“Budapeştdə 2 həftə yaşamaq bəs edər ki, burada biznes qurmaq haqqında fikirləşəsiniz”
Tarix: 13.02.2017 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


Tural Babayev: “Macarıstanda bir universitetdə həm kimya, həm də beynəlxalq münasibətlər ixtisası tapa bilməzsiniz”

Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı Tural Babayevdir. Bu savadlı, aktiv gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik:

-Özünüz barədə məlumat verərdiniz.

-Mən, Tural Babayev, 1990-cı ildə Bakı şəhərində anadan olmuşam. 2007-ci ildə Heydər Əliyev adına liseyi bitirib Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr təhsili almışam və qırmızı diplomla məzun olmuşam. Elə ilk semestrdən başlayaraq universitetdaxili və kənar ictimai fəaliyyətlə də məşğul olurdum. İqtisad Universitetinin Debat Klubunda sədr müavini vəzifəsində çalışmışam və klub daxilində təlimçi kimi fəaliyyət göstərmişəm. Tələbə təşkilatlarında bir çox layihələrin həyata keçirilməsində yaxından iştirak etmişəm. Universiteti bitirdikdən sonra isə fərdi şəkildə universitetlərdə və digər ictimai təşkilatlarda səlis nitq haqda təlimlər, master-klaslar keçməyə başlamışam. 2014-cü ildə Bakı Slavyan Universitetində beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr təhsilimi qiyabi əsaslarla başa vurdum. Macarıstana gəlməmişdən əvvəl isə 2 il müddətində bank sahəsində işlədim.
- Macarıstanda təhsil, yəqin ki, sizin üçün cəlbedici olub? Ümumiyyətlə, necə oldu ki, xaricdə təhsil almaq qərarına gəldiniz? Bu məsələdə ailəniz sizə dəstək oldumu?

- Tələbəlik illərimin son 2 ilində ixtisasımdan daha çox bizneslə əlaqəli sahələr məni maraqlandırdığından, bu sahədə oxumaq kimi bir fikrim var idi. Amma hər gün xəyalıyla yatıb-durduğum bir istək də deyildi. Bir şeyi dəqiq bilirdim ki, bunu Azərbaycanda etməməliyəm. Ölkədə magistr oxumaq isə, sadəcə, ailəmin təkidi idi. Xaricdə təhsil almaq qərarım isə çox ani oldu. Artıq vaxtın yetişdiyini hiss etmişdim. 2014-cü ildə qərarımı yekunlaşdırdım, 2015-ci ilin sentyabrında artıq Budapeştdə idim. Bilirdim ki, xaricdə təhsil üzrə dövlət proqramı bitmək üzrədir və ixtisas dəyişikliyinə görə mənə təqaüd düşmür. Mən dayanmadan hər gün işdən sonra interneti ələk-vələk edib, müxtəlif ölkələrdə müxtəlif universitetlərin proqramlarını araşdırdım, təhlil elədim, hər seçimə uyğun təqaüd proqramlarıyla maraqlandım. Müxtəlif təqaüd proqramlarına müraciət edib, imtina aldım. Hətta Britaniyada iki universitetdən qəbul xəbəri aldım, sadəcə, təqaüd tapa bilmədim. Amma bu da məni saxlamadı, sonda Macarıstanda dayandım.
Ailəmin 2015-ci ilin may ayına qədər xaricdə oxumağa hazırlaşmağımdan xəbəri olmayıb. Lakin biləndən sonra, təbii ki, mənə dəstək oldular. Bu günə qədər bu dəstəyi hiss edirəm və bu, qəriblikdə insanı rahatlatmaya bilməz. Hazırlıq prosesində sənədləşmə işlərinə görə işdə rəisimdən tez-tez icazə almalı olurdum. Sağ olsun, bu məsələdə onun mənə çox köməyi oldu və son ana qədər mənim qərarımı dəstəklədi.
-Oxuduğunuz ali təhsil ocağı haqqında da söz acardınızş Ümumiyyətlə, Macarıstanın təhsil sistemi necədir? Tədrisin səviyyəsi sizi qane edirmi?

-Hazırda Budapeşt Korvinus Universitetində (Corvinus University of Budapest) MBA ixtisası üzrə təhsil alıram. Korvinus Macarıstanın biznes üzrə öndə gedən universitetlərindən biridir. Keçən il təhsil aldığım “full-time MBA” proqramı Şərqi və Mərkəzi Avropada ən yaxşı MBA proqramı seçilmişdi. Təhsilin səviyyəsi isə kifayət qədər yaxşıdır. Dərslərimizin xüsusən praktiki tərəfinin böyük olması, real biznes nümunələri ətrafında aparılması öyrənmək prosesini daha sürətli və daha asan edir. Macarıstanda, demək olar ki, bütün universitetlər xüsusi sahələr üzrə ixtisaslaşıb. Bir universitetdə həm kimya, həm də beynəlxalq münasibətlər ixtisası tapa bilməzsiniz. Bu tələbəliyə namizədlərə daha asan seçim etmək imkanı yaradır. Həmçinin təhsil sistemi informasiya texnologiyaları ilə çox güclü vəhdət təşkil edir ki, bu da həm universitetlərin, həm də tələbələrin mənafeyinə xidmət edir. Bu yenilik deyil, dünya təhsil praktikası bunun üzərindədir və bu da Macarıstanda öz əksini kifayət qədər yaxşı tapır.
Bizim proqramda Macarıstanda və Macarıstandan kənarda kifayət qədər uğurlu karyerası olan müəllimlər dərs deyir. Belə olanda biz özümüzü həmin fənlərə daha yaxın, həmin sahənin daha içində hiss edirik.
- Macarıstan necə bir yerdir? Bir qədər də bu haqda danışardınız. İnsanların yaşayış səviyyəsi, mental dəyərləri və s. haqqında da söz açardınız.
-Macarıstan tipik Şərqi Avropa ölkəsidir. Budapeştdəki şəhər həyatını nəzərə almasaq, sosializm qalıqlarının hələ də qaldığını hiss eləmək olur, xüsusən də bu, digər şəhərlərdə daha çox hiss edilir. Amma kapitalist iqtisadiyyat qanunları da ölkədə hər yerdə işləyir. Budapeştdə 2 həftə yaşamaq bəs edər ki, burada biznes qurmaq haqqında fikirləşəsiniz. Paytaxtdan əlavə, digər şəhərləri gəzəndə də necə səliqəli və rahat olduğunu görmək olur. Çox kiçik şəhərlərdə belə, bir, ya da iki hipermarket mütləq var. Macarıstandakı ictimai nəqliyyat sistemi isə Avropadakı ən yaxşılardandır demək olar.
Macar gəncləri çox səs-küylü, yaşlıları isə sakit insanlardır. Xüsusi mental dəyərlərindən, düzü, xəbərim yoxdur. Çünki gündəlik əhatəmdə olan insanlar arasında macar, demək olar ki, yoxdur. Bir şey dəqiqdir ki, içməyi xoşlayırlar. Bizimlə paralel müqayisələr aparsaq, bir oxşarlıq deyə bilərəm ki, macarlar da ictimai nəqliyyatda yaşlılara, əlillərə və uşaqlı xanımlara yer verirlər. Amma boş oturacaq istiqamətində qaçan adama rast gələ bilməzsiniz. Boş avtobusda da ayaq üstə dayanan xeyli adam görmək olar.
Macarıstanın təbiəti də çox gözəldir. Yayda paytaxtın özü belə yaşıllığa bürünür. Belə bir şey görmək hər hansı bir Bakı sakininə çox gözəl təsir bağışlayar. Ölkədə ən böyük göl olan Balaton gölü ətrafında yaradılmış infrastruktur, sadəcə, möhtəşəmdir.
-Macarıstanın maraqlı, əsrarəngiz bir ölkə olduğunu təsvir etdiniz. Bəs belə bir ölkədə başınıza hansısa maraqlı, qeyri-adi olaylar gəlibmi?
-Ən yaddaqalan xatirə qaldığımız evə yarasaların girməsi idi. Bu mən Slovakiyada olanda bir dəfə baş vermişdi. Bir dəfə də oradan qayıdandan sonra baş verdi. Budapeşt çox yaşıllığı olan şəhərdir, axşamlar ətrafda, lap elə şəhər mərkəzində uçuşan çox sayda yarasa görmək olar. Biz də axşam hava isti idi olduğu üçün pəncərələri açmışdıq, evdə də Macarıstana bakalavr oxumağa gələn 3 nəfər həmyerlimiz qonaq idi, səhər getməli idilər. Birdən otağa iki yarasa girib otaqda dairəvi formada uçmağa başladı. Gözlədik ki, çıxsınlar. Sonra daha ikisi də gəldi. Qonaqlar şok içində idilər, həm də azacıq qorxmuşdular. Çünki yarasalar çoxalmışdı. Gördük ki, bunları gözləsək öz xoşları ilə otaqdan çıxası deyillər, döşək ağını götürüb havada fırlamağa başladım. İkisi uçdu getdi, sonra daha biri, sonuncusu isə getmək istəmirdi. Nəhayət ki, onu da pərdəyə qonandan sonra, necə deyərlər, balışla zərərsizləşdirdik. Hardasa bir saat əlimdə döşəkağı havada fırlatmışdım, yaxşı ki, üzbəüz binada yaşayış yox idi, yoxsa elə biləcəkdilər dəli olmuşuq. Özümüzü bir anda hansısa ekzotik bir Afrika ölkəsinə yaşayan əcnəbi kimi hiss etdik.
Digər yaddaqalan hadisə isə Balaton gölünə gəzməyə getməyimiz idi. Düzdür, xüsusi bir qeyri-adi hadisə baş verməmişdi, sadəcə, burada olmaq mənim üçün yaddaqalan bir səfər sayıldı. Göl ətrafında yaradılmış infrastruktur çox əla təsir bağışlamışdı. Hava bir az buludlu idi deyə göldə üzə bilməsək də, xoş təəssüratlarla qayıtmışdıq. Orda daha bir yaddaqalan hadisə o olmuşdu ki, həmin gün Balaton ətraf ərazilərdən və ya qonşu ölkələrdən gələn “bayker”lərə ev sahibliyi edirdi. Hər tərəfdə motosikl həvəskarlarına onları cənnətdə hiss etdirəcək “Harley Davidson”, “Suzuki” kimi motosikllər var idi. Bəlkə də, xüsusi tədbir deyildi, “bayker”lərin yürüşü idi və Balaton sadəcə, dayanacaq idi, amma maraqlı görüntü alınmışdı. Hər kəs də dayanıb onlara tamaşa edirdi.
Ötən yayda Dunay boyu daha bir yaddaqalan hadisə olmuşdu. Məşhur enerji içkilərindən birinin sponsorluğu ilə müxtəlif təyyarələr çayın üzərində kuryoz tryuklar edirdilər. Körpülərə və çaya həddən çox məsafədə yaxınlaşan təyyarələri izləmək çox həyəcanlı idi. Həm də şəhərdəki ab-hava çox qəşəng idi. Hamı Dunay boyu düzülmüş körpülərə doluşub təyyarələri izləyirdi. Beləcə, tələbəlik illərinə maraq qatan maraqlı görüntülərlə zəngin günlər keçir.
(Ardı növbəti sayımızda)
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info