələ ən prioritet rol oynayacaq.
Prezident İlham Əliyev 2014-cü ildə qeyd edib ki, biz bu sahədə gözlənilən imkanlarımızı yoxlamalıyıq. Lakin bizdə məsələ bu sahədə təhlükəsizlik, rentabellik və maliyyələşdirmənin nə dərəcədə özünü doğruldacağı ilə bağlıdır. Axı Yaponiyada atom elektrik stansiyalarının nə dərəcə mükəmməl olması məlumdur, lakin Fukusima AES-in təcrübəsi göstərdi ki, heç də hər şey lazımınca təhlükəsiz deyilmiş. Bu baxımdan, Metsamor AES bizi də, region üzrə tərəfdaşlarımızı da həmişə narahat edir. Bu stansiya tamam köhnəlib. O, Çernobıl AES-in bir variantıdır. Xoşbəxtlikdən “Rosatom” müəyyən qədər əlavə pul verir, lakin prinsip etibarilə bu elektrik stansiyasının istismar müddəti başa çatıb. Ona görə də, Allah eləməsin, bir hadisə baş versə, təkcə Ermənistan deyil, hamı zərər çəkəcək. Axı Çernobılın təcrübəsi göstərdi ki, həmin buxarlar İsveçə qədər gedib çatmışdı və bunun nəticələrini indiyə qədər heç kəs bilmir.
-Mənə belə gəlir ki, həlli olmayan daha bir mühüm regional məsələ Xəzərin statusu məsələsidir.
-Bu barədə sizinlə tam razı deyiləm, ona görə ki, prinsip etibarı ilə biz sonuncu dəfə Qazaxıstanda nazirlər səviyyəsində, bir neçə həftə bundan əvvəl Bakıda nazir müavinləri səviyyəsində görüşdük və mənim oxuduğum saziş layihəsinin mətnindən görünür ki, bir sıra məqamlar öz həllini tapıb.
Bəzi mühüm məsələlər var, onlar nazirlər səviyyəsində daha bir görüş keçirilməsini tələb edir ki, biz artıq sammitə hansı materiallarla gedəcəyimiz barədə dövlət başçılarına məruzə edək.
Lakin yeri gəlmişkən, beş ölkənin hamısının əhvalı yüksəkdir. İndi biz ekspertlər səviyyəsində daha bir görüş keçirilməsi barədə razılığa gəlmişik və bundan sonra, əgər lazım gələrsə, prezidentlər səviyyəsində razılaşmalara yol açmaq üçün nazirlər səviyyəsində toplaşacağıq. Səhv etmirəmsə, ekspertlər mayın əvvəlində görüşməlidirlər. Ona görə də düşünürəm ki, orada irəliləyişlər var, lakin, necə deyərlər, Moskva da birdən-birə tikilməyib.
-Cənab nazir, bu məsələyə əngəl törədən nədir və ya kimdir?
-“Kimdir” demək, yəqin ki, düzgün olmaz, çünki konkret adlar çəkməyə dəyməz, amma əngəl törədənin nə olması ... Bilirsinizmi, bütövlükdə bu məsələ sadə məsələ deyil, ona görə ki, bu müzakirələr başlananda lap əvvəldən konvensiyaya uyğun hərəkət etmək lazımdır: dəniz hüququ və qapalı sututarlar barədə konvensiya. Bəzi ölkələrdə bu cür irs hələ də qalır. Sovet İttifaqı bu dənizi İranla böləndə cəmi iki ölkə vardı. Sonra isə beş ölkə yarandı.
Orada yəqin ki, texniki xarakterli elementlər var. Fərz edək ki, biz orta xətt barədə Rusiya və Qazaxıstan ilə razılığa gəlmişik. Digər ölkələr - İran və Türkmənistan deyir ki, hesablama fərqli olmalı, hansısa koordinatlar dəyişməlidir. İlk baxışda belədir, ortaq xətt prinsipi tətbiq edilir, lakin bütövlükdə təfərrüata keçməyə başlayanda suallar yaranır: orta xətti haradan hesablamaq və haradan başlamaq lazımdır?
Mənim fikrimcə, bu məsələlər öz əksini və həllini tapacaq, çünki bu, şimalda Azərbaycan, Rusiya və Qazaxıstan arasında artıq təşəkkül tapmış praktikadır. Faktiki olaraq, qazaxlar türkmənlərlə də öz ortaq xətt bölgüsü barədə razılığa gəliblər. Türkmənlərlə bizim aramızda bəzi məsələlər var, qazaxlar isə yalnız bizimlə türkmənlər arasında əlaqə nöqtəsini müəyyən etməlidirlər. Bütövlükdə isə mənim fikrimcə, bütün qalan məsələlər üzrə irəliləyirik. Təbii ki, bu məsələni tezliklə həll etmək istərdik. Prinsip etibarı ilə bioloji resurslar barədə razılaşma var, gəmiçilik barədə var, təhlükəsizlik və fövqəladə hallar barəsində bütün bunlar qüvvədədir və hüquqi ab-hava yavaş-yavaş formalaşır.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info