Qərb yenə susur
Tarix: 16.02.2017 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Qabil Hüseynli: “Ermənistanın təxribatçı addımının arxasında bəzi Qərb dövlətləri dayanır deyə, bu məsələyə Gürcüstanda olduğu kimi etiraz etmirlər”

Fevralın 20-də Ermənistan növbəti dəfə təxribatçı addım ataraq Azərbaycanın müvəqqəti işğal altında olan ərazilərində yaradılmış qondarma qeyri-qanuni rejimdə “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum” keçirilməsini planlaşdırır. Əslində, məlumdur ki, bu qeyri-qanuni “referendum” Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və bu səbəbdən onun də hər hansı bir hüquqi qüvvəsi ola bilməz. Amma burada bəzi beynəlxalq təşkilatların, ABŞ və Avropanın susqun mövqe tutması bir sıra suallar yaradır.
Daim demokratik dəyərlərin, beynəlxalq hüquq normalarının və qanunun tərəfində olduğunu bəyan edən Qərb, nədən aşkar bir təxribatı-“referendum” oyununu pisləmir? Ən azından Ermənistanın bu təxribatçı addımını gərginliyin artmasına gətirib çıxaracağı mesajı niyə verilmir? Çox təəssüf ki, burada da Qərbin bir sıra beynəlxalq proseslərə ikili standartlarla yanaşmasının şahidi oluruq. Maraqlıdır ki, ABŞ-ın Gürcüstandakı səfirliyi Cənubi Osetiya regionunda planlaşdırılan referendumu legitim hesab etmədiyini bəyan edib. Bəyanatda bildirilib ki, “ABŞ Gürcüstan hökumətinin razılığı olmadan Gürcüstan ərazisində keçirilməsi planlaşdırılan bu referendumun nəticələrini tanımayacaq”. ABŞ hələ də aktiv münaqişə zonası kimi qalan Dağlıq Qarabağ kimi ərazidə referendum keçirən ermənilərə niyə xatırlatmır ki, Azərbaycan ərazisində keçirilməsi planlaşdırılan referendumu tanımayacaq? Cənubi Osetiya ilə bağlı belə bəyanat yayan bir ölkə bəs Dağlıq Qarabağda keçiriləcək referenduma niyə göz yumur?
Qeyd edək ki, artıq Azərbaycan Xarici İşlər Nazirliyi də bu təxribatçı addıma reaksiya verərək etiraz bəyanatı yayıb. Məsələni şərh edən politoloq Qabil Hüseynli deyir ki, bu təxribatçı addımın arxasında elə bəzi Qərb dövlətlərinin özü dayanır deyə, bu məsələyə Gürcüstanda olduğu kimi etiraz etmirlər, ayrı-seçkilik yaranır: “Son dövrlərdə dəfələrlə şahidi olduq ki, bir sıra Qərb ölkəsi Ermənistana arxa olduğunu göstərən bəyanatlar yaydı, hətta Ermənistan rəhbərliyi ilə bəzi görüşlər keçirərək işğalçı ölkənin tək olmadığını göstərdilər. İndi birdən-birə danışıqlar prosesini alt-üst edən bir addımın atılması-referenduma cəhd təkcə Ermənistanın istəyi, arzusu ola bilməzdi. Bu o deməkdir ki, mən heç kimi saymıram, Minsk prosesi də tamamilə pozulur. Halbuki bu referendum məsələləri, Madrid prinsipləri, Kazan və ya Sankt-Peterburq razılaşmalarında son etap kimi qəbul edilib. Qərbdə də gözəl bilirlər ki, Dağlıq Qarabağın statusunu müəyyən edən referendumun keçirilməsi son etap idi. Azərbaycan isə işğal olunmuş ərazilərində indiki halda hər hansı referendumu heç vaxt qəbul etməyib. İndi birdən-birə, nəinki referendumun son etapa salınması, onun önə çəkilməsi ortaya çıxıb. Guya aparıcı dünya ölkələrində bilmirlər ki, işğalçı işğal olunmuş torpaqları qaytarmadan orada hər hansı referendum keçirmək hüququna malik deyil?”.
Politoloq deyir ki, sülh sazişi barədə hər hansı bir fikir mübadiləsi aparılmadan bütün danışıqları alt-üst edəcək addıma hamının göz yumması beynəlxalq hüquq və prinsiplərin pozulmasının pik nöqtəsidir: “Bunu -referendumu və ona göz yumulmasını aşkar avantüra, Azərbaycana qarşı olan provokasiya kimi dəyərləndirirəm. Son illərdə ölkəmizə qarşı çevrilən bundan böyük pisliyi görmədik! Bu gedişlərlə, həm də Azərbaycanı bir növ müharibə meydanına dəvət edirlər. Yəni sən öz torpaqlarında səni saymayan ölkəyə, apreldə olduğu kimi, güclə cavab ver. Amma Azərbaycan buna getsə, indi susan qüvvələr bar-bar bağırmağa başlayacaqlar ki, ay aman, ay dad, sülh danışıqları əldən getdi, güc tətbiq edilir və s. Qısası, bu referendum oyununun təşkilatçısı təkcə Ermənistan deyil, onun arxasında duran qəyyumlardır”.
Qabil Hüseynli onu da vurğuladı ki, Qərb dövlətlərinin bu məsələdə ikili standart nümayiş etdirməsi bizim üçün, əslində, qeyri-adi hal da deyil: “Məsələn, həmsədr dövlətlərdən olan Fransanın indiki halda prinsipsizliyi, susqun mövqeyi heç də təəccüblü deyil. Bu müharibəyə çağırışdır, Cənubi Qafqazda müharibə alovunun yenidən körüklənməsidir. Buna göz yuman beynəlxalq təşkilatlar da tarix qarşısında cavab verəcəklər. Sən işğalçıya “qoşunlarını geri çək” demirsən, hələ bir burada hansısa referendum keçirməsinə də göz yumursansa, bu artıq siyasət, diplomatiya yox, aşkar şəkildə qara niyyətdir! “Görünür, bölgəni qarışdırmağa çalışanlar var, müharibəyə təhrik edən Ermənistanın əməlinə qarşı susanlar sonradan peşman olacaqlar”.
Azərbaycan dəfələrlə bəyan edib ki, onsuz da bu torpaqlar Azərbaycanın müvəqqəti işğal altında olan əraziləri sayılır. Bu işğal müvəqqətidir. İndi Ermənistan tərəfindən yaradılmış qeyri-qanuni rejimin etdiklərinə göz yumulması Azərbaycan üçün də ciddi siqnal sayıla bilər. Bu bir daha göstərir ki, Ermənistan silahlı münaqişənin siyasi həllində, həqiqətən, maraqlı deyil.
Təhlükəli vəziyyəti yaradanlar isə işğalçının əməllərinə göz yumanlardır. Bu gün Gürcüstana sərgilənən mövqe Azərbaycana qarşı sərgilənmir. Hansı ki, biz bunu daha çox haqq edirik. Çünki bizim münaqişə daha təhlükəlidir və artıq 25 ildən çoxdur ki, davam edir. Siyasi şərhçi deyir ki, Azərbaycan referenduma qədər və ya ondan sonra BMT Təhlükəsizlik Şurasının çağırılmasını tələb etməlidir. Çünki Azərbaycan təcavüzkarın siyasi ifşasını, qınanmasını gözlədiyi halda, onun üçün münbit şəraitin yaradıldığını görür. Avantürist bir tədbirin həyata keçirilməsinə çalışmaq isə beynəlxalq münasibətlərdə gərginlik yaratmağa cəhddir. Təhlükəsizlik Şurası da bundan ötrü yaradılıb və bu missiyanı həyata keçirməlidir: “Məncə, Azərbaycan diplomatiyası bu günlərdə dayanmadan hücuma keçməlidir. Qısası, Qərbin mövqeyi əzəldən də bəlli idi, Ermənistan isə aşkar görünür ki, gərginliyin artırılması xəttini yürüdür. Bu həm də status -kvonu möhkəmləndirmək üçün atılan addımdır. Münaqişənin həlli üçün prinsipial baza olan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri ərazi bütövlüyümüzü və beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin toxunulmazlığını bir daha təsdiq edir. Bunu əldə rəhbər tutaraq Qərb ölkələri rəhbərləri qarşısında konkret sual qoymalıyıq ki, niyə susursunuz? Bir daha qeyd edim ki, qeyri-qanuni “referendum” Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və bu səbəbdən də hər hansı bir hüquqi qüvvəsi ola bilməz. Amma bu provakativ addıma göz yumanları unutmamalıyıq”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info