“Ənənəvi müxalifət xarici dairələrin marionetidir”
Tarix: 11.04.2013 | Saat: 22:37:00 | E-mail | Çapa göndər


“Müxalifətin real birliyi həmin ənənəvi müxalifətin sonudur”

Müxalifətin seçkiöncəsi nisbi fəallığı nəzərə çarpır. Belə ki, hər seçki ərəfəsində olduğu kimi, bu dəfə də müxaliflər müxtəlif bloklar, formatlarla “isbatı-vücud” etməyə çalışırlar. Amma təbii ki, bu proseslər çoxlu ziddiyyətlər və qarşılıqlı ittihamlarla yadda qalır... Bu baxımdan Məşvərət Məclisində təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Orucun “Palitra”ya söylədiyi fikirləri bilmək maraqlıdır.

-Seçki ilə bağlı hansısa formada fəaliyyətiniz və iştirakçılığınız gözlənilirmi?
-Partiyamız demokratik qüvvələrin Məşvərət Məclisində təmsil olunur.
Seçki ilə bağlı iddialarmızı da bu format çərçivəsində ortaya qoymağa çalışırıq. Həmin formatda bizim ilkin razılaşmamız bundan ibarətdir ki, bu mərhələdə hansı partiya istəyirsə, öz namizədini irəli sürsün və təbliğatını aparsın. Eyni zamanda biz seçki qanununa dəyişikliklərlə bağlı təkliflər irəli sürmək və demokratik seçki mühitinin formalaşması ilə bağlı mümkün fəaliyyət ortaya qoymağa çalışacağıq. Seçkilərə az müddət qalmış isə demokratik qüvvələrin Məşvərət Məclisinin seçkidə hansı namizədlə iştirak edəcəyi isə müzakirəyə çıxarılacaq. Seçkiyə az müddət qalana qədər - iyul və ya avqusta qədər isə biz hələ bu məsələni müzakirə etməmək barədə razılaşmışıq. Həmin dövrə qədər qurumda hansı namizəd daha çox müdafiə olunsa, onun vahid namizədliyi irəli sürüləcək. Amma hansısa partiya bununla razılaşmasa, o, ayrıca şəkildə namizədini irəli sürə bilər. Biz bu məsələdə heç bir problem görmürük. Bunlardan başqa biz razılaşmışıq ki, Məşvərət Məclisindən bir namizəd olacaqsa, bir platforma ilə çıxış etsin. Ümumiyyətlə, qurum seçkidə vahid platforma ilə çıxış etmək barədə razılığa gəlib.
-Müxalifətin geniş birliyinin yaranması bu seçki ərəfəsində də baş tutmadı. Nə baş verir?
- Müxalifətin geniş birliyinin yaranması arzuedilən olsa da, bu alınmır və alınmayacaq. Bu birliyin baş tutmamasında maraqlı olan çoxsaylı qüvvələr var. Birincisi, hakimiyyət bundan maraqlı deyil. İkincisi, beynəlxalq qüvvələr də bunu istəmirlər. Ən nəhayət və ən acınacaqlısı odur ki, müxalifətin öz daxilindəki qüvvələr müxalifətin birliyini görmək istəmirlər və buna hər vəchlə mane olurlar. Onlar ümumi birlik olarsa, öz indiki mövqelərini itirəcəklərini bildikləri üçün birliyə əngəl törədirlər. Əslində həmin ənənəvi qüvvələrin ömrünün uzadılmasında hakimiyyət də, xarici qüvvələr də iştirak edir. Məsələn, ABŞ səfirliyi və yaxud hansısa xarici qurum onları yığır bir yerə və görüşlər keçirir, guya ki, müxalifət ancaq bunlardır. 20 ildir ki, proses bu cür gedir. Bu müxalifət siyasi məsələlərlə bağlı 20 ildir ki xarici qüvvələrin Azərbaycandakı maraqlarını təmin edir.
-Belə çıxır ki, indiki ənənəvi müxalifət xarici qüvvələrin əlinə işləyir?
- Həmin ənənəvi müxalifətin hakimiyyətin güclənməsində də, xarici qüvvələrin maraqlarının qorunmasında da “xidmətləri” var. Onlar marionet qüvvə kimi çıxış edirlər...
-Belə fikirlər gəzir ki, ənənəvi müxalif kəsim ona görə xarici qurumlarla bu cür əməkdaşlıq edir və ona görə müxalifətin birliyində maraqlı deyillər ki, seçki ərəfəsində xaricdən ayrılan maliyyəni yalnız özləri əldə etsinlər. Onlar bu baxımdan müxalif dairənin genişlənməsini, yəni pulun geniş paylanmasını istəmirlər. Məhz bu pul marağı onları müxalifəti zəiflətməyə vadar edib. Necə düşünürsünüz?
- Birinci növbədə, mən xaricdən gələn qrantların əleyhinəyəm. Hələ 1992-1993-cü illərdə Azərbaycanın öz siyasi qüvvələrini maliyyələşdirməsinin leqal yollarının ortaya qoyulması təşəbbüsü ilə çıxış etmişdim. Bu barədə illərlə müsahibə vermiş və məqalələr yazmış adamam. Ancaq bu qrantları cüzi sayıram. Çünki hansısa qurum 10-15 min qrant ayırır həmin qüvvələrə, onun da bir qismi “şapka” əməliyyatları nəticəsində silinir. Yəni bu qüvvələrə qrant ayıran, Azərbaycana gələn xarici təşkilatların da hamısı korrupsiyaya uğrayıb. Ona görə də bu ənənəvi müxalif qüvvənin “xarici güc”ü belə ölçülə bilər. Bununla da hakimiyyət də həmin müxalif qüvvənin məğlub edilməsi yollarını yaxşıca bilir. Bu ənənəvi müxalifətin susdurulması, yerinə oturdulması üçün onların zəif tərəflərindən başlamaq metodları bu 20 ildə hakimiyyət tərəfindən tam işlənib və cilalanıb. Bu baxımdan ənənəvi müxalifət tam marionetdir. Əslində bəzilərinə sərf edir ki, ənənəvi müxalifət hələ də düşərgədə at oynatsın. Xarici qüvvələr də maraqlı deyil ki, ənənəvi müxalifət səhnədən getsin və yeni, onlardan asılı olmayan müxalifət təşəbbüsləri ələ alsın. Ona görə də ənənəvi müxalifət öləziyəndə ona süni nəfəs verib dirildirlər. Çünki ənənəvi müxalifət kimi sözəbaxan, üzüyola müxalifət tapacaqlarına inanmırlar. Hesab edirəm ki, bu qüvvələr Azərbaycanın ümumi maraqlarına uyğun olan real müxalifətin formalaşmasını istəmirlər.
-Bayaq dediniz ki, müxalifətin birliyinə mane olan qüvvələr var. Sadaladıqlarınızın içərisində müxalifətin müəyyən qismi də vardı. Onlar nəyə görə bunu istəyirlər?
- Bir sıra ənənəvi müxalifət partiyaları var ki, onlar 20 ilə yaxındır ki, müxalifətçiliklə dolanırlar, çörəkləri, güzəranları müxalifətçilikdən çıxır, xarici qüvvələrə yarınaraq pul əldə edirlər və boyunduruq götürürlər. Yəni “işlək” qüvvə kimi nəyin bahasına olur-olsun, nəyə xidmət edirlər, etsinlər, bir peşə kimi müxalifətçiliyi davam etdirməkdən əl çəkmirlər. Onlar kimlərisə aldatmaqla, ümumi maraqları satmaqla nələrisə əldə edirlər. Yaxud Azərbaycanda maraqları olan xarici dairələrin proqramlarına, oyunlarına qatılırlar, alət kimi istifadə olunurlar. Bu baxımdan onlar qorxurlar ki, müxalifətin real qüvvələri bir araya gələrək milli mənafeləri müzakirə edərlərsə, bu zaman onlar ifşa olunacaqlar. Ona görə də müxalifətin birliyinə mane olurlar. Müxalifətin real birliyi həmin ənənəvi müxalifətin sonudur. Bunu özləri də yaxşı başa düşürlər. Onlar belə halda, bütün gəlir və xarici “tumar”larından məhrum olacaqlar. Bütün bunları düşünərək onlar ortaya başqa qüvvələrin çıxmasında maraqlı deyillər. Onlar marionetliklərini davam etdirməkdə israrlıdırlar, ona görə də bütün uğursuzluqlara baxmayaraq, siyasi arenadan çəkilmirlər.
-Siz hər hansı şəkildə ənənəvi saydığınız həmin müxalifətlə seçkidə bir mövqedən çıxış etməyi düşünürsünüzmü? Məşvərət Məclisiin seçki planlarında belə bir gediş gözlənilirmi?
- Biz özünü demokratik sayan bütün qüqvvələrlə bu barədə dialoqa, müzakirələrə hazırıq. Biz sentyabr ayında həm “ziyalılar forumu”na, həm də “ictimai palata”ya və digər qurumlara bu barədə təkliflər göndərdik. Amma onlar bu təkliflərə münasibətdə susdular. Açıq göründü ki, onlar bu cür ümumi əməkdaşlıqda və müxalifətin birliyində maraqlı deyillər. Onlar bizə aylarla cavab vermədilər. “İctimai palata”, ümumiyyətlə, Məşvərət Məclisini tanımaq istəmir. Çünki onlar müxalifətin hər hansı təşkilatlanmış qisminə qarşı bu cür çıxış edirlər. Guya ancaq özlərini müxalif mərkəz sayırlar. Amma belə deyil. Hamı bilir ki, “ictimai palata” Məşvərət Məclisinə əhatə dairəsinə, siyasi perspektivinə və cəmiyyətdə tanınmasına görə uduzur. “Ziyalılar forumu” da “ziyalı” adı ilə ortaya çıxmasına baxmayaraq, sonradan göründü ki, bunların başında duranlar millətə xəyanətdə “peşəkar” olan adamlardır. Onlar antimilli fəaliyyətləri ilə cəmiyyətdə ifşa olundular və nə cür “ziyalı” olduqlarını açıq-aşkar ortaya qoydular. Bir sözlə, bunların hamısı şəxsi ambisiyalarını hər şeydən, hətta Vətəndən də üstün tutan və hər an Vətənə qarşı çıxmağa hazır olan adamlardır. Ona görə də bu cür qüvvələrlə əməkdaşlığın hər hansı perspektivini görmürəm. Ümumiyyətlə, onlar Azərbaycana düşmən mövqelərdən, düşmən xarici dairələrdən formalaşdırılmış qurumlardır. Bu qurumları ortaya çıxarmaq üçün həmin adamları təsadüfi seçməyiblər. Onların hər an satıla biləcəkləri, xarakterləri bu məsələdə hərtərəfli nəzərə alınıb. Elə ona görə də bu qüvvələr bizimlə bir masa arxasında oturmaqda maraqlı olmadılar. Kimsə məsafədən yalandan basıb-bağlaya bilər və özünü “demokratik”, ictimaiyyətə acıyan kimi təqdim edə, hətta bu barədə səs-küy yarada bilər. Amma belələrini yaxşı tanımaq və ifşa etmək üçün onların konkret əməllərini və mövqeyni görmək kifayətdir. Azərbaycan ictimaiyyəti də onların mövqeyini açıq gördü. Kimin özünü necə təqdim etməsindən asılı olmayaraq, kimin nə işi gördyü və kimə, haralara işlədiyi istər-istəməz ortaya çıxır. Buyurun, həmin qüvvələrin də nə olduğu özünü çox gözlətmədi və sonda üzə çıxdı. Artıq ictimaiyyət hər şeyi bilir və buna görə də belə bir reputasiya ilə onların seçkidə nə isə edəcəkləri, təbii ki, gözlənilə bilməz...

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info