“Yüngül cinayət törədənləri cəmiyyət tərbiyə etməlidir”
Tarix: 16.02.2017 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Əli Orucov:“Bu sərəncamla Prezident cəza-hüquq siyasətinin liberallaşdırılmasına və humanistləşdirilməsinə, daha hazırlıqlı kadrların yetişdirilməsinə böyük təkan vermiş oldu”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalayıb.
Mütəxəssislər bu sərəncamı Prezidentin humanist siyasətinin növbəti təzahürü, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsi kimi qiymətləndirirlər. Sərəncamı şərh edən millət vəkilləri, ziyalılar və ümumilikdə rəyi soruşulan hər kəs bunu cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsi kimi də dəyərləndirirlər.
Qeyd edək ki, sərəncamın məqsədi, əsasən, cəza siyasətinin humanistləşdirilməsi, cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətlərin dekriminallaşdırılmasıdır. Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə iki istiqamət müəyyən olunub ki, bunlardan biri məhkəmələrin məhkumun islah edilməsi məqsədlərini rəhbər tutmaları, cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət etmələri, qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə cinayət-hüquq siyasətinin liberallaşdırılmasına nail olunmasıdır. Bu məqsədlə cinayətlərin dekriminallaşdırılması, alternativ cəzaların tətbiqi, ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması ilə bağlı qanun layihələrinin hazırlanması nəzərdə tutulub.
Digər məqsəd isə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılmasıdır. Bir sıra hallarda böyük ictimai təhlükə törətməyən cinayətlərə görə şəxslərin həbs edilməsinə rast gəlinir. İstintaq və məhkəmə orqanlarına tövsiyə edilib ki, qətimkan tədbirlərinin seçilməsi məsələsinə baxılarkən hər bir şəxs barəsində, ilk növbədə həbslə bağlı olmayan qətimkan tədbirlərinin tətbiqi mümkünlüyünü araşdırsınlar.
Prezidentin bu humanist addımına siyasətçilər də müsbət reaksiya verirlər. AMİP rəsmisi Əli Orucov məsələni şərh edərək deyib ki, ölkə başçısının sözügedən sərəncamı ədliyyə sahəsində də bir sıra problemlərin kompleks həllinə öz töhfəsini verəcək: “Bu Sərəncamı təkcə humanizm baxımından deyil, həm də idarəetmədə təkmilləşdirmə, bəzi məlum sahədə olan xırda rüşvət hallarının qarşısının alınması, eləcə də hüquq-mühafizə, ədliyyə və məhkəmə orqanlarının müasir dövrün tələblərinə uyğun fəaliyyətinin qurulması üçün mühüm sənəd saymaq olar. Məhkəmə orqanlarında, hüquq-mühafizə sistemində, həm də Penitensiar Xidmətdə bəzi qüsurlar var idi. Bunların təkmilləşdirilməsinə çoxdan ehtiyac yaranmışdı. Bu özünü, xüsusən də cəzaların verilməsində və cəzaların çəkilməsində yanaşma sovet dönəmindən qalma metodoligiyaya əsaslanırdı. Bəzi məhkəmələr və hüquq-mühafizə orqanları özlərini artıq əziyyətə salmamaq üçün cəzaların təyinində, yaxud da istintaq hərəkətlərində bir qayda olaraq həbs qətimkan tədbiri, azadlıqdan məhrumetmə cəzaları tətbiq edirdi. Amma qabaqcıl Avropa ölkələrində bu cür yanaşmalar artıq çoxdan arxada qalıb. İnsan azadlıqları hər şeydən üstün tutulur. O şəxslərə azadlıqdan məhrumetmə, yaxud qətimkan tədbiri tətbiq edilir ki, həmin şəxsin törətdiyi əməlində cəmiyyət üçün, ümumi qaydalar üçün ciddi təhlükələrin olması müəyyənləşsin. Bir qayda olaraq da cəzaçəkmə müəssisələrinə cəza mexanizmi kimi yanaşılıb. Amma, tutaq ki, az ağır, yaxud yüngül cinayət törədən şəxsləri də həbsxanalara atırlar. Nəticədə o nəinki islah olunmur, əksinə, kriminal sahədə təcrübəsini bir qədər də artırmış olur. Əslində isə ən yaxşı islah və tərbiyə məhz cəmiyyətin özüdür. Yunan filosoflarından birindən soruşurlar ki, təzə doğulan uşağı necə tərbiyə edim ki, düz yolda olsun, faydalı övlad olsun? Həmin filosof cavabında deyir ki, cəmiyyətin özü tərbiyəli olsa, sənin tərbiyənə ehtiyac qalmayacaq. Bu mənada təqdirəlayiq haldır ki, artıq ağır cinayət törədənlə böyük ictimai təhlükə törətməyən arasında fərq yaranacaq. Əslində, cəza sistemində humanistləşmə prosesi bizdə başlanılmışdı. Bu addım məlum işlərə təkan verəcək”.
Əli Orucov deyir ki, sərəncamda diqqətçəkən məqamlardan biri də iqtisadi hüquqpozmalarla bağlı olan hissə və yeni bir xidmətin -Probasiya xidmətinin yaradılmasıdır: “Probasiya termininin latıncadan tərcüməsi sınaq deməkdir və hüquq nəzəriyyəsində bu anlayış şəxsin müəyyən şərtlərə riayət etməsi müqabilində cəzadan azad edilməsi mənasında istifadə edilir. Bu sərəncamla Prezident həm də cəza-hüquq siyasətinin liberallaşdırılmasına və humanistləşdirilməsinə, həmçinin bu sahədə informasiya kommunikasiya tətbiqinə, daha hazırlıqlı kadrların yetişdirilməsinə böyük təkan vermiş oldu. Məncə, bundan sonra da bu kimi institusional islahatların davamı gəlməli, ümumilikdə bütün sahələrdə müasir dövrün tələbləri ilə uzlaşmayan, inkişafa mane olan, rüşvət kimi neqativ amillərə imkan yaradan halların aradan qaldırılması istiqamətində ardıcıl və sistemli tədbirlər görülməlidir. Ümid edirəm ki, bu belə də olacaq. Xüsusən də qərarların və qanunların icra mexanizmləri də təkmilləşdirilməlidir”.
AMİP rəsmisi onu da vurğuladı ki, sərəncamın bir neçə məsələnin birdən həllini özündə ehtiva etməsi də müsbət amildir. Bu, həm qanunvericiliyin təkmilləşdirilməsi haqqında müvafiq orqanlara tapşırıq və tövsiyələrin verilməsini özündə birləşdirir, həm də mövcud praktikanın dəyişdirilməsini nəzərdə tutur: “Cəzaçəkmə müəssisələrində məhkumların əməyə cəlb olunması ilə bağlı da bəzi problemlər var idi. Prezidentin sərəncamı ilə bütün bu problemlərin öz həllini tapacağına inanıram. Qısası sərəncam çoxşaxəlidir və yuvenal ədliyyə sisteminin də təkmilləşdirilməsinə öz töhfəsini verəcək”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib
20.09.2018
Prezidentin köməkçisi: “Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır”
20.09.2018
Azərbaycanın milli qəhrəmanları haqqında ingilis dilində məqalələr hazırlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info