“Gəncə gəncləri İslam Həmrəyliyi Oyunlarına öz töhfələrini verəcəklər”
Tarix: 16.02.2017 | Saat: 20:53:00 | E-mail | Çapa göndər


Orxan Məmmədov: “Xaricdə oxuyaraq orada qazanacağım təcrübədən faydalanmaq istərdim”.

Müsahibimiz Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədovdur.
-Özünüz barədə məlumat verərdiniz.
-Mən, Məmmədov Orxan Natiq oğlu 1994-cü il martın 4-də Gəncə şəhərində anadan olmuşam. 2001-ci ildə Gəncə şəhər M.Şəhriyar adına 40 nömrəli tam orta məktəbində ibtidai təhsilimə başladım, 2012-ci ildə həmin məktəbi qızıl medalla bitirib və həmin il yüksək bal toplayaraq Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat ixtisasına daxil olum. 2016-cı ildə isə təhsil aldığım fakültəni fərqlənmə diplomu ilə bitirib həmin il Gəncə Dövlət Universitetinin magistratura şöbəsi İqtisadiyyatın hüquqi tənzimlənmə ixtisasına qəbul oldum. Hazırda magistratura şöbəsinin birinci kursunda təhsil alıram. Təhsil aldığım müddətdə təhsilimlə yanaşı, fakültəmizin və universitetin ictimai işlərində yaxından iştirak edirdim. Birinci kursun ilk aylarından universitetdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatına üzv oldum və həyata keçirilən layihə və tədbirlərdə fəal iştirak etdim. ATGTİ-nin həyata keçirdiyi Xaçmaz şəhərindəki Qış liderlik məktəbində iştirak edərək sertifikatla təltif olundum. 2014-cü ilin iyunun 24-də keçirilən seçki konfransında isə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri seçildim və hazırda da həmin vəzifəni icra edirəm. Sədr seçildiyim ildən bu günə qədər təşkilat olaraq bir sıra mükafatlarla təltif olunmuşuq. 2014-cü ildə Gəncə şəhəri üzrə “Ən kreativ təşkilat sədri” nominasiyası üzrə, 2015-ci ildə “Azercell”in Bölgə Təqaüd Proqramı”nın qalibi olduğum üçün, 2015-ci ildə Tələbə Gənclər Təşkilatının uğurlu fəaliyyətinə görə bir qrup fəal gəncimiz gənclər və idman nazirinin və ATGTİ sədrinin imzası ilə diplomla mükafatlandırılmışıq. Ötən il 2015-ci il ərzində uğurlu fəaliyyətinə görə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı nazir Azad Rəhimovun imzası ilə fəxri diplomla mükafatlandırıldı. Gəncə, Avropa Gənclər Paytaxtı 2016 layihəsi çərçivəsində göstərdiyi uğurlu fəaliyyətə görə də təşəkkürnamə ilə təltif olunub.
-Gəncə Dövlət Universiteti də ölkənin sayılıb-seçilən ali təhsil ocaqlarındandır. Universitetdəki təhsil sizi qane edirmi?

-Ümumiyyətlə, qeyd edim ki, bu ali təhsil ocağı 13 iyun 2000-ci ildə Prezidentin fərmanı ilə Gəncə Dövlət Universiteti (GDU) adlandırılıb.
Hazırda universitetdə 8 fakültə və 10 şöbə fəaliyyət göstərir.
Uzun illər ərzində akademik ənənələrin formalaşması sayəsində GDU elmi tədqiqatların təşkili və tətbiqi istiqamətində geniş təcrübə qazanıb. Universitetdə əsaslı və son elmi nailiyyətləri özündə əks etdirən fondlar toplanıb. Universitet təhsilin və elmin yüksəlişi üçün bacarıqlı müəllim heyəti hazırlayıb. Humanitar və ictimai elmlər sahəsində, fizika-riyaziyyat, informatika, təbiət elmləri, pedaqogika və psixologiya, musiqi, təsviri incəsənət və s. istiqamətlərdə bakalavr, magistr, aspirant və doktorant təhsilini təşkil edir. Xüsusi professional tədqiqatlar tələbələrə yüksək səviyyəli kadrlar kimi yetişməyə imkanlar yaradır.
GDU-nun missiyasına kəsilməz və mərhələli təhsil prosesini təşkil etmək,  elmi mühiti formalaşdırmaq, intellektual səviyyəli müəllim kadrlarını və elm adamlarını yetişdirmək, bu kadrlarla Azərbaycanın təhsil və elmi müəssisələrini təmin etmək, Azərbaycan mədəniyyəti və incəsənətinin daha da inkişaf etdirilməsi daxildir.
Fikir azadlığı və fikirlərin müxtəlifliyi universitetin əsas dəyərlərindən biridir. Tədqiqat və təhsil prosesi birlikdə universitetin nüvəsini təşkil edir. Universitet geniş spektrli fundamental və tətbiqi tədqiqatları özündə cəmləşdirir. Avropa tədqiqatlarından bəhrələnmək, təhsil əhatəsini genişləndirmək və yeniləşdirmək GDU-nun bu günü və gələcəyidir.
GDU-da Büküm tənliklər nəzəriyyəsi, Differensial və inteqral operatorlar nəzəriyyəsi sahəsində çox mühüm nəticələr alınıb. Büküm tənliklər nəzəriyyəsində büküm tənliklərinin, həmçinin sonlu və sonsuz büküm tənliklər sisteminin həllinin varlığı və yeganəliyi üçün zəruri və kafi şərt teoremləri, büküm operatorları  üçün approksimasiya məsələsi, Adamar məsələsi və bir sıra digər məsələlər verilib. İlk dəfə olaraq isbat olunub ki, analitik funksiyaya büküm tənliyinin həlli kimi baxmaq olar. Analitik funksiyanın bu yeni tərifi Analitik funksiyalar nəzəriyyəsini yeni metodologiya və yeni terminologiya ilə yazmağa imkan verir. Alınan bu mühüm elmi nəticələr elektron texnologiyasının, kompüter texnikasının, fundamental nəzəri məsələlərin həllində böyük praktik əhəmiyyətə, həmçinin bir çox riyazi nəzəriyyələrin inkişafında mühüm əhəmiyyətə malikdir.
İkinci mühüm elmi nəticələr ekosferanın və bioloji müxtəlifliyin qorunub saxlanması, biologiya və botanika sahəsində, Azərbaycanın Qərb regionunun flora və faunasının tədqiqi sahəsindədir.
Başqa bir tədqiqat sahəsi kimya və biokimya sahəsidir. Bu tədqiqat sahəsində də bir çox praktik və nəzəri nəticələr alınıb.
GDU Azərbaycan elminin yenidən qurulmasında da mühüm işlər görür. Universitetin alimləri və gənc tədqiqatçıları bir sıra milli və beynəlxalq elmi konfranslarda da nailiyyətlər qazanıblar. Azərbaycan Milli Elmlər Akademiyasının, Avropa elmi təşkilatlarının və başqa beynəlxalq təşkilatların alimləri tərəfindən onların nailiyyətləri yüksək qiymətləndirilib.
- Bəs universitetin beynəlxalq əlaqələri hansı səviyyədədir?
-Son illərdə universitetdə beynəlxalq əlaqələrin genişlənməsi, xarici ölkələrin təhsil və elm müəssisələri ilə əməkdaşlığa imkan verib. 1995-ci ildə GDU-da Beynəlxalq əlaqələr şöbəsi yaradılıb. Elə bu ildən etibarən GDU Avropa İttifaqının “TEMPUS” təhsil proqramı ilə əlaqə saxlamaq üçün fəal təşəbbüs göstərib. Bu məqsədlə Fransanın Amien şəhərinin Jül Vern adına Prikardiya Universitetinin professor ekspertləri Sarqur Qamçal və Kolet Pikar GDU-ya dəvət olunublar. Onlar professor, müəllim və tələbə heyəti ilə görüşüb, tədris laboratoriyaları ilə tanış olub, fikir mübadiləsi apararaq tələbə və müəllimlər qarşısında məruzələrlə çıxış ediblər.
Avropa Birliyinin maliyyələşdirdiyi Erasmus-Mundus proqramı əsasında həyata keçirilən “Tələbə, magistr, aspirant, doktorant hazırlığı, professor və müəllimlərin Avropa Universitetlərində elmi-tədqiqat imkanlarının və nəzəri biliklərinin artırılması layihəsi” çərçivəsində beynəlxalq əlaqələr daha da genişləndirilib. Bu layihə konsorsium üzvləri tərəfindən həyata keçirilir və konsorsiumda Hollandiya, Fransa, İtaliya, Portuqaliya, Yunanıstan, Bolqarıstan, Litva, Latviya, Azərbaycan, Gürcüstan universitetləri birləşirlər. Azərbaycan tərəfdən konsorsiumda GDU, Xəzər və Turizm Universiteti iştirak edir.
Bundan başqa, GDU Türkiyənin Kars Kafkaz Universiteti, Fransa səfirliyinin Mədəniyyət şöbəsi, Almaniya səfirliyi, Almaniyanın “DAAD” təşkilatı, “Tasis” proqamı üzrə “Avropa dilləri öyrədilməsi mərkəzi”, İngiltərənin Nottingem Trent Universiteti ilə əməkdaşlıq edir.
GDU beynəlxalq fondlarla əməkdaşlıq edərək müxtəlif layihələrin həyata keçirilməsinə də dəstək alıb (ACİ-YF,  Visgrad found və s).

-GDU tələbələri üçün təşkilatınız hansı layihələr reallaşdırır?
-GDU Tələbə Gənclər Təşkilatı tələbələrin asudə vaxtlarının səmərəli təşkili, onların ideyalarının həyata keçirilməsi yönündə müxtəlif mövzulu layihələr hazırlayır. Həyata keçirilmiş layihələrə misal olaraq qeyd edə bilərəm ki, tələbələrarası I və II fənn olimpiadaları, tələbələrarası intellektual çempionatlar, “Ölkəmizi tanıyaq” devizi altında ekskursiyaların təşkili, şəhidlərimiz və Milli qəhrəmanlarımızın gənclər arasında təbliğ edilməsi, Gəncədə yerləşən Şəhidlər xiyabanında tələbələrin könüllü iştirakı ilə həyata keçirilən iməcilik aksiyalarını görsətmək olar. Tələbələrin idmana olan marağının artırılması yönündə oğlan və qızlar arasında voleybol, şahmat, tennis, dama, futzal və digər idman növləri üzrə yarışların keçirilməsini də deyə bilərəm. Kitaba olan marağın artırılması üçün Kitab klubunun yaradılması, müxtəlif mövzuları özündə birləşdirən təlim və seminarların mütəmadi şəkildə həyata keçirilməsi, tələbələrin asudə vaxtlarının maraqlı keçirilməsi yönündə Kino klubun fəaliyyət göstərməsi, konsert proqramlarının təşkilini misal göstərə bilərəm. Tələbələr arasında sağlam həyat tərzinin təbliğ edilməsi yönündə “Sağlam gələcək sağlam gənclik ilə gələcək” layihəsi də uğurla keçirilir. Bundan sonra da TGT-nin məqsədi tələbələr arasında vətənpərvərlik ruhunun təbliği, onların ideyalarının dəstəklənməsi yönündə yeni-yeni layihələr hazırlayaraq uğurla həyata keçirməkdir.
- Tələbələrin xaricdə təhsilini davam etdirmələri onlara nələri qazandırır?
-Hər bir gənc kimi, mənim də xaricdə təhsil almaq fikrim var. Universitetimizin Türkiyə və Avropanın bir sıra universitetləri ilə müqavilələri var. Layihələr çərçivəsində tələbələrimiz xarici universitetlərdə təhsillərini davam etdirə bilirlər. GDU 2016-cı ildə Türkiyənin ən qədim universitetlərindən biri olan İstanbul Universiteti ilə müqavilə bağladı və mənim də azı bir semestr də olsa, orada təhsil almaq fikrim var. Xaricdə oxuyaraq orada qazanacağım təcrübədən faydalanmaq istərdim. Gənclərimizin xaricdə təhsil almaq istəkləri xeyli artıb. Amma bu o demək deyil ki, xaricdə təhsil bizim təhsilimizdən üstündür. Sadəcə, bu istək xarici ölkədə təhsil alaraq həm dünyagörüşünü artırmaq, həm də təcrübə qazanaraq ölkəmizə töhfə verməkdir.
-Azərbaycan gəncliyini necə xarakterizə edərdiniz?
-Azərbaycan gəncliyi vətənpərvərdir. Bu aprel döyüşlərində bir daha sübut olundu. Ön cəbhədə Azərbaycan əsgərinin şücaəti, arxa cəbhədə isə əsgərlərimizlə bir olan, onlara dəstək aksiyaları keçirən ölkə gəncliyinin şahidi olduq. Ölkəmizdə gənclər üçün geniş imkanlar da yaradılır. Gənclərin özlərini inkişaf etdirmələri və aparıcı qüvvəyə çevrilmələri yönündə böyük işlər görülür. Gəncədə gənclərin fəallığı ən yüksək səviyyədə təşkil olunub. Sevindirici haldır ki, coğrafi baxımdan Avropa ölkəsi olmayan Azərbaycanın ikinci ən böyük şəhəri Gəncə, Avropa Gənclər Paytaxtı 2016 layihəsinin qalibi oldu. Bu layihədə əsas tələb olunan şərtlər birinci şəhər gənclərinin fəallığı və lazımi infrastrukturun olması tələbləri idi. Hər iki tələb Gəncədə ən yüksək səviyyədə ödənildi və layihə uğurla yekunlaşdı. Gəncədə gənclərin asudə vaxtlarının səmərəli təşkili və keçirilməsi üçün bütün infrastrukturlar yaradılaraq gənclərin ixtiyarına verilib. Misal olaraq deyə bilərəm ki, Gənclər evinin , “Əli və Nino” kitab evinin, Heydər Əliyev Mərkəzi, Gəncə-çay park bulvarın, Avropa Gənclər Paytaxtı parkı və onlarla digər obyektlərin açılaraq istifadəyə verilməsi Gəncə gəncləri üçün böyük töhfələrdəndir.
Qarşıdan ölkəmiz üçün çox önəmli tədbirlərdən biri olan İslam Həmrəyliyi Oyunları gəlir. Bu oyunlarda da Gəncə gəncləri, GDU tələbələrinin böyük fəallıqla öz dəstəklərini verəcəklərini əminliklə qeyd edə bilərəm. Məndə bununla bağlı əminlik var. Bunun əsas səbəbi “Bakı 2015” Birinci Avropa Oyunları zamanı şəhərimizin və universitetimizin tələbələrinin çox böyük fəallıqla həm Bakıda, həm də Mingəçevirdə keçirilən yarışlarda böyük fəallıq göstərmələridir. Həmin gənclər yekunda sertifikatlarla təmin olundular. Bir qrup tələbələrimiz, hətta olimpiadalarda iştirak edən ölkələrin nümayəndələri tərəfindən xüsusi mükafatlarla da təmin olundu. Bu bir daha onu göstərdi ki, gənclərimiz beynəlxalq layihələrdə uğurla iştirak edir, ölkəmizin bütün işlərində yaxından kömək edirlər.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info