“Macarıstan heç də hamının xəyalında qurduğu Avropa ölkəsi deyil”
Tarix: 14.02.2017 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


Tural Babayev: “Macar gəncləri qonaqpərvər deyil, amma gülərüzdürlər”

Müsahibimiz Budapeşt Korvinus Universitetində (Corvinus University of Budapest) MBA ixtisası üzrə təhsil alan Tural Babayevdir:
(Əvvəli ötən sayımızda)

-Adətən, xaricdə təhsilini davam etdirən gənclərimiz təkcə elm öyrənməklə deyil, bir sıra ictimai işlərlə də məşğul olurlar. İctimai işlərdə necə, aktivsinizmi?
-Düzü, universitet daxilində heç bir ictimai aktivliyim yoxdur, hansısa tədbirlərlə məşğul olmuram. Tələbə təşkilatları və s. kimi fəaliyyətləri bakalavr illərimdə saxlamışam. Daha çox peşəkar bacarıqlarıma dəyər qata biləcək tədbirlərdə iştirak etməyə çalışıram. Budapeştdə dövlət tərəfindən çox gözəl biznes və startap mühiti yaradılıb deyə, dəfələrlə müxtəlif biznes inkubatorları və akseleratorlarının tədbirlərində iştirak etmişəm, “Prezi”, “Ustream” kimi dünyaca məşhur macar startaplarının ofislərini ziyarət etmişəm. Bunlardan əlavə, dərs proqramımızın bir hissəsi kimi “AUDİ” şirkətinin Macarıstanın Györ şəhərindəki zavodunda bütün məşhur “AUDİ” modellərinin istehsal prosesi ilə tanış olmuşuq, “T-Mobile” kimi tanınan “Deutsche Telekom”ün törəmə şirkəti olan “Magyar Telekom”un ofisini və bir sıra qeyri-kommersiya xarakteri daşıyan sosial biznesləri ziyarət etmişik.
Həmçinin bu yay bir QHT vasitəsilə Slovakiyanın Şahi şəhərində İtaliya, Niderland, Rumıniya, Xorvatiya və Slovakiya gəncləri ilə birlikdə mübadilə proqramında iştirak etmişəm.
-Bir qədər də Azərbaycan gəncliyi ilə Macarıstan gəncliyi arasında müqayisələr aparardınız.
-Əslində, bu müqayisəni aparmaq istəməzdim, amma soruşursunuzsa, deyim. Azərbaycan gənci bəzi mental dəyərlərə görə normal əylənə bilmir. Macarlar tam əksinə, bütün Avropaya necə əylənmək lazım olduğunu göstərə bilərlər.
Macar gəncləri dil öyrənməyə çox tənbəldirlər. Elə Budapeştin özündə ingiliscə danışa bilən adam tapmaq çox çətin olur. Azərbaycanlı gənclər isə çox vaxt bir-birlərindən sərfəli dil kursu məsləhət alırlar, dil öyrənməkdə daha çox maraqlıdırlar. Regionlarda bu göstərici hər iki ölkə gəncləri üçün çox aşağıdır.
Azərbaycan gəncinin biznes təşəbbüskarlığı “İnstaqram”da səhifə açıb “Ebay”dan aldığı şeyləri satmaqdır. Macar gənclər isə startap qurub dünya bazarına xidmət göstərirlər.
Macar gəncləri qonaqpərvər deyil, amma gülərüzdürlər. Azərbaycanlı gənclər isə qonaqpərvərdirlər, amma gülərüz deyillər. Macar gəncləri idmanı elə də xoşlamırlar. Amma ilin istənilən fəslində şəhərdə yol kənarıyla qaçan gəncləri görə bilərsiniz. Mən şişirtmirəm, sözün həqiqi mənasında, ilin istənilən fəslində. Oğlanların ən sevimli hobbisi idman zalında məşq etməkdir. Bizimkilərin bəzi qismi isə daha çox çayxanada domino və nərd oynamağı, qəlyan çəkməyi və s. kimi məşğuliyyətləri üstün tuturlar.
- Bəs Azərbaycan təhsili ilə Macarıstan təhsili arasında hansı fərqləri görürsünüz?
-Bizim təhsil sistemi ilə istənilən Avropa ölkəsinin təhsil sistemi arasında böyük fərqlər tapmaq olar. Macarıstandakı ən böyük fərq internet üzərindən “Neptun” və “Moodle” sistemlərinin qurulmasıdır. Qısaca izah etsəm, hər bir tələbənin “Neptun” sistemində özünün onlayn hesabı olur və onlar imtahanları üçün həmin sistem üzərindən qeydiyyatdan keçir, şəxsi məlumatlarını daxil edir, hətta təqaüdlərinin hesaba oturub-oturmadığını belə o sistemdən öyrənə bilirlər. Bu, ölkədəki bütün universitetlərə şamil olunur. Sadəcə, saytın interfeysi və funksionallığı universitetdən universitetə dəyişir. Bu hələ həmin sistemin bir çox parametrlərindən, sadəcə, iki-üçüdür. “Moodle” sistemi isə müəllimlərlə tələbələri eyni online platformada birləşdirir. Müəllimlər mühazirə materiallarını və digər əlavə məlumatları “Moodle” sisteminə yükləyir, tələbələr oradan həmin məlumatı əldə edirlər. Siz quiz, mid-term, final imtahan qiymətlərinizi bu sistemdən öyrənə bilərsiniz. Yəni hər dəfə universitetə getməyə ehtiyac qalmır. Bu nəticələr “Moodle”la bərabər, həm də sizin elektron poçt ünvanınıza göndərilir. Macarıstan təhsil sistemində diqqətimi ən çox çəkən bu oldu. Həmçinin dərslərin çox praktik bilik və bacarıqlara əsaslanması bizim təhsil sistemində çatışmayan cəhətlərdəndir.
-Oxuduğunuz sahə- MBA üzrə Azərbaycanda vəziyyət necədir?
-Azərbaycanda, bildiyim qədər, MBA üzrə təhsil Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Universitetində mövcuddur. Səhv etmirəmsə, “ADA” Universitetində də bu sahə var. Araşdırdığım qədəri ilə bizdəki vəziyyəti qənaətbəxş saymaq olar. Dərslər, adətən, axşam 6-dan sonra olur, çünki nəzərdə tutulur ki, MBA oxuyanlar işləyir, ona görə də işdən çıxıb gəlirlər. Bu həmin sahədən dərs deyən müəllimlərə də aiddir. Azərbaycanda MBA dərəcəsini bakalavrı bitirən hər kəs ala bilir. Amma heç də bakalavrı bitirənlərin hamısı işləmir.
Digər məsələ isə tələbələrin iş təcrübəsi ilə bağlıdır. Məsələn, mənim təhsil aldığım Korvinus Universiteti MBA-da təhsil almaq istəyən tələbələrdən minimum 2 il real iş təcrübəsi tələb edir. Bu digər Qərbi Avropa biznes məktəblərində, adətən, 3 il olur. Mən də elə düşünürəm ki, MBA-da təhsil almaq üçün iş təcrübəsi mütləqdir. Bu, real biznes olmalıdır. Azərbaycanda MBA dərəcəsinə bütün bakalavrlar məzun olan kimi müraciət edə bilir deyə, artıq bir müddət sonra ölkənin əmək bazarında həddən artıq və lazımsız qədər MBA məzunu olacaq. Bu proses artıq başlayıb, mən bunu bir neçə ildir müşahidə edirəm. Düşünürəm ki, universitetlər bu məsələyə yenidən baxmalıdır. Bu universitetlərin MBA proqramlarının da reputasiyasını azaldacaq. Çünki asan və çox əlçatan olan şey getdikcə adiləşir. Mən istərdim ki, bizim universitetlərin MBA-da müəyyən iş təcrübəsi olan insanlar da təhsil alsın. Xüsusən, bir neçə ildir öz kiçik biznesini qurub işləyənlər. Bu, həm ölkənin biznes həyatına yeni şeylər qazandıra bilər, həm də həmin kiçik bizneslərin daha uğurlu olmasına kömək edər. MBA təhsili iş həyatına addım atmaq üçün olan təhsil pilləsi deyil, bu fənn menecmentlə sıx bağlı olduğu üçün müəyyən iş təcrübəsi tələb edir. Yəni bir sahənin içində olmaq lazımdır ki, sonra onun idarəetmə mexanizmini başa düşəsən və ya tətbiq edəsən.
Ölkədə MBA-ya iş tapmğa yeganə ümid yeri kimi baxılması çox yanlış bir trenddir. Dünyada əmək bazarının trendləri daha çox texniki biliklər tələb edən istiqamətdə artır və gənclər daha çox daha elmi və texniki istiqamətli ixtisaslara üstünlük verirlər.
Ən çox xoş sözü Azərbaycan Universitetinin MBA proqramı haqqında eşitmişəm. İkinci yerdə ADNSU, sonda isə İqtisadiyyat Universitetidir deyərdim. Kifayət qədər geniş tələbə dost şəbəkəm olduğuna görə bu sıralamada həqiqət payı olduğuna inanıram.
Bildiyim qədəri ilə MBA proqramlarında əsas problem dərslik, daha doğrusu, uyğun ədəbiyyat problemidir. Varsa, müəllimlər müəyyən materiallar paylayır, yoxdursa, təqdimatlarla kifayətlənməli olurlar. Düzdür, əsasən, dünya praktikasında olduğu kimi, bizdə də dərslər “case study”lərlə və müəllimlərin təqdimatlarıyla keçilir. Amma bunlar MBA üçün kifayət deyil. Bu sahə ilə bağlı qalaq-qalaq kitablar yazılıb və bizim tələbələrin bu kitabların məzmunundan xəbərsiz qalması heç də müsbət hal deyil. Ona görə də hər hansı bir universitet bu proqramı başlamamışdan əvvəl müvafiq dərslik, ədəbiyyat bazasına göz gəzdirməlidir.
Ümumilikdə, məncə, Azərbaycanda qənaətbəxş səviyyədə MBA təhsili var. Dünya üzrə standart MBA kurikulumu var və demək olar ki, bütün MBA proqramları bunu izləyir. Fərq yalnız müəllimlərin peşəkar və akademik bilik və bacarıqlarında, tədris vəsaitlərində və digər texniki məsələlərdə ola bilər. Məncə, bizdə sırf bu fərqlərə diqqət eləməlidirlər. Müəllimlər təkcə biznes təcrübələrinin olub-olmamasıyla qiymətləndirilməməli, onların akademik hazırlığına fikir vermək lazımdır. Dərs otaqları uyğun vəziyyətdə olmalıdır. Eşitdiyimə görə hərdən proyektorsuz belə, dərs keçilən MBA proqramı var. Düzdür, bunlar çatışmazlıqlardır, amma inanıram ki, daha doğrusu, ümid edirəm ki, zamanla düzələcək.
-Macarıstanda təhsil almaq istəyən gənclərimizə hansı məsləhətlər verərdiniz?
-Əvvəlcə, onu demək istəyirəm ki, Macarıstan heç də hamının xəyalında qurduğu Avropa ölkəsi deyil. Burada onları təəccübləndirəcək çox şeylə rastlaşa bilərlər. Anlamaq lazımdır ki, bura Qərbi Avropa deyil. Təhsilə gəldikdə isə, buradan Böyük Britaniyadakı, ya da ABŞ-dakı təhsil səviyyəsini gözləmək düzgün olmazdı. Amma bir seçim kimi Macarıstan təhsil almaq üçün kifayət qədər yaxşı yerdir. Bir maraqlı olayı deyim sizə. Norveçli qrup yoldaşımla dərslərimizin nə qədər praktiki olduğunu müzakirə edirdik. Mən hələ, guya narazı idim ki, dərslər çox praktik deyil. Amma norveçli qrup yoldaşım deyəndə ki, Norveçdə belə praktiki dərslər olmur, demək olar ki, hamısı nəzəriyyədir, açığı, bir az təəccübləndim. İndi bu söhbətdən dərhal “Macarıstan təhsili Norveçdən yaxşıdır” nəticəsini çıxarmaq da tələskənlik olardı. Sadəcə, demək istədiyim odur ki, Macarıstanda da kifayət qədər yaxşı təhsil ala bilərlər. Həmçinin burada təhsil ona görə maraqlıdır ki, xarici tələbələrin, dünya xəritəsində olan müxtəlif millətlərin nümayəndələri kifayət qədərdir. Bu cür rəngarəng mədəni mühitdə təhsil almaq, öyrənmək prosesini daha maraqlı edir.
-Gələcək planlarınız barədə də söz açardınız.
-Planlarım haqda indidən danışmaq istəməzdim. Hələ azı 6 ay da Macarıstandayam və hadisələrin necə cərəyan edəcəyini deyə bilmərəm. Həm də əvvəldə də qeyd elədiyim kimi, 5-10 dəqiqə ərzində xaricdə oxumağa qərar verib yola çıxan adam üçün bu suala nəinki detallı, ümumi cavab vermək belə çətindir. Mən biznes sahəsi üzrə oxuyuram, bu məndən bir az praqmatik yanaşma tələb edir. Son 6 ay həm dərslərim, həm də gələcək planlarım baxımından həlledici olacaq.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info