ABŞ-ın yeni administrasiyasında ilk qalmaqal: Maykl Flinn istefaya getdi
Tarix: 15.02.2017 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


O, Trampa ünvanladığı istefa məktubunda Rusiya səfiri ilə telefon söhbətləri barədə prezidenti tam məlumatlandırmadığını etiraf edib, dövlət başçısı və vitse-prezidentdən üzr istəyib

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri, general Maykl Flinn istefaya gedib. Rəsmi mənbələrdə səbəb kimi, onun hələ prezident Donald Trampın andiçməsindən əvvəl, Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla telefon danışıqlarında ona Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların ləğv edilə biləcəyi barədə vəd verməsi olub. M. Flinn D. Trampa ünvanladığı istefa məktubunda S. Kislyakla telefon söhbətləri barədə prezidenti tam məlumatlandırmadığını etiraf edib və həm dövlət başçısından, həm də vitse-prezident Mayk Pensdən üzr istəyib. Məktubun mətni “The Guardian” qəzetində çap olunub.
General Flinn qeyd edib ki, milli təhlükəsizlik üzrə müşavir kimi bir çox xarici həmkarına, nazirlərə və səfirlərə çoxsaylı telefon zəngləri edib. Məqsəd yeni prezident, onun müşavirləri və xarici liderlər arasında lazımi əlaqələri qabaqcadan yaratmaq olub: “Təəssüf ki, hadisələrin sürətli inkişafı üzündən mən Rusiya səfiri ilə söhbətlərim haqqında yeni vitse-prezidenti tam məlumatlandıra bilmədim. Mən qürurla istefaya gedirəm, çünki Amerika xalqına və ölkəmizə şərəflə xidmət etmişəm”. Qeyd edək ki, M. Flinn və S. Kislyak arasında inauqurasiyadan əvvəlki telefon söhbətləri barədə “The Washington Post” fevralın 9-da məlumat yayıb. Telefon danışıqları ABŞ kəşfiyyatı tərəfindən dinlənilib. Qəzet telefon danışıqlarında sanksiyaların ləğvi mövzusuna da toxunulduğunu bildirib. M. Flinn vitse-prezident M. Penslə görüşündə sanksiya məsələsini müzakirə etmədiyini deyib. Lakin sonradan bunu etiraf edib. Tramp seçki kampaniyası zamanı da, sonra da Rusiyayla əməkdaşlığa meyilli olduğunu dəfələrlə vurğulamışdı. Ancaq onun təhlükəsizlik müşavirinin rus səfiri ilə təyinatdan öncə danışması, həmçinin qanuna zidd olaraq sanksiyaları müzakirə etməsi yuxarı dairələrdə geniş mübahisələr doğurub. Əvvəlcə Flinni müdafiə edən Ağ Ev sonradan fikrini dəyişib. Trampın müşaviri Kellienn Konvey “MSNBC” telekanalına müsahibəsində bildirmişdi ki, ABŞ prezidenti Donald Tramp özünün milli təhlükəsizlik üzrə köməkçisi Maykl Flinnə tam etimad göstərir. Amma bundan bir neçə saat sonra Ağ Ev sözçüsü Şpn Spayser prezident Tramp üçün ölkənin təhlükəsizliyinin hər şeydən önəmli olduğunu deyib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, bu məsələ ABŞ-ın daxili işidir. CNN telekanalının məlumatına görə, ABŞ Prezidenti yanında milli təhlükəsizlik üzrə köməkçi ölkənin Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus olacaq. Bu arada bəlli olub ki, ABŞ dövlət katibinin müavini vəzifəsini icra edən Tom Şennon Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla görüşəcək. Görüş mətbuat üçün qapalı rejimdə keçiriləcək. Görüşün detalları və müzakirə ediləcək mövzularla bağlı məlumat verilmir. Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvləri Con Konyers və Elayc Kamminqs FTB və Ədliyyə Nazirliyinə sorğu göndərərək “tam qapalı brifinq” tələb ediblər: “Konqres bilmək istəyir ki, Flinin hərəkətlərini kim sanksiyalaşdırıb, ona milli təhlükəsizliyə dair məxfi informasiyaları kim verib və bilmək istəyirik ki, Ağ Evdə milli təhlükəsizliyə təhdid yaradan daha kimlər var”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info