ADPU-da professor Abasqulu Abaszadə adına auditoriyanın açılışı olub
Tarix: 17.02.2017 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika və texnologiya fakültəsində ölkəmizdə fizika və fizikanın tədrisi metodikası elmlərinin əsasını qoymuş alimlərdən biri, fizika-riyaziyyat elmləri doktoru, professor, SSRİ Pedaqoji Elmlər Akademiyasının (PEA) ilk azərbaycanlı müxbir üzvü Abasqulu Ağabala oğlu Abaszadə adına auditoriyanın açılış mərasimi keçirilib. Qeyd edək ki, auditoriyada görkəmli alimin xatirə lövhəsi yaradılıb. Tədbirdə ADPU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbələri, ali təhsil müəssisələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları, tanınmış alimlər, ziyalılar iştirak ediblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq bildirib ki, bu gün bizim həyatında əlamətdar və yaddaqalan bir gündür. Universitetdə professor Abasqulu Abaszadə adına auditoriyanın açılması bu ali təhsil müəssisəsində qədirbilənlik ənənəsinin yaşamasının əyani ifadəsidir. Çünki professor Abasqulu Abaszadə bütün ömrünü elm və təhsilin inkişafına, yüksəkixtisaslı milli pedaqoji və elmi-pedaqoji kadrların hazırlanması işinə həsr edib.
Böyük alimin həyat və fəaliyyəti barədə danışan rektor bildirib ki, professor Abasqulu Abaszadə 1906-cı il aprel ayının 10-da Cənubi Azərbaycanın Təbriz şəhərində bənna ailəsində anadan olub. 1916-cı ildə ailəsi ilə birlikdə Təbrizdən Bakı şəhərinə gəlib. Əvvəlcə birinci dərəcəli məktəbi, sonra isə N.Nərimanov adına Sənaye Texnikumunu bitirib. 1926-cı ildə Ali Pedaqoji İnstitutun (indiki ADPU), 1930-cu ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika-riyaziyyat fakültəsini müvəffəqiyyətlə bitirib. Elmi-tədqiqat işlərinə böyük maraq göstərən A.Abaszadə universiteti bitirdikdən sonra Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Azərbaycan Respublikası Təhsil İnstitutu) aspiranturasına daxil olub və aspiranturanı uğurla başa vurub. Hələ tələbə ikən əmək fəaliyyətinə başlayan A.Abaszadə müxtəlif orta və orta ixtisas təhsili müəssisələrində müəllim kimi fəaliyyət göstərib. Öz biliyi, pedaqoji-metodiki hazırlığı ilə seçilən A.Abaszadə müəllimlik fəaliyyəti ilə yanaşı, elmi-tədqiqat işləri də aparıb. O,1931-1933-cü illərdə Azərbaycan Tibb İnstitutunun (indiki ATU) Fizika kafedrasında assistent işləyib. 1934-cü ilin sentyabr ayından ömrünün sonunadək ADPU-da işləyən A.Abaszadə uzun müddət bu ali məktəbdə kafedra müdiri, dekan, elmi işlər üzrə prorektor vəzilərində çalışıb. 1941-ci ildə namizədlik dissertasiyası, 1953-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1957-ci ilin sentyabr ayında RSFSR PEA-nın, 1967-ci ildə isə SSRİ PEA-nın müxbir üzvü seçilib. Mayelər fizikası sahəsində fundamental tədqiqatlar aparıb, elmə mühüm yeniliklər gətirib, elmi məktəb yaradıb. O, 20 dərslik, metodik vəsait və monoqrafiyanın müəllifidir. Professor A.Abaszadə istedadlı gənclərin elmi fəaliyyətə cəlb olunmasına, onların inkişafına və yüksəkixtisaslı elmi mütəxəssislər kimi yetişməsinə xüsusi qayğı göstərib. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə 100-ə yaxın elmlər namizədi (indiki fəlsəfə doktoru) və doktoru hazırlanıb ki, onların 60-a yaxını alimin özünün aspirant və dissertantı olub. Professor A.Abaszadə görkəmli alim-fizik, alim-metodist və elm təşkilatçısı kimi tanınıb.
Tanınmış alim, əsl müəllim, fəal ictimai xadim, nəcib və xeyirxah insan, professor A.Abaszadə 1969-cu il fevral ayının 18-də 63 yaşında vəfat edib. Professor A.Abaszadənin əziz xatirəsi həmkarlarının, tələbələrinin və onu tanıyanların qəlbində daim yaşayacaq. Onun zəngin elmi-pedaqoji və elmi-metodik irsinin dərindən öyrənilməsi tələbə-gənclərin fizika fənnini mükəmməl mənimsəmələrinə və yüksək səviyyəli mütəxəssislər kimi yetişmələrinə zəmin yaradar.
Fakültənin dekanı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Arzu Daşdəmirov çıxış edərək professor A.Abaszadənin adını daşıyan auditoriyanın yaradılmasına verdiyi dəstəyə görə rektor Cəfər Cəfərova minnətdarlıq edib. Bildirib ki, böyük elmi potensiala malik olan professor A.Abaszadə ali və orta məktəblərdə fizikanın tədrisi metodikası elmlərinin bünövrəsini qoyan, bu elmləri inkişaf etdirən alimlərdən biri olmaqla elm, məktəb və pedaqoji fikir tariximizdə xüsusi yer tutur.
Mərasimdə professor A.Abaszadənin həyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən akademik Bahadır Tağıyev, akademik Cavad Abdinov, Ümumi fizika kafedrasının professoru Edil Eyvazov, Fizikanın tədrisi metodikası kafedrasının professoru Şükür Əlizadə, Yevlax Ziyalılar Cəmiyyətinin sədri, Əməkdar müəllim Qiyas Quliyev və başqaları professor A.Abaszadə ilə bağlı xatirələrini bölüşərək onun böyük müəllim-alim, dəyərli ziyalı kimi təhsilimizin inkişafında mühüm xidmətlər göstərdiyini vurğulayıblar.
Görkəmli alimin nəvəsi Rövşən Abaszadə ailələri adından çıxış edərək babasının adını daşıyan auditoriyanın yaradılmasına görə ADPU-nun rəhbərliyinə təşəkkür edib.
Sonda xatirə şəkli çəkdirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info