Dövlət qulluğuna yeni qəbul qaydaları hazırlanıb
Tarix: 15.02.2017 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Malena Mard:
“Avropa İttifaqı yeni layihəyə 1,2 milyon avro ayırır”

“Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı yeni Tvinning layihəsinin rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavini Bəhram Xəlilov, Milli Məclisin aparat rəhbəri Səfa Mirzəyev, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, digər rəsmi şəxslər, xarici qonaqlar iştirak ediblər.

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, 2 il davam edəcək layihənin ümumi məqsədi Azərbaycanda Avropanın qabaqcıl təcrübəsinə uyğun peşəkar və dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etdirilməsinə töhfə verməkdir. O deyib ki, əsas məqsəd Dövlət İmtahan Mərkəzinin (DİM) malik olduğu alətlərin və potensialın artırılması, fəaliyyətində səmərəliliyin yüksəldilməsi, vəzifələrin yeni təsnifat sisteminin yaradılması və bu sistemin dövlət qulluğuna qəbul, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi və əməyin ödənilməsi sistemi ilə əlaqələndirilməsidir. Layihə dövlət idarəetməsinin dəstəklənməsi, qabaqcıl təcrübə mübadiləsi, eləcə də milli qanunvericiliyin Avropa İttifaqı standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur. Layihənin tərəfdaşları Litva Respublikasının Dövlət Katibliyi və Azərbaycanın Dövlət İmtahan Mərkəzidir.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və 2 il üçün nəzərdə tutulan layihənin büdcəsinin 1,2 milyon avro olduğunu söyləyib. Onun sözlərinə görə, layihənin məqsədi Azərbaycanda peşəkar dövlət qulluğu sistemi yaradılmasıdır. Dövlət qulluğunun daim inkişaf tələb etdiyini vurğulayan M. Mard qeyd edib ki, avropalı mütəxəssislər 2 il müddətində Azərbaycandakı tərəfdaşları ilə işləyəcək və layihə üzrə tövsiyələr verəcəklər: “Son 10 ildə Avropa İttifaqı Azərbaycanda 47 tvinning layihəsi həyata keçirib. İlin sonuna kimi bunların sayını 50-yə çatdıracağımıza ümid edirik”.
Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev bu layihənin həyata keçirilməsini vacib addım hesab edib: “Tvining elə bir proqramdır ki, tərəfdaşdan asılı olmayaraq nəticə etibarilə uğur gətirir. Azərbaycan Avropa İttifaqı ilə müxtəlif sahələr üzrə əməkdaşlıq edir. Səkkiz ilə yaxındır ki, Milli Məclisdə Avropa İttifaqı ilə işçi qrupu fəaliyyət göstərir. Tvinning layihələrinin həyata keçirilməsi maliyyə tələb edir. Ancaq buna baxmayaraq, maliyyənin sərf edilməsinin düzgün qurulması orada iştirak edən ölkələrin təcrübəsindən çox asılıdır. Müəyyən çətinliklərin olması da qaçılmazdır. Hazırda dövlət qulluğu ilə bağlı layihə çox vacibdir. Gündəlik qanunvericiliklə məşğul olan bir şəxs kimi deyə bilərəm ki, dövlət qulluğundan çox şey asılıdır. TQDK ilə DQMK-nın birləşdirilməsi nəticəsində Dövlət İmtahan Mərkəzinin yaradılması bu sahənin daha da inkişaf etdirilməsi, dünya standartlarına uyğunlaşdırılmasına böyük dəstək olacaq”.
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova və digər natiqlər də layihənin əhəmiyyətindən danışıblar.

“Dövlət qulluğuna qəbul prosesində prosedurlar sadələşməli və çeviklik təmin edilməlidir”
Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbulla bağlı qaydaları hazırlayaraq hökumətə təqdim edib. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, qaydalar, hələlik təsdiq olunmayıb. Onun sözlərinə görə, yeni qaydalar Nazirlər Kabineti və Ədliyyə Nazirliyinə təqdim edilib: “Bizdən asılı olan addımları atmışıq. Qaydalar təsdiq olunandan sonra dövlət qulluğuna qəbul imtahanları keçiriləcək. Dövlət qulluğuna qəbul prosedurlarının çevik olması, müasir əmək bazarında olan tələblərə cavab verməsi və bu prosesin uğurla davam etməsi vacib məsələdir. İctimaiyyət üçün iki cədvəl açıqlanacaq. Onlardan birində bütün qəbul imtahanlarının, digərində isə dövlət qulluğu imtahanlarının tarixləri əks olunacaq”.
M.Abbaszadə bildirib ki, Azərbaycanda dövlət qulluğuna qəbul prosesində prosedurlar sadələşməli və çeviklik təmin edilməlidir. Bu istiqamətdə ölkədə mühüm işlər həyata keçiriləcək”. O deyib ki, hazırda dövlət qulluğuna qəbulda şəffaflığın təmin edilməsi, dövlət qulluğunun nüfuzunun artması bu sahəyə marağın da artmasına səbəb olub: “Dövlət qulluğuna qəbul sahəsində başlanan islahatlar dövlət qulluğunun təkmilləşdirilməsi və peşəkarlığının artırılmasına xidmət edəcək. Dövlət qulluğuna qəbul sahəsində mövcud vəziyyət ondan ibarətdir ki, insanların dövlət qulluğuna qəbulu üçün bütün şəffaf imkanlar, mühüm hüquqi mühit yaradılıb. Bütün mərhələlərdə vətəndaş-məmur əlaqələri minimuma endirilib. Amma bu proses davam etməlidir. Eyni zamanda, bütün insanlar üçün dövlət qulluğuna qəbul əlçatan olmalıdır”.
M. Abbaszadə xatırladıb ki, Dövlət İmtahan Mərkəzi 2 təşkilatı özündə birləşdirib. Onun sözlərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası biliyin qiymətləndirilməsi, kütləvi imtahanların keçirilməsi üzrə 25 illik, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya isə dövlət qulluğu sahəsində 12 illik təcrübəyə malikdir: “İki qurumun birləşdirilməsi birgə işlərin görülməsi ilə yanaşı, insan potensialının bir araya gəlməsi deməkdir. Bu amil əhaliyə xidmətlərin göstərilməsi sahəsində daha geniş səlahiyyətlərin verilməsi və işlərin həyata keçirilməsinə imkan verəcək. Bu sahədə Avropa İttifaqı və digər dövlətlərin təcrübəsindən istifadə edilərək dövlət qulluğuna qəbul sistemi daha da təkmilləşdirilməli və bu sahədə islahatlar həyata keçirməliyik”.
M.Abbaszadə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının qəbul imtahanlarının keçirilməsinə nə dərəcədə təsir edəcəyi barədə suallara cavab olaraq bildirib ki, imtahanların tarixləri müəyyənləşdiriləndə və razılaşdırılanda ölkədə keçirilən beynəlxalq tədbirlər nəzərə alınır: “Çalışırıq ki, Bakıda keçiriləcək beynəlxalq tədbir günlərində imtahanlar olmasın”.

Qəbul imtahanlarının iki dəfə keçirilməsi ilə bağlı bəzi detallar açıqlanıb

Bu il qəbul imtahanlarının 2 dəfə keçirilməsi ilə bağlı bəzi detallar açıqlanıb.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, qəbul imtahanların iki dəfə keçirilməsi ilə bağlı yenilik bir neçə ildir hazırlanır: “Əvvəlki illərin məzunları üçün qəbul imtahanları mayda, builki məzunlar üçün isə iyunda keçirilirdi. Çoxsaylı müraciətlər olurdu ki, abituriyentlər yaxşı nəticə əldə etmək üçün ikinci şans əldə etmək istəyirlər. Əvvəllər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlət büdcəsindən maliyyələşdirildi və hər bir abituriyentə müəyyən bir məbləğ, xərc ayrılırdı. Biz həmin dövrdə imtahanları təkrar keçirə bilməzdik. Çünki bu büdcənin artmasına gətirib çıxara bilərdi. Artıq bu xidmət bir növ pullu olduğu üçün abituriyentlərə əlavə imkan yaradılıb. Elmi nöqteyi-nəzərdən də neçə ildir bu imtahanların tamamilə uyğunluğu müşahidə olunur. Düşünürəm ki, öz şanslarını sınamaq istəyən abituriyentlər, həqiqətən, bu imkandan yararlana biləcəklər”.
M.Abbaszadə vurğulayıb ki, hər bir abituriyent hansı imtahanda iştirak etmək istədiyini özü müəyyən edəcək. Onun sözlərinə görə, abituriyent onlara verilən ərizə formasında ya mayda, ya iyulda və yaxud hər iki imtahanda iştirak etmək istədiklərini qeyd edə biləcək.
DİM Direktorlar Şurasının sədri test imtahanlarının ödənişli olması ilə bağlı məsələyə də münasibət bildirib: “Test imtahanlarının ödənişinin müəyyənləşdirilməsi istiqamətində işləri yarım ildir aparırıq. Son 3 il ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın büdcəsində olan vəsaitlərin necə xərclənməsinə dair bütün araşdırmalar aparılıb. Bu araşdırmaların nəticələrini müvafiq nazirliklərə göndərmişdik. Amma bu gün bizim öz təkliflərimiz də hazırdır. Təbii ki, bu qərar biz tərəfdən deyil, Tarif Şurası tərəfindən qəbul ediləcək. Bu istiqamətdə lazımi danışıqlara bu gündən başlanılıb”.

“Yeni ali məktəblərin yaradılması təhsilin məzmununun müasir standartlara cavab verəcəyinə ümid verir”

M.Abbaszadə bildirib ki, bu gün iqtisadiyyatda çox böyük sürətlə gedən islahatlar əmək bazarında yeni ixtisasların əmələ gəlməsi və yeni kompitensiyalar üzrə tələbatın yaranmasına səbəb olur. Təcrübəsi, müəyyən iş stajı olan insanlar yeni ixtisasları mənimsəmək üçün ixtisasartırmaya müraciət edirlər.
Onun sözlərinə görə, bu sahədə də təlim proqramlarının və prosesin müasir tələlərə cavab verməsi, dünya standartlarına uyğunluğu vacib məsələdir: “Azərbaycan idarəçilik islahatları sahəsində dünya təcrübəsindən aktiv istifadə edən dövlət hesab edilir. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində əmək bazarında kifayət qədər vakansiyalar yaranırdı. Onlar üçün kifayət qədər kadr resursları var idi. Amma kadrlar həmin vakansiyaları tuta bilmirdilər. Belə faktlar dövlət qulluğu sistemində də var idi. İT sahəsi üzrə vakansiyalar illərlə boş qalırdı. Bu problemlərin kökü sovet dövründən gəlirdi. Həmin dövrdə ali təhsilli gənclər yeni təhsil aldıqları sahə üzrə səthi biliyə malik olurdular. Təhsilin məzmunu müasir tələblərə cavab vermirdi. Ona görə əmək bazarına daxil olandan sonra müxtəlif kurslara müraciət etməli olurdular. Bu istiqamətdə son illərdə çox ciddi islahatlar aparılıb və yeni ali məktəblər yaradılıb. Yeni ali məktəblərin yaradılması gələcəkdə təhsilin məzmunun müasir standartlara cavab verəcəyinə ümid verir”.

Bəhram Xəlilov:
“Ən böyük problemlərdən biri vakant vəzifələrin təqdim edilməməsi ilə bağlıdır”
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov bildirib ki, Azərbaycanda dövlət qulluğu sahəsində mühüm işlər görülüb. Dövlət qulluğuna qəbulun şəffaf keçirilməsi işində bir çox nailiyyətlər əldə edilib və bu sahədə etimada nail olunub. Onun sözlərinə görə, dövlət qulluqçularının reyestrinin formalaşdırılması bu sahədə hesabatların əldə edilməsi şərait yaradıb.
Mövcud sahədə ən böyük problemlərdən birinin vakant vəzifələrin təqdim edilməməsi ilə bağlı olduğunu deyən B.Xəlilov qeyd edib ki, reyestrdən sonra bütün vakant vəzifələr görünür və onların müsabiqə əsasında tutulmasına şərait yaradılır: “2006-cı ildən başlayaraq dövlət qulluqçularının dövləti fəaliyyətinin qiymətləndirilməsi aparılıb. Nəticədə dövlət qulluqçularının vəzifədə yüksəlişi, karyera qurması, motivasiya edilməsi həyata keçirilib. Dövlət qulluqçularının etik davranış qaydaları qəbul edilib. Hər il bütün dövlət orqanlarının əməkdaşlarının etik davranışı barədə hesabatlar təhlil olunub. Bununla yanaşı, hər bir dövlət orqanında etik müvəkkillər institutu yaradılıb”.
B.Xəlilov vurğulayıb ki, bu sahədə beynəlxalq əməkdaşlıq çox önəmlidir. Onun sözlərinə görə, gələcəkdə də dünya təcrübəsini öyrənərək uyğun olan yeni standartlar Azərbaycanda tətbiq ediləcək. Onun sözlərinə görə, bu günə kimi 4 dövlətlə - Türkiyə, Ukrayna, Monteneqro və Qırğızıstanla hökumətlərarası müqavilələr imzalanıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info