Azərbaycan bir sıra ölkələrdə logistik mərkəzlər yaradacaq
Tarix: 15.02.2017 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Sahil Babayev: “Son 3 ayda 600 min manata yaxın məbləğ ixracın təşviqindən əldə edilib və bu məbləğin 60-70 faizi şərab ixracatçılarına ödənilib”

“İxracatçılar Klubu” ilə Amerika Ticarət Palatasının birgə görüşü keçirilib

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “İxracatçılar Klubu”nun və Azərbaycandakı Amerika Ticarət Palatasının (AMCHAM) birgə görüşü keçirilib. Görüşdə turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın iş adamı iştirak edib.

Sahibkarlıq fəaliyyəti üzrə yoxlamaların sayı 1000 dəfə azalıb

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verən iqtisadiyyat nazirinin müavini Sahil Babayev iqtisadiyyatın diversifikasiyasının və qeyri-neft sektorunun inkişafının prioritet istiqamətlərdən olduğunu vurğulayıb, sahibkarlığın qeyri-neft sektorunun inkişafında aparıcı qüvvəyə çevrildiyini qeyd edib. Nazir müavini Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırıldığını, lisenziyalaşdırma sahəsində inzibati prosedurların sadələşdirildiyini qeyd edib, ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayıb. Sahil Babayev deyib ki, 2016-cı ildə sahibkarlıq fəaliyyəti üzrə 60 yoxlama aparılıb. O bildirib ki, 2015-ci ildə isə 60 min analoji yoxlama aparılıb. Bu onu göstərir ki, ötən il yoxlamaların sayı 1000 dəfə azalıb. S.Babayev qeyd edib ki, son iki ildə biznes mühitinin yaxşılaşdırılması üçün mütəmadi tədbirlər həyata keçirilib. Bildirilib ki, ölkədə istehsal olunan yerli mənşəli məhsulların ixracının genişləndirilməsi, rəqabətədavamlı və ixrac potensiallı məhsullar bazasının genişlənməsi istiqamətində dövlət başçısının “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 5 oktyabr 2016-cı il tarixli fərmanı mühüm əhəmiyyət kəsb edir və "Made in Azerbaijan" brendinin xarici ölkələrdə genişmiqyaslı təşviqi üçün geniş imkanlar yaradır. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən dövlət başçısının qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq fərman və sərəncamlarından irəli gələn tapşırıqların icrası istiqamətində tədbirlər davam etdirilir.

270 ixrac və investisiya təşviqi həyata keçirilib

Tədbirdə, həmçinin AZPROMO-nun dəstəyi ilə "İxracatçılar Klub"unun Azərbaycan məhsullarının xarici bazarlara ixrac edilməsində istehsalçılara dəstək göstərmək və ixracatçılar arasında daimi ünsiyyət platformasını formalaşdırmaq məqsədi ilə yaradıldığı vurğulanıb, Azərbaycandakı Amerika Ticarət Palatasının Azərbaycan və ABŞ iş adamları arasında işgüzar əlaqələrin təşviqi və iqtisadi əməkdaşlığın genişləndirilməsində fəal rol oynadığı qeyd edilib. Bildirilib ki, indiyədək AZPROMO-nun dəstəyi ilə beş ixrac assosiasiyası yaradılıb, müxtəlif təlimlər, təkcə 2016-cı ildə ixraca dair 270 ixrac və investisiya təşviqi tədbirləri həyata keçirilib. Müvafiq təhlillər əsasında Azərbaycanın müxtəlif ölkələrdə Ticarət evlərinin yaradılması, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi Azərbaycan məhsullarının ixrac bazarlarında tanıdılması və satışının dəstəklənməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Nazir müavini bildirib ki, cari ildə də Azərbaycan iqtisadi sahələrdə ciddi irəliləyişlər əldə edəcək. Bəzi layihələrin başlaması, bəzilərinin yekunlaşması, yeni investisiyaların cəlbi və sair iqtisadiyyatın inkişafına daha böyük təkan olacaq. Sahil Babayevin sözlərinə görə, son 3 ayda 600 min manata yaxın məbləğ ixracın təşviqindən əldə edilib və bu məbləğin 60-70 faizi şərab ixracatçılarına ödənilib. İxrac imkanlarının genişləndirilməsi məqsədilə Qazaxıstanın Aktau şəhərində yaradılmış Azərbaycanın ilk logistik mərkəzinin əhəmiyyəti qeyd edilib, başqa ölkələrdə də kənd təsərrüfatı və digər qida məhsullarının saxlanmasını və satışını təmin edəcək logistik mərkəzlərin yaradılması istiqamətində işlərin aparıldığı vurğulanıb.

“Azərbaycan ABŞ-ın biznes dairələri üçün maraqlıdır”

Azərbaycandakı Amerika Ticarət Palatasının prezidenti İlqar Vəliyev Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığını, geniş investisiya imkanlarına malik olan ölkəmizin ABŞ-ın biznes dairələri üçün maraqlı olduğunu, Azərbaycanın Cənubi Qafqaz regionunda ABŞ-ın ən böyük ticarət tərəfdaşı olduğunu və bu əlaqələrin inkişafı üçün geniş imkanların mövcudluğunu qeyd edib. İlqar Vəliyev amerikalı iş adamlarını azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edərək, Azərbaycanda Amerika Ticarət Palatasının bu istiqamətdə lazımi dəstək göstərməyə hazır olduğunu bildirib. Görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov “Made in Azerbaijan” brendinin təşviqinə, Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova Amerika Ticarət Palatasının fəaliyyətinə dair təqdimatlarla çıxış ediblər. Azərbaycan-Fransa Ticarət Palatasının icraçı direktoru Nərminə Səfərova və Azərbaycan - Rusiya İşgüzar Şurasının icraçı direktoru Fərhad Səttarov təmsil etdikləri qurumların fəaliyyətinə dair məlumat veriblər. Arıçılar, Fındıqçılar və Şərab İstehsalçıları və İxracatçıları assosiasiyalarının rəhbərləri xarici bazarlarda Azərbaycan məhsullarına marağın artdığını, bu sahədə ixrac missiyaları və sərgilərin rolunu vurğulayıblar. Tədbir çərçivəsində Azərbaycan mənşəli qeyri-neft məhsullarını ixrac edən sahibkarlara ixrac təşviqinin ödənilməsi barədə sənədlər təqdim edilib. Sonra sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info