Aureliya Qriqoriu: “Sağlam düşüncəli bütün insanlar Xocalı qətliamını tanımalıdır”
Tarix: 20.02.2017 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Arye Qut: “Xocalıda törədilmiş qanlı soyqırımı şəxsən mənim üçün ağrı-acı, şəxsi faciədir”

Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar, bu günlərdə Kişineuda Moldova Hökumətinin Etnoslararası Münasibətlər Bürosunda tədbir keçirilib.
Azərbaycanın Moldovadakı səfirliyinin və Moldova Azərbaycanlılar Konqresinin təşkilati dəstəyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldovadakı nümayəndəliyinin və Moldova İctimai Palatasının iştirakı ilə keçirilən tədbirdə Moldova Respublikası hökumətinin nümayəndələri, Moldova parlamentinin deputatları, bu ölkədə akkreditə edilmiş xarici diplomatlar, alimlər, ekspertlər, politoloqlar, jurnalistlər, habelə Moldovadakı Azərbaycan diasporunun və tələbələrin nümayəndələri iştirak ediblər.
Moldova Azərbaycanlılar Konqresinin sədri Vüqar Novruzov tədbiri açaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə qısa məlumat verib və vurğulayıb ki, Xocalı qətliamı Azərbaycan xalqının qəlbində sağalmayan yara kimi qalıb. Vüqar Novruzov deyib: “Mən özüm əslən Azərbaycanın hazırda ermənilər tərəfindən işğal edilmiş Laçın rayonundanam. Bu gün heç bir azərbaycanlı orada öz doğma yurduna gedə bilmir. Öz torpaqlarında dəfn edilmiş doğmalarının məzarlarını ziyarət etmək arzusunda olanlar çoxdur. Lakin doğmalarının məzarlarını ziyarət etməyə gedən Dilqəm və Şahbaz qeyri-qanuni şəkildə həbs ediləndən sonra bu insanlar risk etmirlər. Biz ədalətin zəfər çalacağına inanırıq, lakin bunu tələb edirik və haqqın-ədalətin bərpası uğrunda, ilk növbədə bu faciənin təqsirkarlarının layiqli cəza alması, insanlığa qarşı törədilmiş bu cinayətlərə siyasi-hüquqi qiymət verilməsi və gələcəkdə belə hallar təkrarlanmaması üçün mübarizəmizi davam etdirəcəyik”.
Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov qeyd edib ki, xəritədə bir nöqtə kimi göstərilən Xocalı indi amansızlığı və qeyri-insaniliyi ilə bütün dünyanı sarsıtmış kütləvi qətllərin törədildiyi faciəli məkanlardan biridir. Qüdsi Osmanov deyib: “Ermənilər tərəfindən bu qanlı qırğının törədildiyi vaxtdan 25 il keçsə də faciənin dəhşətləri hələ də unudulmayıb. Bir sıra ölkələrin qanunverici orqanları Xocalı qırğınını soyqırım kimi tanıyıblar. Yaxın vaxtlarda, bu ilin yanvar ayında daha bir ölkə - Cibuti Respublikası Azərbaycanı dəstəkləyib. Cibuti Respublikasının parlamenti, Milli Assambleya Xocalı soyqırımını pisləyib və ona siyasi-hüquqi qiymət verib. Azərbaycanla həmrəy olan ölkələrin sayı ilbəil artır. Bu, bizi ədalət uğrunda mübarizəni davam etdirməyə və Xocalı faciəsi haqqında həqiqəti dünya ictimaiyyətinə çatdırmağa ruhlandırır. Onlarca jurnalist və hadisənin şahidləri tərəfindən sənədləşdirilmiş bu faciə beynəlxalq miqyasda tanınmalı və ona ədalətli siyasi-hüquqi qiymət verilməlidir. Çünki cəzasız qalan cinayətlər təcavüzkarları yeni cinayətlərə sövq edir”.
Moldova hökumətinin Etnoslararası Münasibətlər Bürosunun baş direktoru Oleq Babenko deyib: “Mən 25 il bundan əvvəl Xocalı şəhərində baş vermiş soyqırım aktının Azərbaycan xalqı tərəfindən unudulmaması faktını yüksək qiymətləndirirəm. Çox vacibdir ki, bu gün bizim bir yerə toplaşmaq və bu faciə barədə açıq danışmaq imkanımız var”.
Moldova parlamentinin deputatı, parlamentin xarici siyasət və Avropaya inteqrasiya üzrə komissiyasının sədr müavini Sergey Stati vurğulayıb ki, Xocalı faciəsi dünya birliyinə siyasi, millətçi ambisiyaların və işğalçılığın nəyə başa gələ biləcəyi barədə dünya birliyinin fikirləşməsinə imkan verir. Deputat deyib: “Həll edilməmiş ərazi münaqişələrinin olması və gördüyümüz müharibələrin dəhşətləri bizim ölkələri birləşdirir. Bu hadisələrin nəticələri eynidir: heç bir təqsiri olmayan çoxsaylı insanlar qurban gedib”.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova, Ukrayna, Belarus, Rumıniya və Polşadakı nümayəndəliyinin rəhbəri Aureliya Qriqoriu vurğulayıb ki, Xocalıda Azərbaycan xalqına qarşı soyqırımının tanınması Xocalı faciəsi üzrə beynəlxalq tribunal yaradılması və bəşəriyyətə qarşı törədilmiş bu ağır cinayətin bilavasitə iştirakçılarının və təqsirkarlarının beynəlxalq cinayət məsuliyyətinə cəlb edilməsi prosesində mühüm mərhələdir. Aureliya Qriqoriu deyib: “Sağlam düşüncəli bütün insanlar Xocalı qətliamını tanımalı, beynəlxalq ictimaiyyət isə bu hadisələrdən ibrət dərsi almalıdır. O dəhşətli hadisələr ətrafında informasiya blokada axır ki, aradan qalxıb. İnanmaq çətindir ki, azərbaycanlılara münasibətdə bu vəhşiliklər və barbarlıq lap yaxın vaxtlarda, təxminən 25 il bundan əvvəl törədilib. Moldova parlamenti səviyyəsində Xocalı soyqırımının tanınması məsələsi qaldırılanda Moldovanın bir sıra qeyri-hökumət təşkilatları bu ölkədə Xocalıya ədalətin bərqərar olması kampaniyası keçirilməsində bilavasitə iştirak etmək arzularını bildirdilər, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi altında keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasına qoşuldular. Azərbaycana xas olan tolerantlığın və multikulturalizmin xüsusiyyəti ondan ibarətdir ki, ölkə ərazisinin 20 faizi işğal edildiyi, 1 milyondan çox qaçqın və məcburi köçkün olduğu şəraitdə bu prinsiplər tətbiq edilir. Müasir dövrdə ksenofobiyanın, islamofobiyanın, faşizmin, antisemitizmin, insanlara nifrətin bütün növlərinin yeganə alternativi multikulturalizmdir”.
Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, İsraildə fəaliyyət göstərən “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı beynəlxalq qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut öz çıxışında qeyd edib ki, Azərbaycan faşistlərin insana nifrətindən xilas olmuş minlərlə avropalı yəhudi üçün əvvəlcə sığınacaq, sonra isə əsl Vətən olub. Arye Qut vurğulayıb: “XX əsrin sonunda və XXI əsrin əvvəlində minlərlə insanın kütləvi şəkildə məhv edilməsi və qətlə yetirilməsi mənəvi, əxlaqi və siyasi kolliziyaların dönüş nöqtəsi kimi, bütün başqa problemləri əhatə edir. Məhz bu səbəbdən Azərbaycanın Xocalı şəhərində törədilmiş qanlı soyqırım aktı şəxsən mənim üçün də ağrı-acı, şəxsi faciədir. Elə coğrafi adlar var ki, onlar xəritədə adi nöqtə deyil, qat-qat artıq məna kəsb edir. Babiy Yar, Liditsa, Oradur, Xatın, Sonqmi kimi kənd və şəhər adları qəddarlığın və qeyri-insani rəftarın rəmzinə çevrilib. Ötən əsrin 90-cı illərinin əvvəlində bu siyahıya daha bir ad əlavə olundu – Azərbaycanın Xocalı şəhəri. Xocalı faciəsi bütün bəşəriyyətə qarşı cinayətdir. Artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələr Xocalı şəhərini və onun ətrafını tərk etməyə macal tapmayan sakinlərdən heç birinə rəhm etməyiblər. Erməni silahlı dəstələrinin törətdiyi vəhşilik nəticəsində 613 nəfər öldürülüb, 487 adam şikəst olub, 1275 dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir düşərək dəhşətli əzab-əziyyətə, təhqirlərə və alçaldılmağa məruz qalıblar. Xocalı şəhərinin mülki əhalisinin bilərəkdən kütləvi şəkildə qırılmasının yalnız bir səbəbi vardır – bu adamlar hamısı azərbaycanlılar idi. Mən soruşuram: indiki erməni faşistləri XX əsrin 40-cı illərində mənim mənsub olduğum xalqın 6 milyon nümayəndəsini məhv etmiş alman faşistlərindən nə ilə fərqlənir? Cavab aydındır – heç nə ilə. Bu gün İŞİD dəstələri əsir düşənlərin başlarına gətirdiyi müsibətləri 1992-ci ildə Xocalıda erməni terrorçuları bəzən daha pis şəkildə ediblər”.
Arye Qut çıxışının sonunda deyib: “Bu il mənim təzə bir kitabım çapdan çıxıb. Həmin əsərin həmmüəllifi atam Əmir Qutdur. Biz Azərbaycanda yaşayarkən atam xidməti vəzifəsi ilə əlaqədar tez-tez Qarabağda ezamiyyətdə olurdu. Atamdan eşitdiyim söhbətlərdən, erməni əsirliyində olmuş azərbaycanlılarla şəxsən görüşəndən sonra mən Xocalı haqda kitab yazmağı qərara aldım. Bilirsinizmi, onlar mənə çox dəhşətli, utanc gətirən hadisələr danışdılar”.
Tədbir çərçivəsində Arye Qut öz atası Əmir Qut ilə şərikli müəllif kimi yazdığı, Xocalı soyqırımı hadisələrinə həsr edilmiş “Ağrı” adlı bədii-sənədli romanını təqdim edib. Romanın müəllifləri müxtəlif konfessiyalara, müxtəlif millətlərə mənsub olan, fərqli mühitlərdə və fərqli şəraitdə böyümüş, taleyin qismətindən Bakı şəhərində görüşmüş iki gəncin romantik sevgi tarixini təsvir edirlər.
Romanın elmi redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Məhsəti Əliyeva yazır ki, romanın qəhrəmanı Röya 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində baş vermiş soyqırım aktının canlı şahididir. Məhsəti Əliyeva vurğulayır: “Röyanın ailəsi doğma yurdundan qaçqın düşüb, çox itkilərlə, mənsub olduğu xalqın zorla cəlb edildiyi müharibənin dəhşətləri ilə üzləşib. Röya böyüyəndən sonra salamat qalmış həmyerlilərinin itkin düşmüş doğmalarını və yaxınlarını axtarıb tapmalarına kömək etməyi qərara alır. O, həmin hadisələr barədə həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün var gücü ilə çalışır”.
Hüquq elmləri doktoru, professor, Ukraynanın Əməkdar Təhsil İşçisi, Ukrayna Elmlər Akademiyasının akademiki Arif Quliyev qeyd edib ki, o, uzun müddət 1992-ci fevralın 26-da baş vermiş faciəli hadisələrin şahidlərinin və həmin faciənin qurbanlarının qohumlarının xatirələrini toplayıb. A.Quliyev deyib: “Bu, həqiqətən böyük ağrı və dərddir, insan ağlı bunları anlamaqda və təsvir etməkdə acizdir”.
Tədbirin sonunda oraya dəvət edilənlərə XX sonunda minlərlə insanın həyatına son qoymuş, minlərlə insan taleyinin şikəst olması ilə nəticələnmiş dəhşətli faciədən bəhs edən kitablar və bukletlər paylanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info